Məhkəmə qərarları › İş №2(103)-3780/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3780/2023

06.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3780/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, evin boşaldılıb təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma, evin boşaldılıb ona təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Ağarza qızının adına Bakı şəhər İK-nin xx.xx.1992-ci il tarixli 120 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,09 ha torpaq sahəsi olan 51 saylı bağ sahəsinin ayrılmasına dair 101 nömrəli order tərtib edilmişdir.

2. Bakı şəhəri, Mərdəkan qəsəbəsi 51 saylı bağ sahəsi xx.xx.2008-ci il tarixdə DT və XK-nin A-№ 098590 saylı, X4 kitabında 10680 nömrə ilə uçota alınmış, İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü verilmişdir.

3. İddiaçı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri İHB-nin X1 İnkişafı və İstismarı Birliyinin BTK-55 saylı orderi ilə Mərdəkan qəsəbəsi 51 saylı bağ sahəsində tikdirdiyi yaşayış evinin qeydiyyata alınmasını xahiş etmiş, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 349 saylı sərəncamı ilə bağ sahəsində İddiaçı tikdiyi 2 mərtəbəli yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınmasına göstəriş verilmiş, həmin bağ evinə çıxarış və texniki pasport verilməsi DƏDRX Bakı Ərazi İdarəsindən xahiş olunmuşdur.

4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.09 ha torpaq sahəsi olan 51 saylı bağ evi xx.xx.2012-ci il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin bağ evinin İddiaçı mülkiyyətində olmasına dair sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarış verilmişdir.

5. İddiaçı Ağarza qızı ilə Cavabdeh arasında qeyri-rəsmi ər-arvad münasibətləri olmuş, onların bu münasibətindən xx.xx.1988-ci il tarixdə Nigar, xx.xx.1995ci il tarixdə İbrahim adını verdikləri uşaqları doğulmuşdur.

6. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evində hazırda Cavabdeh, Maraqlı şəxs və sonuncunun ailə üzvləri yaşayırlar.

7. Cavabdeh ünvan 1 ünvanında, İddiaçı və Maraqlı şəxs ünvan 2 ünvanında pasport qeydiyyatındadırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evindən cavabdehin çıxarılması, bağ evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə qeyri-rəsmi münasibətləri olmuş, cavabdeh ara-sıra qonaq qismində onun mülkiyyətində olan bağ sahəsində yaşamışdır. Əvvəllər qeyri-rəsmi münasibətdə olduğu cavabdeh ailəlidir, ailədaxili problemlər olduğu üçün 2014-cü ildə ondan həmin bağda müvəqqəti yaşamasına icazə verməsini xahiş etmiş və bağ evinə köçmüşdür. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsi uzun illər daimi istifadəsində olmuş və xx.xx.2008-ci il tarixində DT və XK-nin A-№ 098590 saylı X4 kitabında 10680 nömrə ilə uçota alınaraq plan-ölçü verilmişdir. Bakı şəhəri İHB-nin X1 İnkişafı və İstismarı Birliyinin BTK-55 saylı orderi ilə bağ sahəsində tikdiyi yaşayış evinin qeydiyyata alınmasını xahiş etmiş, Bakı şəhəri Xəzər rayonu (keçmiş Əzizbəyov) RİH-nin 349 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə həmin bağ evinə çıxarış və texniki pasport verilməsi öz təsdiqini tapmışdır. İlkin olaraq 2012-ci ildə həmin bağ sahəsindəki mülkiyyətə dair onun adına texniki pasport və çıxarış verilmiş, 2019-cu ildə bağ sahəsini qızına bağışlama yolu ilə hədiyyə etsə də, qızı xarici ölkədə vətəndaşlıq almaq və orada yaşamaq üçün getməli olduğundan bağı 2021-ci ildə yenidən ona bağışlamışdır. DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə ona yeni elektron çıxarış və texniki pasport verilmişdir. Cavabdehlə hər hansı qaydada müqavilə imzalamamışdır, rəsmi qeydiyyatı, mülkiyyətinə dair heç bir hüquqi əsası olan sənədi yoxdur, bağ sahəsi onun şəxsi vəsaiti hesabına uzun müddətə tikilmişdir. Cavabdehə özünə aid kiçik daşınar əşyaları ilə birlikdə bağından çıxmasını dəfələrlə xahiş etsə də müsbət nəticə olmamış, əksinə cavabdeh onu hədələyərək qanuni mülkiyyətindən məhrum etmişdir.

10. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 izahatında bildirmişdir ki, cavabdeh iddiaçı ilə 1988-ci ildən nikahdan kənar ailə münasibətlərində yaşamış, onların birgə münasibətlərindən 2 övladları doğulmuşdur. Maraqlı şəxs hazırda öz ailəsi ilə birlikdə cavabdehin yanında qalır. Cavabdeh və övladı uzun illərdir ki, atası tərəfindən onlara verilmş, lakin İddiaçı mülkiyyəti sayılan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 51 saylı bağ evində yaşayırlar. Cavabdeh və oğlunun ailəsindən başqa orada heç kim yaşamır və həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Maddi imkanları kirayə mənzil tutmağa imkan vermir. İddiaçı və cavabdeh ailə münasibətləri quranda həmin bağ evində yaşamışlar. Bağ evi təxminən 1988-ci ildə dövlət tərəfindən cavabdehin atasına verilib. Mübahisəli evin tikilməsində və təmirində cavabdehin iştirakı olmuşdur. Cavabdeh bağ evinə xeyli xərc qoymuşdur, 40 ilə yaxındır ki, orada yaşayır, həmin vaxtdan mənzilə istifadə hüququ vardır.

11. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

12. Məhkəmənin 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

13. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evində yaşamış, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Hər bir halda qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin bağ sahəsinə istifadə hüququ olmadığından, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 0.09 ha torpaq sahəsi olan 51 saylı bağ evindən çıxarılmalı, həmin bağ evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

14. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 148.2-ci, 152.1-ci, 152.5-ci, 157.2-ci, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin qərarlarına istinad etmişdir.

15. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, tərəflərin 1986-cı ildən faktiki nikah münasibətlərində olmaqla həmin bağ evində yaşadıqları, orada birgə təsərrüfat apardıqları, bağ evinin bilavasitə cavabdeh tərəfindən tikildiyi, cavabdehin 40 ilə yaxındır orada yaşadığı və evə istifadə hüququnun yarandığı, tərəflərin iki övladlarının olduğu, hazırda cavabdehin iddiaçı ilə ailə münasibətindən doğulmuş oğlu ilə birlikdə həmin evdə yaşadığı arqumentləri ilə əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, qüvvədən düşmüş Mənzil Məcəlləsinin tətbiq edilməli olan 123-cü maddəsini tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

17. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Maraqlı şəxs məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

25. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

28. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

29. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

32. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 21,22).

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

45. Tərəflərin təxminən 1988-ci ildən qeyri-rəsmi ər-arvad münasibətlərində olduqları işin mübahisəsiz halı olsa da, cavabdehin həmin dövrdən mübahisəsi gedən evə iddiaçının razılığı ilə köçüb orada daimi yaşadığı və iddiaçı ilə birgə təsərrüfat apardığı sübuta yetirilməmişdir.

46. Bu baxımdan, cavabdehin mübahisəsi gedən evə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələri (§ 26, 29) əsasında istifadə hüququnun yarandığı qənaətinə gəlmək mümkün deyildir.

47. Bu zaman həm də nəzərə alınmalıdır ki, sözügedən ev bağ evi olmaqla mövsümü yaşayış yeri kimi istifadə edilmiş, cavabdehin isə daimi birlikdə yaşadığı rəsmi ailəsi olmuşdur.

48. Cavabdehin həmin evə Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən sonra həmin Məcəllənin müddəalarına əsasən də istifadə hüququ yaranmamışdır; çünkü tərəflər arasında belə bir hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış və cavabdehin müvafiq hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır (§ 23, 24).

49. Tərəflər arasında rəsmi nikah münasibətləri olmadığından, cavabdehin mübahisəsi gedən evə Mülki Məcəllənin 228.5-ci maddəsinə (§ 25) əsasən də istifadə hüququ yarana bilməz. Nəzərə alınmalıdır ki, yalnız qanunvericiliyin tələbinə uyğun şəkildə bağlanmış və dövlət qeydiyyatına alınmış nikah dövlət tərəfindən tanınır və belə nikahdan irəli gələn hüquq və vəzifələr, həmçinin əmlak və şəxsi qeyri-əmlak münasibətləri qanuni nikahdan irəli gələn münasibətlər kimi dövlət tərəfindən təminat altına alınır.

50. Cavabdehin həmin evə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da istifadə hüququnun yaranması mümkün deyildir. Belə ki, cavabdeh iddiaçının nə digər qohumu, nə də onun himayəsindəki əmək qabiliyyəti olmayan şəxs deyildir (§ 30).

51. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

52. Belə ki, cavabdehin mübahisəsi gedən ev üzərində hər hansı hüququ yoxdur və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq təmin etmişdir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1607/2022 saylı iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar