Məhkəmə qərarları › İş №2(103)-386/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-386/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-386/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 vəkili Kərimov Yusif oğlunun və Mərkəzi Bankının nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, 05 noyabr 2019cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələblərini dəqiqləşdirərək Cavabdeh1 əsas borc - 52127.07 manat, əsas borca hesablanmış faiz borcu - 2893,66 manat, cəmi 55050,73 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzildən və Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh1 (Borcalan) arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi ilə Bank Borcalana 350.000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 16 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. O da mübahisə edilmir ki, kredit müqaviləsinin təminatı qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Bank) ilə Cavabdeh2 arasında 26 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi, ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3,birgə borcalan Cavabdeh1 və birgə borcalan X3 arasında 14 mart 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, müvafiq olaraq Cavabdeh2 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 34 nömrəli mənzil və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 146, mənzil 36 ünvanında yerləşən daşınmaz əmlak "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2017-ci il tarixli kredit müqaviləsi ilə Bank Borcalana 75.000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit 36 ay müddətinə verilmişdir. Expressbank" ASC tərəfindən tərtib edilmiş 04 aprel 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 aprel 2018-ci il tarixə Banka olan borcu 54.322,81 manat əsas borcu və 2.249,13 manat faiz borcu olmaqla, cəmi 56.571,94 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş 05 iyun 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05 iyun 2018- ci il tarixə Banka olan borcu 52.157,07 manat əsas borcu və 2.893,66 manat faiz borcu olmaqla, cəmi 55.050,73 manat təşkil edir. «Leqal Prime» Hüquq şirkətinin 17.07.2018-ci il tarixli LP-078/18 saylı və LP- 079/18 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 manat təşkil edir; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzil 125.000 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, 05 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1966/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev-sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 115/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 29 655,15 (iyirmi doqquz min altı yüz əlli beş manat 15 qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manat xərcin tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 45 (qırx beş) manatın, 15 (on beş) manatının iddiaçıya aid edilməsi, 30 (otuz) manatının isə Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 (səksən beş min) manat müəyyən edilməklə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh3 qaytarılması, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində oradan çıxarılması, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzilə 125.000 manat (yüz iyirmi beş min) manat müəyyən edilməklə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaitinin hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissələrdə təmin olunmaması, məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olan 390 (üç yüz doxsan) manatın 300 (üç yüz) manatının Cavabdeh1, 90 (doxsan) manatının isə İddiaçı ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilməsi qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8062/21 saylı 10 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1966/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8062/21 saylı 10 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Mərkəzi Bankın mütəxəssisinin 01 iyun 2020-ci il tarixli rəyinə istinadla əsaslandırmışdır. Bununla bağlı Cavabdeh1 kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020- ci il tarixli, 11.10.2019-cu il tarixli və 18.02.2019-cu il tarixli ekspert rəyləri ilə borcunun olmadığı əksinə 301.55 manat artıq ödəməsinin olduğu müəyyən edilsə də apelyasiya instansiyası məhkəməsi əsasız olaraq 01 iyun 2020-ci il tarixli mütəxəssis rəyini əsas götürmüşdür. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə razılaşmamasını qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. Halbuki, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bundan başqa iş materiallarından görünür ki, 01 iyun 2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət vardır. Belə ki, 01 iyun 2020-ci il tarixli, Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16% dərəcəsi ilə 48 ay müddətinə 350 min manat məbləğində kredit verilmişdir. Bu kredit üzrə 24.05.2016-cı ildə ödənilmiş 5 826.94 manat, 13.12.2016cı ildə ödənilmiş 12 744.86 manat, 09.08.2017-ci ildə tarixlərində ödənilmiş 5 512.10 manat kapitallaşdırılmışdır (borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılma əsassız hesab edilmiş və hesablama zamanı nəzərə alınmamışdır). Qeyd etmək lazımdır ki, mübahisələndirilən kreditin müddəti dövründə borcalana digər kredit verilmişdir (30.05.2017-ci il tarixində 75 min manat məbləğində kredit). Borcalan tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlər bir neçə hallarda bank tərəfindən borcalanın digər kreditinə silinmişdir. Qeyd olunan formada silinmənin aparılması bank ilə müştəri arasında imzalanmış müqavilənin 5-ci bəndi (müqavilənin 5.1.5-ci bəndinə əsasən borcalanın bank qarşısında bir və ya bir neçə icra edilməli öhdəliyi olduqda, bank icra edilməli öhdəliyi seçmə hüququna malikdir) ilə tənzimlənir. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Qeyd olunan maddənin yarımbəndindən tam aydın olur ki, borcalanın bir neçə öhdəliyi olduğu təqdirdə ödənilən vəsaitin təyinatı borcalan tərəfindən müəyyən edilir. Bu maddənin tələbi nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi təyinatı ilə edilmiş ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsi əsassızdır. Qeyd edilən mütəxəssis rəyinin nəticə hissəsində isə 05.06.2018-ci il tarixinə Cavabdeh1 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit borcunun 35925.51 manat (əsas borc - 35750.73 manat, faiz borcu -174.78 manat) təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi, işin halları ilə müəyyən edilir ki, borclu Cavabdeh1 kredit müqaviləsi ilə 24.05.2016-cı ildə ödədiyi 5,826.94 manat, 13.12.2016-cı ildə ödədiyi 12,744.86 manat, 09.08.2017-ci ildə ödədiyi 5,512.10 manat məbləğlər əsas borcun və faiz borcunun silinməsinə yönəldilməli olduğu halda həmin məbləğlər borcun silinməsinə yönəldilməmiş və kapitallaşdırılaraq borclunun üzərinə başqa məbləğdə əsas borc və faiz borcu qoyan yeni ödəniş qrafiki təqdim edilmişdir. Mütəxəssis rəyində tərəflər arasında əlavə müqavilənin imzalanmaması səbəbindən bu qaydada kapitallaşmanın əsassız olduğu vurğulansa da rəyin nəticə hissəsində bu hal nəzərə alınmamış və mütəxəssis kapitallaşmanı əsas tutmaqla qeyd edilən rəyi vermişdir. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən ziddiyyətlərlə yanaşı bu kapitallaşmanın hansı normativ-hüquqi aktla, o cümlədən tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənib-tənzimlənmədiyini araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir. Bundan başqa 01 iyun 2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsində Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş bəzi ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsinin əsassız olduğu vurğulansa da mütəxəssis rəyin nəticə hissəsində həmin ödənişləri 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlər kimi nəzərə almamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili Kərimov Yusif oğlu apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Mərkəzi Bankının nümayəndəsi X6 verdiyi mütəxəssis rəyini müdafiə etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etmədilər və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 269.1-ci və 269.7. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanun: Maddə 34.1.1-ci və 31.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın rədd edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iddianın qismən edilməsi ilə bağlı yekun qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin növbəti dəfə kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə tam əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 18.02.2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 26.12.2014-cü il tarixli, 100850- 045/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 18.02.2019-cu il tarixədək banka 301,55 manat məbləğində artıq ödənişi müəyyən olunur, o cümlədən; 05.06.2018-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 5.591,91 manat, faiz borcu 27.34 manat; 18.02.2019-cu il tarixə (ekspertiza aparılan tarix) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödənilmiş 301,55 manat təşkil edir Məhkəmə-mühasibatlıq ekspertizasının 11.10.2019-cu il tarixli, 8545 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 26.12.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 18.02.2019-cu il tarixədək banka 301,55 manat məbləğində artıq ödənişi müəyyən olunur, o cümlədən; 05.06.2018-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 5.591,91 manat, faiz borcu 27.34 manat; 18.02.2019-cu il tarixə (ekspertiza aparılan tarix) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödənilmiş 301,55 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 06 avqust 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan cıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 26 dekabr 2014- cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 05.06.2018-ci il tarixə banka olan borcu 5.619,25 manat təşkil edir: əsas borc üzrə 5.591,91 manat, faiz borcu üzrə 27,34 manat. 26.07.2018-ci il tarixə isə onun borcu olmamış və 301,55 manat artıq ödəniş edilmişdir. 01 iyun 2020-ci il tarixli, Mərkəzi Bankın mütəxəssis rəyində qeyd edilmişdir ki, iş materiallarına əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə 16% dərəcəsi ilə 48 ay müddətinə 350 min manat məbləğində kredit verilmişdir. Bu kredit 24.05.2016-cı ildə 5 826.94 manat, 13.12.2016-cı ildə 12 744.86 manat, 09.08.2017-ci ildə tarixlərində 5 512.10 manat kapitallaşdırılmışdır (borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılma əsassız hesab edilmiş və hesablama zamanı nəzərə alınmamışdır). Qeyd etmək lazımdır ki, mübahisələndirilən kreditin müddəti dövründə borcalana digər kredit verilmişdir (30.05.2017-ci il tarixində 75 min manat məbləğində kredit). Borcalan tərəfindən 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə edilmiş ödənişlər bir necə hallarda bank tərəfindən borcalanın digər kreditinə silinmişdir. Qeyd olunan formada silinmənin aparılması bank ilə müştəri arasında imzalanmış müqavilənin 5-ci bəndi (müqavilənin 5.1.5-ci bəndinə əsasən borcalanın bank qarşısında bir və ya bir neçə icra edilməli öhdəliyi olduqda, bank icra edilməli öhdəliyi seçmə hüququna malikdir) ilə tənzimlənir. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Məcəllənin 440.1-ci maddəsinəəsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Qeyd olunan maddənin yarımbəndindən tam aydın olur ki, borcalanın bir neçə öhdəliyi olduğu təqdirdə ödənilən vəsaitin təyinatı borcalan tərəfindən müəyyən edilir. Bu maddənin tələbi nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli,100850-45/14 nömrəli kredit müqaviləsi təyinatı ilə edilmiş ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsi əsassızdır. 05.06.2018-ci il tarixinə Cavabdeh1 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit borcu 35925.51 manat (əsas borc - 35750.73 manat, faiz borcu -174.78 manat) təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(103)-8062/2021 nömrəli qərardadı ilə kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar iş üzrə Mərkəzi Bankdan yenidən mütəxəssis rəyi alınması qərara alınmış və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Borclu Cavabdeh1 kredit müqaviləsi ilə 24.05.2016-cı ildə ödədiyi 5,826.94 manat, 13.12.2016-cı ildə ödədiyi 12,744.86 manat, 09.08.2017-ci ildə ödədiyi 5,512.10 manat məbləğlər əsas borcun və faiz borcunun silinməsinə yönəldilməli olduğu halda həmin məbləğlər borcun silinməsinə yönəldilməmiş və kapitallaşdırılaraq borclunun üzərinə başqa məbləğdə əsas borc və faiz borcu qoyan yeni ödəniş qrafiki təqdim edilməsi hansı normativ-hüquqi aktla tənzimlənir, əgər tənzimlənmirsə bank bunu hansı normativ hüququ akta əsasən etmişdir; -01 iyun 2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsində Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş bəzi ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsinin əsassız olduğu vurğulansa da mütəxəssis rəyin nəticə hissəsində həmin ödənişləri 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlər kimi nəzərə almamasının səbəbləri nə olmuşdur; -Borclu Cavabdeh1 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə etdiyi ödənişlər digər kredit müqaviləsinə silinməsi nəzərə alınmasa, 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə işdə olan məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri də nəzərə alınmaqla hər hansı bir məbləğdə borcu mövcuddurmu; Azərbaycan Respublikası Mərkəzi Bankının 17 noyabr 2021-ci il tarixli 06-00579- 2021 nömrəli məktubu ilə göndərilmiş Rəy və ona əlavə edilmiş materiallar işə əlavə edilmişdir. Rəydə mütəxəssis qarşısında qoyulmuş suallara cavab verilmiş və nəticə hissəsində göstərilmişdir ki, yenidən hesablama nəticəsində sonuncu əməliyyat tarixinə(01.10.2019-cu il tarixinə) borclu Cavabdeh1 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında 30.252,30 manat əsas borcu, 5.984,17 manat faiz borcu mövcud ola bilər(yenidən hesablama barədə cədvəl rəyə əlavə olunur). Bundan sonra, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mərkəzi Bankın mütəxəssislərinin verdiyi rəylərlə ekspertiza rəyləri arasında ziddiyyət olduğundan iş üzrə tərəflərin və sonuncu mütəxəssis rəyini tərtib etmiş şəxsin iştirakı ilə komisyon məhkəməmühasibatlıq ekspertizası təyin edilməlidir. Çünki, ekspertiza rəylərində 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun qalmadığı, əksinə 301,55 manatın artıq ödənildiyi, mütəxəssis rəyində isə Cavabdeh1 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında 30.252,30 manat əsas borcu, 5.984,17 manat faiz borcu mövcud ola bilər göstərilmişdir. Bu hal isə istər-istəməz həmin ekspert rəyləri ilə mütəxəssis rəyi arasında ziddiyyətin yenidən xüsusi biliyə malik ekspertlərin rəyi ilə aradan qaldırılmasını zəruri etmişdir. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-386/2022 saylı, 10 yanvar 2022ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 26 aprel 2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzindən qeyd edilən mülki iş və 9/702 saylı, 15.04.2022-ci il tarixli ekspert rəyi daxil olmuşdur. Həmin rəydə qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza təyini haqqında qərardada əsasən hazırki ekspertiza tədqiqatında işrak etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın mütəxəssisi X6 ekspert qarşısında qoyulmuş Borclu Cavabdeh1 kredit müqaviləsi ilə 24.05.2016-cı ildə ödədiyi 5,512.10 manat, 13.12.2016-cı ildə ödədiyi 12,744,86 manat, 09.08.2017-ci ildə ödədiyi 5, 512.10 manat məbləğdə əsas borcun və faiz borcunun silinməsinə yönəldilməli olduğu halda həmin məbləğlər borcun silinməsinə yönəldilməmiş və kapitallaşdırılaraq borclunun üzərinə başqa məbləğdə əsas borc və faiz borcu qoyan yeni ödəniş qrafiki təqdim edilməsi hansı normativ-hüquqi aktla tənzimlənir, əgər tənzimlənmirsə, bank bunu hansı normativ-hüquqi akta əsasən etmişdir sualına cavab olaraq bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş 17.11.2021-ci il tarixli 06.00579-2021 saylı rəydə sual cavablandırılıb. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Rauf Kazımov tərəfindən tərtib edilmiş 01 iyun 2020-ci il tarixli rəydə Cavabdeh1 26.12.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə ödədiyi kredit ödənişləri kassa məxaric orderində və hesabdan çıxarış məlumatlarında göstərilən təyinatlar üzrə 26.12.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqviləsi üzrə ödənilmişdir (01 iyun 2020-ci il tarixli rəyin cədvəl məlumatında öz əksini tapır). Yəni ki, 26.12.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə kredit ödənişləri bank tərəfindən digər krditlərə ödənilmiş, lakin 01 iyun 2020-ci il tarixli rəydə digər kreditə ödənilmiş məbləğlər 26.12.204-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsinə ödənilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən , Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş elanları, hesabdan çıxarış məlumatları, 26.12.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alımaqla Cavabdeh1 05.96.2018-ci il tarixə banka olan əsas və faiz borcu 4.827,59 manat məbləğində, 26.07.2018-ci il tarixə banka olan əsas və faiz borcu tam ödənilmiş və 1.110,95 manat məbləğində artıq ödəniş, 01.10.2019cu il tarix banka olan əsas və faiz borcu tam ödənilmiş və 7.125,95 manat məbləğində artıq ödəniş müəyyən edilir, o cümlədən 05.06.2018-ci il tarixə əsas borc üzrə 4.804,10 manat, faiz borcu üzrə 23,49 manat, 26.07.2018-ci il tarixə əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödəniş 1.110,95 manat, 01.10.2019-cu il tarixə əsas borc üzrə 0.00 manat, fazi borcu üzrə 0.00 manat artıq ödəniş 7.125,95 manat müəyyən edilir. Göründüyü kimi, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertlərin köməyindən dəfələrlə istifadə edilmişdir. Ekspertlər də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Lakin iddiaçı hər dəfə ekspert rəylərinin özünü mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ekspertin əsas və faiz borcunun qalmadığı barədə rəylərini nəzərə almış, yəni tələb edilən əsas və faiz borcun tam ödənildiyinə dair ekspert rəylərini mötəbər sübut kimi qəbul etmişdir. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspertlər tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. İşə baxan məhkəmələr də iş üzrə 4 dəfə məhkəmə mühasibatlıq ekspertizaları təyin edərək rəylər aldılar. Hətta axırıncı rəy Mərkəzi Bankın mütəxəssisinin iştirakı ilə ekspert komissiyası tərəfindən verilmişdir. Bu rəylə də komisyon ekspertiza borcalanın qeyd olunan kredit müqaviləsi üzrə borcunun olmadığını təsdiq etmişdir. Düzdü, iş üzrə Mərkəzi Bank tərəfindən bir-birinə zidd 2 mütəxəsiss rəyi də verilmişdir. Sonuncu mütəxəssis rəyində borclu Cavabdeh1 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında 30.252,30 manat əsas, 5.984,17 manat faiz borcu mövcud ola bilər göstərilmişdir. Ancaq mövcud ola bilər ifadəsi ona dəlalət edir ki, borc mövcud olmaya da bilər. Yəni, bu rəydə qeyd olunan məbləğdə borcun mövcud olması ehtimal olunur. Ehtimal əsasında qəbul edilən məhkəmə aktı isə şübhəsiz ki, qanuni və əsaslı ola bilməz. Lakin iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəylərinin mübahisəli kredit müqaviləsi üzrə borcun mövcud olmamasına dair hissədə həqiqiliyi hər hansı bir şübhə doğurmadı. Ona görə də, məhkəmə mühasibatlıq ekspertizalarının rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsi üçün də əsas yoxdur. Eyni zamanda Mərkəzi Bankın mütəxəssisi tərəfindən verilmiş sonuncu mütəxəssis rəyində mübahisələndirilən kredit müqaviləsi üzrə borcalan tərəfindən ödənilmiş 429 026,56 vəsaitlərdən 06.08.2015-01.10.2019-cu tarixlərdə 37 halda 26842,63 manat məbləğdə digər kredit müqavilələri üzrə silinmiş vəsaitlər yenidən müvafiq borc üzrə silinmə kimi, eləcə də, işdə olan məhkəmə mühasibatlıq ekspertizasının rəyində 24.05.2016-il tarixində 5826,94 manat, 13.12.2016-cı il tarixdə 12744,86 manat və 09.08.2017-ci il tarixində 5 512,10 manat məbləğdə vəsaitlərin borcalanın ödənişi kimi hesab edilməsi nəzərə alınmadan yenidən hesablama aparılmış və Mülki Məcəllənin 432.4-cü maddəsinin tələblərinə uyğun öhdəliyin hissə-hissə icrasına uyğun silinmələr aparılmışdır. Ancaq apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Emil Qabıyev 24 may 2017ci il tarixdə iddiaçı bankla bağladığı digər kredit müqaviləsi üzrə də öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə 52843,85 manat əsas, 2984,78 manat faiz, cəmi 55843,85 manat borc da tutularaq banka ödənilməsi qət edilmiş, həmin qətnamədən Emil Qabıyevin verdiyi şikayət isə Bakı Apellyasiya Məhkəməsinin 13.01.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Emil Qabıyevin ödədiyi 26842,63 manatın digər kredit müqaviləsi üzrə silinmiş vəsait kimi yenidən hazırki kredit müqaviləsi üzrə də silinməsi hər hansı bir mötəbər sübutla, o cümlədən məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə təsdiq olunmur. Çünki, sonuncu məhkəmə təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizasının qarşısında buna dair sual qoyulmuş və ekspert komissiyası bu halın həqiqiliyini inkar etmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 200 (iki yüz) manat İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar