Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3777/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)-409/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu ərizədəki siyahıda göstərilən, ona məxsus olan əşyaların və 9500 manat məbləğində pulun cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə, yaşadığı mənzilin qapısını sındıraraq onu qanunsuz yolla zəbt etmiş şəxslərin və onlara bu işdə kömək etmiş Cavabdeh1 əməkdaşlarının barəsində xüsusi qərardad çıxarılaraq, aidiyyatı orqana göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Şuşa şəhəri işğal olunduqdan sonra onlar məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin ünvanda 27 il yaşamış, 2019-cu ilin noyabr ayında Cavabdeh2 Bakı şəhəri Cavabdeh1in əməkdaşlarının köməyi ilə mənzilin qapısını sındıraraq oraya daxil olmuş və ailə üzvləri ilə birlikdə mənzildə yerləşmişdir. Mənzildən çıxarılarkən ona məxsus olan 9500 manat məbləğində pul, 1 ədəd şifoner, 2 servant, stol, stul, çarpayı, üstünün örtüyü ilə birlikdə yataq dəsti, 4 dəst yorğan-döşək, yastıq, 3 ədəd “Saratov”, “Çinar” markalı zamoklu soyuducu, uşaq kolyaskası, televizor stenkası ilə birlikdə, videomaqnitofon, ev telefonu və mobil telefonu, kondisioner, qab-qaçaqlar (servant dolu), qazan, çaynik, çaydan, oğlunun kostyumları, ayaqqabılar, koftalar, gəlinin işlənməmiş parçaları (zərli, ağ çəhrayı güllü atrez), ütü, divan, divan üstü, yerüstü (örtük) 2 ədəd çilçıraq, paltaryuyan maşın, qarmon, divar saatı, ütü stolu (gözlü), güzgü-trümo, mətbəx əşyası, paltar asmaq üçün mebel həmin mənzildə qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)- 409/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)-409/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 17 saylı evin sahəsi 18 kv.metr olan 27 saylı 1 otaqlı mənzili Bakı şəhəri Cavabdeh1 başçısının 30 mart 1992-ci il tarixli 971 saylı sərəncamına əsasən 1988-ci ildə Ermənistandan deportasiya olunmuş Cavabdeh2 verilmiş, Cavabdeh1 başçısının 29 mart 2013-cü il tarixli 157 saylı sərəncamı ilə Cavabdeh2 ilə icarə müqaviləsi bağlanaraq o həmin mənzilin icarədarı hesab edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2014-cü il tarixli 2-1(82)-375/2014 saylı icra vərəqəsinə əsasən həmin mənzilin Cavabdeh2 adına özəlləşdirilməsi vəzifəsi cavabdeh DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə həvalə olunmuşdur. İddiaçı 1992-ci ildə Şuşa şəhərindən məcburi köçkün düşərək həmin mənzili zəbt etmiş, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 13 mart 1995-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin olunaraq sonuncunun həmin mənzildən çıxarılması qət olunmuşdur. İddiaçı məskunlaşmaq üçün Bakı şəhəri Əhmədbəy Ağaoğlu küçəsi, 4-də yerləşən 32 saylı mənzil və Bakı şəhəri N.Rəfibəyli küçəsi ev 29-da yerləşən 2 saylı mənzil ayrılsa da, o, 27 il ərzində ünvan 3 ünvanında yerləşən mənzili boşaltmaqdan boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən 28 yanvar 2021-ci il tarixli məhkəmə baxış iclasında İddiaçı 9500 manat pulunun və iddia ərizəsində göstərdiyi əşyaların mövcudluğuna dair onda hər hansı sübutun olmadığını bildirmişdir. (i.v.56) Apellyasiya baxışı zamanı da İddiaçı tələb etdiyi pulun və əşyaların cavabdehlərdə olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)- 409/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3777/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3777/2021
27.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver