Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3842/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə borcunun ödənilməsi və mənzildən çıxarılma” barədə ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və ziyanın tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi, habelə Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, mənzil 1208 ünvanında yerləşən ümumi sahəsi 79,78 kv metr, yaşayış sahəsi 40,8 kv metr, yardımçı sahəsi 38,98 kv metr olan 2 otaqlı mənzili Cavabdeh2 ilə xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərinin 3 saylı notariat kontorunda bağladığı alqı-satqı müqaviləsi əsasında 65 000 (altmış beş min) manat ödəməklə satın aldığını, Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 mənzili onların özlərinə kirayə verməsini xahiş etdiyindən aralarında xx.xx.2016-cı il tarixdə kirayə müqaviləsi bağlandığını, əldə olunmuş razılığa əsasən mənzili hər ay 1000 (bir min) manat ödəmək şərtilə Cavabdeh1 kirayəyə verdiyini, Cavabdeh1 xx.xx.2016-cı il tarixədək kirayə haqqını ödəmədiyini, həmin tarixdə özünün bu barədə qəbz yazaraq xx.xx.2016-cı il tarixədək möhlət istədiyini, 2018-ci ilin yanvar ayınadək kirayə haqqından hissə-hissə olmaqla cəmi 17 000 manat ödəsə də, 27 000 (iyirmi yeddi min) manat kirayə borcunun qaldığılnı, dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlərin mülkiyyətindəki mənzildən çıxmadıqlarını irəli sürmüş, buna görə də Cavabdeh1 27 000 (iyirmi yeddi min) manat kirayə borcunun xeyrinə tutulması və adı çəkilən şəxslərin ünvan 2, 1208 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (sonradan qarşılıqlı idia ərizəsinə əlavə) təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu 1956/1989cu məhəllə, Əliyar Əliyev küçəsi ev 26, 1208 saylı mənzil barədə İddiaçı ilə bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzil barədə İddiaçı adına aparılmış qeyd və çıxarışın ləğv olunması, mənzilə dair Cavabdeh2 adına olan çıxarışın bərpa edilməsi, İddiaçı əsas borc kimi 14 000 ABŞ dollarının və qanunsuz hərəkətlərinə görə keçirdikləri mənəvi sarsıntılara görə 10 000 manatın tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh1 kommersiya məqsədilə 40 000 ABŞ dolları pul lazım olmuş, bununla bağlı əvəllər də faizə pul götürdüyü tanışı İlqara müraciət etmiş, İlqar Vahiq adlı şəxsi tapmış, sonuncu isə onları Rafiqlə görüşdürmüş, Rafiqlə mənzili formal olaraq ona satacaqları, əvəzində Rafiqin onlara 40 000 dollar verəcəyi, pulu qaytaracaqları təqdirdə mənzilin də qaytarılacağı barədə razılığa gəlmişlər. Cəmilə də bununla razılaşmış, xx xxxxxx 2016 cı iİ tarixdə 195 000 (yüz doxsan beş min) bazar dəyəri olan Bakı şəhəri, Nərimanov rayonu 1956-1989 cu məhəllə, Əliyar Əliyev küçəsi ev 26, mənzil 1208-də yerləşən yaşayış evini Rafiqə 65 000 manata “satmış”, Rafiq həmin 65 000 manatı, yəni 40 000 ABŞ dollarını ona vermişdir. Rafiqlə alqı-satqı formal olduğundan həmin evdə yaşamaqda davam edəcəkdilər və evdə qalmalarını əsaslandırmaq üçün Rafiq onlara kirayə müqaviləsi bağlamağı təklif etmişdir. Razılaşaraq xx xxxxxx 2016-cı il tarixdə onunla kirayə müqaviləsi bağlamış, sonradan isə başa düşmüşlər ki, Rafiq həmin kirayə müqaviləsini öz dələduzluq niyyətini gizlətmək, örtbasdır etmək, gələcəkdə bəhanə gətirmək məqsədilə bağlamışdır. Hazırda bu işlə bağlı Nərimanov rayon X5 şöbəsində İddiaçı barəsində ********* saylı cinayət işi başlanmışdır, şahidlərin ifadəsi ilə və üzləşmə prosesində alqı-satqı müqaviləsinin və kirayə müqaviləsinin formal bağlandığı sübuta yetirilmişdir. Bundan sonra Rafiq həmin pulu hissəhissə alaraq işə yatıracağını bildirmiş, Rafiqə inanaraq hər dələ o, istədikcə müxtəlif vaxtlarda ona dəfələrlə 2000-3000 ABŞ dolları pul verməyə başlamışdır. Həmin xırda məbləğlərdən əlavə isə Rafiqə bir dəfə 20 000 (iyirmi min), bir dəfə 10 000 (on min) ABŞ dolları məbləğində pul vermişdir. Çünki o, hər dələ nə qədər çox pul yatırım edərsə, bir o qədər tez də biznesə yiyələnəcəyini deyərək onu şirnikləşdirmişdir. Bu minvalla Cavabdeh1 2016-cı il ərzində Rafiqə 54 000 ABŞ dolları vermiş, bir neçə dəfə Rafiqdən biznesin nədən ibarət olacağı, hansı vaxtan biznesə başlayacaqları, nə vaxt pul qazana biləcəyi kimi suallar soruşanda Rafiq onu aldadaraq narahat olmamağını və yaxın vaxtlarda pul qazanacaqlarını bildirmişdir. Rafiqin ona verdiyi 40 000 ABŞ dollarını, həmçinin özünün də üzərinə qoymaqla 14 000 ABŞ dollarını Rafiqə verdikdən sonra artıq pulunun qalmadığını, heç bir real işlə məşğul olmadığını ona bildirib evini geri qaytarmasını tələb etməyə başlamış, başa düşmüşdür ki, Rafiqin qabaqcadan məqsədi evi və pulu ələ keçirmək olmuşdur. Bu hadisələr nəticəsində sarsıntı və sıxıntılar keçirmişlər. Onda görə də ünvan 2, 1208 saylı mənzil barədə İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin mənzilə dair İddiaçı adına aparılmış qeyd və çıxarış ləğv olunmalı, mənzilə dair X1 qızının adına olan çıxarış bərpa edilməli, İddiaçı 14 000 ABŞ dolları və 10 000 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq onlara ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunması, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə, Əliyar Əliyev küçəsi ev 26, mənzil 1208 (Yeni qaydalarla AZ1052, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmasını və ilkin iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyini, sübutları düzgün qiymətləndirmədiyini, ziddiyyətli nəticəyə gəldiyini irəli sürmüşdür. Qətnamədən Cavabdeh1 və Cavabdeh2 də birgə apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin işə qərəzli baxdığını, işin faktiki hallarını ümumiyyətlə araşdırmadığını, qarşılıqlı iddia ərizəsinin dəlillərinə hüquqi qiymət vermədiyini, mübahisəsi gedən mənzilin onların faktiki sahibliyində və istifadəsində olmasına, mənzilin götürülmüş borc qarşılığında formal olaraq Rafiqin adına rəsmiləşdirilməsinə əhəmiyyət vermədiyini, iddia müddətinin tətbiqi ilə bağlı qanunvericiliyi düzgün təfsir etmədiyini irəli sürmüşlər. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil təmsil etdiyi şəxsin şikayətini, Cavabdeh1 və onun vəkili Mehman Cəbrayılov özlərinin şikayətini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh2 isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib,аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; buna görə də qarşılıqlı iddiaçıların şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, İddiaçı nümayəndəsinin şikayəti təmin olunmamalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri 3 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilini 65 000 manata İddiaçı satmış, müqavilədə satıcının mənzili xx.xx.2016-cı il tarixinədək alıcının (İddiaçı) faktiki sahibliyinə verəcəyi razılaşdırılmış, xx.xx.2019-cu il tarixdə mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi xx.xx.2016-cı il tarixində Cavabdeh2 həyat yoldaşı Cavabdeh1lə İddiaçı öz aralarında kirayə müqaviləsi bağlamış, bu müqaviləyə görə ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzil xx.xx.2018-ci il tarixinədək aylıq kirayə haqqı 2000 (iki min) ABŞ dolları olmaqla Cavabdeh1 kirayəyə verilmişdir. Sözügedən mənzildə hazırda Cavabdeh1 və Cavabdeh2 yaşadıqları da işin mübahisələndirilməyən halıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, lakin əslində Musa Rafiqdən borca pul götürmüş, onların arasında, borc qaytarılanda Rafiqin mənzili Musaya qaytaracağı barədə razılaşma olmuş, Musa borcu qaytara bilmədiyindən narazılıqlar baş vermiş, hətta polis orqanlarında bu barədə araşdırma aparılmışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X6 da bənzər məzmunda ifadə vermiş, dostu olan Musanın ona Rafiqdən sələmə pul götürdüyünü söylədiyini, Musanın onun yanında bir dəfə Rafiqə 20 000 ABŞ dolları, bir dəfə isə Rafiqin oğluna 10 000 ABŞ dolları verdiyini bildirmişdir. İş materiallarından aydın olur ki, İddiaçı barəsində onun, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cavabdeh2, sonuncunun əri Cavabdeh1 hər ay 5%, yəni 2000 ABŞ dolları ödəmək şərtilə sələmə verəcəyi 40 000 ABŞ dolları pulun müqabilində girov qoyulacaq daşınmaz əmlakı pul ödəniləndən sonra geri qaytaracağını vəd edərək Cavabdeh2 adına olan ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzili girov adı ilə xx.xx.2016-cı il tarixdə 3 saylı notariat kontorunda öz adına 65 000 manata alqı-satqı etməsi, bundan sonra Cavabdeh1 verdiyi faktiki 32 800 ABŞ dolları pula görə 2017-ci ilin ayınadək 54 000 ABŞ dollarının ona ödənməsinə baxmayaraq mənzili qaytarmaqdan imtina edib xx xxxxx 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilə dair öz adına çıxarış almaqla Cavabdeh2 200 000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi barədə cinayət işi başlanmış və hazırda həmin işin icraatı davam etməkdədir. Kollegiya işin müəyyən olunan hallarına, verilən izahatlara və iş materiallarındakı sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, Cavabdeh2 ilə İddiaçı arasında mübahisəsi gedən mənzilin alqı-satqısı ilə bağlı hər hansı danışığın, müzakirənin, razılaşmanın olmadığı, onların arasında müqavilənin alqı-satqını həyata keçirtmək niyyəti ilə deyil, Cavabdeh2 həyat yoldaşı olan Cavabdeh1 İddiaçı aldığı borcu təminat altına almaq üçün bağlandığı, alqı-satqı müqaviləsinin onu bağlayan subyektlərin həqiqi iradəsini əks etdirməyərək əslində Cavabdeh1 İddiaçı olan borcunun təminat altına alınması məqsədinə yönəldiyi, mənzilə görə İddiaçı tərəfindən pul ödənmədiyi, pulun Cavabdeh1 borc olaraq verildiyi müəyyən edilmişdir; işin bu halları qarşılıqlı iddia tələbinin əsaslandığı faktiki hallardan olmaqla ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzil barədə xx.xx.2016-cı il tarixdə İddiaçıla Cavabdeh2 arasında bağlanmış alqı-satqısı müqaviləsinin məzmunu, İddiaçı barəsində başlanmış cinayət işi üzrə qərarla müəyyən olunan hallar, habelə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsində mənzilin xx.xx.2016-cı il tarixində İddiaçı təhvil verilməli olmasının razılaşdırılmış olması, onunla Cavabdeh1 arasında mənzilə dair xx.xx.2016-cı il tarixdə kirayə müqaviləsinin bağlandığını inandırıcı hesab etməyə imkan vermir; həmçinin qeyd olunmalıdır ki, İddiaçı kirayə haqqının aylıq 1000 manat olduğunu bildirdiyi halda, kirayə müqaviləsində bu məbləğ 2000 ABŞ dolları olaraq göstərilmiş, eyni zamanda o, mənzilin hansı səbəblə “kirayə haqqını ödəməyən” şəxslərin sahibliyində və istifadəsində qalmış olduğunun və nəyə görə 2016-cı ilin yanvar ayında satın aldığı mənzili 2019-cu ildə mülkiyyətinə keçirdiyinin məntiqli izahını verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. “G. Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, “Məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. İşin hallarına əsasən kollegiya hesab edir ki, alqı-satqı müqaviləsi bağlamalarına baxmayaraq ilkin İddiaçıla Cavabdeh2 arasında müvafiq hüquq münasibəti yaranmamış, müqavilə imzalanarkən onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmamış, beləliklə də qanunvericinin müqavilənin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərt reallaşmamışdır. Başqa sözlə, tərəflər əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmişlər. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə (və ya yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satmaqda) sərbəst olsa da, iş materiallarındakı qiymətləndirmə rəyindən, habelə tərəflərin həm hazırkı məhkəmə icraatı, həm də yuxarıda qeyd olunan cinayət işinin araşdırılması zamanı verdikləri izahatlardan bazar dəyərinin təxminən 200 000 manat civarında olduğu aydın olan mənzilin dəfələrlə (təxminən 3 dəfə) ucuza satılması ağlabatan və məntiqli deyildir. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericilik şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdləri etibarsız hesab edir (Mülki Məcəllə m. 339). Kollegiyanın qənaətinə görə, xx.xx.2006-cı il tarixli AN-İ № ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin sözügedən mənzilin alqı-satqısı üçün deyil, məhz “borcu təminat altına almaq üçün” bağlanmış olması mülki qanunvericiliyin yalan əqdlə bağlı müddəalarının dispozisiya əlamətlərinə uyğun gəlir. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Bu o deməkdir ki, Cavabdeh1 və Cavabdeh2 həmin müqavilənin etibarsızlığı ilə bağlı irəli sürdükləri faktiki hallar, onların bu tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Nəzərə alınmalıdır ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, İddiaçıla Cəmilə Musazdə arasında ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilə dair Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. Kollegiya həmçinin hesab edir ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı onun hüquqi nəticələrinin də aradan qaldırılmasını zəruri edir və bu mənada həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat, habelə ona verilmiş çıxarış ləğv olunmalı, Cavabdeh2 adına aparılmış qeydiyyat bərpa edilməlidir. Bununla belə kollegiya, etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə aydın olur ki, ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün həyata keçirilmiş və ilkin iddiaçı alqı-satqıya görə Cavabdeh2 pul vəsaiti ödəməmişdir. Həmin pul Cəmilə Musazədənin əri Cavabdeh1 daha əvvəldən borc olaraq verilmişdir və İddiaçı həmin borcu (yaxud onun ödənməyən hissəsini) məhz Cavabdeh1 ümumi əsaslarla tələb edə bilər. Kollegiya ilkin iddiaçının iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də münasibət bildirməyi zəruri hesab edir. İlkin iddiaçının vəkili (nümayəndəsi) mübahisələndirilən alqı-satqı müqaviləsinin xx.xx.2016-cı il tarixdə bağlandığını, qarşılıqlı iddiaçıların isə qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürdüklərini irəli sürmüşdür. İşdən görünür ki, qarşılıqlı iddia ərizəsi mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 il 9 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, mübahisələndirilən alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlansa da, qarşılıqlı iddiaçılar hazırkı dövrədək həmin müqavilənin predmeti olan mənzildə yaşamaqdadırlar və yalnız ilkin iddiaçı onlara qarşı iddia qaldırdıqdan sonra ona qarşı qarşılıqlı iddia irəli sürmüşlər. Konstitusiya Məhkəməsi E. Həkimovun şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada kollegiyanın qənaətinə görə, qarşılıqlı iddiaçıların öz hüquqlarının pozulduğunu mübahisələndirilən müqavilənin bağlandığı tarixdə bilmiş olduqları qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ağlabatan mühakimə əsasında məntiqli də deyildir. Əksinə, onların öz hüquqlarının pozulduğunu məhz İddiaçı iddia tələbindən sonra bildikləri qənaətinə gəlmək daha ağlabatandır. xx xxxxxx 2016-cı il tarixli müqavilənin hüquqi qüvvəsi ilə bağlı yuxarıda şərh olunanlara əsasən kollegiya, ilkin iddia tələblərini əsassız hesab edir və bununla əlaqədar əlavə əsaslandırma aparılmasına zərurət görmür. Kollegiya həmçinin, qarşılıqlı iddiaçıların “borcun və mənəvi ziyanın tutulması” tələblərini əsassız hesab edir; çünkü onlar, həmin tələblərinin araşdırılmasını mümkün edəcək hər hansı sübut təqdim etməmişlər. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, iddia ərizələri, habelə apellyasiya şikayətləri verildiyi zaman ödənilmiş dövlət rüsumlarının əvəzi tərəflərin özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə borcunun ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddiası təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və ziyanın tutulması” barədə qarşılıqlı iddia tələbləri qismən təmin olunsun. ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilə dair Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ № ******* seriya nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin və həmin müqavilə əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə verilmiş RX ******* seriya nömrəli çıxarış (müvafiq qeydiyyat) ləğv olunsun. Cavabdeh2 adına ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilə dair xx.xx.2012ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat bərpa edilsin. Qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməsin. İddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər İlham Kərimli Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3842/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3842/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver