Məhkəmə qərarları › İş №2(103)-3856/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3856/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3856/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkilləri Vəkil2 Ənvər oğlu və Vəkil4, müstəqil tələb irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının nümyəndəsi və vəkili Vəkil3 Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alqısatqı müqaviləsinin ləğvinə dair ərizələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC (bundan sonra - MMC) - xx.xx.2016-cı il tarixdə təsis olunmuş və MMC-nin nizamamə kapitalı 1.700.000 manat məbləğində müəyyən edilmişdir. Nizamnamə kapitalının 65% - “X2 Şirkəti” QSC-yə (bundan sonra – Şirkət), 35%-i isə Cavabdeh1 aid olmuşdur. Sonuncunun adına qoyulmuş 595.000 manatın 295.000 manatı İddiaçı1 tərəfindən ödənilmişdir. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışda MMC-nin qanuni təmsilçisi kimi İddiaçı2 adı qeyd olunmuşdur.

2. MMC-nin xx.xx.2017-ci il tarixdə keçirilmiş Ümumi yığıncağının protokoluna əsasən Cavabdeh1 məxsus 35% payın onun tərəfindən hər birinə 17,5% olmaqla iddiaçılara satılması qərara alınmış və protokol hər iki təsisçi tərəfindən (Şirkətin adından qanuni təmsilçisi kimi Şahid) imzalanmışdır. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış müəssisədəki payın alqı-satqısı barədə müqaviləyə əsasən, MMC-də Cavabdeh1 məxsus 35% pay hər birinə 17,5% (297.500 manat dəyərində) olmaqla iddiaçılara satılmış və MMC-nin digər təsisçisi olan Şirkətin qanuni təmsilçisinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçılar və Cavabdeh1 aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə ərizələrlə eyni notariat ofisinə müraciət edərək, ödənilmiş pay haqlarının geri qaytarıldığını bildirərək, müqavilənin ləğv edilməsini xahiş etmişdirlər.

3. Bundan sonra xx.xx.2018-ci il tarixə MMC-nin Nizamnaməsinə dəyişiklik edilərək, Cavabdeh1 35% paya sahib təsisçi kimi təkrar qeydə alınmış və xx.xx.2018-ci il tarixdə həmin payın alqı-satqısı barədə sonuncu ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı notariat ofisində müqavilə bağlanmış və MMC-nin digər təsisçisi olan Şirkətin qanuni təmsilçisinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMCnin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X4 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 2016-cı il tarixdə İddiaçı1, İddiaçı2, Cavabdeh1 və X1 kənd təsərrüfatı məhsulları istehsalı ilə birgə məşğul olmaq qərarına gəlmişlər. Cavabdeh1 tərəfindən “X2 Şirkəti” QSC-nin investor və partnyor qismində cəlb edilməsi təklif edilmişdir. Təklif məqbul qarşılanmış və 21 dekabr 2016-cı il tarixdə "xxxx" MMC təsis olunmuşdur. "xxxx" MMC-nin nizamnamə kapitalı 1.700.000 manat məbləğində müəyyən olunmuşdur. Nizamnamə kapitalının 65%-i “X2 Şirkəti” QSC-yə, 35%-i isə Cavabdeh1 aid olunmuşdur. Cavabdeh1 adına qoyulmuş 595.000 manat məbləğində vəsait İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmişdir. 10 noyabr 2017-ci il tarixdə "xxxx" MMC Cavabdeh1 35% payının 17.5%-nin İddiaçı2 və 17.5%-nin İddiaçı1 satılması barədə qərar vermiş və qərara əsasən 16 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda Cavabdeh1 bir tərəfdən, İddiaçı2 və İddiaçı1 isə digər tərəfdən müəssisədəki payın alqı-satqı müqaviləsini bağlamışlar. Müəssisədəki payın alqı-satqısı olduqdan sonra X4 Dövlət Reyestrindən çıxarış alınaraq müvafiq dövlət orqanında qeydiyyat aparılmışdır. Qeyd olunan müqavilə müddətindən 5 ay keçdikdən sonra, Cavabdeh1 şəriklərinə müraciət edərək bildirmişdir ki, maliyyə vəziyyəti pisləşib, ciddi problemlərlə üzləşib və bununla əlaqədar kredit götürmək istəyir. Lakin kreditin alınması üçün "xxxx" MMC-də adına olan əvvəlki payın göstərilməsi zəruridir. Şəriklərin etibarından sui-istifadə edərək Cavabdeh1 1 ay müddətinə müvəqqəti payların onun adına geri qaytarılmasını xahiş etmişdir. Bu barədə Cavabdeh1, İddiaçı1 və İddiaçı2 25 aprel 2018-ci il tarixdə Əməkdaşlıq müqaviləsini bağlayıb, Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılan 16 noyabr 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal olaraq ərizələr vermişlər. Ərizələr məhz formal olduğundan müqavilənin ləğvi ərizələrə əsasən həyata keçirilmişdir, halbuki qanuna əsasən müqavilənin ləğvi yeni müqavilənin bağlanması ilə rəsmilləşdirilir. Həmçinin, ərizələr formal olduğuna görə payların dəyəri Cavabdeh1 tərəfindən geri qaytarılmamış, Bakı şəhəri 14 saylı notariat kontorunda İddiaçı1 arvadının alqı-satqı müqaviləsinin ləğvinə dair razılıq ərizəsi də alınmamışdır. Verilmiş ərizələrə əsasən, 16 noyabr 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilə ləğv edilmiş, "xxxx" MMC-nin 35% payı yenidən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Lakin Cavabdeh1 verdiyi sözə əməl etmədən, İddiaçı1 və İddiaçı2 etibarından sui-istifadə edərək, kobud şəkildə onları aldatmış və 21 may 2018-ci il tarixdə "xxxx" MMC-də olan 35% payı müəssisədəki payın alqısatqısı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır.

6. Müstəqil tələb irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X4 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Bilalova Nigar Səyyaf qızı və İddiaçı1 10 avqust 2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur. 16 noyabr 2017-ci il tarixdə İddiaçı1 adına "xxxx" MMC-nin nizamnamə kapitalından 17.5% payın rəsmilləşdirilməsi barədə Bilalova Nigar Səyyaf qızının məlumatı olmuşdur. Lakin Cavabdeh1 şəriklərin etibarından sui-istifadə edərək 1 ay müddətinə müvvəqəti payların onun adına geri qaytarılması barədə xahişi və İddiaçı1 tərəfindən 25 aprel 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılan 16 noyabr 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal olaraq ərizənin verilməsi Bilalova Nigar Səyyaf qızına son vaxta qədər məlum olmamışdır. Bu hal Bilalova Nigar Səyyaf qızına əri İddiaçı1 Bakı şəhəri Yasamal rayon məhkəməsindən SMS bildiriş gələndə məlum olmuşdur. İddiaçı1 soruşanda ki, o, hansı səbəbdən Bilalova Nigar Səyyaf qızına indiyə kimi deməyib və razılığını almayıb, İddiaçı1 bildirmişdir ki, payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizə formal olub, bu səbəbdən də həmin məsələ ilə bağlı ona deyilməyib və onun notarius tərəfindən razılığı alınmayıb.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1594/2020 saylı, 18 may 2020-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları üzrə 2(004)-1089/2020 saylı mülki iş və müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının iddiası üzrə 2(004)-1594/2020 saylı mülki iş bir icraatda birləşdirilmiş və icraat 2(004)-1089/2020 nömrə altında davam etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) hər iki iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçılar və Cavabdeh1 müəssisədəki payların alqısatqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Həmin ərizələrdə onların alqısatqı müqaviləsinin ləğvinə dair iradələri ifadə olunduğundan həmin ərizələrin etibarsızlığına dair mübahisəyə əqdlərin etibarsızlığına dair normalar tətbiq edilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən müəyyən olunur ki, iddiaçılar MMC-də olan paylarını müvəqqəti olaraq 1 ay müddətinə xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərtilə Cavabdeh1 adına formal olaraq geri qaytarmışlar və sonuncu öhdəlik götürmüşdür ki, həmin tarixə kimi iddiaçılara məxsus olan payları qeyri-şərtsiz tam olaraq geri qaytaracaq. Lakin vədinə əməl etməyərək iddiaçıların paylarını geri qaytarmamış, əksinə xx.xx.2018-ci il tarixdə Cavabdeh3 satmışdır. Beləliklə, iddiaçılar ən azı xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən aldadıqlarını bilmişlər, belə olan halda isə müəssisədəki paylarının alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrini xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək mübahisələndirmək hüququna malik olmuşlar. Lakin belə iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş, bununla da, həmin ərizələrin mübahisələndirilməsi üçün bir illik müddət ötümüşlər.

12. Bundan əlavə, məhkəmə, üçüncü şəxsin iddiasının əsaslandırdığı halları, yəni əri tərəfindən MMC-dəki payının Cavabdeh1a verilməsindən yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra məlumatı olmasına dair göstərdiklərini inandırıcı hesab etməyərək, qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, üçüncü şəxs ərinin işləri barəsində tam məlumatı olmuşdur. Belə olan halda, o da əri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ərizənin mübahisələndirilməsi üçün qanunla müəyyən olmuş bir illik müddəti ötürmüşdür.

Apelyasiya şikayətinin dəlilləri

13. Həmin qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxsin hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və müvafiq olaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

14. İddiaçılar apellyasiya şikayətlərini iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırmış və əlavə olaraq göstərmişlər ki, məhkəmə əqdin etibarsızlığınının mübahisələndirilməsi üçün müəyyən edilmiş bir illik müddətə istinad edib iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilk olaraq İddiaçı1, İddiaçı2, Cavabdeh1 müəssisədəki payların alqı-satqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma və tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Yəni, bu niyyət ifadəsinin və prosesin gedişindən açıq bəlli olduğu kimi həmin ərizələr sırf formal xarakterli olmuşdur, yəni başqa bir əqdi pərdələmək üçün tərtib edilmiş ərizələr olmuşdur. Bu səbəbdən də Müəssisədəki payların alqı-satqısından imtinaya dair tərtib edilmiş qeyd edilən ərizələrə hüquqi qiymət də uydurma (yalan) əqdlərə tətbiq edilən hüquq normalarının tələbləri əsasında olmalıdır.

15. Müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı apellyasiya şikayətində iddia ərizəsində göstəridiyi eyni dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə onun iddiasını yalnız 1 illik müddətin keçməsi ilə əsaslandırmışdır. Halbuki o, iddia ərizəsində də qeyd etdiyi kimi, ərinin bütün işlərindən xəbərdar ola bilməzdi və bu müqavilənin mövcudluğundan da yalnız Yasamal rayon məhkəməsindən SMS bildiriş gələndə xəbər tutmuşdur. Lakin işə baxan məhkəmə bu hala düzgün qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh Seymur Həmidov apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçıların məhkəmə iclasında verdikləri izahatlarında, iddia ərizələrində və apellyasiya şikayətlərində onların aldadıldıqlarını bildikləri vaxtla bağlı müxtəlif tarixlər qeyd olunmuşdur. Belə ki, Xaçmaz Rayon Məhkəməsində bu tarix 2019- cu ilin aprel ayı, Yasamal Rayon Məhkəməsində 2018-ci ilin sentyabr ayı, hazırkı apellyasiya şikayətində isə 2018-ci ilin dekabr ayı qeyd olunmuşdur. Bu tarixlər 1 illik kəsici müdətin hesablanması ilə bağlı bildirilsə də, iddiaçılar bununla bağlı heç bir sübut təqdim etməmişlər. Özlərinin bildirdiklərinə görə Azər xx.xx.2018-ci il tarixədək paylarını onlara geri qaytarmalı idi. Belə olduğu halda isə, xx.xx.2018-ci il tarixdən tələb hüquqları yaranmış, lakin məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişlər. Üçüncü şəxsin isə iddiaya qarşı verilmiş etirazda qeyd olunan əsaslara görə hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, o, müəssisədəki payı əldə edərkən reyestr məlumatlarına etimad etdiyindən vicdanlı əldə edən sayılmalıdır. İddiaçıların məhkəmə aidiyyəti ilə bağlı dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, nə tərəflərin subyekt tərkibi, nə mübahisənin predmeti, nə də hüquq münasibətlərinin xarakteri məhkəmə aidiyyətinin pozulmasına dəlalət edir.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Həsənov - sədrlik edən və məruzəçi, V.İbayev və Ş.Məhərrəmova) 2(103)-1893/2021 saylı 21 oktyabr 2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş; iş üzrə yeni qətnamə qəbul edilməklə, 25 aprel 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr, habelə "xxxx" MMC-nin 35% payına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bununla bağlı X4 Dövlət Reyestrindən verilmiş Çıxarış ləğv edilmişdir.

18. Kollegiya qeyd etmişdir ki, məhkəmə iddianı rədd edərkən iddiaçılar tərəfindən əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş bir illik müddətin ötürülməsinə istinad etmiş, tərəflər arasında bağlanmış və mübahisənin predmetini təşkil edən müqavilələrin həqiqiliyini iddia tələblərinin dəlilləri əsasında yoxlamamışdır. İddiaçılar iddia tələblərində işin o halına istinad etmişlər ki, onlarla Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli payın alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2018-ci il tarixdə ərizələrin verilməsi formal xarakter daşımış, müqavilənin ləğvi və payların Cavabdeh1 geri qaytarılmasında məqsəd sonuncunun borc pul götürməsi üçün əmlakının olması görüntüsü yaratmaq məqsədi daşımış, onların həmin payları həqiqətən də, Cavabdeh1 qaytarmaq niyyətləri olmamışdır. Bundan başqa, müqavilənin ləğv edilməsinin özü də notariat orqanı tərəfindən qanun pozuntuları ilə həyata keçirilmişdir. Cavabdeh1 qeyd edilən halları mübahisələndirməmişdir. Tərəflər həmçinin, mübahisə etməmişlər ki, alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin mətnində 297.500 manat pulun iddiaçılara qaytarılması göstərilsə də, əslində həmin məbləğ Cavabdeh1 tərəfindən onlara verilməmişdir. İşdə olan sənədlərdən və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan müəyyən olunur ki, iddiaçılarla Cavabdeh1 arasında hələ bu müqavilələr (payın alqı-satqısı və həmin alqı-satqının ləğv edilməsi müqavilələri) bağlanmamışdan əvvəl başlayan və müqavilələr bağlanana qədər, həmçinin onlar bağlandıqdan sonra da davam edən işgüzar münasibətlər mövcud olmuşdur. Bu fakt işin o halları ilə təsdiq olunur ki, MMC-nin nizamnamə kapitalındakı payın bir hissəsini Cavabdeh1 adından İddiaçı1, qalan hissəsini isə tərəflərin hər ikisinin etiraf etdiyi kimi, digər İddiaçı2 ödəmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən də müəyyən olunur ki, iddiaçılar müəssisədəki öz paylarını formal olaraq geri qaytarılmasını şərtləşdirmişlər. Həmçinin, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının məzmunundan da görünür ki, iddiaçılar müvafiq olaraq, MMC-nin direktoru və direktor müavini qismində fəaliyyət göstərmişlər. Eyni zamanda, xx.xx.2016-cı il tarixli kommersiya qurumunun dövlət resyestrindən çıxarışdan görünür ki, MMC-nin təsisçilərindən biri İnvestisiya Şirkəti olduğu zaman həmin müəssisənin qanuni təmsilçisi hazırkı iş üzrə İddiaçı2 olmuşdur.

19. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçılar MMC-nin birbaşa təsisçiləri olmasalar da, onun təşkil edilməsində və fəaliyyətində iştirak etmiş, sonradan isə həmin MMC-nin təsis payının Cavabdeh1 məxsus 35% hissəsini MMC-nin digər təsisçisi olan Şirkətin razılığı ilə hər birinə 17,5% olmaqla, əldə etmişlər. Lakin bundan cəmi 5 ay sonra iddiaçılar alqı-satqı müqaviləsini ləğv etdirməklə əldə etdikləri təsis paylarını yenidən Cavabdeh1 geri qaytarmış və sonuncu bununla bağlı xx.xx.2019-ci il tarixdə X4 dövlət reyestrindən öz adına çıxarış aldıqdan bir neçə gün sonra, yəni xx.xx.2019-cu il tarixdə MMC-dəki təsis payını özgəninkiləşdirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh1 tərəfindən MMC-dəki payın iddiaçılara satılması, qısa müddət ərzində həmin alqı-satqının ləğv edilməsi və bundan bir neçə gün sonra həmin payın başqa şəxsin adına özgəninkiləşdirilməsi, bu əqdlərin zəruriliyi və iqtisadi faydası barədə ağlabatan izahın olmaması, habelə yuxarıda sadalanan digər hallar belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ərizə verilərkən tərəflərin əsl niyyəti müqavilənin ləğv edilməsinə yönəlməmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, tərəflər müqavilənin ləğv edilməsinə dair yalnız ərizə verməklə kifayətlənmiş, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair yeni müqavilə bağlamamışlar. Halbuki, tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqavilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi. Lakin tərəflər müqavilənin formasına dair qanunvericiliyin bu tələbinə əməl etməmişlər. Beləliklə, kollegiya, işin müəyyən edilmiş hallarını qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqe baxımından qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, iddiaçılarla Cavabdeh1 arasında MMC-nin nizamnamə kapitalındakı payının alqı-satqısına dair bağlanmış müqavilənin ləğv edilməsinə dair ərizələr uydurma əqd olmuş, həmin ərizələr verilərkən iddiaçıların əsl niyyəti alqı-satqı müqaviləsinin həqiqətən ləğv edilməsi deyil, yalnız üçüncü şəxslərin qarşısında Cavabdeh1 MMC-də təsis payına sahib olması görüntüsünü yaratmaq olmuşdur. Belə olan halda, hazırkı mülki mübahisənin həlli zamanı Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilmiş müddətlərə istinad etməklə, iddianın rədd olunması yolverilməzdir.

20. Kollegiya müstəqil tələbə münasibətdə isə vurğulamışdır ki, üçüncü şəxs etibarsızlığın əsası kimi əri İddiaçı1 tərəfindən onların ümumi birgə əmlakı hesab olunan MMC-də olan 17,5% təsis payı üzərində onun xəbəri və razılığı olmadan sərəncam verməsinə istinad etsə də, bu halın mövcudluğu özlüyündə həmin əqdin etibarsızlığına səbəb olmur. Belə ki, kommersiya təşkilatında payın alqı-satqısı zamanı ümumi birgə mülkiyyətçinin razılığının alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu cür razılığın alınması yalnız daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyaların alqı-satqısı zamanı nəzərdə tutulmuşdur (MM 225.6 və 650-ci maddələr). Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarının araşdırılması zamanı üçüncü şəxsin iddiasında mübahisələndirdiyi müqavilələrin başqa əsaslarla əhəmiyyətsiz əqd kimi etibarsızlığı müəyyən edilmişdir. Nə qədər ki, iddiaçıların iddialarının əsasını təşkil edən dəlillər əsasında yoxlanılan həmin əqdlərin əhəmiyyətsiz olmaqla, etibarsızlığı müəyyən edilmişdir, həmin əqdlərin başqa hüquqi əsaslarla etibarsız hesab edilməsi barədə üçüncü şəxsin iddiası da əsaslı hesab edilməlidir.

21. Həmin qətnamədən Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini və iddiaçıların və Cavabdeh1 əməllərində cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

Kassasiya instasiyası məhkəməsində ilkin icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1893/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kollegiya qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli əməkdaşlıq barədə müqaviləni, Cavabdeh1 notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli ərizəsini əsas götürməklə, hesab etmişdir ki, tərəflər arasında bu hissədə mübahisə olmadığından müəssisədəki payının alqı-satqısına dair müqavilənin ləğvinə dair ərizələr uydurma əqd olmuş, həmin ərizələr verilərkən iddiaçıların əsl niyyəti alqı-satqı müqaviləsinin həqiqətən ləğv edilməsi deyil, yalnız üçüncü şəxslərin qarşısında Cavabdeh1 MMC-də təsis payına sahib olması görüntüsünü yaratmaq olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni Cavabdeh3 müqavilənin əsl tərəfi olmaması əsası ilə əhəmiyyətsiz hesab etmişdir ki, bu da həmin müqavilənin fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olmasına dəlalət edir. Apellyasiya məhkəməsi Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni yalan əqd hesab etsə də, mülki qanunvericiliyin həmin əqdin pərdələdiyi əsl əqdə (borcun təminatı kimi girov) aid qaydalarının tətbiq edilməsi imkanlarını xidməti vəzifələrinə görə yoxlamalı olduğu halda, bu istiqamətdə heç bir hüquqi araşdırma aparmamışdır.

24. Kollegiya həmçinin hesab etmişdir ki, əhəmiyyətsiz əqd hesab etdiyi əqdin etibarsızlığı nəticələrinin tətbiq olunması ilə bağlı da ziddiyyətli qənaətə gəlmiş, bir tərəfdən müqavilənin bağlanmasında niyyətin bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmadığını müəyyən etmiş, digər tərfdən isə həmin müqavilədə Cavabdeh3 Cavabdeh1 595.000 manat pul verməsinin göstərilməsi, habelə Cavabdeh1 MMC-nin direktoru Şahid borc pul alması, bu müqavilənin məhz həmin borcun təminatı olaraq bağlanması və qeyd edilən borc məbləğinin böyük hissəsini qaytardığını bildirməsini, habelə Cavabdeh1lə Cavabdeh3 və Şahid arasında bununla bağlı mülki mübahisənin olmamasını nəzərə alaraq həmin müqavilədə qeyd edilən pul məbləğinin restitusiyası məsələsinii açıq saxlanılmaqla, tərəflərə bununla bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir.

25. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin və ona etirzın dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bir sözlə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.Şirinov - sədrlik edən və məruzəçi, C.Yusifov və A.Tanrıverdiyev) 2(103)-4945/2022 saylı 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş; Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

27. Kollegiya qeyd etmişdir ki, məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd etdiyi (bənd 93) Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində həmin qətnamənin hazırkı mərhələdə qüvvədə olması müəyyən edilmişdir. Həmin qətnamədən isə məlum olur ki, hazırkı mülki iş üzrə hər iki iddia üzrə cavabdeh olan Cavabdeh1 Cavabdeh3 qarşı aralarında bağlanmış və hazırkı işdə iddiaçıların da mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni etibarsızlığını mübahisələndirmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun həmin iddiası təmin edilməmişdir. Belə olan halda məlum olur ki, hazırkı mülki iş üzrə iddiaçıların mübahisələndirdikləri Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləninın etibarlı olduğunu müəyyən edən qüvədə olan məhkəmə qətnaməsi mövcuddur.

28. Bundan başqa, Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin mübahisələndirilməsi iddiaçılara məxsus payların onların özləri tərəfindən Cavabdeh1 adına keçirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ərizələrin (əqdləri) mübahisələndirilməsinin nəticəsindən asılıdır. Həmin hala münasibətdə isə rayon məhkəməsi iddiaçılar tərəfindən bir illik kəsici müddətin ötürüldüyünü müəyyən etmişdir. Həmin ərizələrin verilməsi ilə iddiaçıların onu mübahisələndirməsindən bir illik müddətin keçməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi bu qənaətlə razılaşmışdır.

29. Həmin qətnamədən İddiaçı1 (Vəkil1) və üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və müvafiq olaraq iddialarının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

30. Həmçinin Cavabdeh1 (Vəkil5) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instasiyası məhkəməsində ikinci icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı1 və Cavabdeh1 kassasiya şikayətləri təmin olunmamış; üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının iddiasının rədd olunan hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir.

32. Kollegiya qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, hər iki iddia üzrə cavabdeh olan Cavabdeh1 Cavabdeh3 qarşı aralarında bağlanmış və hazırkı işdə iddiaçıların da mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni etibarsızlığını mübahisələndirmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun həmin iddiası təmin edilməmişdir. Belə olan halda məlum olur ki, hazırkı mülki iş üzrə iddiaçıların mübahisələndirdikləri Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etibarlı olduğunu müəyyən edən qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur.

33. Bundan başqa, Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqıs-atqısına dair müqavilənin mübahisələndirilməsi iddiaçılara məxsus payların onların özləri tərəfindən Cavabdeh1 adına keçirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ərizələrin (əqdlərin) mübahisələndirilməsinin nəticəsindən asılıdır. Həmin hala münasibətdə isə rayon məhkəməsi iddiaçılar tərəfindən bir illik kəsici müddətin ötürüldüyünü müəyyən etmişdir. Həmin ərizələrin verilməsi ilə iddiaçıların onu mübahisələndirməsindən bir illik müddətin keçməsi işin mübahisəsiz halıdır. Kollegiya bildirir ki, İddiaçı1 iddiasının rədd edilmiş hissəsi üzrə apellyasiya məhkəməsinin gəldiyi qənaət yuxarıda göstərilən hüquq normalarına uyğun olmuşdur.

34. Bununla belə, məhkəmə kollegiyası 3-cü şəxs Bilalova Nigar Səyyaf qızının iddiası üzrə apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəsi ilə razılaşmamışdır. İlkin olaraq qeyd edilmişdir ki, üçüncü şəxs də birinci instansiya məhkəməsinin qətnaməsini ayrıca olaraq apellyasiya şikayəti verməklə mübahisələndirmiş həm iddiasında, həm də apellyasiya şikayətində iddiaçıların dəlillərindən fərqli və müstəqil əsaslı dəlillərə istinad etmişdir. Bunlar mübahisəli payın əri ilə birgə nikah müddətində, birgə vəsait əsasında əldə edilməsi, onun razılığı olmadan əsassız imtina və bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı onun mülkiyyətindən çıxması, həmin ərizənin (payından imtina barədə ərizə) verilməsindən zamanında məlumatlı olmaması, yalnız sonunucu məhkəmə mübahisəsi zamanı həyat yoldaşına göndərilən bildirişi aldıqdan sonra məlumatlı olmasından ibarət olmuşdur.

35. Belə ki, üçüncü şəxs iddiasında və apellyasiya şikayətində göstərir ki, İddiaçı1 10 avqust 2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur. 16 noyabr 2017-ci il tarixdə İddiaçı1 adına "xxxx" MMC-nin nizamnamə kapitalından 17.5% payın rəsmilləşdirilməsi barədə Bilalova Nigar Səyyaf qızının məlumatı olmuşdur. Lakin Cavabdeh1 şəriklərin etibarından sui-istifadə edərək 1 ay müddətinə müvəqqəti payların onun adına geri qaytarılması barədə xahişi və İddiaçı1 tərəfindən 25 aprel 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılan 16 noyabr 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal olaraq ərizənin verilməsi Bilalova Nigar Səyyaf qızına son vaxta qədər məlum olmamışdır. Bu hal Bilalova Nigar Səyyaf qızına əri İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən SMS bildiriş gələndə məlum olmuşdur. İddiaçı1 soruşanda ki, o, hansı səbəbdən Bilalova Nigar Səyyaf qızına indiyə kimi deməyib və razılığını almayıb, İddiaçı1 bildirmişdir ki, payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizə formal olub, bu səbəbdən də həmin məsələ ilə bağlı ona deyilməyib və onun notarius tərəfindən razılığı alınmayıb.

36. Həmin dəlillərlə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı əri İddiaçı1 işləri barəsində tam məlumatlı olmuşdur. Odur ki, üçüncü şəxs də əri İddiaçı1 tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli ərizənin mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş bir illik müddəti ötürmüşdür. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnamənin nəticə hissəsində üçüncü şəxsin apellyasiya şikayətinin təmin olunmamasını, mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanmasını qeyd etsə də, qətnamənin əsaslandıcı hissəsində faktiki olaraq üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış və faktiki olaraq dəlilləri qiymətləndirmədən kənarda saxlamışdır. Belə olan halda isə hansı əsaslarla üçüncü şəxsin şikayətinin təmin olunmadığını müəyyən etmək mümkünsüzdür. Görünür ki, birinci instansiyası məhkəməsi üçüncü şəxsin iddiası üzrə qətnaməni fərziyyələr əsasında çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə bu dəlillərə qiymət verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin hazırki icraatı üzrə məhkəmə icraatı iştirakçılarının izahatları

37.Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının nümayəndəsi-vəkili Vəkil3 bildirmişdir ki, bu prosesdən daha əvvəl hazırkı mülki işə iki dəfə apellyasiya instansiya məhkəməsində baxılmış və araşdırılmış, izahatlar verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi onlara münasibətdə iddianı rədd etmiş və bildirmişdir ki, ər-arvadsansa hər şeyi bilməlisən. Ərarvad arasında hər şey mütləq olsa idi bu qədər birgə nikah dövründə əldə olunmuş əmlak ər-arvad arasında mübahisə predmeti olmazdı. Onların İddiaçı1 qanunsuz ərizəsindən Yasamal Rayon Məhkəməsində bildiriş daxil olduqdan sonra məlumatı olur. Bunu bildikdən sonra müddət itirmədən dərhal müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuşlar. Əsas iki dəlil vardır. Birincisi əmlak birgə nikah dövründə əldə olunub, məlumatı olmayıbdır və dediklərinin əksini sübut edəcək heç bir sübut iş materiallarında mövcud deyildir. Digər dəlil isə ondan ibarətdir ki, mülki qanunvericiliyə əsasən müqavilənin ləğv olunması onunla eyni formada həyata keçirilməlidir, lakin orada müqavilənin ləğv olunması, yalnız hər iki tərəfin notariusa verdiyi ərizələr əsasında həyata keçirilmişdir. Hesab hesab edir ki, qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirilməmişdir və buna görə də iddianın təmin olunaraq həmin ərizələrin etibarsız hesab olunması, daha sonra Azərlə Seymur arasında bağlanmış müqavilənin etibarsız hesab olunması və hüquqi nəticələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh3 bu məbləği Cavabdeh1lə həll etməlidir. Çünki ilkin vəziyyətə qayıtdıqdan sonra o ərizə etibarsız hesab olunmalıdır. 2007-ci il tarixli alğı-satqı müqaviləsi bağlanarkən təmsil etdiyi şəxsin yoldaşı tərəfindən pul ödənilibdir. Ona görə də məhz həmin əmlaka birgə nikah dövründə əldə olunmuş əmlak kimi yanaşırlar. Vicdanlı əldə edənlə bağlı bildirmişdir ki, digər analoji məhkəmə işlərində də məhkəmələrin qiymətləndirməsi fərqlidir. Son dövrlərdə məhkəmə təcrübələrində qarşı tərəfin vicdanlı əldə edənlə bağlı dediklərinə əks mövqe nümayiş olunur, hansı ki, əmlak qarşı tərəfin əmlakıdırsa əmlak onun özünə qaytarılmalıdır. Daha sonra həmin şəxslər mövcud problemi öz aralarında həll edirlər. Əlavə olaraq İddiaçı1 öz izahatında bildirir ki, onlar vaxtilə hələ rəsmiləşmə olmadan oraya pul qoymuşlar. Onlar gələnə qədər bağ salınmışdı, pul vəsaitləri qoyulmuşdur, daha sonra müəyyən rəsmiləşmə işləri olmuşdur, orada pulsuz heç nə olmayıbdır. Bunların hamısı birgə nikah dövrünə düşür, ümumi ailə büdcəsindən əldə olunubdur. Oraya bağ salınan zaman hər şey birgə nikah dövrünə düşür. 38.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi- vəkili Vəkil2 qeyd etmişdir ki, birinci instansiya məhkəməsindən bugünə qədər bütün etirazlarında və ərizələrində Cavabdeh3 üçüncü şəxsə münasibətdə vicdanlı əldə edən olması müəyyən edilmişdir. Bilalova Nigarın bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur, çünki məhkəmə iclaslarında müəyyən olunur ki, ilkin alğı-satqı müqaviləsi bağlanan zaman Azər Elman və Nazimə paylarını satarkən orada 595 min manatdan söhbət getmir, ümumiyyətlə həmin alğı-satqıda heç kim heç kimə pul verməyibdir. Azər kreditorları çox olduğuna görə ölkəni tərk edir, qardaşı etibarnamə əsasında şirkətdəki paylarına ola biləcək kreditor tələblərinin yönəlməməsi səbəbindən formal alğı-satqı müqaviləsi əsasında payları Elman və Nazimin adına keçiribdir. Əgər Elman və Nigar xanımın birgə nikah dövründəki əldə etdikləri gəlirdən heç bir pul ödənilməyən pay onlara gəlibsə bu neçə birgə nikah dövründə əldə edilmiş əmlak sayılır. Alğı-satqı müqaviləsinin formal olduğunu hər üç tərəf qəbul edir və bilir ki, pul ödənilməyibdir. Digər tərəfdən etibarsızlıq məsələsi ilə bağlı bildirmişdir ki, Mülki Məcəllədə birgə nikah dövründə əldə olunmuş əmlakın ər və arvadın mütləq qaydada razılığı tələb olunan və vicdanlılığı aradan çıxaran məqam ancaq daşınmaz əmlakla bağlıdır. Nəzərə alınsa ki, müəssisədəki pay nə daşınar, nə daşınmazdır, ümumiyyətlə burada Nigar Bilalovanın iddia qaldırması ki, onun razılığı mütləq lazim idi və bu razılığın alınmadığı halda onun razılığı tələb olunan əqdin bağlandığı andan bugünə qədər bütün əqdlər etibarsız hesab olunmalıdır, belə bir şey qanunvericilikdə yoxdur. Müəssisədəki payın alğı-satqısı Azərlə Elman arasında baş vermişdir və daha sonra ləğv olunmuşdur. Onlar payı Azərdən almış, reyestrdə qeydiyyata inanmışlar, Vergilər Nazirliyinin reyestrində həmin pay Azərin adına olmuşdur. Azərlə aralarında bağlanan müqavilə Azərin özü tərəfindən də mübahisələndirilmişdir. Məhkəmə qətnaməsi ilə Azərin iddiası rədd olunmuşdur və bugün həmin qətnamə qüvvədədir. Rəsmi reyestrdə qeydiyyatdan keçən daşınar əmlaklarla bağlı bildirmişdir ki, həmin hallar Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Nazirlər Kabinetinin qərarında daşınmaz əmlaka bərabər tutulan rəsmi reyestrdə qeydiyyatdan alınan daşınar əmlakların siyahısı verilmişdir və həmin siyahıda müəssisədəki paylar yoxdur. Ona görə də bu rejimi onlara bərabər tuta bilməz. Tərəf bildirir ki, iddiaçılarla alğı-satqı həyata keçirilərkən heç bir pul ödənilməyibdir. Pul ödənilməyibsə hazırkı işdə üçüncü şəxsin birgə nikah dövründə əldə edilmiş əmlakın əldə olunması ilə bağlı məsələ ortaya çıxır ki, əgər pulsuz bir əmlak gəlib çatırsa necə olur ki, ailənin birgə əmlakı hesab olunur?. Üçüncü şəxslə iddiaçı arasında olan məsələnin ümumiyyətlə onlara aidiyyəti yoxdur. Yenə də qeyd edir ki, onlar alğı-satqını həyata keçirərkən reyestrdəki məlumatlara inanmışlar, alğı-satqını Azərlə etmişlər, Azər özü alğısatqını mübahisələndirmişdir, qətnamə tərəflərindən məhkəməyə təqdim edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir, iddia rədd edilmişdir. Hesab edir ki, onlar vicdanlı əldə edən olduqlarından və bu əmlak daşınmaz əmlak olmadığından onlara münasibətdə bu iddia ərizəsi təmin oluna bilməz. Məhkəmə Elmanla Azərin arasındakı alğı-satqının ləğvi ilə bağlı ərizələri etibarsız hesab edərsə Mülki Məcəllə ona imkan verir ki, üçüncü şəxs X9 Elmandan ziyanı tələb etsin. Həmçinin suallara cavab vermişdir ki, həmin qətnamə halhazırda qüvvədədir. Bununla bağlı apellyasiya məhkəməsinin qətnaməsi vardır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, 4-5 ay bundan qabaq həmin şikayət qeyrimümkün hesab edilmişdir. X8 arasındakı münasibəti məhkəmə təsdiq etmiş və bildirmişdir ki, həmin əqd etibarlı əqddir və əqdin etibarsızlığı üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi Azərlə Seymur arasındakı etibarsızlıqla bağlı iddia ərizəsində orada Yasamal Rayon Məhkəməsi kəsici müddətə istinad etsə də apellyasiya instansiya məhkəməsi həmin qətnaməmi ləğv etmiş və yeni qətnamə çıxarmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır və orada kəsici müddətdən söhbət getmir, tamamilə başqa əsaslarla ləğv olunubdur. Azərlə Elman arasındakı baş verənlərin etibarlı yaxud etibarsız olması onların hüququnu məhdudlaşdıra bilməz, çünki onlar payı Azərdən almış və Azərlə aralarındakı alğı-saqtı etibarlı alğı-satqıdır. Belə çıxır ki, onlar vicdanlı ola-ola Azərin əvvəldən keçirdiyi əməliyyatlara da cavabdehdirlər. X13 arasındakı alğı-satqıda nəsə formallıq, payını həyat yoldaşından gizlətmək kimi bir fikirləri olubsa X9 Elmana və Azərə qarşı iddia qaldıraraq dəymiş ziyanı tələb edə bilər, qanunda bu belə tənzimlənir. Bilalova Nigarın yoldaşının, yəni İddiaçı1 hərəkətlərindən məlumatlı olması üçün kifayət qədər əsaslar mövcuddur. Birincisi İddiaçı1 həmin şirkətdə müdir müavini işləyirdi və 17.5 faiz pay ona keçəndə və geri qayıdanda həmin dövrdə müdir müavini işləyibdir. Həmin dövrə qədərki, Azər paylarını satıb Seymura, daha sonra Nazimlə də, Elmanla da əmək müqaviləsinə xitam vermişdir. Bilaov Elmanla əmək müqaviləsinə xitam verilərkən çox güman ki, əmək kitabçasının surəti evə göndərilibdir. Bəs İddiaçı1 evə gələrkən xanımı ondan soruşmur ki, bəs bu şirkətin sahibi sənsən səni niyə işdən çıxarırlar? Bundan sonra Elman və Nazimi şikayət ediblər və mənimsəmə faktı ilə əlaqədar prokurorluqda uzun müddət araşdırma gedir. Bəs buna qədər necə olur ki, Bilalova Nigar yoldaşından soruşmur ki, necə olur ki, bu şirkətin sahibi sənsən və bu şirkət səndən şikayət edir və səni prokurorluğa çağırırlar. Bu halları heç cür sübut etmək mümkün deyildir. Alğı-satqı müqaviləsinin ləğv olunması notariat qaydasında həyata keçirilmişdir, müqavilə formasında yox ərizə formasında ləğv olunmuşdur.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 qeyd etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının nümyəndəsi və vəkili Vəkil3 sual verildi ki, “vicdanlılıq məsələsinə münasibətiniz necədir?” Qarşı tərəf cavablandırdı ki, “həmin məsələni Seymur və Azər öz aralarında həll etsin, bizim ona qarışacağımız yoxdur, bizim paylarımız geri qayıtsın”. Hazırda ritorik sual verir. Bəs burada Cavabdeh3 təqsiri nədən ibarətdir, razılığı o mu almalı idi, yoxlamalı idimi ki, bunun arxasında hansı sənədlər durur, bu razı olub-olmayıb? Bu notarial qaydada bağlanmış müqavilədir. Yəni fərd olaraq Cavabdeh3 təqsiri nə idi ki, onun bağladığı müqavilə ləğv olunmalı, etibarsız olmalı və bu cür nəticələrə məruz qalmalı idi? Razılıq məsələsi yalnız daşınmaz əmlaka münasibətdədir və qanun daşınar əmlaklara münasibətdə həyat yoldaşının razılığı var prezumpsiyasından çıxış edir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, bu hadisələrin baş verməsində Cavabdeh3 heç bir təqsiri yoxdur. Onların məsələsində vicdanlı alıcılıq məsələsi birmənalıdır, burada başqa cür ola bilməz. Onda belə çıxır ki, heç kim müqavilə bağladıqdan sonra rahat ola bilməməlidir. Cavabdeh3 vicdanlı alıcıdır. Alğı-satqı müqaviləsinin bağlanmasında məqsəd payın alınmasıdır. Razılıq məsələsinin öyrənilməsi onların vəzifəsi deyildir. Onlar vicdanlı əldə edəndir. Alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. İddiaçı1 da şikayəti rədd olunmuşdur. Ali Məhkəmə İddiaçı1 hissəsinə münasibətdə artıq öz mövqeyini bildirmişdir, əqd İddiaçı1 hissəsinə münasibətdə etibarlıdır. Onlar düşünür ki, Bilalova Nigarın baş verənlərdən xəbəri olmaya bilməz, çünki xəbəri yox idisə bəs sms-dən necə xəbəri ola bilərdi. Əgər xanım yoldaşının sms-ni görürsə demək ki, hər şeydən xəbəri vardır.

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qeyd etmişdir ki, bütün məhkəmə iclaslarında bildirmişdir ki, əmlak İddiaçı1 halal əmlakıdır. Şahid tərəfindən aldadılmışlar, pay ona qaytarılıb, daha sonra onun adından keçib dostunun adına. Onlar bununla bağlı Baş Prokurorluğa müraciət etmiş, bu məsələlər açılacaq. Bu əmlak İddiaçı1 halal əmlakıdır, bunu hamı bilir, Şahid da bilir, əvvəldən razılaşdırılıb əmlak keçib adına, onun adından tələbə yoldaşının adına keçdi. Onların əmlakının özlərinə qaytarılmasını xahiş edir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, alğı-satqı müqaviləsinə əsasən paylar formal olaraq birinci onun adına keçirildi, daha sonra na faizlə pul verib keçirdi öz tələbə yoldaşının adına. Əməkdaşlıq müqaviləsindən əvvəl bağlanmış alğı-satqı müqaviləsinə əsasən onun tərəfindən 17.5 faiz həcmində pay Elmana satılır. Həmin müqavilələr formal idi, bunlar hamısı Elmanın öz payı idi. Onlar dörd yoldaş olmuşlar və hər kəsin öz payı vardır. Onlar şirkəti qurarkən hər kəsin öz payı var idi. Alğı-satqı formal olaraq həyata keçirilirdi. Sonradan geri qaytarılması Şahid öz fikri idi. Daha sonra aralarında əməkdaşlıq müqaviləsi bağlanılır, tərəflərindən notarial qaydasında ərizələr verilir və 1 ay ərzində paylar Seymur adlı şəxsə satılır. Orada da pul olmayıbdır, notariusda həmin sənədlər qaldırılıb baxılsa orada da pul olmayıbdır. Bu alğı-satqı müqaviləsi bağlanan zaman İddiaçı1 və İddiaçı2 razılığı alınmayıbdır, heç onların xəbəri olmayıbdır, Şahid onu aldatdı. Düzdür Nazim müəllimin xəbəri var idi, amma İddiaçı1 xəbəri olmayıbdır. İddiaçı1 həmin vaxtı Moskvada idi. Şahid ona dedi ki, bir aylıq müddətə keçir daha sonra geri qaytararsan. 41.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 qeyd etmişdir ki, ümumiyyətlə alğı-satqı məsələsində onlar əvvəldən pul qoymuşlar, heç şirkət yox idi, torpaq almış, müəyyən işlər görmuşlər. Daha sonra Azər müəllimin tanışı Şahid gəldikdən sonra münasibət yaranır. O deyir ki, əgər şərik olacaqlarsa MMC olmalıdır, MMC olanda paylar MMC-də öz əksini tapmalıdır. Elvinin tanıdığı adam Azər idi. Heç 35 faiz pay təsis olunanda onların yox idi ki, adları orada yoxdur. Azərin adından təsis olundu. Şahid ilə Azərin qabaqcadan başqa bir layihəsi olubdur. Şahid dedi ki, əgər Azərə inanırsınızsa qoyun bu məlumatları İqtisadi İnkişaf Nazirliyinə göndərsin, təsdiq olunduqdan sonra paylarınızı öz adınıza keçirərsiniz. Həmin vaxt o, Nazimlə danışmış və demişdir ki, nə problem var. Şahid dedi ki, əgər öz adınızdan girmək istəyirsinizsə 1 il-2 il uzana bilər. Onlar razılaşmışlar. Onlar əvvəlcədən pul qoymuşlar, bağ salınıb qurtarana kimi 2018-ci ilin aprel ayında notariusa getmiş və Azər onların paylarını öz adlarına keçirdi. Daha sonra 25 mayda o, Moskvaya çıxıb getmişdir. Şahid Azəri aldadaraq payları tələbə yoldaşı Cavabdeh3 adına keçirir. Cavabdeh3la dəfələrlə oturub çörək yemiş, çox gözəl münasibətləri vardır. Cavabdeh3 deyir ki, “Elman mənlik deyil, Elvinlikdi”, o, ortada qalmışdır. Seymur bir dəfə də məhkəməyə gəlmədi. Birinci dəfə həbs qoyulanda onu zəng edib Port Bakuya çağırdılar. Ona dedilər ki, 150 min, 160 min versin, bu məsələ bağlansın. Ondan sonra Kamran müəllim var, Elvinin qohumu o gəldi və dedi ki, 250 min verək və bu söhbəti yığışdıraq. O isə deyib ki, o torpaq öz torpaqlarıdır, sən Elvinə başa sal ki, camaatın torpağını versinlər. Onlar bütün pulu qoymuşlar, bir manat da pul almamışlar, almaq fikirləri də yoxdur, bu onların halal əmlakıdır. Orada heç yoldaşının razılığı yoxdur, nə Forma 1 var, nə yoldaşının razılığı var, nə təsisçilərin qərarı var. 42.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 oğlu qeyd etmişdir ki, artıq 3 ildir ki, bu iş gedir, hamısı araşdırlıbdır və sübuta yetirilibdir. Sadəcə bugünkü gündə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi yazır ki, X5, İddiaçı2, Cavabdeh1 müəssisədəki payların alğı-satqısına dair müqavilələrin ləğvi barədə razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən olunmuş forma və tələblərinə riayət etməmiş, yəni bu formada yazılı müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr verməmişlər. Bunu məhkəmə özü yazır ki, həqiqətən formaya riayət olunmamışdır, sadəcə məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2, Cavabdeh1 müddəti ötürübdür. Bugünkü gündə o qətnamə qüvvədədir ki, bəli, X5, İddiaçı2, Cavabdeh1 haqlıdırlar, lakin iddia müddətini ötürüblər. Bu iş çox araşdırılıbdır və sübuta yetirilibdir ki, İddiaçı1 haqlıdır, sadəcə onlar nə qədər sübut etsə də ki, bu adam bilməyibdir, lakin məhkəmə o qənaətə gəlir ki, İddiaçı1 müddəti ötürübdür. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi özü hesab edir ki, orada müqavilə qanunauyğun olmayıbdır, yəni müqavilə müqavilə ilə ləğv olunur, müqavilə ərizə ilə ləğv olunmur. Vicdanlı alıcı ilə bağlı bildirmişdir ki, məhkəmədə sübut olunub ki, vicdanlı alıcı olmayıbdır. O, dəfələrə xahiş etmişdir ki, Cavabdeh3 gəlib özü iştirak etsin, lakin 3 il ərizndə bir dəfə də olsun gəlməyibdir. İşlə bağlı telefon danışıqları vardır, Seymur deyir ki, “mənə necə deyiblər mən də elə edirəm. Mənə desələr ki, keçir sənin adına mən də keçirim”. O, tərəfə sual vermişdir ki, “595 min manatın əlbəəl verilməsi mümkün deyildir, həmin pul notarius vasitəsilə də verilməyibdir”. Vicdanlı alıcı məsələsi ilə əlaqədar o, Cavabdeh3 nümayəndəsi və vəkilinə sual vermişdir ki, “siz hardan bildiniz ki, Azər bu əmlakı satır?” Onlar bu suala cavab verə bilməyiblər. Azər müəllim, əmlakın satışı ilə bağlı heç bir yerdə elan verməyib, bununla bağlı maklerlərə deməyibdir ki, bunu satır. Demək onları bura Elvin qoşubdur, Elvin isə Cavabdeh3 tələbə yoldaşıdır. Aydındır ki, burada hər şey qurmadır və vicdanlı alıcıdan söhbət gedə bilməz. 43.Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil6 qeyd etmişdir ki, bu işdə onların marağı Cavabdeh3 qədər deyil, lakin obyektiv həqiqətin açıqlanması məqsədilə bildirmişdir ki, burada vicdanlı alıcı məsələsi vardır. Avropa Məhkəməsinin qərarlarında bu əks olunubdur və Ali Məhkəmə bunu ciddi şəkildə tətbiq edir. Cavabdeh1 də çıxışına qulaq asan zaman görünür ki, bu adamın bugünə qədər apardığı bütün əməliyyatlar formaldır. Nəinki ərizələrin verilməsi zamanı, hətta əvvəllər payları Elman müəllimə və digərlərinə satan zamanda formal olaraq satmışdır. Bu halda bu şəxsin əməliyyatının hansının formal, hansının qeyri-formal olmasını müəyyən etmək çətindir. 44.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehдэк məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə gəlməyən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı1 və Cavabdeh1 kassasiya şikayətləri təmin olunmamış; üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının iddiasının rədd olunan hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. 49.Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının iddiasının rədd olunan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

50. 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. 51.225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

52. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 53.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdetibarsızdır. 54.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığınınayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 55.423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 56.650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalaradaşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

57.31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 58.32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

59. 32.2-ci madəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 60.33.1, 33.2, 33.3 və 33.4-cü maddələrinə əsasəb ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncamhüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ərarvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınarəmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakıüzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam verməkbarədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd AzərbaycanRespublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 61.36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun

62.9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 63.9.4-cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. 64.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır. 65.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

66. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 67.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 68.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 69.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 70.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

71.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia qismən təmin edilməlidir.

72. Belə ki, üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsini ayrıca olaraq apellyasiya şikayəti verməklə mübahisələndirmiş həm iddiasında, həm də apellyasiya şikayətində iddiaçıların dəlillərindən fərqli və müstəqil əsaslı dəlillərə istinad etmişdir. Bunlar mübahisəli payın əri ilə birgə nikah müddətində birgə vəsait əsasında əldə edilməsi, onun razılığı olmadan əsassız imtina və bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı onun mülkiyyətindən çıxması, həmin ərizənin (payından imtina barədə ərizə) verilməsindən zamanında məlumatlı olmaması, yalnız sonunucu məhkəmə mübahisəsi zamanı həyat yoldaşına göndərilən bildirişi aldıqdan sonra məlumatlı olmasından ibarət olmuşdur.

73. Hazırki işin faktiki hallarından göründüyü kimi mübahisəli təsis payı xx.xx.2017-ci il tarixdə, yəni Bilalova Nigar Səyyaf qızının İddiaçı1 ilə birgə nikah dövründə sonuncu tərəfindən alınmışdır. Mübahisəli əmlakın ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi halı da iddiaçı tərəfindən mübahisələndirilmir.

74. Cavabdeh3 Cavabdeh1, İddiaçı2 və İddiaçı1 arasında xx.xx.2017-ci il tarixli “müəssisədəki təsis payının alqı-satqı müqaviləsi” bağlanarkən alıcılar tərəfindən satıcıya hər hansı məbləğdə pulun ödənilmədiyinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar kollegiya hesab edir ki, bu dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

75. Bundan sonra iddiaçılar və Cavabdeh1 arasında müəssisədəki öz paylarının geri qaytarılmasını şərtləşdirən xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsi bağlanmış və həmin tarixdə onlar notariat qaydasında təsdiq olunmuş müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair mübahisələndirilən ərizələr vermişlər. Daha sonra Cavabdeh1 35% paya sahib olan təsisçi kimi təkrar qeydə alınmış və xx.xx.2018-ci il tarixdə həmin payın alqı-satqısı barədə sonuncu ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı notariat ofisində müqavilə bağlanmışdır. Bununla əlaqədar MMC-nin digər təsisçisi olan şirkətin qanuni təmsilçisinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmışdır.

76. Məhkəmə üçüncü şəxsin verdiyi apellyasiya şikayəti ilə əlaqədar həm Ailə Məcəlləsinin, həm də Mülki Məcəllənin müddəalarına istinad edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

77. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ərin (arvadın) tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər.

78. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

79. Həmçinin Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

80. Mübahisələndirilən ərizələrdə iddiaçıların alqı-satqı müqaviləsinin ləğvinə dair iradələri ifadə olunduğundan həmin ərizələrin etibarsızlığı barədə mübahisəyə əqdlərin etibarsızlığına dair normalar tətbiq edilməlidir.

81. Belə ki, baxılan iş üzrə üçüncü şəxs mübahisələndirdiyi müqavilənin ləğv edilməsi barədə ərizələrin tərtib edilməsi zamanı onun razılığı tələb olunduğuna və razılığı olmadan bağlandığına istinad edərək, həmin ərizələrin və daha sonra bağlanmış digər müqavilənin etibarsızlığını tələb etmişdir. Göründüyü kimi hazırkı mübahisə (ərizələrə münasibətdə) əqdin mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsızlıq halı ilə bağlıdır. Başqa sözlə, ər-arvadın ümumi birgə mülkiyyəti üzərində birtərəfli qaydada verilən sərəncama münasibət Mülki Məcəllənin 225.6-cı və 650-ci maddələrinin tələbləri baxımından olmalıdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun müddəalarına görə hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət reyestrinə daxil edilməsi tələb olunur və beləliklə də mübahisəli təsis payı rəsmi reyestrdə qeydə alınan daşınar əşyalara aiddir.

82. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.

83. Baxmayaraq ki, əşyanı vicdanlı əldə edən üçüncü şəxslərin hüquqları qorunur, bununla belə, daşınmaz əmlaka (rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara) birgə hüququ olan ərin (arvadın) razılığı olmadan əşyanı əldə edən üçüncü şəxsin ona sərəncam verənin lazımi səlahiyyətə malik olmamasını bilmədiyi və ya bilməli olmadığı hallarda vicdanlılığı qorunmur. Belə vəziyyətdə əşyaya sərəncam verilməsinə dair bağlanmış əqdin hüququ pozulan ümumi mülkiyyətçilərin tələbi ilə etibarsız sayılması imkanı qanunda göstərilmişdir.

84. Qeyd olunan normada göstərildiyi kimi, bu qayda alıcının vicdanlı olması halına da aiddir. Bu baxımdan hazırkı iş üzrə Cavabdeh1 vicdanlı əldə edən olub-olmaması mübahisələndirilən ərizənin etibarsız sayılmasına hüquqi maneə təşkil etmir. Başqa sözlə, onun vicdanlı olması bu mübahisənin həlli baxımından hüquqi əhəmiyyəti yoxdur. Mübahisə predmeti olan təsis payının özgəninkiləşdirilməsinə dair müqavilənin etibarlı müqavilə kimi qəbul olunması üçün satıcının, yəni İddiaçı1 həmin əmlakı satmaq üçün lazımi səlahiyyətlərinin olub-olmaması (digər mülkiyyətçinin əmlakın satılmasına razılığının olmaması) və Nigar Bilalovanın bu barədə məlumatlı olub-olmaması halları müəyyən edilməlidir.

85. Hazırki işin faktiki hallarından göründüyü kimi mübahisəli təsis payı xx.xx.2017-ci il tarixdə, yəni Bilalova Nigar Səyyaf qızının İddiaçı1 ilə birgə nikah dövründə alınmışdır. Bundan sonra xx.xx.2018-ci il tarixə MMC-nin Nizamnaməsinə dəyişiklik edilərək, İddiaçı1 17,5 % paya sahib təsisçi kimi qeydə alınmışdır. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının tələblərindən müəyyən olunur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri təsis payı İddiaçı1 tərəfindən özgəninkiləşdirilərkən həmin əmlakın digər mülkiyyətçisi olan Nigar Bilalovanın da razılığı tələb olunurdu və belə razılığın mövcud olmaması qanunvericiliyin tələbinə görə əqdi etibarsız saymaq üçün əsasdır.

86. İş materiallarından göründüyü kimi tərəflərin arasında bağlanmış müqavilənin ləğvi notariat qaydasında təsdiq edilmiş ərizələrdə ifadə edilmişdir, həmin ərizələr verilən zaman Nigar Bilalovanın razılığının olub-olmaması qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlanılmamışdır. Halbuki əmlaka sərəncam verilməsi haqqında müqavilə ləğv edilərkən, bu müqavilə əsasında İddiaçı1 xeyrinə əmələ gəmiş hüquq barədə dövlət reyestrində müvafiq qeydlər mövcud olmuşdur (iş vərəq 50). Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqavilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi.

87. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır.

88. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilənlər mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 7E-6658 reyestr nömrəli ərizənin buna səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilməsi nəticəsində üçüncü şəxs Nigar Bilalovanın mülkiyyətindəki əmlakdan məhrum olması ilə nəticələnmişdir. Bu isə həmin ərizənin və onunla bağlı olan eyni tarixli 7E-6654 reyestr nömrəli ərizənin etibarsız hesab edilməsi üçün qanuni əsas yaradır.

89. Məhkəmə kollegiyası həmin razılaşmanın (7E-6658 və 7E-6654 reyestr nömrəli ərizələrin) formal olaraq verildiyinin işin müqavilə tərəflərinin mübahisələndirmədikləri halı olmasını nəzərə alaraq həmin məsələyə dair Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) tətbiqinə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.

90. Mübahisələndirilən Cavabdeh1 ilə Cavabdeh3 arasında 35 % təsis payının alqısatqısına dair xx.xx.2018-ci il tarixli müqaviləyə münasibətdə isə işin halları başqa cürdür.

91. Qeyd olunmalıdır ki, sözügedən əmlakın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanarkən sonuncu alıcı Cavabdeh3 ğun (satıcının deyil), ondan əvvəlki mülkiyyətçinin (İddiaçı1) nikahda olmasını, əvvəlki mülkiyyətçinin nikahda olduğu şəxsin alqı-satqıda razılığının olmadığını bilməli deyildi və bilə bilməzdi.

92. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış təsis payının alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız sayılması üçün əsas yoxdur. Çünki qanunvericiliyin tələblərinə görə, əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ərin (arvadın) tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər. Ona görə də sonuncu alqısatqının etibarsız hesab edilməsi barədə iddia (eləcə də bu etibarsızlığın yaratdığı hüquqi nəticə üzrə tələb) təmin edilməməlidir.

93. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) iddianın bu hissəsinə tətbiqi ilə əlaqədar ilk öncə qeyd edir ki, mübahisəli əmlakın, sonrakı əldə edənləri vicdanlı əldə edən olduqları üçün, bu Məcəllənin 157.3-cü maddəsinə əsasən əvvəlki vəziyyətə qaytarılması mümkün deyildir. Ona görə ki, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranmasını və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur və bu qaydalar vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir.

94. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisəli əmlak mülkiyyətçisinin iradəsinə zidd olaraq digər şəxsin adına dövlət reyestrində qeydə alındıqdan sonra vicdanlı üçüncü şəxsin əvəzli qaydada əldə etməsi sonuncu müqaviləsin etibarsızlığını istisna etsə də, bu hal birinci müqaviləin etibarsız sayılmasından imtina edilməsi üçün qanuni əsas ola bilməz. Əksinə özgəninkiləşdirmə barədə birinci əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsbit edilməsi əmlakından məhrum edilmiş şəxslərə zərər vurulmasında təqsirli olan şəxslərin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir.

95. Kəsici müddətin tətbiqi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddət əqdin etibarsız sayılması haqqında iddiaya tətbiq edilən müddət olmayıb, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə şamil olunan iddia müddətidir. Hazırkı iddianın təmin olunan hissəsi baxımından qeyd olunmalıdır ki, ərizənin etibarsız sayılması barədə tələbə əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələri haqqında müddət tətbiq oluna bilməz.

96. Belə ki, mübahisələndirilən ərizələr əqd sayıldığı üçün onun, səlahiyyətli olmayan şəxs tərəfindən verilməsi, bununla da subyektiv tərkibinin qüsurlu olması baxımından əhəmiyyətsiz əqd olması anlamına gəlir və bu fakt müddətin keçməsindən asılı olmayaraq təsbit edilməlidir. Yuxarıda qeyd edildiyi kimi sözügedən əqd üzrə icra edilmişlərin qaytarılması mümkün deyildir və iddianın bu hissədə rədd edilməsi qənətinə gəlinmişdir. Ərizəıərin əhəmiyyətsiz əqd olmasının təsbit edilməsi isə müddətin keçib-keçməməsindən asılı deyildir.

97. Bu xüsusatla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “...əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. ...Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.” 98.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 99.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün hazırki apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməlidir.

100. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. 25 aprel 2018-ci il tarixdə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr etibarsız hesab edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Günay Axundova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar