Məhkəmə qərarları › İş №2(103)-3802/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3802/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3802/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X4 və qeyrilərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdeh X4 və qeyrilərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh X2 25144,22 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 13000,57 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxx 2019-cu il tarixinə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1283,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 39428,40 ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit və ipoteka müqaviləsinin, əlavə qeydiyyat barədə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 31 manat rüsumun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin X4 məxsus olan, ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən 84 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada X2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın «Səbail» filialı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1827SBFFK saylı «Kredit müqaviləsi»nə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1827SBFFK saylı «Kredit müqaviləsi»nin təminatı qismində, X4 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 84 saylı mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2014-cü il tarixli «ipotekanın əlavə qeydiyyatı haqqında razılaşma» bağlanmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin «Kredit alan» üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürmə yolu ilə 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan «Kredit müqaviləsi»nin 3.4-cü bəndinə əsasən «Kredit alan» kreditdən istifadəyə görə «Kredit verən»ə illik 19 faiz ödəyir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən müqavilənin 3.6-cı bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, «Kredit verən»ə 3.4-cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir. X7 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda banka olan borcu 25144.22 ABŞ dolları məbləğində əsas borc, 13000.57 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən xx xxxxx 2019-cu il tarixinə qədər əsas borca görə illik 5% dərəcəsi ilə hesablanmış 1283.61 ABŞ dolları faiz borcu, ümumilikdə 39428.40 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı “Bildiriş”lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 289/2019 saylı qətnaməsi ilə (hakim Rəşad Həsənov) iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh X2 25144,22 ABŞ dolları məbləğində əsas borc, 5131,28 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanmış 1283,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 31559.11 (otuz bir min beş yüz əlli doqquz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, habelə mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, məhkəməyə təqdim edilən sənədlərin notarial qaydada tsədiq edilməsi üçün ödənilmiş 31 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin cavabdeh X6 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 84 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 95.000 (doxsan beş min) manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzil satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, cavabdeh X2 ekspertiza tədqiqatının dəyəri üzrə 150 manat tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh X7 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, kredit borcunun düzgün hesablanmaması, məhkəmə-mühasibatlıq ekspertizasının həqiqəti əks etdirməməsi, təkrar ekspertizanın təyin olunmalı olması, həmçinin ipoteka qoyulmuş əmlakın dəyərindən az qiymətləndirilməsi, ərazidə oxşar mənzillərinin qiymətinin 120000 manat həddində olması, lakin onun mənzilinin 95000 manat qiymətləndirilməsi kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək,orada göstərilənlərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,o kredit borcunun ödənilməsindən imtina etmir,lakin hazırda maddi maddi vəziyyəti borcu ödəməyə yetərli deyildir.Bank isə ona borcunun hissə-hissə ödənilməsi üçün güzəşt etməmişdir.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdeh X3 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh X7 arasında xx.xx.2014-cü il tarixli, 1827SBFFK saylı kredit müqaviləsinin bağlanması, müqaviləyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 29500 ABŞ dolları məbləğində kredit verilməsi, öhdəliyin icrasının təmini kimi tərəflər arasında xx.xx.2014-cü il tarixli «ipotekanın əlavə qeydiyyatı haqqında» Razılaşma bağlanması, X4 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 84 saylı mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi, öhdəliyin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətində kredit borcunun artıq hesablanmasını göstərmiş,lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış,borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22noyabr 2019-cu il tarixli, 11920saylı rəyinə əsasən,tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli,1827 SBFFK saylı kredit müqaviləsi üzrə X3 xx.xx.2018ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borcu 25377,73 ABŞ dolları, faiz borcu 5131,28 ABŞ dolları, ümumilikdə 30509,01 ABŞ dolları, xx.xx.2019-cu il tarixə (sualda soruşulan tarix) müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmaqla əsas borcu 25377,73 ABŞ dolları, faiz borcu 6428,36 ABŞ dolları olmaqla ümumilikdə 31806,10 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə kredit borcunun məbləğini dəqiqləşdirmiş, həmçinin iddianı faizlərin tutulması hissəsində qismən təmin etmiş, faizləri kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan məbləğdə tutmuşdur. Belə ki,«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin ipoteka qoyulmuş mənzilinin dəyərinin düzgün müəyyən olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq ilkin olaraq bildirir ki, tərəflər arasında bağlanmış ipotekanın əlavə qeydiyyatı haqqında Razılaşmadan görünür ki,tərəflərin qarşılıqlı razılığı ilə ipoteka qoyulmuş mənzilin dəyəri 85000manat həddində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı zərurət yaranlığından ipotekanın dəyərinin obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuşdur. Belə ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan «xxxxxxxxxxxxx» MMC tərəfindən tərtib edilən 030/19 saylı xx xxxx 2019cu il tarixli rəydə ünvan 2 ünvanında yerləşən 84 saylı mənzilin hazırkı dövrə olan orta bazar qiymətinin 95000 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əsasən ipotekanın ilkin satış qiymətinin müəyyən olunması istiqamətində zəruri və obyektiv tədbirlər görmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin qeyd edilən məbləğdə müəyyən olunması obyektiv və ədalətlidir. Cavabdeh isə apellyasiya şikayətində ipoteka qoyulmuş əmlakın dəyərinin daha artıq olmasını göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi,cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə,məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq,hesab edir ki,apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla,qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin cavabdeh X4 və qeyrilərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar