Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3775/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və evin ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, həmçinin iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki iş üzrə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin edilməsi tədbiri qismində Göygöl şəhəri, Vidadi küçəsi, 27 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdeh "xxxx" ASC-yə və digər şəxslərə qadağan edilməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-599/2019 saylı, 26 iyul 2019-cu il tarixli icra vərəqəsi ilə bağlı icra hərəkətlərinin həyata keçilməsinin Göygöl rayon İcra şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim G.Əsədova, iş № 2(005)-3479/21) ərizə qismən təmin edilmiş, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, mübahisəli əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(005)- 3479/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.11.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı tərəf X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbirinin ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisə yekunlaşmayıb, qətnamə qanuni qüvvəyə minməyib və o, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verib. Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmaqla birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1). İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər (maddə 162.3). Göründüyü kimi, iddia rədd edildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Baxılan iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minməmiş, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmişdir. Belə olan halda mübahisəli əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi qanunun birbaşa göstərişinə əsasən mümkün deyildir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs X1 müvəqqəti təminat tədbirinin ləğvi barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3775/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3775/2022
06.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver