Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3802/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh oğlunun, Maraqlarına toxunan şəxs X4, onun nümayəndəsi X8 və nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu və maraqlarına toxunan şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı onun Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 nömrəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir (tələb dəqiqləşdirilmişdir). İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır, o, 1959-cu ildə Gədəbəy rayonunun X26 kəndində doğulmuşdur. 1992-ci ildə ildə ünvan 1 ünvanda qeydiyyata düşsə də, “erməni qəbirstanlığı” deyilən ərazidə bağçada yerləşən daxmada bir müddət yaşamışlar. 2000-ci ildə isə Bakı şəhərinə köçmüşlər və o vaxtdan da Bakı şəhərində yaşayırlar. İlk əvvəl Bakıda evləri olmadığından hamı kimi o da, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi bələdiyyəsi vasitəsilə 1.5 sot torpaq sahəsi alaraq, Müşfiqabad qəsəbəsi, YYM-İ, küçə 16, 1a d1 nömrəli 4 otaqdan ibarət evi öz xərci ilə tikib ailəsini ora köçürmüş və 2021-ci ilə qədər həmin evdə yaşamışlar. 2015-ci ildə həyat yoldaşı X1 xəstəlik olan xərçəngə tutulmuşdur. Onu yaşatmaq üçün həkimlərə göstərmişdir. Burada müalicəsi mümkün olmadığından İrana apararaq orada əməliyyat etdirmişdir. Sonra vəziyyəti daha da ağırlaşdığından Moskva şəhərinə apararaq orada da müalicə etdirsə də, çarəsi olmadığından 2017-ci ildə dünyasını dəyişmişdir. Min bir əziyyətlə Rusiyadan pullar qazanaraq ailəsinin yaxşı yaşaması üçün göndərmişdir. Uşaqlarını ali təsil alması üçün əlavə ödənişli kurslarda oxutdurmuşdur. Lakin çox təəssüf ki, oğlanları bunu qiymətləndirmək əvəzinə, ona qarşı çox böyük nankorluq etmişlər. Uşaqları analarının müalicəsinə heç bir köməklik göstərmədikləri üçün o, nəinki əlində olan pulu, hətta külli miqdarda borclar alaraq həyat yoldaşının müalicəsinə xərcləmişdir və bu gün də həmin borcları verə bilməmişdir. Oğlanları isə onlara spirtli içki və narkotik üçün pul verə bilmədiyinə görə evdə hər gün qəsdən dava-dalaş salırdılar. Hətta oğlu Anar oz dostları ilə onun acığına Gəncə şəhərinə gedərək orada erməni qəbirstanlığının yanında əvvəllər yaşadıqları daxmanı satmaq mümkün olmadığından uçuraraq tam yararsız hala salmışdır. Bu əməlinə görə onun haqqında Gəncə şəhəri Nizami rayon polis idarəsinə şikayət xarakterli ərizə də yazmışdır. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra oğlu Anar öz zəhmətilə tikdiyi evi satmadığına görə onu təhqir edib döyərkən bərk vurub başını partlatdığından uzun müddət müalicə alsa da, baş gicəlləməsi hələ də davam edir. Evdə gündüzlər o özü, axşam isə oğlu qalırdı. Belə ki, hər gün axşam evə gələn kimi oğlu onu döyərək qovduğundan gecəni küçələrdə qalmalı olurdu. Evi satıb pulu ona verməsə, onu öldürəcəyi ilə hədələyirdi. Sonuncu dəfə əlində bıçaq üstünə gələndə o, qaçarkən bir daha evə gəldiyi halda onu mütləq öldürəcəyi ilə hədələdiyindən, öldürüləcəyi halda qatiliin onun oğlu Anar olması barədə hətta bacısı X3 da məlumatlandırmışdır. Oğlu ilə dəfələrlə söhbət etməyə cəhd etsə də, onun qudurğanlığından söhbətləri baş tutmamışdır. O, qorxusudan bir müddət küçələrdə və ya orda burda qalmışdır ki, bəlkə oğlu səhvini başa düşər. Lakin bunun əksi oldu. Belə ki, bir müddət sonra o, evə gəlib qapını açmaq istəsə də, qapı açılmamış, məcbur olub ona zəng etsə də, telefonu açmamışlar. Nəhayət bir müddət sonra qonşulardan öyrənmişdir ki, oğlu Cavabdeh öz zəhməti və min bir əziyyətlə qazanaraq tikdiyi evini nəyinsə müqabilində tanımadığı Nuranə adlı qadının adına keçirmiş, o isə oğlu ilə birlikdə evinin açarlarını qəsdən onun evə daxil ola bilməməsi üçün dəyişdirmişdir. Oğlu Anar isə etdiyi hərəkətə görə vicdan əzabı çəkmək əvəzinə bir daha evinə qayıdacağı halda şərlənərək tutdurulacağını bidirmişdir. Torpaq və evin vergi ödəyicisi (bu barədə Bələdiyyə arayışı ərizəyə əlavə olunur) kimi, qaz işıq və suyun da (bu barədə ödəniş çekləri ərizəyə əlavə olunur) ödəyicisi onun özü olduğundan o, məsələnin aydınlaşdırılması üçün Müşfiqabad Bələdiyyəsinə getmişdir. Lakin orada ona qeyd olunan faktları təsdiq edən arayışı artıq haqqında faktlar guya kompyüterdən silinib deyə, verməmişlər. O, məcburən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş İdarəsinə müraciət etdikdən sonra arayış ala bilmişdir. Bundan əlavə onlar hansısa əyri yolla qaz, su və işığı öz adlarına keçirməyə cəhd etsələr də onun müdaxiləsindən sonra bunu hələ ki, bacarmayıblar. Hazırda evinin açarları dəyişdirildiyindən və açarlar ona veilmədiyindən o, bu gündə küçələrdə yaşamalı olmuşdur. Həmçinin evə yaxınlaşacağı halda əgər onu şərləyib tutdura bilməsələr, öldürəcəkləri ilə bu gün də təhdid edirlər. Bütün olanlar barədə sahə müvəkkilinə dəfələrlə müraciət etsə də, oğlu ilə münasibəti olduğu üçün İkinci qrup əlil olmasına baxmayaraq, daim onun deyil, oğlunun tərəfini tutur. Bu səbəbdən öz evi ola-ola, hazırda küçələrdə qalmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1661/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 ünvanlı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1661/2021 saylı qətnaməsindən Cavabdeh oğlu və maraqlarına toxunan şəxs X12 apellyasiya şikayəti vermişdir. Cavabdeh oğlu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır iddiaçı ilə onun anası X2 arasındakı nikah Gədəbəy rayon məhkəməsinin 2(014)- 114/2013 N-li, xx.xx.2013-cü il tarixli Qətnaməsi ilə pozulmuşdur. Həmin Qətnaməyə müvafiq olaraq, Gədəbəy rayon məhkəməsi müəyyən etmişdir ki, “İddiaçı xx xxxxxxx 1959-cu ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində doğulmuş hazırda Gəncə şəhəri Kəpəz rayonu 1-ci döngə, ev 4-də yaşayır” Daha sonra Gədəbəy rayon məhkəməsinin Qətnaməsində qeyd olunmuşdur ki, “İddiaçı ilə ər-arvad münasibətlərini kəsməklə birgə təsərüfat aparmırlar. Onların nikahları formal xarakter daşıyır” İddiaçı 2013-cü ildən sonra başqa qadınla ailə münasibətləri qurmuş və mübahisəli evdən 8 il əvvəl çıxmışdır. Nikah pozulduğdan sonra X2 cavabdehlə və digər ailə üzvləri ilə bir yerdə mübahisəli evdə 2017-ci ildə vəfat edənə qədər yaşamışdır. İddiaçı bu səbəbdən birinci ailəsi ilə heç vaxt münasibət qurmamış və keçmiş həyat yoldaşının müalicəsinə maddi yardım göstərməmişdir. Əksinə, İradə Əmiraslanova dünyasını dəyişərkən onun dəfn mərasimində iştirak etməmiş, bundan sonra dövlət tərəfindən ailəsinə dəfn üçün ayrılmış 300 manatdan yarısını cavabdehdən tələb edərək almışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçının mülkiyyətində Gədəbəy rayonunda və Gəncə şəhərində fərdi evləri olduğu üçün küçələrdə yaşamalı olduğu barədə məlumat həqiqətə uyğun deyil. Göstərilənlərdən məlum olur ki, məhkəmənin qətnaməsində cavabdehin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanda qeydiyyatsız yaşaması barədə dedikləri əsassızdır. Ona görə ki iddiaçı mübahisəli evdə 8-9 ilə yaxındır ki, yaşamır. xx.xx.2021-ci il tarixli Qətnamədə mübahisəli evin iddiaçı tərəfindən, iddiaçının vəsaiti hesabına tikilməsi qeyd olunsa da, bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmədə dindirilmiş şahidlər iddiaçının yaxın qohumları və dostları olduğu üçün izahatları birtərəfli olmuş və mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının evin tikintisi üçün kifayət qədər gəlirləri və heç bir zaman daimi iş yeri olmamışdır. İddiaçı tərəfindən buna aid sübutlar təqdim olunmamışdır. İddia ərizəsində mübahisəli evin Nuranə adında xanıma satılması göstərilsə də, məhkəmə bu faktdan yan keçərək araşdırmamışdır. Cavabdeh oğlu və X9 notarial qaydada təsdiq edilmiş 17 sentyabr 2020-ci il tarixli ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 100 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 31.000 (otuz bir min) manat dəyərində İlkin müqavilə əsasında alqı-satqısını həyata keçirmişlər. Ev artıq bir il ərzində X4 faktiki sahibliyində və istifadəsindədir. Lakin məhkəmə bu faktı araşdırmadığı və nəzərə almadığı üçün Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərini pozmuş, əsl olmayan cavabdeh tərəfi əsl tərəflə əvəz etməmişdir. Məhkəmə mübahisənin birbaşa maraqlarına toxunan X5 məhkəmə baxışına cəlb etməmişdir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 ünvanlı mənzilə köçürülməsi həmin ünvanda yaşayan X4 və onun ailə üzvlərinin hüquqlarını pozmuşdur. İddiaçı keçmiş ailə üzvləri mübahisəli evdən köçdüyü üçün, onun həmin ünvana köçürülməsi Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərinə ziddir. Maraqlarına toxunan şəxs X12 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə 16, 1a, d1 ünvanlı mənzili onun xüsusi mülkiyyətindədir, həmin mənzili xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi və alqı-satqı aktı ilə Cavabdeh oğlundan almışdır. Həmin mənzilə görə 31.000 manat məbləğində pul ödəmişdir. Həmin vaxtdan ailə üzvləriylə bərabər mübahisəli ünvanda yaşayır, bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, kommunal sayğaclar onun adına rəsmiləşdirilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi onun mülkiyyət hüquqlarını pozmaqla qəbul edilmişdir, iddiaçı ümumiyyətlə tanımır, mənzildə yaşadığı müddətdə bir dəfə də olsun, görməmişdir. O, mənzilin mübahisəli olmasından xəbərsiz olmuşdur. Məhkəmə işin faktiki hallarını araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu apellyasiya şikayətini müdafiə etdi və onun məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxs X12, onun nümayəndəsi X15 və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdilər və onun məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 34 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanda qeydiyyatsız yaşayıb və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınıb. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 11 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanda İddiaçı adına heç bir sənəd qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında hesabından da görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanda abonent qismində İddiaçı qeyd edilmişdir. Birinci instansiya məhkəməsində dindirilən şahid X6 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının dostudur, onların tanışlığı Gəncədə yaşadıqları dövrlərə təsadüf edir, iddiaçı 2007-ci ildə Bakıya köçmüş və həmin illərdə mübahisə predmeti olan evi tikməyə başlamış (özü də o vaxtlar həmin evə qonaq gedib-gəlirdi) və iddiaçı təxmini 2019-cu ilədək orada yaşamışdır. Şahid təsdiq etdi ki, həmin evi İddiaçı tikdirib və orda yaşamışdır. Birinci instansiya məhkəməsində dindirilən şahid X13 öz ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə həm eyni kənddəndirlər, həm də qohumdular. Şahid E.Cabbarov təsdiqlədi ki, iddiaçı mübahisə predmeti olan evi 2007-ci ildə tikdirmişdir. Onun özü həmin evin tikilməsində usta kimi iştirak edərək, evin damını düzəltmişdir. Birinci instansiya məhkəməsində dindirilən şahid X10 öz ifadəsində bildirmişdir ki, o, həm iddiaçının qonşusudur, həm də sözügedən evin tikintisində usta kimi işləmişdir. Şahid N.Soltanov təsdiqlədi ki, iddiaçı evi 2007-ci ildə tikmişdir və həmin vaxt iddiaçı Rusiyada işləyirdi və evin tikilməsi üçün ailəsinə pul göndərirdi. Birinci instansiya məhkəməsində dindirilən şahid X16 (Müşfiqabad Bələdiyyə nümayəndəsi) öz ifadəsində bildirmişdir ki, Müşfiqabad qəsəbəsində olan evlərin çoxunun heç bir sənədi yoxdur. Şahid R.Rəsulov təsdiq etdi ki, iddiaçı həmin evdə yaşamış və təsərrüfat aparmışdır, belə ki, onun bələdiyyədə işlədiyi dövrdə, yəni 2014-cü ildən sonra həm iddiaçının özü , həm yoldaşı vergiləri ödəmişdir. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixindən 13 saylı Şəhər Poliklinikasında qeydiyyata götürülmüş, xx.xx.2015, xx.xx.2017-ci il tarixlərində profilaktik tibbi müayinələrdə olub. xx.xx.2018-ci il tarixində müayinədə olub. Apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Cavabdehla Nuranə Rüstəmova arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə 16, 1a, d1 ünvanlı mənzilin alqı-satqısında iştirak etmiş, evin pulunu da şəxsən özü sayıb vermişdir. Ev alqı-satqı yolu ilə alınmamışdan qabaq evə baxış keçirərkən də iştirak etmiş, evin yeganə sahibi kimi Anarı tanımışlar. Evlə bağlı heç bir mübahisə olmadığını dəqiqləşdirəndən sonra notariusda pul verib sözügedən evi almışlar. Evi almamışdan öncə Anarın qonşuları ilə danışmış və onlar bildirmişlər ki, Anar və ailəsindən başqa evdə heç kim yaşamır və Anarın borcu olduğu üçün evi satır. İddiaçı ümumiyyətlə tanımır, Cavabdeh isə alqı-satqı prosesində tanımışdır. Ev alındıqdan sonra evin təmirini qardaşıyla o, etmişdir. Evin təmirindən təxminən bir ay sonra Rüstəmova Nuranə ailəsiylə həmin evdə yaşamağa başlamışdır. İşin üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçı tərəfindən onun öz vəsaiti hesabına, zəbt edilmiş torpaq sahəsində buna lazımi icazə almadan inşa edilmişdir. İddiaçı ilə cavabdeh ata və oğul olmaqla, həmin evdə qeydiyyatsız yaşamışlar. Sonradan aralarında mübahisələr olduğu üçün iddiaçı öz iradəsinə zidd olaraq cavabdeh tərəfindən evdən çıxarılmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməyini tələb edir, cavabdeh isə həmin evi üçüncü şəxsə satdığını bildirərək, iddia tələbini rədd edir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Cavabdeh notarial qaydada bağlanmış ilkin müqavilə ilə mübahisəli yaşayış sahəsini 31.000 manata üçüncü şəxs olan X7 gələcəkdə satacağını öhdəsinə götürmüş və həmin pul məbləğini sonuncudan almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi faktiki mövcuddur və iddiaçının Bakı şəhərində mənzilə olan ehtiyacını qarşılayan yeganə tikili olmaqla, onun şəxsi vəsaiti hesabına inşa edilmişdir. Ona görə də, iddiaçının mübahisəli tikiliyə iddiaçının gözlənilən hüququ mövcud olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzildə yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi mövcud deyildir. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlanmış, lakin sonradan öz oğlu olan cavabdeh tərəfindən buna heç bir hüquqi əsas olmadan onun həmin mənzildə yaşayıb oradan istifadə etməsinə maneələr yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının öz vəsaiti hesabına inşa etdirdiyi və bir müddət yaşadığı mənzildən öz iradəsinə zidd olaraq cavabdeh tərəfindən qovulması onun bərabərlik və mənzil hüquqları kimi konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Ən əsası, Cavabdeh İddiaçı həmin yaşayış sahəsindən istifadə etməsinə mane olmasının heç bir hüquqi əsası olmamışdır. Bu səbəbdən o, həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Mübahisəli yaşayış evinin iddiaçı tərəfindən tikilmədiyi, onun bu evi tikmək üçün kifayət qədər maddi imkanının olmaması, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərin iddiaçının yaxın qohumları və dostları olması, bu səbəbdən də düzgün ifadə verməməsi ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, cavabdeh bu dəlillərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin mübahisəli mənzili artıq üçüncü şəxsə satması ilə bağlı apellyasiya şikayətinin dəlilinə, habelə qətnamə ilə maraqlarına toxunan şəxs X4 apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki Qanunvericiliyin əqdlərin etibarlılığına dair normaları, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Bu mənada kollegiya qeyd edir ki, Cavabdeh və iş üzrə maraqlarına toxunan şəxs Nuranə Rüstəmova apellyasiya şikayətinin dəlili kimi onların arasında xx.xx.2020-ci il tarixli ilkin müqavilənin bağlanmasına, həmin müqavilə üzrə mübahisəli yaşayış evinin Anar tərəfindən Nuranəyə satılmasına, bunun müqabilində Nuranənin Anara 31.000 manat pul verməsinə istinad etmişlər. Qeyd edilən müqavilənin məzmunundan göründüyü kimi, tərəflər müqavilənin predmeti olan fərdi yaşayış evinin heç bir sənədinin olmadığını qəbul edir, satıcı qismində çıxış edən Cavabdeh həmin evə dair qanuni gözləntilərinin olmasından çıxış edərək onun evə dair gələcəkdə mülkiyyət hüquqlarını təsdiq edən sənədləri əldə etdikdən sonra evi alıcı qismində çıxış edən Nuranə Rüstəmovaya satmaq öhdəliyini müəyyən edir. Hazırkı işin araşdırılan hallarından isə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi İddiaçı tərəfindən onun vəsaiti hesabına inşa edilmiş, kommunal xidmətlər onun adına qeydiyyata alınmaqla ödənilmişdir. Cavabdeh isə iddiaçının ailə üzvü olaraq həmin evdə yaşasa da, bu evə dair sərəncam verməklə bağlı hüquqlar əldə etməmişdir. Ondan fərqli olaraq, İddiaçı həmin evlə bağlı qanuni gözlənti hüququ olmuşdur. Belə olan halda, Cavabdeh mübahisəli evə dair qeyd edilən ilkin müqaviləni bağlamağa subyektiv hüququ olmamışdır. Deməli, həmin müqavilə bağlanarkən əqdin subyekt tərkibinə dair şərtlər pozulmuşdur. Kollegiya qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən özbaşına tikinti aparan şəxs ona mülkiyyət hüququ əldə etməsə də və onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, hazırkı iş üzrə iddiaçı mübahisəli tikilini öz vəsaiti ilə inşa etməklə, evə və onun yerləşdiyi torpaq sahəsinə dair əmlak vergilərini qanunla nəzərdə tutulmuş qaydada ödəməklə, bu əmlaka faktik sahibliyi həyata keçirməklə gələcəkdə mülkiyyət hüquqlarının əldə edilməsi ilə bağlı qanuni gözlənti hüququ əldə etmiş olur. Belə ki, Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Bu mənada, qeyd edilən evlə bağlı hər hansı hüquqi hərəkətin həyata keçirilməsi, o cümlədən onun gələcəkdə (mülkiyyət hüququ əldə edildikdən sonra) özgəninkiləşdirilməsinə dair öhdəlik götürülməsi hüququ da yalnız bu əmlaka dair qanuni gözlənti hüququ olan şəxsə, hazırkı halda İddiaçı aiddir. Digər tərəfdən, o da qeyd edilməlidir ki, ilkin müqavilənin bağlanması bu müqavilənin predmeti üzərində alıcının hər hansı hüquqlarının əmələ gəlməsinə səbəb olmur. İlkin müqavilə yalnız tərəflərin gələcəkdə bağlamağı nəzərdə tutduqları müqavilənin şərtlərini razılaşdırmağa xidmət edir. Belə ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Bu mənada ilkin müqavilənin predmeti olmuş daşınmaz əmlakla bağlı alıcının hüquqları yalnız həmin ilkin müqavilə ilə nəzərdə tutulmuş əsas müqavilənin bağlanmasından sonra yaranır. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, qətnamə ilə maraqlarına toxunan şəxs olan Nuranə Rüstəmovanın mübahisəli fərdi yaşayış evinə dair Cavabdehla ilkin müqavilə imzalaması və bu müqaviləyə əsasən sonuncuya 31.000 manat pul ödəməsi, Cavabdeh isə evi onun istifadəsinə və sahibliyinə verməklə bağlı öhdəlik götürməsi həmin evə münasibətdə Nuranə Rüstəmovanın əmlak hüquqlarının yaranmasına səbəb olmur. Halhazırda isə Nuranə Rüstəmova məhz bu hüquqlarına istinad edərək birinc iinstansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin və qətnamə ilə maraqlarına toxunan şəxsin apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh oğlu və maraqlarına toxunan şəxs X4 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏTETDİ: Cavabdeh oğlu və maraqlarına toxunan şəxs X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1661/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3802/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3802/2022
30.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver