Məhkəmə qərarları › İş №2(103)-3804/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3804/2021

02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3804/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin vəkili X5, Cavabdeh2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(009)-2243/2019 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mülkiyyətində olan əmlakın qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mühafizə olunan ərazisində saxlanılan, onun mülkiyyətində olan, Almaniya Federativ Respublikasının istehsalı olmaqla hər birinin qiyməti 10000 (on min) manat olan, «Meno» firmasının istehsalı M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd, cəmi 20000 (iyirmi min) manat dəyərində su nasoslarının ona qaytarılması, eyni zamanda hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödədiyi 410 (dörd yüz on) manat xidmət haqqının və iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X11» şirkəti ilə onun arasında şifahi razılığa əsasən həmin şirkətin əmlakı hər birinin qiyməti 10000 (on min) manat olan Almaniya Federativ Respublikasının «Meno» firmasının istehsalı M148/12892062 və 148/1239202 saylı 2 ədəd, cəmi 20000 (iyirmi min) manat dəyərində olan su nasosları ona 05 avqust 2013-cü il tarixdə satılmışdır. Həmin alqı-satqını «X11» şirkətinin AÖS seriyalı, 325733 saylı 05 avqust 2013-cü il tarixli qayimə fakturasına əsasən satılmaqla, həmin alqı-satqıya dair ödəniş ilə əlaqədar «X11» şirkətinin 05 avqust 2013-cü il tarixli BEB seriyalı 280261 saylı kassa mədaxil orderi ilə, habelə həmin nasosların «X11» şirkətinin ona təhvil verilməsinə dair 05 avqust 2013-cü il tarixli təhvil-təslim aktı ilə rəsmləşdirilmişdir. Qeyd olunan 2 ədəd nasos «X11» şirkəti tərəfindən cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən mühafizə olunan ərazisində saxlanılmasını nəzərə alaraq o, şifahi olaraq dəfələrlə cavabdehin nümayəndəsi-icraçı direktoru Cavabdeh2 müraciət edib nasosların qeyd olunan ərazidən çıxarılmasını üçün müvafiq göstəriş verilməsi barədə xahiş etmişdir. Lakin cavabdeh həmin nasosların mühafizə olunan ərazidən çıxarılmasına razılıq verməmiş və onun mülkiyyətçi kimi hüquqlarını pozmaqla qəsdən maneə yaratmışdır. O, dəfələrlə tələb etdiyi əmlakının cavabdeh tərəfindən qəsdən verilməməsini görüb Xətai rayon Prokurorluğuna 25 iyul 2018-ci il tarixdə şikayət ilə müraciət etmiş və onun şikayəti araşıdırlması və qanuni qərar qəbul olunması üçün 20 sentyabr 2018-ci tarixdə Xətai rayon prokurorluğundan Xətai RPİ-nin istintaq şöbəsinə öndərilmişdir. Həmin şikayət ətrafında aparılmış aşaşdıramaya dair Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqinin 05 oktyabr 2018-ci il tarixli 1271 saylı qərarı ilə cavabdehin nümayəndələrinin hərəkətlərində cinayət tərkibli hərəkətələrin olmadığını qeyd etməklə cinayət işinin başlanmasının rədd etmişdir. Eyni zamanda həmin qərarda hazırki mübahisənin mülki xarakter daşıdığı qeyd edilməklə bu mübahisənin məhkəmə qaydasında həll edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(009)- 2243/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Almaniya Federativ Respublikasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd su nasosu Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməsi, Cavabdeh1 MMC-dən hüquqi xidmət xərcinə görə 100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 130 (üç yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Almaniya Federativ Respublikasının “Nemo” firmasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 ədəd, cəmi 20 000 manat dəyərində olan su nasoslarının “X11” şirkətinin mülkiyyətində olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. “X11” şirkəti də həmçinin mübahisə edilən su nasoslarının onların mülkəyitində olmaları barədə də məhkəməyə sübüt təqdim edə bilmədi. Belə ki, “X11” şirkəti su nasoslarının Almaniya Federativ Respublikasından Respublikamıza gətirilməsi barədə gömrük bəyannaməsini və nasosların sərhəddən keçirilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Beləliklə İddiaçı onlara qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4125/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(009)- 2243/2019 nömrəli qətnaməsinin Cavabdeh1 MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 MMC kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-895/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4125/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin vəkili X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X11” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X11” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(009)-2243/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilməsi, yəni “Almaniya Federativ Respublikasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd su nasosu Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməsi, Cavabdeh1 MMC-dən hüquqi xidmət xərcinə görə 100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 130 (üç yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə edilmiş 05 avqust 2013-cü il tarixli BEB seriyalı, 280261 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, 05 avqust 2013-cü il tarixli AÖS seriaylı, 325735 nömrəli qaimə fakturaya əsasən «X11» şirkəti hər birinin qiyməti 10000 (on min) manat olan Almaniya Federativ Respublikasının «Meno» firmasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 ədəd, cəmi 20000 (iyirmi min) manat dəyərində olan su nasoslarını İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş 05 avqust 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, «X11» şirkəti Almaniya Federativ Respublikasının «Meno» firmasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 ədəd su nasoslarını İddiaçı təhvil vermişdir. İş materiallarında olan «X11» şirkəti tərəfindən verilmiş 12.11.2019-cu il tarixli, 19- 11/12 saylı arayışdan görünür ki, “Saf-İnşaat Servis” şirkəti (VÖEN 2********) 05 avqust 2013- cü il tarixdə AÖS seriyalı 325733 №-li qaimə fakturaya əsasən öz əmlakı olmuş “Nemo” firmasının istehsalı olan M148/12892062-1 nömrəli və M148/12392032-1 nömrəli, hər biri 10000 (on min) manat dəyərində, cəmi 2 (iki) ədəd, 20000 (iyirmi min) manat dəyərində, BEB seriyalı 260261 №-li kassa mədaxil orderi qəbzi ilə Şnekli su nasosların satışının rəsmləşdirməsinə dair 20000 (iyirmi min) manat ödənişin edilməsini rəsmləşdirməklə İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən verilmiş 27 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, BEB seriyalı, 280261 nömrəli kassa mədaxil orderi “X11” şirkəti tərəfindən, ciddi hesabat blanklarının hazırlanması üçün Maliyyə Nazirliyindən seriyalar almış “xxxx” X1 sifariş edilmiş və 2011-ci il 08 fevral tarixdə (seriya BEB № 280251-dən - 280350-dək. cəmi 100 dəst) həmin blanklar “X11” şirkətinə təhvil verilmişdir. AÖS seriyalı, 325735 nömrəli qaimə fakruranın mətbəədə çapı 2007-ci il daxil olmaqla keçmiş dövrü əhatə etdiyi üçün bu barədə məlumat vermək imkanları xaricindədir. Belə ki, 2008-ci ilədək ciddi hesabat blanklarının hazırlanmasını həyata keçirən mətbəələr tərəfindən təqdim olunmuş aylıq statistik hesabatlar qanunvericiliyin tələblərinə uyğun olaraq 2011-ci ildə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsində arxivləşmə işləri aparılarkən həmin sənədlər Azərbaycan Respublikasının Baş Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 11.07.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 28.06.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı ona hüquqi yardımın göstərilməsi üçün 15 saylı Vəkil Bürosunun hesabına 410 manat pul ödənilmişdir. Kasasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki,“ apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan, məhkəmələr tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara düzgün qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materilları ilə müəyyən edilir ki, 05 avqust 2013-cü il tarixli BEB seriyalı, 280261 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən 05 avqust 2013-cü il tarixli AÖS seriaylı, 325735 nömrəli qaimə faktura ilə «X11» şirkəti hər birinin qiyməti 10000 (on min) manat olmaqla Almaniya Federativ Respublikasının «Meno» firmasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 ədəd, cəmi 20000 (iyirmi min) manat dəyərində olan su nasoslarını İddiaçı satmış, həmin 2 ədəd su nasosu «X11» şirkəti tərəfindən Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mühafizə olunan ərazisində saxlanılmış, iddiaçı şifahi olaraq dəfələrlə cavabdehin nümayəndəsi-icraçı direktoru Cavabdeh2 müraciət edib nasosların qeyd olunan ərazidən çıxarılmasını xahiş etsə də, cavabdeh həmin nasosların mühafizə olunan ərazidən çıxarılmasına razılıq verməmişdir. İddiaçı hazırda həmin 2 ədəd su nasosunun qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb etmək hüququna malikdir. Həmin Məcəlləinin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilərlər. Həmin Məcəlləinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Kollegiya hesab edir ki, ilk növbədə iddiaçının mübahisəli əmlakların mülkiyyətçisi olub-olmamasına qiymət verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əmlakları “X11” Şirkətindən satın almış və dəyərini ödəməklə mülkiyyətçi hesab olunmalıdır. Belə qənaətə gəlmək üçün məhkəmə iddiaçının təqdim etmiş olduğu (surətləri əlavə edilmiş) kassa mədaxil orderinə (iş vərəqə 11), təhvil-təslim aktına (iş vərəqə 12), qaimə-fakturaya (iş vərəqə 13) əsaslanmışdır. Əvvəla, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunması barədə prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh məhkəmə mübahisəsi başlayan vaxtdan bildirir ki, iddiaçı əmlakın mülkiyyətçisi deyil və təqdim edilmiş sənədlər saxtadır. Hətta bununla bağlı vəsatət verərək təqdim edilmiş sənədlərin blanklarının həqiqətən “X12” Şirkətinə məxsus olmasını yoxlamağı xahiş etmişdir. Belə olan təqdirdə birinci instansiya məhkəməsi hər bir halda, ya həmin sənədlərin əsllərini və yaxud onların təsdiq olunmuş surətini tələb etməli idi. İşdə olan məhkəmə iclas protokollarından həmin sənədlərin əsllərinin məhkəmə iclasına gətirilməsi və surətinin çıxarılaraq işə əlavə edilməsi, əsllərinin tərəfə qaytarılması barədə qeydlər yoxdur. Hansı ki, iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyini şübhə altına alan hallar aşkar edilmişdir. Belə ki, təqdim edilmiş əsas sübutlardan biri əmlakların “X11” Şirkəti tərəfindən iddiaçıya təhvil verilməsinə dair 05.08.2013-cü il tarixli təhvil-təslim aktıdır. Həmin akta əsasən iki ədəd su nasosları iddiaçıya təhvil verilmişdir. Amma işin mübahisəsiz halıdır ki, həmin tarixdə su nasosları cavabdeh təşkilatın ünvan 3 ünvanında yerləşən mühafizə olunan ərazisində saxlanılırdı. Cavabdehin deməsinə görə həmin əmlakları 2013-cü ildə “xxxx” ASCnin əməkdaşı Ramin adlı şəxs müvəqqəti saxlamaq üçün təhvil vermiş və hər ay saxlama haqqı kimi 300 manat pul ödəməli idi. Prosesə 3-cü şəxs kimi cəlb edilmiş “X11” Şirkətinin nümayəndəsi X3 məhkəmə iclası zamanı dindirilərkən həmin əmlakları iddiaçıya təhvil vermədiklərini təsdiq etmişdir (iş vərəqə 103). Bundan başqa, iddiaçının təqdim etdiyi digər sübut “qaimə-faktura” sənədidir. Həmin sənəd əmlakı təhvil almış alıcıya verilən və əmlakın daşınmasını müşayət edən sənəddir. Əmlaklar iddiaçıya təhvil verilmədiyindən həmin sənədin də etibarlı sənəd olmadığı təsdiq olunur. Kollegiya kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçıya təqdim etdiyi kassa mədaxil orderinin, təhvil-təslim aktının, qaimə-fakturanın əslilərinin təqdim edilməsini təklif etsə də, iddiaçı yalnız “X13” Şirkəti tərəfindən təqdim edilmiş 31.03.2021-ci il tarixli arayışı təqdim etməklə kifayətlənmişdir. Kollegiya hesab edir ki, həmin arayış hazırkı iş üzrə sübut əhəmiyyət kəsb edə bilməz. Belə ki, iddiaçı hazırki arayışı deyil, məhz iddia tələbinin əsası kimi istinad etdiyi kassa mədaxil orderinin (iş vərəqə 11), təhvil-təslim aktının (iş vərəqə 12), qaimə-fakturanın (iş vərəqə 13) əslilərinin təqdim etməli idi, iddiaçı isə qeyd olunan sənədlərin əslini təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, əmlakların iddiaçıya-alıcıya təhvil verilməməsi öz təsdiqini tapdığı üçün iddiaçının daşınar əmlaka mülkiyyət hüquqlarının yaranması qənaətinə gəlmək həmin növ əqdlərin mahiyyətinə ziddir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin növ əqdlər üçün əmlakın verilməsi əqdin tatmamlanmasının (əmlakın alıcının mülkiyyətinə verilməsinin) zəruri şərtidir. Həmin şərtə riayət olunmamışdırsa alıcının daşınar əmlaka mülkiyyət hüququ yaranmır. Mülki qanunvericilik əmlakın təhvil verilməsinin müxtəlif üsullarını nəzərdə tutsa da (yuxarıda sadalanan MMnin 570-ci maddəsi), hər bir halda əmlakın təhvil verilməsi vəzifəsini satıcının üzərinə qoyur. Eyni zamanda qanunverici belə halda alıcının əmlakı 3-cü şəxsdən özünün tələb etməsini nəzərdə tutmur, əksinə qeyd edilir ki, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər (Maddə 575.1.). Göründüyü kimi iddiaçının tələb etdiyi daşınar əmlaka mülkiyyət hüquqları yaranmadığından o, Almaniya Federativ Respublikasının istehsalı olmaqla hər birinin qiyməti 10000 (on min) manat olan, «Meno» firmasının istehsalı M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd, cəmi 20000 (iyirmi min) manat dəyərində su nasoslarını tələb etməkdə haqlı olmamışdır. Kollegiya həmçinin hesab edir ki, iddia tələbi “mülkiyyətində olan əmlakın qaytarılması" hissəsində təmin edilmədiyindən, məhkəmə iddia tələbinin hüquqi xidmət xərcinə görə 100 manat məbləğində pulun tutulması barədə gəldiyi nəticədə də haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(009)-2243/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilməsi, yəni “Almaniya Federativ Respublikasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd su nasosu Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməsi, Cavabdeh1 MMC-dən hüquqi xidmət xərcinə görə 100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 130 (üç yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(009)- 2243/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilməsi, yəni “Almaniya Federativ Respublikasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd su nasosu Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməsi, Cavabdeh1 MMC-dən hüquqi xidmət xərcinə görə 100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 130 (üç yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar