Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3876/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-470/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il tarixli 103 saylı kredit müqaviləsi üzrə 13984,59 manat əsas borc, 1469,58 manat faiz borcu, 6175,05 manat cərimə, 2196,08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 23825,30 manat borcun, xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsi üzrə 4798,46 manat əsas borc, 307,27 manat faiz borcu, 607,26 manat cərimə, 756,43 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6469,42 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan “Doosan SD-300” markalı CWLCD-010005 seriyalı, buraxılış ili 2013-cü il olan yükləyiciyə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 103 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6% ödənilmək şərti ilə 15000 manat məbləğində, xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 16% ödənilmək şərti ilə 61300 manat məbləğində istehlak krediti veriimişdir. xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini qismində tərəflər arasında xx.xx.2013-cü il tarixli, 1318 saylı ipoteka müqaviləsi bağlanaraq cavabdehə məxsus olan “DOOSAN SD-300” markalı, CWLCD-010005 seriyalı, buraxılış ili 2013-cü il olan yükləyici bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh hər iki kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-470/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən iddia müddətinin axımının müqavilələrin icra müddətinin bitdiyi vaxtdan hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyil, bu zaman məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarlarının tələbləri nəzərə alınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin araşdırılan faktiki və mübahisə edilməyən halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 103 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6% ödənilmək şərti ilə 15000 manat məbləğində, xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 16% ödənilmək şərti ilə 61300 manat məbləğində istehlak krediti verilmişdir. xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini qismində tərəflər arasında xx.xx.2013-cü il tarixli, 1318 saylı ipoteka müqaviləsi bağlanaraq cavabdehə məxsus olan “DOOSAN SD-300” markalı, CWLCD-010005 seriyalı, buraxılış ili 2013-cü il olan yükləyici bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, xx.xx.2013-cü il tarixli 103 saylı kredit müqaviləsi üzrə borclunun 13984,59 manat əsas borc, 1469,58 manat faiz borcu, 6175,05 manat cərimə, 2196,08 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 23825,30 manat borcu vardır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsi üzrə borclunun 4798,46 manat əsas borc, 307,27 manat faiz borcu, 607,26 manat cərimə, 756,43 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6469,42 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, borc alan tərəfindən banka sonuncu ödəniş xx.xx.2013-cü il tarixli 103 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə, xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2016-cı il tarixdə həyata keçirilmişdir. Lakin, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə,müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.». Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir. Hazırki iş üzrə xx.xx.2013-cü il tarixli 103 saylı kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixdə bitdiyi və kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə aparıldığı, xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsinin icra müddəti isə xx.xx.2016-cı il tarixdə bitdiyi və həmin kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2016-ci ildə aparıldığı halda, iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız xx.xx.2019-cu il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etdiyi ərizəsindən görünür ki, həmin ərizə ilə o, iddiaçının qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürdüyünü nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Kollegiya onu da qeyd edir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsində iş materialları sadalanarkən hazırki iş üzrə mövcud olan xx.xx.2013-cü il tarixli 103 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 4521 saylı kredit müqaviləsi qeyd edilməli olduğu halda göstərilmişdir ki, “iş materiallarında olan İddiaçı ASC-nin “Uğur” filiali ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 51 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 6 ay müddətinə illik 25% ödənilmək şərti ilə 5000 manat məbləğində istehlak krediti verilmişdir” (iş v.84). Kollegiya hesab edir ki, qətnamənin yalnız bu hissəsində kredit müqaviləsinin səhv göstərilməsi formal olaraq yol verilmiş texniki səhvdir, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən doğru nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-470/2020 saylı saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-3876/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3876/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver