Məhkəmə qərarları › İş №2(103)-3818/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3818/2025

19.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3818/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(004)-3142/2025 nömrəli qərardadından Ərizəçi şikayətinə yazılı icraat qaydasında bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi maraqlı şəxs N.Tusi adına X2 cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə 28 aprel 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

2. Maraqlı şəxs N.Tusi adına X2 məhkəməyə yazılı qaydada müraciət edərək bildirmişdir ki, sözügedən barışıq sazişinin etibarsılığı ilə bağlı Şamaxı rayon Məhkəməsində iddia qaldırılmışdır. Odur ki, hazırki ərizə üzrə mülki iş baxılmamış saxlanılmalıdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(004)- 3142/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraatın Şamaxı rayon Məhkəməsinin icraatında olan e-2(074)-937/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, Ərizəçi maraqlı şəxs N.Tusi adına X2 cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işlə iddiaçı N.Tusi adına X1 cavabdehlər Ərizəçi və Sumqayıt 1 saylı Mediasiya Təşkilatına qarşı “Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 mediatorluğu ilə Ərizəçi oglu ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X2 (etibarnamə üzrə nümayəndəsi vasitəsilə) arasında bağlanmış 07 mart 2024-cü il tarixli Mediasiya prosesinin tərəfləriarasında MŞS.MT.030.2024-00510 nömrəli “Barışıq sazişi”nin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin predmeti eyni barışıq sazişidir. Şamaxı rayon Məhkəməsinin icraatında olan e-2(074)-937/2025 nömrəli mülki iş üzrə həmin sazişin etibarsızlığı mübahisələndirilmişdir. Əgər sözügedən sazişin etibarsız hesab edilməsi mübahisə mövzusudursa, deməli sazişin təsdiq edilməsi ilə bağlı hazırki mülki iş üzrə icraat dayandırılmalıdır. Çünki, Şamaxı rayon Məhkəməsinin icraatında olan e-2(074)- 937/2025 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı hazırki mübahisənin nəticəsinə birbaşa təsir edəcəkdir. Həmin iş iddia icraatında, hazırki mülki iş isə xüsusi icraat qaydasında baxıldığından və işlərə baxılma müddəti (müvafiq olaraq 4 ay və 10 gün) fərqli olduğundan işlərin eyni icraatda birləşdirilməsi məqsədə müvafiq deyildir. Odur ki, hazırki mülki iş üzrə icraat Şamaxı rayon Məhkəməsinin icraatında olan e-2(074)- 937/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmalıdır. Həmin iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən dərhal sonra hazırki mülki iş təzələnəcək və yekun məhkəmə aktı qəbul ediləcəkdir.

5. Ərizəçi qərardaddan şikayət verərək, qərardadın qismən ləğv edilməsini xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, əgər barışıq sazişinin təsdiqi mübahisə mövzusudursa, belə halda həmin sazişin etibarsızlığına dair məhkəmə icraatı dayandırılmalıdır. Göründüyü kimi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi digər əksər məhkəmələr kimi mövqeyini mənasız və əhəmiyyətsiz dəlillərlə pərdələməyə çalışmışdır. Halbuki, iş materiallarından aşkar görünür ki, barışıq sazişi 07 mart 2024-cü il tarixlidir və onun etibarsızlığına dair məhkəməyə müraciət etmə müddəti yəni iddia müddəti cəmi 10 gündür. Bu fakt barışıq sazişinin özündə də yazılmışdır. Yəni maraqlı tərəf barışıq sazişinin etibarsızlığına dair iddia müddətini üzürsüz səbəbdən çoxdan ötürmüşdür.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(004)- 3142/2025 nömrəli qərardadı şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma; Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur; Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 259.0.10. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsi qərardadın ləğvinə əsas verir.

10. AR MPM-nin 254.1.4-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Barışıq sazişinin etibarsızlığı ilə bağlı məsələnin hazırkı iş üzrə əhəmiyyət kəsb etməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

11. “Mediasiya haqqında” Qanunun və Mülki Prosessual Məcəllənin sadalanan normalarından göründüyü kimi, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. MPM-in 40.7-ci fəsli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”ın aparılması qaydalarını tənzimləyir. Belə ki, müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər.

12. Göründüyü kimi, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi məcburi xarakter daşıyır və yalnız icra olunmadığı təqdirdə onun məhkəmə qaydasında təsdiqi nəzərdə tutulmuşdur.

13. Məhkəmə kollegiyası qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ayrıca icraat mövcud olduğundan, bu sazişin müstəqil qaydada mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsi mümkün deyildir. Sazişin qanuna uyğunluğu, etibarlı olması da müstəqil iddia vasitəsi ilə yox, məhz həmin icraat vasitəsi ilə yoxlanmalıdır.

14. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi əqddir. Hazırkı mübahisə ilə tam uyğunluq olmasa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 №-li qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, “...mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.”

15. Həmin qərarın 37-ci bəndində qeyd olunmuşdur ki, “... əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir.”

16. Həmin qərarın 45-ci bəndində qeyd olunmuşdur ki, “... əqdə əsaslanan iddialara baxılması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ədalətli məhkəmə hüququ ilə uyğunsuzluq yaratmır. Belə ki, əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır.”

17. Hazırkı situasiyada isə maraqlı şəxsin digər məhkəmədə mübahisələndirdiyi əqdin təsdiq olunması ilə bağlı işə qanunvericilik ayrıca icraatda baxılmasını müəyyən etmişdir, bu barədə ərizə ilə ərizəçi tərəfindən müraciət olunmuşdur və iş məhkəmənin icraatındadır. İddiaçının da həmin icraatda əqdin etibarsız olması ilə etiraz irəli sürmək hüquqları vardır və iddianın əsasını təşkil edən hallar da məhz bu icraatda işə baxılarkən qiymətləndirilməlidir.

18. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır.

19. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

20. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(004)- 3142/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(004)- 3142/2025 nömrəli qərardadı ləğv edilsin və iş materialları qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla müvafiq prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar