Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-379/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” 2(005)-79/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT ASC Cavabdeh qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38682,10 ABŞ dolları məbləğində əsas borcu və 14451,17 ABŞ dolları faiz borcu, 3002,52 cərimə borcu olmaqla, cəmi 56136,19 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 237.6 kv/m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına cavabdehin borcunun ödənilməsi, cavabdehin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2015-ci il tarixli, 1672 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya biznes məqsədi üçün 24 ay müddətinə, illik 24% (iyirmi dörd) dərəcəsi ödəmək şərti ilə 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “Pro Kredit BOKT" ASC ilə Cavabdeh arasında 29.12.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsi və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla əlaqədar olaraq cavabdeh dəfələrlə xəbərdar olunmasına baxmayaraq o, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hal-hazırda isə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2015-ci il tarixli, 1672 saylı kredit müqaviləsi üzrə Cavabdeh 38682,10 ABŞ dolları əsas borcun, 14451,17 ABŞ dolları faiz borcunun, 1000 ABŞ dolları cərimənin, cəmi 54133,27 (əlli dörd min yüz otuz üç dollar 27 sent) ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 170.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan "xxxx" BOKT ASC-yə ödənilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.08 ha. olan torpaq sahəsinin və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evinin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən banka xeyli miqdarda pul vəsaiti ödənilmişdir. Cavabdehdən əsas və faiz borcu artıq tutulmuşdur. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin həqiqi bazar dəyəri "xxxx" MMC-nin verdiyi rəydə göstərilən məbləğdən yüksəkdir. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil edilməmiş və bunun səbəbləri bildirilməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 29.12.2015-ci il tarixli, 1672 saylı kredit müqaviləsinə əsasən kredit verən "xxxx" ASC tərəfindən 54000 ABŞ dolları məbləğində kredit 24 ay müddətinə illik 24% faizlə kredit alan Cavabdeh verilmişdir. Həmin müqaviləyə əsasən kredit alan kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. 29.12.2015-ci il tarixli, N-1659/15 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tərəfindən ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 21.02.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 38682,10 manat əsas, 14451,17 manat faiz, 3002,52 manat cərimə, cəmi 56136,19 manat borcu vardır. 29.12.2015-ci il tarixli, 1672 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə ayda 2855,04 manat məbləğində ödəniş etməyi üzərinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsi və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evi Cavabdeh adına 29.10.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evi "xxxx" BOKT ASC-nin adına 29.01.2016-cı il tarixdə yüklü edilmişdir. Kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" BOKT ASC tərəfindən 29.12.2015-ci il tarixdə 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin "xxxx" BOKT ASC-nə ünvanlanmış 29.10.2018-ci il tarixli, **********99 saylı məktubuna əsasən Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0.08 ha. olan torpaq sahəsinə və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evi üzərində tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmış, 26.10.2018-ci il tarixli ərizədən görünür ki, ləğv prosesində olan "xxxx" BOKT ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş, "xxxx" MMC-nin 24 sentyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.08 ha. olan torpaq sahəsinə və ümumi sahəsi 237.6 kv/m. olan fərdi yaşayış evinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 170.000 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26027 saylı 20 noyabr 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 29.12.2015-ci il tarixli, 1672 saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə 40546,76 ABŞ dolları əsas, 15112,29 ABŞ dolları faiz borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə və fərdi yaşayış evinin satıldıqdan sonra boşaldılmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan faiz borcunun məbləğini və əmlakın ilkin satış qiymətini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissələrdə dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışında iş üzrə təyin edilmiş əlavə məhkəmə məhkəməmühasibatlıq ekspertizasının 11.08.2020-ci il tarixli, 9/2837 nömrəli rəyinə əsasən 29 dekabr 2015-ci il tarixli, 1672 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh 29.12.2017-ci il tarixə "xxxx" ASC-yə əsas borcu 40.546,76 ABŞ dolları, faiz borcu 5.416,23 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 7.1-ci madddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası əlavə məhkəmə-mühasibatlıq ekspertizasının qeyd edilən rəyini mötəbər sübut qismində qəbul edərək ekspertin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh 29.12.2015-ci il tarixli, 1672 saylı kredit müqaviləsi üzrə 5.416,23 ABŞ dolları məbləğində faiz borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan əlavə apellyasiya baxışı zamanı iş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş 22.01.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1i ünvanında yerləşən 0.08 ha olan torpaq sahəsinin və ümumi sahəsi 237.6 kv/m olan fərdi yaşayış evinin bazar dəyəri 392000 manat, likvid qiyməti 37000 manat, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən bazar qiyməti 430000 manat, likvid qiyməti 392000 manat, "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən tərtib edilmiş 17.05.2021-ci il tarixli hesabata əsasən isə bazar dəyəri 320000 manat, likvid dəyəri 288000 manat müəyyən edilmişdir. Məhkəmə sonuncu qiymətləndirmə müəssisəsi tərəfindən müəyyən edilmiş məbləğləri daha ağlabatan qəbul edərək hesab edir ki, qeyd edilən daşınmaz əmlakların ilkin likvid qiyməti 288000 (iki yüz səksən səkkiz min) manat müəyyən edilməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il qərardadında qeyd edilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə faiz borcunun tutulması və daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(005)-79/2020 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə faiz borcunun tutulması və daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilsin. Cavabdeh 29.12.2015-ci il tarixli, 1672 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 5.416,23 (beş min dörd yüz on altı manat, iyirmi üç sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) müəyyən edilsin. Tutmanın yönəldildiyi daşınmaz əmlakın ilkin satış qiyməti 288000 (iki yüz səksən səkkiz min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə "xxxx" MMC keçirilmiş qiymətləndirmə xərci olan 300 manatın yarısı 150 manat "xxxx" ASC-dən, 150 manat Cavabdeh tutularaq "xxxx" MMC-yə, "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən keçirilmiş qiymətləndirmə xərci olan 350 manat xidmət haqqının yarısı 175 manat "xxxx" ASC-dən, 175 manat Cavabdeh tutularaq "xxxx" MMCyə, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun yarısı 50 manat Cavabdeh, 50 manat "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-379/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-379/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver