Məhkəmə qərarları › İş №2(103)-3873/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3873/2022

19.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3873/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-nə və Cavabdeh2 ASC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə və Cavabdeh2 ASCnə qarşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.02.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin İddiaçı və X3 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi qismən təmin edilərək, İddiaçı 416 458,97 (dörd yüz on altı min dörd yüz əlli səkkiz ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları əsas, 111 467,24 (bir yüz on bir min dörd yüz altmış yeddi ABŞ dolları, iyirmi dörd sent) ABŞ dolları faiz, 4000 (dörd min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 531 926,21 (beş yüz otuz bir min doqquz yüz iyirmi altı ABŞ dolları, iyirmi bir sent) ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), habelə 31 (otuz bir) nanat xərcin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh2 ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ev 29, mənzil 29-a yönəldilməsi, mənzilin ilkin satış qiyməti 515 000 (beş yüz on beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına İddiaçı banka olan kredit borcunun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ev 29, mənzil 29 satıldıqdan sonra bir ay ərzində İddiaçı və X1 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manatın İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, ekspertiza tədqiqatının dəyəri 10 (on) manatın İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

2. Həmin qətnamədən "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 25.08.2017-ci il tarixli qətnaməsi ilə, İddiaçı və X1 verdikləri apellyasiya şikayəti isə Bakı Apelyasiya Məhkəməsinin 11.02.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 11.02.2019-cu il tarixli qətnaməsindən X1 və İddiaçı verdikləri kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.07.2019 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı Nəsimi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən hərraclar keçirilmiş, əmlak hərracda satılmadığından tələbkar banka təklif olunmuş, 22.02.2021-ci il tarixdə bankın mülkiyyətinə keçirilmişdir.

5. İddiaçı “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə və Cavabdeh2 ASC-nə qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən verilmiş 27.12.2019-cu il tarixli 83/03-1 saylı hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 29 saylı evin 29 saylı mənzilinə dair Cavabdeh2 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21.02.2017-ci il tarixli qətnaməsi ilə tələbin ipotekaya qoyulmuş ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 29 saylı evin 29 saylı mənzilinə yönəldilməsi və açıq hərracda satılması qət edilmiş, hazırda tərəfindən həmin iş üzrə Azərbaycan Republikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün qətnamənin rəsmi qaydada əldə edilməsi barədə ərizə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 21.02.2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin qanuna zidd sifarişi ilə əmlak hərraca çıxarılmışdır. Belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar-bildiriş ona təqdim edilməmiş, tələbin könüllü icrasına dair qanunun tələbi pozulmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin maddənin 2-ci hissəsinə əsasən “İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir”. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmənin nəzərinə çatdırıram ki, Nəsimi rayon İcra və probasiya Şöbəsi tərəfindən ona nəinki könüllü icra müddəti verilmiş, heç icraata başlamaq haqqında qərar barədə məlumat belə verilməmişidr. İcra haqqında qanunun tələbi kobud şəkildə pozulmaqla ona borclu kimi heç bir məlumat verilmədən ipoteka predmeti olan ev gizli olaraq hərraca çıxarılmış, 19.10.2021-ci il tarixində bank tərəfindən ona telefon vasitəsi ilə məlumat verilərək mənzilin artıq bankın mülkiyyətində olması bioldirilərək qısa müddətdə mənzili boşaltması tələb edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC tərəfindən keçirilən hərraclar barədə ona heç bir məlumat verilməmiş, həmin MMC-nin ona təqdim edilməsi üçün göndərdiyi 11.10.2019-cu il tarixli 3483 saylı 1 №-li bildirişinin göndərilməsinə dair poçt qəbzində tamamilə ona məlum olmayan bir ünvan göstərilmiş, 25.10.2019-cu il və 15.11.2019-cu il tarixli bildirişlər də eyni ünvana göndərilmişdir. Halbuki tələbkar bank onun ünvanını bilirdi, həmçinin girov qoyulmuş əmlak da Bankın Bülbül prospektində yerləşən filialının üzərində yerləşir. Buradan da görünür ki, tələbkarın yeganə məqsədi onun xəstəliyindən istifadə etməklə ona məxsus olan əmlakı qanunsuz olaraq ələ keçirmək olmuşdur. Bank tərəfindən ona əmlakın hərracda alınması telefon vasitəsilə bildirildikdən sonra 20.10.2021-ci il tarixində “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə müraciət edərək hərrac bildirişlərini, icra sənədini, hərrac protokolunu və s. sənədlərin ona verilməsini tələb etmişdir. Hərrac təşkilatı hərracın keçirilməsi barədə ona nəinki “çatdırılmasını təsdiq etmə üsulu ilə” xəbər vermiş, hətta şifahi də məlumat verməmişdir. Poçt qəbzlərinin surətlərindən də göründüyü kimi tamamilə yad bir ünvana bildiriş göndərilməklə hərracın keçirilməsi ondan gizlədilmişdir. Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çıkir və məhkəmə prosesinin başladığı 2017-ci ildən xarici dövlətlərdə xəstəliyinin müalicəsi ilə məşğul olmuşdur. Odur ki, bu proseslər onun vəziyyətinin pis olmasından istifadə etməklə gizli şəkildə keçirilmişdir. Mülki Məcəlləyə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməli, bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilən digər məlumatlar olmalıdır. Məcəllədə müəyyənləşdirilən qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, iddiaçı hərrac təşkilatının onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmadığını, hərracın təşkili ilə bağlı bildirişlərin yanlış ünvana göndərildiyini iddia etsə də, icra işinin materialları ilə iddiaçının oğlu tərəfindən bildirişlərin ona təqdim edilmək üçün qəbul olunduğu, eyni zamanda iddiaçının, bildirişlərin göndərildiyi ünvan 1 ünvanında həmin vaxt qeydiyyatda olduğu müəyyən edilmiş, bundan əlavə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə "Birja yenilikləri” qəzetində elan yerləşdirilmiş, beləliklə də o, hərrac barədə lazımınca məlumatlandırılmışdır. Başqa sözlə, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı irəli sürülmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, "xxxx" ASC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

12. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC, habelə iddiaçı tərəfindən üçüncü şəxs qismində göstərilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nümayəndələrini məhkəməyə göndərməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

14. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

15. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

17. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

23. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, sübutlara düzgün qiymət vermiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.

24. İş materiallarından aydın olur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21.02.2017-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra Nəsimi rayon İcra və Probasiya Şöbəsi mənzilin hərracda satışının təşkili üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-nə sifariş vermiş, adı çəkilən MMC tərəfindən “Birja Yenilikləri” qəzetinin 11-17.10.2021-ci il tarixli və 25-31.10.2019-cu il buraxılışlarında Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 29-da yerləşən evin 29 saylı mənzilinin ilkin satış qiyməti 515 000 manat müəyyən edilməklə 12.11.2019-cu il tarixdə açıq hərracının keçiriləcəyi barədə elanlar verilmiş, bununla bağlı tərəflərə, o cümlədən İddiaçı həmin tarixlərdə qeydiyyatda olduğu ünvan 2 ünvanına 11.10.2019-cu il və 25.10.2019-cu il tarixlərdə bildirişlər göndərilmiş, bildirişlər “qapını açan olmadı” qeydi yazılmaqla geri qaytarılmış, həmin qəzetin 15-21 noyabr 2019-cu il tarixli buraxılışında ilkin hərracın baş tutmadığı qeyd olunmaqla mənzillə bağlı ikinci hərracın 25.11.2019-cu il tarixdə keçiriləcəyi (ilkin satış qiymətindən 15% aşağı qiymətlə) haqqında elan yerləşdirilmiş və icra icraatının tərəflərinə bildirişlər ünvanlanmış, müvafiq bildiriş “qapının kodlu” olması qeydi yazılmaqla geri qaytarılmış, mənzil təkrar hərracda da satılmadığından əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 328 312,5 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka 29.11.2019-cu il tarixdə təklif məktubu göndərilmiş, eyni zamanda “Birja Yenilikləri” qəzetinin 29.11.2019-cu il tarixli buraxılışında hərracın baş tutmadığı barədə elan verilmişdir.

25. İş materiallarından həmçinin görünür ki, icra məmurunun 29.08.2019-cu il tarixdə İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanladığı “Tələbin könüllü icrası haqqında” bildiriş onun oğlu Anar İbrahimov tərəfindən qəbul edilmiş, adı çəkilən şəxs bildirişdə onu İddiaçı çatdıracağı barədə qeyd yazmış, İddiaçı bankın rəhbərinə yazdığı 18.01.2019-cu il tarixli ərizədə borcu 2019-cu ilin dekabr ayına qədər ödəyəcəyini bildirməklə icra icraatının dayandırılmasını xahiş etmişdir.

26. Göründüyü kimi, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.

27. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-353/2022 saylı iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar