Məhkəmə qərarları › İş №2(103)-3883/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3883/2022

22.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3883/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 alıcı X2 ilə bağladığı AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı satqı” müqaviləsində dəyişiklik edərək, ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv olunması, alqı-satqı predmeti olmuş ünvan 1 ünvanında yerləşən əmlak üzrə faktiki ödədiyi pulun mütənasibliyinə uyğun olaraq əmlakın ¾ hissəsinə onun mülkiyyət hüququnun, ¼ hissəsinə isə Cavabdeh2 mülkiyyət hüququnun tanınması, müəyyənləşdirilmiş paylarına uyğun olaraq yeni çıxarışın verilməsi, ödədiyi 30 manat dövlət rüsmunun əvəzinin Cavabdeh2 tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva, iş № 2(007)-200/22) iddia qismən təmin edilmiş, 1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras), 1 ədəd 4 gözlü qaz pilitəsi (təzə); hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka) - təzə; 1 ədəd yataq yun döşəyi; 1 ədəd yataq balışı, mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka – adlı əşyaların İddiaçı məxsus olması və həmin əşyalar üzərində iddiaçının sərəncam vermək hüququnun tanınması qət olunmuş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Tərəflər qətnamədən narazı qalaraq apellyasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər 2 dəfə nikahda olmuşdur və ikinci nikahından 2 övladı var. Cavabdehin də əvvəlki nikahdan olan 2 yetkinlik yaşına çatmayan (9 və 17 yaşlı qızları) övladı var. Cavabdehlə ailə qurmaq istəmiş, el adəti ilə barmağına nişan üzüyü taxılmış, nikah işlərinə başlanılmışdır. Cavabdehlə tanış olduğu gündən cavabdeh ona məxsus olan “Kapital Bank” plastik kartının şəkilini “whatsap”la göndərmiş və onun maddi sıxıntıları olduğundan dəfələrlə ondan maddi yardım istəmişdir. O da cavabdehə inanaraq müxtəılif məbləğlərdə kartına pul köçürmüşdür. 2019-cu il tarixində ünvan 2 ünvanında 1 otaqlı mənzili bacısı Zeynalova (Mustafayeva) Nəzakət Məmməd qızının adına alıb. Bu mənzili bacının adına ona görə rəsmiləşdirmişdir ki, uzun müddət tək qalırdı və müxtəlif təhlükəli insanların dələduzluğunun qurbanına çevrilə bilərdi. Ona görə də, həmin evi öz puluna alsa da, rəsmiyyətdə bacının adına almışdır. Cavabdehin təhriki ilə həmin evi xx.xx.2021-ci il tarixində bağışlama müqaviləsinə əsasən mülkiyyətinə keçirmişdir. Cavabdeh bir otaqlı mənzildə daimi yaşamaq üçün darısqal olduğunu və həmin mənzilin satılmasını ondan tələb etmiş, o da özünün gələcəkdə artıq onunla ömrünün sonuna qədər yaşayacağına inanaraq cavabdehlə razılaşmışdır. Həmin mənzili makler vasitəsilə ümumlikdə xx.xx.2021-ci il tarixində 55500 manata sata bilmişdir. Amma tək qaldığına görə, təhlükəsizlik baxımından satışdan əldə etdiyi pulu alqı-satqı müqaviləsini bağladığı 50 saylı Notariat Ofisinin depozit hesabında xx.xx.2021-ci il tarixinə qədər saxlamışdır. Bu ərəfədə 2 və ya 3 otaqlı mənzilin axtarışına başlamış, cavabdeh əldə edəcəyi mənzilin onun adına alınmasına qəti etiraz etmişdir və bununla əsaslandırmışdır ki, cavabdeh ondan gəncdir, ailələrinin gələcəyi üçün Naxçıvan MR-i həmişəlik tərk edəcəkdir. Eləcə də, onun əvvəllər 2 dəfə evli olmağına əsas kimi gətirərək bildirmişdir ki, bir qədər ondan arxayın deyil, ona görə də onun cavabdehə qarşı olan münasibətinin səmimi olmasına inanmağı üçün əldə etdiyi ev üzrə bağlanılacaq alqı-satqı müqaviləsi bütövlüklə yalnız cavabdehin adına rəsmilləşdirilməsini ondan xahiş etmişdir. O da, həmin mənzilin cavabdehin adına rəsmilləşdirilməsinə razılıq vermişdir. Alacaqları mənzilin ümumi dəyəri 76000 manata razılaşdırılmışdır. Alqı-satqıdan öncə o, 500 manat beh vermişdir. Nəticədə, onlar ikisi (yəni, cavabdeh Səriyyə ilə birgə) Bakı şəhəri 50 saylı Notariat Ofisinə gələrək, əvvəlcədən tədarük etdiyi 66400 manat pulu özü ilə gətirərək alqı-satqı müqaviləsinin bağlanılması proseduru başlanılmışdır. Mənzilin alınmasına cavabdeh az da olsa pul xərcləmişdir. Bildiyinə görə o, "xxxx" ASC-dən iyul ayında 6300 manat kreditə pul götürmüş (kreditə görə ilk ödənişi də xx.xx.2021-ci il tarixində o, öz vəsaiti hesabına 225 manat pul ödəmişdir) və 4500 manat başqa şəxsdən götürmüşdür. Ümumlikdə, mənzilin alınmasına cavabdeh 10800 manat pul xərcləmişdir. Beləliklə də, açıq aşkar görünür ki, mənzilin alınmasına xərclənmiş pulun xeyli hissəsi onun tərəfindən ödənilmiş, lakin cüzi hissəsi isə cavabdeh tərəfindən verilmişdir. Ancaq buna baxmayaraq, mənzlin tam sahibi yalnız özü olmuşdur. Yuxarıda qeyd etdiyi kimi, mənzilin ümumi dəyəri 76000 manata danışılmış, amma ümumlikdə isə 77200 manat pul vəsaiti xərclənmişdir (500 manat notariat xərcləri, 700 manat isə maklerə xidmət haqqı ödəmişdir). O cümlədən, 75820 manat mənzilin sahibinə, mənzildə su qızdırıcısı “5 minutka” xarab olduğundan 100 manat, 52 manat istiliyə və 20 manat kommunal borca görə, ümumlikdə 180 manat çıxmışdır. Mənzil əldə olunduqdan sonra onun əşyalar ilə təchiz olunmasını o, həyata keçirmişdir. Belə ki, satdığı 1 otaqlı mənzildə olan bütün ev əşyaları (hamam güzgüsü, yun döşəklər, yorğanlar, balışlar, qab-qaşıq, dəhliz üçün paltar asan dəsti, 4 göz pilitə (tezə), 3 ədəd xalça, Türkiyə istehsalı olan sarı rəngdə masa, 3 ədəd stul, “Samsung” markalı 82 sm ölçüdə olan plazma televizoru, 1 ədəd kreslo ağ rəngli, ağ rəngli divan, “Vestel” markalı soyuducu (tezə), “Vestel” markalı 7 kq (tezə) paltaryuyan maşın və s.) aldıqları mənzilə bötünlüklə daşınılmışdır. Həmin əşyalar bu günə kimi də oradadır. Cavabdeh təklif etmişdir ki, nikaha yalnız alqı-satqı müqaviləsindən sonra daxil olsunlar. Bu məqsədlə hər ikisi tibbi müayinədən keçdikdən sonra Bakı 5 saylı ASAN xidmət mərkəzinə gedərək orada birgə nikaha daxil olmaqları haqqında ərizə yazmış, lakin nikaha daxil olmaqları üçün müəyyən olunmuş 1 ay keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixində cavabdeh qeydiyyat orqanına gəlməmiş, nikahları bağlanmamışdır. Pulu vicdansızlıqla əlindən alınmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddia tələbinin həcminin dəyişdirilməsi haqqında ərizəyə dair ümumiyyətlə münasibət bildirilməmişdir və ona ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Sanki, bu ərizə ümumiyyətlə verilməmişdir. Şahid qismində dindirilən şəxs Yavər Nuriyev mübahisəli mənzilin tapılmasında, eləcə də satılmasında vasitəçilik etdiyi hal mübahisələndirilmir və o alqı-satqının baş verdiyi tarixin bildirsə də, nədənsə yenə də təhrif olunmuş qaydada, yenə də alqı-satqının iyul ayında baş verdiyi kimi izahatı qətnamədə qeyd olunubdur. Halbuki, o ilk olaraq iyun ayında olduğunu bildirmiş, sadəcə cavabdehin nümayəndəsi və vəkili onun sözlərini təhrif etdiyinə görə, qətnamədə təhrif olunan ifadə göstərilmişdir. xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında Cavabdeh2 şəxsən iştirak etməsinə baxmayaraq, özünün şəxsən dindirilməsinə onun nümayəndəsi və vəkili qəti olaraq, açıqcasına maneə törətmişdir. Belə ki, iddiaçı tərəfin suallarına cavabdeh etirafedici izahatları verdikdə nümayəndəsi və vəkili K.İsgəndərova onun sözlərini kəsərək, özünün bildiyi kimi cavabları vermiş və yaxud da ona işarə verərək cavab verməkdən imtina etməsinə sövq etmişdir. Nəticə etibarı ilə suallarının cavabları ya natamam, ya da ümumiyyətlə cavabsız qalmışdır. Məhkəməyə təqdim etdikləri sübutların hamısı araşdırılmamış və onları qiymətləndirilməsi həyata keçirilməmişdir. xx.xx.2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mənzilin alınması üçün pulun çatmayan 60 000 manatı məhz alqı-satqı günü qardaşı Rasim Piriyevdən guya borc almışdır. Bu faktın təsdiq olunmasının əsası kimi də həmin şəxsin növbəti iclasda şahid qismində çağıralacağını bildirmişdir. Amma həmin şəxsin şahid qimsində çağırılmasına belə cavabdeh hər hansı bir cəhd göstərməmişdir. Həmçinin də həmin şəxsin çağırılması haqqında iddiaçının verdiyi vəsatətə məhkəmə ümumiyyətlə münasibət bildirməmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin əşyaları mübahisəli evə gətirmiş, lakin sonradan aparmışdır. Hazırda həmin əşyalar mübahisəli mənzildə deyildir. Mübahisəli əmlaklar cavabdehin mülkiyyətində olmuş, onun maddi vəsaiti hesabına alınmışdır. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi isə təmsil etdiyi şəxsin apellyasiya şikayətinin təmin, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Bakı şəhəri 50 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın iddia tələbinin dəyişdirilməsi haqqındakı ərizəyə uyğun olaraq təmin olunmamış hissəsində tamamilə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə apellyasiya şikayətinin məzmunundan göründüyü kimi qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiriləmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh2 ailə qurmaq istəmiş, onların nikahlarının qeydiyyatı Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixə təyin edilmiş, lakin cavabdehin gəlməməsi səbəbindən nikahın qeydiyyatı baş tutmamışdır. Həmin vaxta qədər İddiaçı mülkiyyətində olan bir otaqlı mənzili xx.xx.2021-ci il tarixdə 55500 manata satmış, müqavilə məbləği notariusun depozit hesabında qalmış və yalnız xx.xx.2021-ci ildə iddiaçı tərəfindən götürülmüşdür. 55500 manat vəsait depozit hesabdan çıxarıldıqdan dörd gün sonra, yəni xx.xx.2021-ci il tarixdə bağlanan alqı-satqı müqaviləsinə əsasən mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 14 saylı evin 9-cu mənzili 75000 manata Cavabdeh2 adına alınmış və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzilin alınmasına görə 500 manat beh iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı mübahisəli mənzilin alınmasına bir otaqlı mənzilin satışından əldə etdiyi 55500 manat da daxil olmaqla cəmi 66 400 manat xərclədiyini bildirərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi mübahisəli mənzilin alqı-satqı müqaviləsində dəyişiklik edilməsi, cavabdehin adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin mənzil üzrə ödədiyi pula mütənasib olaraq mənzilin ¾ hissəsinə onun, ¼ hissəsəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması, paylara uyğun olaraq yeni çıxarışın verilməsi və həmin evdə yerləşən ev əşyaları və şəxsi geyimlərin ona məxsus olmasının və həmin əmlaklar üzərində sərəncam vermək hüququnun tanınması barədədir. İşdən göründüyü kimi, iddiaçı mübahisəli mənzilin alınmasına pul verdiyindən mənzildə onun da payı olduğunu iddia edir, cavabdeh isə mənzilin alınması üçün pulun bir hissəsini özü ilə Naxçıvan Muxtar Respublikasından Bakıya gələrkən gətirdiyini, digər hissəsini isə qardaşından aldığını bildirərək iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi iddia tələbini “mənzilin alqı-satqı müqaviləsində dəyişiklik edilməsi, cavabdehin adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin mənzil üzrə ödədiyi pula mütənasib olaraq mənzilin ¾ hissəsinə onun, ¼ hissəsəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması, paylara uyğun olaraq yeni çıxarışın verilməsi” hissəsində əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni Mülki Məcəllənin 213, 421, 567-ci maddələri ilə əsaslandırmışdır. Mülki Məcəlləyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421). Mülki Məcəlləyə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.1, 213.2 və 213.3). Mülki Məcəllədə ümumi mülkiyyətin iki növü müəyyən edilmişdir: Birgə mülkiyyət və paylı mülkiyyət. Birgə mülkiyyətin yaranması üçün qanunvericlikdə bu hal nəzərdə tutulmalıdır (maddə 213.3). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmənin qənaətinə görə iddiaçı alqı-satqı müqaviləsində tərəf olmadığına görə həmin müqavilənin dəyişdirilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Mübahisəli mənzildə payların müəyyən olunması, çıxarış ləğv olunmaqla yeni çıxarışın verilməsi hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzilin alınmasında, pulun ödənilməsində iştirak etməsi mənzilin ümumi birgə mülkiyyət hesab edilməsi və payların müəyyən olunması üçün əsas vermir. Belə ki, birgə mülkiyyətin yaranması üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “mübahisəli evdə yerləşən ev əşyaları və şəxsi geyimlərin ona məxsus olması və həmin əmlaklar üzərində sərəncam vermək hüququnun tanınması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinə görə iddiaçı iddia ərizəsində göstərdiyi əşyaları mübahisəli mənzilə aparmışdır, mənzil isə cavabdeh tərəfindən başqa şəxslərə kirayəyə verilmişdir. Bu səbəbdən də, həmin əmlakların ona məxsus olması və sərəncam vermə hüququ tanınmalıdır. Cavabdeh isə iddia tələbini mübahisələndirilən hissədə qəbul etməyərək bildirmişdir ki, iddiaçı həmin əşyaları mübahisəli evə gətirmiş, lakin sonradan aparmışdır. Hazırda həmin əşyalar mübahisəli mənzildə deyil. Göründüyü kimi, cavabdeh əşyaların mübahisəli mənzilə gətirildiyini mübahisələndirməmişdir. Əşyaların iddiaçı tərəfindən aparıldığını sübut etmək yükü cavabdehin üzərində olsa da, sonuncu bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçıya məxsus iddia ərizəsində göstərilən ev əşyaları və şəxsi geyim əşyaları hissəsində qismən təmin edilməlidir. Belə ki, bu hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir. Həmin normaya görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Belə ki, cavabdeh məhkəmədə izahat verərək iddia tələbində göstərilən əşyaların mübahisəli mənzilə gətirildiyini, lakin sonradan iddiaçı tərəfindən aparıldığını bildirmişdir. Həmçinin, iddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və müraciəti əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ünvan 3 ünvanında yerləşən əşyaların üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru məhkəmə qərarının icrası məqsədi ilə həmin ünvanda yerləşən mənzilə baxış keçirmiş və xx.xx.2022-ci il tarixli akt tərtib etmişdir. Həmin aktda icra sənədində göstərilən əşyalardan 1 ədəd dörd gözlü qaz pilitəsi, bir ədəd ağ rəngdə çarpayı üçün döşəkçə, hamam üçün su qızdırıcısı, bir ədəd yataq yun döşək, bir ədəd yataq balışı, mətbəx üçün qab-qaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka – adlı əşyaların adı çəkilən ünvanda aşkar edildiyi və saxlanc üçün borclunun nümayəndəsi və vəkili X1 təhvil verilməsi halı öz əksini tapmışdır. Beləliklə, iddianın predmeti olan əşyalardan qeyd edilənlərin cavabdehin sahibliyində olması onun nümayəndəsi və vəkilinin də imzaladığı aktla təsdiqlənmişdir. Hazırda cavabdeh mübahisələndirilən əşyaların iddiaçıya məxsus olmasını qəbul etmiş, lakin həmin əmlakların iddiaçı tərəfindən aparıldığını vurğulamışdır. Bu baxımdan, məhkəmə xx.xx.2021-ci il tarixli aktda göstərilən əşyaların iddiaçının mülkiyyəti hesab etmiş və qeyd etmişdir ki, iddaçı iddia tələbində göstərilən digər əşyaların mübahisəli mənzildə, cavabdehin sahibliyində olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən müxtəlif əşyaların fotoşəkilləri təqdim edilsə də, həmin şəkillərin nə vaxt və harada çəkilməsini müəyyən etmək mümkün olmamış, sadəcə şəkillərin üzərində əl yazısı ilə qeydlər edilmişdir. Həmçinin, məhkəməyə sübut kimi qiymətləndirilməsi üçün iddia ərizəsində göstərilmiş əşyaların qiymətləndirilməsinə dair "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli QM-05 saylı hesabat təqdim etmişdir. Lakin qeyd edilən hesabatın tərtib edilməsi zamanı mübahisəli mənzilə baxış keçirilməsi halı müəyyən edilməmiş, hesabat tərtib edilərkən yalnız iddiaçının iddia ərizəsində göstərilən məlumatlar əsas götürülmüş, hesabatda qeyd edilən əşyaların həqiqətən mövcud olması və ya mübahisəli mənzildə olması öz təsdiqini tapmır. Beləliklə də, iddiaçı yuxarıda qeyd edilən aktdakı əşyalardan başqa digər əşyaların mövcudluğuna və mübahisəli mənzildə olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, iddiaçı bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Belə ki, mübahisəli əmlakların bir hissəsinin iddiaçıya məxsus olması müəyyən edildiyindən iddiaçı mülkiyyətində olan əşyaların hüquqi müqəddəratını təyin etmək, yəni onların üzərində istədiyi kimi sərəncam vermək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilərək 1 ədəd ağ rəngdə çarpayı üçün döşəkçə (matras), 1 ədəd 4 gözlü qaz pilitəsi (təzə); hamam üçün su qızdırıcısı (“5 minutka” kolonka) təzə; 1 ədəd yataq yun döşəyi; 1 ədəd yataq balışı, mətbəx üçün qabqaşıq, 2 ədəd tava, 1 ədəd qazan, 10 ədəd tarelka – adlı əşyaların İddiaçı məxsus olması və həmin əşyalar üzərində iddiaçının sərəncam vermə hüququ tanınmalıdır. Məhkəmə həmçinin qeyd edir, iddiaçı iddia ərizəsində əşyaların adını özünə məlum olan adlarla təsvir etdiyindən həmin əşyaların adları ərizədə göstərilən qaydada ifadə edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hazırkı işdə tərəflər apellyasiya qaydasında mübahisələndirdikləri hissələrdə şikayətlərinin dəlillərini sübuta yetirə bilməmişlər. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın iddia tələbinin dəyişdirilməsi haqqındakı ərizəyə uyğun olaraq təmin olunmamış hissəsində tamamilə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəyişdirilməsi barədə ərizə 17 fevral 2022-ci il tarixli məhkəmə iclasında icaata qəbul edilməmiş və həmin ərizədə göstərilən tələblər üzrə hər hansı araşdırma aparılmamışdır. Ona görə də apellyasiya baxışı zamanı həmin tələblər üzrə tədqiqat aparılması və qərar qəbul olunması qanunun tələblərinə zidd olmaqla praktiki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Kollegiya eyni zamanda iddiaçıya izah edir ki, hazırkı iddianın təmin edilməməsi onun mübahisəli mənzilin alınması zamanı ödədiyi pulun qaytarılması ilə bağlı ayrıca iddia qaldırmasına maneə olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar