Məhkəmə qərarları › İş №2(103)-3837/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3837/2023

04.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3837/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı «kompensasiya ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin ümumi paylara müvafiq olaraq naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 491,50 kv.m olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ üzrə - Cavabdeh4 3/48 hissədə, X2 3/48 hissədə, Cavabdeh2 2/12 hissədə, Cavabdeh6 3/48 hissədən bir hissədə, Cavabdeh3 3/48 hissədən bir hissədə, Cavabdeh1 2/12 hissədə, Cavabdeh5 3/48 hissədə, İddiaçı 5/12 hissə paylı mülkiyyətindədir. Mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli elektron qaydada təsdiq edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta nəzər yetirdikdə daşınmaz əmlakın 1875-ci ildə tikilməsi 2 mərtəbə və 1 zirzəmi mərtəbəsindən, 20 yaşayış otağından ibarət olması, həmçinin ümumi sahənin 491.5 kv.m, yaşayış sahəsinin 265.3 kv.m, köməkçi sahəsinin isə 226.2 kv.m olması müəyyən edilmişdir. Fərdi yaşayış evinin zirzəmi mərtəbəsində yerləşən 3 ədəd təsərrüfat otağı, 1 ədəd dəhliz və 1 ədəd yaşayış otağının mövcud olduğu öz əksini tapmışdır. Lakin həmin zirzəmi mərtəbəsində yerləşən sahə rəsmi qaydada hüquqmüəyyənedici sənədlərdə öz əksini tapmır. Hazırda onun adıçəkilən fərdi yaşayış evində payı 5/12 olsa da, o, mülkiyyətində olan hissədən tam şəkildə istifadə edə bilmir. Buna səbəb digər payçılar tərəfindən onun paylı mülkiyyətində olan sahələrin zəbt edilməsidir. Belə ki, onun payına münasibətdə ümumilikdə 205 kv.m ümumi sahəsi olmalı olduğu halda, faktiki istifadə etdiyi sahə bundan azdır. Hesab edir ki, mübahisəli fərdi yaşayış evi üzrə mülkiyyətçilərin payları naturada bölünməli və cavabdehlər tərəfindən onun mülkiyyətində olan və zəbt olunmuş sahələr boşaldılaraq ona təhvil verilməlidir. Bundan sonra, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ üzrə ona məxsus zəbt olunmuş hissələrin əvəzinə cavabdehlər tərəfindən kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, e-2(004)- 106/2023 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pulun iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış,əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və birinci instansiya məhkəməsində verilmiş izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 76 nömrəli ev üzərində Cavabdeh5 3/48 hissə, Cavabdeh1 2/12 hissə, Cavabdeh2 2/12 hissə, X2 3/48 hissə, Cavabdeh3 3/48 hissədən bir hissə, Cavabdeh4 3/48 hissə və Cavabdeh6 3/48 hissə və İddiaçı 5/12 hissə payı müəyyən edilmiş, İddiaçı 5/12 hissə payı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda işin mübahisə olunmayan hallarına görə, daşınmaz əmlakın mülkiyyətçiləri uzun illərdən bəri bir-birindən faktiki olaraq təcrid olunmuş hissələrdə (yaşayış sahələrində) yaşayırlar. İddiaçı hazırki tələbində faktiki yaşadığı hissənin sahəsinin ümumi mülkiyyətdəki payından daha az olmasını, payı üzrə onu düşməli olan qalan sahənin cavabdehlər tərəfindən zəbt olunmasını iddia etməklə, digər mülkiyyətçilərdən ona kompensiya ödənilməsini tələb etimişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə, nəzərdə tutulan qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Həmin maddəyə əsasən, əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə təqdim edilmiş ekspert rəyinə əsasən, mübahisə predmeti olan əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, ayrılan mülkiyyətçiyə payının dəyərinin ödənilməsi paylı mülkiyyətin mülkiyyətçilərinin vəzifəsi deyildir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, ayrılan mülkiyyətçi əmlakın hərracdan satılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda cavabdehlər də kompensasiya ödənilməsinə razı olmadıqlarını bildirmişlər. Belə olduğu təqdirdə, paylı mülkiyyətin digər mülkiyyətçilərinin üzərinə iddiaçının paylı mülkiyyətinə olan və istifadəsində olmayan hissənin dəyərinin ödənilməsi vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. MM-nin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). MM-nin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Bununla, MM-nin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. MM-nin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl MMnin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/6805 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində olan digər payçıların istifadəsində olan yaşayış və köməkçi sahələrin qismən ayrı olması müəyyən edilmişdir. İddiaçının payına düşən 5/12 hissənin (204.79 kv.m) tamamlanması üçün lazım olan sahənin, həmin hissələrdən ayrılıb verilməsi texniki cəhətdən mümkün deyildir. Bu səbəbdən İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində mövcud olan 5/12 payının naturada ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, işin hallarından, ekspertiza rəyindən və izahatlardan aydın olur ki, mübahisəli yaşayış evi tərəflərin paylı mülkiyyətində olsa da, uzun illər əvvəl faktiki olaraq bölünməklə, ayrı-ayrı (bir-birindən təcrid olunmuşdur, ayrıca giriş-çıxış qapıları vardır) yaşayış sahələri kimi istifadə olunur və bu hala etiraz olunmamışdır. Beləliklə, iddiaçının ilkin tələbi üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, mübahisəli yaşayış evi üzrə iddiaçınnı payının naturada ayrılıb verilməsi texniki cəhətdən mümkün deyildir. Lakin, bundan sonra, iddiaçı MM-nin 220.3 və 220.4-cü maddələrinə istinad etməklə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəyişdirmiş, məhkəmədən paylı mülkiyyət hüququ üzrə ona məxsus zəbt olunmuş hissələrin əvəzinə cavabdehlər tərəfindən kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının son tələbi məhz ona məxsus, zəbt olunmuş hissələrin əvəzinə cavabdehlər tərəfindən kompensasiya ödənilməsi barədə olmuşdur. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı məhz hansı hissələrin cavabdehlər tərəfindən zəbt olunması, zəbt olunmuş hissələrin hansı cavabdehin faktiki istifadəsində və sahibliyində olması və s. bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının payının naturada ayrılmadığı təqdirdə, digər paylı mülkiyyətçilərin onun hissəsini zəbt etməsi qənaətinə gəlməsi də əsaslandırılmamışdır Yuxarıda da qeyd edildiyi kimi, MM-nin 220.3 və 220.4-cü maddələrinə əsasən müvafiq pul kompensasiyasının ödənilməsi məsələsinin həllinin paylı mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında deyil, məcburi şərt kimi digər paylı mülkiyyətçilərin üzərinə qoyulması qanunvericiliyin tələblərinə zidd olmaqla, mülkiyyətçilərin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Göründüyü kimi, iddia əsassızdır, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırki nəticəsi maraqlı tərəfləri Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş qaydaların ardıcıllığına tam riayət etməklə, sonda mübahisəli evin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını istisna etmir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda iddiaçı tərəfin izahatı da apellyasiya şikayətinin əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı «kompensasiya ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar