Məhkəmə qərarları › İş №2(103)-3785/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3785/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3785/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair 2(006)-69/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.391,49 manat əsas borc, 737,24 manat faiz borcu, cəmi 3.128,73 manat məbləğdə pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş, Cavabdeh ilə xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “MERCEDES BENZ” C220 CDİ minik markalı, **-LN-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli ZB-Ə №Y-620 nömrəli kredit müqaviləsi üzrə 2.391,49 manat əsas borc, 447,90 manat faiz borcu, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 2.869,39 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “Mercedes Benz C220 CDİ minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməklə, açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 2.869,39 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, ZB-Ə №Y-620 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 24% hesablanmaqla 36 ay müddətinə 6.400 manat məbləğində kredit verilməsi, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Mersedes Benz” C220 CDİ markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi, cavabdeh kredit müqaviləsi ilə öhdəliklərini vaxtında icra etmədiyi üçün, məhkəməyə müraciət edilən tarixdə 3.128,73 manat kredit borcunun qalması r tam sübuta yetirilsə də, məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza rəyi ilə cavabdehin xx.xx.2014-cü il tarixə (kredit müqaviləsinin bitmə tarixinə) 553,65 manat borcun qalması müəyyən edilmişdir. Qeyd edilən ekspert rəyi banka təqdim edilməmiş, ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir. Bununla da birinci instansiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Belə ki, məhkəmə prosesinə dəvət olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisadi ekspertizalar şöbəsinin eksperti ekspertiza keçirən zaman kredit müqaviləsinin cərimə ilə bağlı bəndində nəzərdə tutulan cərimələri hesablanmamışdır. Tərəflər arasında bağlanan xx.xx.2011-ci il tarixli, ZB-Ə №Y-620 saylı kredit müqaviləsinin əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 0,5% cərimə və vaxtı keçmiş kredit üzrə 48% cərimə faizi ödəyir. Hesab edir ki, ekspert kredit müqaviləsinin bu bəndini nəzərə almayaraq yalnış nəticəyə gəlmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kredit üzrə faiz borcunun düzgün hesablanması məqsədi ilə iş üzrə təkrar ekspertiza keçirilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ASC Cavabdeh xx xxxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik faiz dərəcəsi 24% olmaqla 7.300 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən krediti müqaviləsi ilə verilən kreditin qaytarılmasının təminatı kimi cavabdehə məxsus “Mercedes Benz C220 CDİ minik” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka qoyulmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə bank tərəfindən ona 2.391,49 manat əsas borc, müqavilə müddətinin sonuna 447,90 manat faiz borcu, 737,24 manat cərimə borcu hesablanmışdır. İddia tələbində isə iddiaçı cavabdehdən 2.391,49 manat əsas borc, 737,24 manat faiz borcu tələb edir, cərimə borcu isə tələb edilmir. İş üzrə keçirilmiş ekspert rəyinə əsasən isə cavabdehin qeyd olunan müqavilə üzrə 4.184,51 manat əsas borcu, 504,93 manat faiz borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295,317.1,319.1,319.6,427.3, 442,443.1, 448.1 və 739-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmamış hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı faiz borcunun düzgün hesablanmaması barədə hər hansı sübut təqdim etməmiş, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi maliyyə arayışında da faiz borcunun 447,90 manat olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilən əsas və faiz borcu məbləği həddində iddianı təmin etmişdir. İddiaçı iddia tələbində cərimə məbləğini tələb etməmişdir. Qeyd edilənlərə əsasənməhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/2019 nömrəli mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar