Məhkəmə qərarları › İş №2(103)-3822/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3822/2023

24.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3822/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Mercedes C180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur, o, etibarnamə əsasında avtomobil ilə əlaqədar bəzi səlahiyyətləri, avtomobilə dair sərəncam vermək hüququ daxil olmaqla, X4 vermişdir, X6 isə bu səlahiyyətlərdən istifadə edərək xx.xx.2021-ci il tarixdə mülkiyyətçi İddiaçı ona verdiyi etibarnamə əsasında nəqliyyat vasitəsi barədə müvafiq səlahiyyətləri Cavabdeh vermişdir, bunun müqabilində Əliyev X3 Taleh Tahir oğluna 8550 manat pul ödəmişdir.

2. Avtomobilin mülkiyyətçisi İddiaçı 07 oktyabr 2021-ci il tarixdə X4 verdiyi etibarnaməni və daha sonra avtomobilə dair verilmiş digər etibarnamələri ləğv etdirmişdir. Hazırda “Mercedes C180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı sahibliyindədir.

3. Abşeron rayon Məhkəməsinin 2(012)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 maddi zərərə görə 8550 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh “Mercedes Benz C180” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş real zərərə görə 3500 manat, 7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat, dəymiş mənəvi zərərə görə 2000 manat və 150 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9150 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021 tarixində Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 1i ünvanında olan X4 etibarnamə vermişdir, həmin etibarnamə əsasında X6 “Mercedes Benz C180” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə Cavabdeh istifadəsinə vermişdir, xx.xx.2021-ci il tarixində Bakı şəhəri 51 saylı notariat ofisinə X4 verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə ünvanlamışdır, ərizə informasiya sisteminə daxil edilmişdir, “Mercedes Benz C180” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və nəqliyyat vasitəsinin əvəzində heç kimdən heç bir vəsait əldə etməmişdir, Cavabdeh hətta ona və digər cavabdeh X4 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəmsinə müraciət edərək avtomobil satışına görə ödədiyi 8550 manat, avtomobilin təmiri üçün xərclədiyi 1200 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 461 manat, əldən çıxmış faydaya görə 2400 manat və məhkəmə üçün ödənilən 143 manat məbləğində pul vəsaitinin ondan və digər cavabdeh X1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir, Abşeron Rayon Məhkəməsinin 2(012)-1513/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 maddi ziyana görə 8550 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin onun vəkili məhkəmə iclasında bildirdi ki, avtomobil Balakişiyevə satılsa da, son olaraq Fərhadda olmuşdur, avtomobilə zərəri o vurmuşdur, ona görə də pul ondan istənilir, avtomobil 2021ci ilin mart ayından iddiaçıda olmamışdır, 1 ildən çox müddətə cavabdeh tərəfindən istifadə edilmişdir, nəticədə ona məxsus nəqliyyat vasitəsinə real zərər dəymişdir, avtomobil yararsız hala salınmışdır, bu barədə qüsur aktı tərtib edilmiş, ekspertiza keçirilmişdir.

6. Cavabdeh iddianə qismən qəbul edərək, izahatında bildirmişdir ki, avtomobili Balakişiyev Talehdən almışdır, avtomobilin 8550 manata satıldığı 3-cü şəxsdir, o da avtomobili etibarnamə ilə alıb, ona etibarnamə ilə satılıb, istifadəsində olan zaman avtomobilin heç bir qüsuru olmamışdır, necə almışdırsa elə də olmuşdur, sadəcə avtomobili dayanacağa qoyanda onun karteri zədənib, amma motor işlək vəziyyətdə olmuşdur, karterin əzilməyi ilə mühərrik sıradan çıxa bilməz, avtomobil 1998-ci ilindir, avtomobilin karteri zədələndiyi zaman avtomobili saxlamışdır, heç yağ da axmamışdır, karteri düzəltmək asandır, avtomobil istifadəsində olan zaman sadəcə karteri zədələnib, avtomobilə görə ona da ziyan dəymişdir, vaxtı itmişdir, Balakiyev Talehdən pulunu tələb etmişdir, İddiaçı tanımır, o da onu tanımır, avtomobili iddiaçıdan almamışdır, Balakişiyev Taleh avtomobili İddiaçı 8200 manata alıb, qətnamə ilə 8500 manat və diğər xərclər öz xeyrinə tutulmuşdur, istifadəsində olan zaman karterə ziyan dəyib, bunu etiraf edir, o da 100 manatdır, bunu ödəməyə razıdır, lakin karterə görə 400 manat çoxdur, bunu qəbul etmir, həmçinin iddia ərizəsində icarə, mənəvi ziyan barəsində pul tələbi də yazılıb, iddianı həmin hissələrdə də qəbul etmir, 8550 manat pul verib avtomobili almışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2023 saylı 10 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 400 (dörd yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə avtomobilə vurulmuş zərərin əvəzinin tutulmasına münasibətdə qeyd etmişdir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır və belə sübutlar, avtomobildə yaranmış qüsurun bilavasitə avtomobilin cavabdehə təhvil verilməsindən sonra cavabdehin ixtiyarında olduğu və avtomobilin iddiaçıya verildiyi tarixə qədər yaranmış hallarla bağlıdır, lakin iş materialları ilə belə hallar məhkəmə tərəfindən müəyyən olunmur, bununla belə, Cavabdeh avtomobil onun istifadəsində olarkən onun karterinə zərər vurulduğunu etiraf edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus avtomobilin karter hissəsinə dəymiş zərərin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə (akkumlyator, mühərrik, ön və arxa bufer, ön sol qapı və krılo hissələrinə vurulmuş ziyan) rədd edilməlidir. Məhkəmə, iddia tələbini həmin hissədə rədd edərkən avtomobilin cavabdehdən öncə qanunla nəzərdə tutulmuş qaydada başqa şəxslərin istifadəsində olması hallarını da nəzərə almışdır.

9. Məhkəmə iddia tələbinin “7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat, mənəvi zərərə görə 2000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissələrinə münasibətdə qeyd etmişdir ki, bu hallar da sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsini daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair mötəbər sübutlar (habelə, avtomobilə dair 3-cü şəxslə icarə müqaviləsinin bağlanması və s.) əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 443.4, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 119/2023 saylı 10 mart 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində dəyişdirilərək Cavabdeh və X1 ona dəymiş ziyana görə 5000 (beş min) manat real zərər, 9 aylıq icarə haqqının əvəzi kimi 4500 (dörd min beş yüz) manat, 2000 (iki min) manat mənəvi zərər və 150 (bir yüz əlli) manat dövlət rüsumu olmaqla, ümumilikdə 11650 (on bir min altı yüz əlli) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialarından aşkar şəkildə aydın olur ki, müvafiq qüsur aktında qeyd edilən nöqsan və zərərlər cavabdeh tərəfindən nəqliyyat vasitəsinə vurulmuşdur. Halbuki məhkəmə bu halları nəzərə almayaraq iddianı yalnız bir hissədə təmin etmişdi. Bununla da məhkəmə maddi hüquq normasını pozmuşdur. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Lakin məhkəmə iddianı qismən təmin etməsinə baxmayaraq mənəvi zərəri ümumiyyətlə nəzərə almamışdır. İş materialalrından da aşkar şəkildə görünür ki, məhkəmə onların iştirakı olmadan təkbaşına şahidləri və eksperti dindirmiş, cavabdehin xeyrinə sübutlar toplamışdır. Çünki iş materiallarına əsasən nəqliyyat vasitəsinin mühərrik hissəsinə dəyən ziyan nəzərə alınmamış, onun guya ki, özü-özündən sıradan çıxması qənaətinə gəlinmişdir. Halbuki tərəflərindən təqdim edilmiş fotoşəkillərdən və X12 İdarəsinin müvafiq cavab məktublarından görünür ki, nəqliyyat vasitəsi cavabdehin istifadəsində olarkən yararlı vəziyyətdə olmuş və mühərrikində hər hansı problem olmamışdır. Bununla da məhkəmə sübutların qiymətləndirilməsi prinsipini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, o, xx.xx.2021-ci ildə maşın almaq üçün Balakişiyev Talehə pul vermişdir. Maşın 1998-ci ilin maşınıdır. O, “TurboAz”-da maşını görmüşdür, Mehdiabada gedərək maşına baxmış, 8550 manata maşının qiymətini razılaşmışlar. 51 saylı notariusda pulu verərək etibarnamə əsasında maşını almışdır. Bu maşını 4 ay ərzində sürmüş, daha sonra etibarnaməyə xitam verilmişdir. Pul ona qaytarılmayıbdır. Maşını birinci olaraq İddiaçı Balakişiyev Talehə satıbdır. Etibarnaməyə xitam verildikdən sonra o, maşını sürməmiş, istifadə etməmişdir. İddiaçı onu polisə vermişdi, o, polisə maşını pul verərək aldığını bildirmişdir. Həmçinin polisə maşını onu məhkəməyə verərək qanun əsasında ondan almasını bildirmişdir. Daha sonra maşını evakuatrla özbaşına şəkildə götürüb apardılar. Maşının karteri onun istifadəsi zamanı qırılmışdı. Pulu da, maşında iddiaçıdadır. Ona qaytarılmayıb. Etibarnaməyə xitam verildikdən 2 ay sonra maşın ondan alındı.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında təmsil edilməmiş, eyni zamanda elektron kabinet vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etsə də, bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 23.1091.1-ci və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 24.1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. 25.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

26. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (82.3-cü maddə).

27. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.1 və 217.3- cü maddələri).

28. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (233.3-cü maddəsi). 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. İş materiallarından göründüyü kimi hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.

32. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması araşdırılmalıdır.

33. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

35. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

36. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.

37. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir

38. Qanuni qüvvəyə minmiş Abşeron rayon Məhkəməsinin 2(012)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və hazırki iş çərçivəsində müzakirə edilməsi mümkün olmayan hallardan göründüyü kimi “Mercedes C180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur, o, etibarnamə əsasında avtomobil ilə əlaqədar bəzi səlahiyyətləri, avtomobilə dair sərəncam vermək hüququ daxil olmaqla, X4 vermişdir, X6 isə bu səlahiyyətlərdən istifadə edərək xx.xx.2021-ci il tarixdə mülkiyyətçi İddiaçı ona verdiyi etibarnamə əsasında nəqliyyat vasitəsi barədə müvafiq səlahiyyətləri Cavabdeh vermişdir, bunun müqabilində Əliyev X3 Taleh Tahir oğluna 8550 manat pul ödəmişdir.

39. Avtomobilin mülkiyyətçisi İddiaçı 07 oktyabr 2021-ci il tarixdə X4 verdiyi etibarnaməni və daha sonra avtomobilə dair verilmiş digər etibarnamələri ləğv etdirmişdir. “Mercedes C180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı sahibliyində olması da işin mübahisələndirilməyən halıdır.

40. Hazırda İddiaçı Cavabdeh “Mercedes Benz C180” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş real zərərə görə 3500 manat, 7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat, dəymiş mənəvi zərərə görə 2000 manat məbləğində pulun xeyrinə tutulmasını xahiş edir.

41. Birinci instansiya məhkəməsi iddianı “avtomobilə dəymiş maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edərək cababdehin etirafını nəzərə almış, iddianı digər hissədə rədd etməklə də tərəflər arasında sübutetmə yükünü düzgün müəyyənləşdirərək iddiaçının istinad etdiyi halların cavabdehin təqsirli qanunsuz hərəkətləri nəticəsində baş verdiyini sübuta yetirə bilmədiyinə istinad etmişdir.

42. Məhkəmə kollegiyası həmçinin “iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi” tələbi ilə əlaqədar məhkəmənin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.

43. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

44. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

45. İş materiallarından göründüyü kimi iddiaçı mənəvi zərərin dəyməsinə əsas olmuş halların nə də ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini əsaslandırmamış, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, birinci instnasiya məhkəməsi iddianı bu hissədə də rədd etməkdə haqlı olmuşdur.

46. İddianın “7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat” tələbi ilə əlaqədar qeyd edilməlidir ki, X6 “Mercedes C180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarlı alqı-satqı müqaviləsi əsasında deyil, iddiaçı tərəfindən ona verilmiş etibarnamə (həmin etibarnamədə nəzərdə tutulmuş sərəncam hüququndan istifadə edərək) əsasında cavabdehə satmışdır. Cavabdeh tərəfindən bunun müqabilində pul ödənildiyi, onun sahibliyinin əsaslı olduğu Abşeron rayon Məhkəməsinin 2(012)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Beləliklə də Cavabdeh vicdanlı əldə edən hesab edilməsi qənaətini həmin qətnamə, Respublikada avtomobillərin etibarnaməyə əsasən satılması ilə əlaqədar yaranmış təcrübə, X2 adına tərtib edilmiş etibarnamədə avtomobilə dair sərənam vermək hüququnun nəzərdə tutulması və eyni zamanda Mülki Məcəllənin 166.1-ci maddəsinin məzmunu mümkün edir.

47. İddiaçı cavabdehdən 7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat məbləğində pulun tutulmasını xahiş edir. Lakin İddiaçı ona dəymiş zərər qismində bu məbləğin hansı əsasla (özünün adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən - əldən çıxmış faydadan məhrum olduğuna və ya bu müddət ərzində qarşı tərəfin həmin əmlakdan gəlir əldə etdiyinə görə) tutulmalı olduğunu göstərmir. Belə olan halda kollegiya Mülki Məcəllənin 21.2-ci və 1092.1-ci və 157.5-ci maddələrinin məzmununa istinadən iddianın bu hissəsini qiymətləndirir, sübutetmə vəzifəsinin bölgüsü baxımından hər iki halda əldən çıxmış fayda formasında zərər dəydiyini sübut etmək vəzifəsinin onu iddia edən şəxsə aid olmasını qeyd edir.

48. Beləliklə iddiaçı sübut etməlidir ki, cavabdeh ona məxsus avtomobili qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, digər şəkildə gecikdirməsi nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmiş və ya o, öz növbəsində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

49. Halbuki mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

50. Kollegiya İddiaçı apellyasiya şikayətindəki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2023 saylı 10 mart 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində dəyişdirilərək, pulun həm də X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinə dair xahişi ilə əlaqədar həmçinin qeyd edir ki, bu tələb birinci instnasiya məhkəməsində məhkəmə baxışının predmeti və ümumiyyətlə iddia ərizəsinin predmeti olmadığı üçün hazırda apelyasiya icraatı qaydasında həmin tələb üzrə işə baxılması istisna olunur.

51. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

52. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2023 saylı 10 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar