Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3828/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İKB ASC-nin (indiki adı “xxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-203/2020 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC (indiki adı “xxxxxxxxx” ASC) cavabdehlər "Cavabdeh2” MMC-yə və Cavabdeh1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 60208,76 manat əsas borc, 5281,76 manat faiz borcu, 160,62 manat cərimə borcu olmaqla ümumilikdə 65651,14 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 8 nömrəli evin 4 otaqlı 148,8 kv.m ümumi, 98,4 kv.m yaşayış, 50,4 kv.m yardımçı sahədən ibarət 111 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına "İddiaçı’ İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan bir ay sonra Cavabdeh1 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 203/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 59863,45 manat əsas borc, 4834,72 faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 64798,17 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 260000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 8 nömrəli evin 111 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı «xxxxxxxxx” ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı “xxxxxxxxx” ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın tam təmin edilməsini, cavabdehlər Cavabdeh1 və «Cavabdeh2” MMC-nin direktoru X3 isə qətnamənin ləğv edilməsini xahiş etmişlər. İddiaçı bankın apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəməyə təqdim edilən maliyyə arayışına əsasən xx xxxxxx 2019-ci ilədək «Cavabdeh2” MMC-nin 2017-ci il 26 dekabr tarixli kredit müqaviləsi üzrə banka 60208,76 manat əsas, 5281,76 manat faiz, 160,62 manat cərimə borcu olmaqla ümumilikdə 65651,14 manat borcu vardır. Lakin məhkəmə ekspert rəyinə əsaslanaraq cavabdehin əsas və faiz borcunu müəyyən etmişdir. Ekspert tərəfindən cavabdehin kredit borcunun məbləği düzgün hesablanmamış, cərimə borcu xeyli azaldılmışdır. Ekspertin verdiyi rəy mötəbər deyil və əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq cavabdehin faiz və cərimə borcunu azaltmaqda haqlı olmamış və buna dair qətnamədə səhv nəticəyə gəlmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC də apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişlər. Cavabdehlər apelyasiya şikayətini belə əsaslandırmışlar ki, iddiaçı bank onlar tərəfindən 2017-ci il tarixdə ödənişlərin edildiyini, 2018-ci ildə isə ödənişlərin olmamasını göstərmiş, lakin cavabdeh tərəfindən kredit borcunun 30000 manatdan çox hissəsi, eləcə də cədvəl üzrə nəzərdə tutulan faiz hissəsi banka ödənilmişdir. Ödənişlərin olunmasına dair qəbzlər də var. Bundan əlavə məhkəmə prosesində onların iştirakı təmin edilməmişdir. Qətnamə ilə tutulmalı məbləğin həmin mənzilə yönəldilməsi qət edilmiş, lakin həmin mənzil ailəyə məxsusdur, hərraca çıxarılıb satılması doğru deyildir. Cavabdeh kredit borcunu ödəməkdən yayınmır və borcu ödəməyə davam edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apelyasiya şikayətlərinə tərəfləriniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki,İddiaçı İKB ASC tərəfindən "Cavabdeh2” X1 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 85.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli ipoteka müqaviləsindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 4 otaqlı, 148,8 kv.m ümumi, 98,4 kv.m yaşayış sahəsi və 50,4 kv.m yardımçı sahədən ibarət 8 nömrəli evin 111 nömrəli mənzili banka ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri tərəflərin razılığı əsasında 230.000 manat məbləğində qiymətləndirilmişdir. Kredit və ipoteka müqavilələri "Cavabdeh2” MMC-nin adından X3 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 6-BİZ-2-0-207-17 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin "xxxxxxxxx” ASC-yə xx.xx.2019-cu il tarixinə 60.208,76 manat əsas borc və 5.281,76 manat faiz borcu olmaqla cəmi 65.651,14 manat borcu var. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixliqiymətləndirməyə dair hesabatından görünür ki, ünvan 1 ünvanındakı 16 mərtəbəli, yeni tikili binanın 10-cu mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 148,8 kv.m ümumi, 98,4 kv.m yaşayış və 50,4 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 111 nömrəli mənzilin hazırkı real bazar qiyməti 260.000 manat təşkil edir. Birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilib keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 26387 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən (maliyyə arayışı, hesabdan çıxarış məlumatları) "Cavabdeh2" MMC ilə İddiaçı İKB arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 6-BİZ-2-0-207-17 saylı kredit müqaviləsi üzrə İddiaçı İKB-yə ödənilməli olan kredit borcunun məbləği xx xxxxxx 2019-cu il tarixinə əsas kredit borcu üzrə 59863,45 manat, faiz borcu üzrə 4.834,72 manat, cəmi borc 64.698,17 manat müəyyən olunmuşdur. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 X2 xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxx” ASC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, buna görə də iddiaçı bank kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi əsas borc və faiz borcunun məbləğini məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən etmiş, maliyyə arayışı ilə ekspert rəyi arasında əsas borca görə 345,31 manat, faiz borcuna görə 447,04 manat fərq yaranmışdır. İddiaçı bank məhkəmə mühasibatlıq ekspertizasının rəyinin düzgün olmamasını əsaslandıra bilməmişdir. Belə ki, ekspert iddiaçının təqdim etdiyi maliyyə arayışı, hesabdan çıxarış və cədvəllərə uyğun təhlil aparmış, xüsusi biliklər əsasında mühasibatlıq ekspertizası aparmışdır. Buna görə də əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Cərimə borcunun xeyli azaldılması barədə apelyasiya şikayətinin dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank tərəfindən cavabdehlərdən 160,62 manat cərimə borcu tələb edilsə də, birinci instansiya məhkəməsi MPM-in 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək cərimə məbləğini cəmi 60,62 manat məbləğində azaltmışdır ki, bu da cərimə məbləğinin xeyli miqdarda azaldılması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Cavabdehlərin apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə, banka ödənişlərin nəzərə alınmaması ümumi sözlərlə ifadə edilmiş, konkret faktlarla əsaslandırılmamışdır. Bundan əlavə, cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, hətta hər iki cavabdeh məhkəmə iclaslarından birinin təxirə salınması barədə teleqramla və məktubla məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alınmış ekspert rəyinə əsasən 59.863,45 manat məbləğində əsas borc, 4.834,72 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 64.798,17 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçı banka ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxxxxxxx” ASC-nin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 203/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3828/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3828/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver