Məhkəmə qərarları › İş №2(103)-393/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-393/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-393/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12341.73 ABŞ dolları əsas, 9280.89 ABŞ dolları faiz, 1552.02 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 593.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23768.54 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39.7 kv.m ümumi, 27.0 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39.7 kv.m ümumi, 27.0 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli evin 16 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “İddiaçı" İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin erasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39.7 kv.m ümumi, 27.0 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli evin 16 nömrəli mənzilinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39.7 kv.m ümumi, 27.0 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli evin 16 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 Kiçin qızının həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 30 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "İddiaçı" İKB ASC-nin 1 saylı filialından illik 25%-lə 36 ay müddəlinə 19000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Pəhriz küçəsində yerləşən, 2 otaqlı, 39.7 kv.m ümumi, 27.0 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli evin 16 nömrəli mənzili 2015-ci il 30 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 30 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilınədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçüm gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il iyulun 01-dək Cavabdeh1 2015-ci il 30 iyul tarixli kredit müqaviləsi üzrə banka 12341.73 ABŞ dolları əsas, 9280.89 ABŞ dolları faiz, 1552.02 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 23174.64 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyest orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcım əvəzinə yönəldilməlidir. Bundan başqa. xx xxxx 2019-ci il tarixli mal yyə arayışına əsasən Cavabdeh1 xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12341.73 ABŞ dolları əsas, 9280.89 ABŞ dolları faiz, 1552.02 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5939 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23768.54 ABŞ dolları borcu vardır. xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-eü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda. Kreditorın əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 11754,27 ABŞ dolları əsas, 5180,16 manat faiz, 300 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 829.35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18063,78 (on səkkiz min altmış üç dollar, yetmiş səkkiz sent) ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı “xxxx” İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzilinə yönəldilməsi, əmlak ilkin satış qiyməti 82.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsaitin hesabına borc “xxxx” İKB ASC-yə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzili satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyd edilən mənzildən çıxarılması qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin faiz borcunun məbləğini müəyyən edərkən, iş materiallarındakı ekspert rəyinə istinad edərək hesab etmişdir ki, Cavabdeh1 İddiaçı İKB ASC-yə olan faiz borcun məbləği 5180,16 ABŞ dolları təşkil edir. Halbuki, cavabdeh Balayeva Gül/adə Ağacəf qızının bankdan xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə məhkəməyə müraciət edərkən təqdim olunmuş senədlərdəki maliyyə arayışında kredit müqaviləsinin sonuna yəni xx xxxx 2018-ci il tarixə göstərilən faiz borcu 9280,89 ABŞ dolları təşkil edir. Lakin, ekspert rəyi ilə, həmçinin ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin faiz borcunun məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdeh İddiaçı İKB ASC-dən 19000 ABŞ dolları kredit almış və bu vaxtadək həmin kredit üzrə gecikmələrlə yanaşı az məbləğdə ödənişlər aparmışdır. Əlavə olaraq bank tərəfindən təqdim olunan maliyyə arayışında cavbadehin əsas borcu 11754,13 ABŞ dolları olduğu halda ekspert əsas məbləğini 15754,27 ABŞ dolları olduğu barədə rəy vermişdir. Göründüyü kimi ekspert Cavabdeh1 banka olan əsas borc məbləğini əsasız olaraq artırmış, faiz borc məbləğini isə azaltmışdlır. Bundan başqa iddiaçı tərəfindən Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq xx xxxx 2018-ci il tarixədək hesablanmış faiz borcu məbləği tələb olunmuşdur. Bununla bağlı rəydə olan anlaşılmamazlıqlara aydınlıq gətirilməsi, ekspertə əlavə sualların verilməsi ilə bağlı tədqiqat aparmış ekspertin məhkəmə iclasına dəvət olunması və ya təkrar mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət etsək də vəsatətimiz təmin olunmamışdır. Bu səbəbdən də ekspertin nəyə əsasən bu qənaətə gəlməsi ekspert rəyində öz əksini tapmamışdır, rəy mötəbər deyil. Qeyd olunanlara əsasən hesab edirik ki, iş üzrə rəy vermiş ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməli və ya iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınması və müvafiq ödonişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatlan məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı İKB ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır". Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır" müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 300 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Bundan başqa, məhkəmə qətnamənin qət etdi hissəsində cavabdehdən tutulan faiz borcunun valyutasını texniki səhvə yol verərək, 5180,16 ABŞ dolları əvəzinə 5180.16 manat kimi göstərmişdir. Göründüyü kimi, məhkəmə cavabdehir. faiz və cərimə borcunun məbləğini azaltmaqda, həmçinin ipteka predmetinin ilkin satış qiymətini artırmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-nə xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-624- 15 nömrəli kreditimüqaviləsi üzrə əsas borcu 12341,73 ABŞ dolları, faiz borcu 12218,16 ABŞ dolları, cərimə borcu 1552,02 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-624-15 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki,kreditor borcluya illik 25% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 19000 ABŞ dolları məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı İKB ASC tərəfindən cavabdehlər Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcun ödənilməsi tələb olunur əks halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq olunur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-624-15 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, ilk ödəniş tarixi xx.xx.2015-ci il son ödəniş tarixi isə xx.xx.2018-ci il tarixidir. Aylıq ödəniş 755,44 ABŞ dolları, son ay üçün isə 755,28 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli X1 görünür ki, Cavabdeh1 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzili Cavabdeh1 adına xx.xx.20013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzili İddiaçı İKB ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş, “X2” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S27- 831/19 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzilinin xx.xx.2019-cu il tarixə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 82000 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22840 saylı xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 1- G1-1-0-624-15 saylı kredit müqaviləsi üzrə İddiaçı İKB ASC-yə olan əsas borcu 15754,27 ABŞ dolları, faiz borcu 6016,02 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-nə xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-624- 15 nömrəli kreditimüqaviləsi üzrə əsas borcu 11754,13ABŞ dolları, faiz borcu 13396,43 ABŞ dolları, cərimə borcu 2070,5 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22840 saylı xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 1- G1-1-0-624-15 saylı kredit müqaviləsi üzrə İddiaçı İKB ASC-yə olan əsas borcu 15754,27 ABŞ dolları, faiz borcu 6294,51 ABŞ dolları təşkil edir. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2019-ci il tarixədək 1.114,35 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərildiyindən 1.114,35 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Kollegiya işin hallarına apellyasiya şikayətlərinin dəlilləri ilə birgə qiymət verərək müəyyən etmişdir ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0- 624-15 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 25% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 19000 manat məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzili xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və bununla həm müqavilənin, həm də mülki qaunvericiliyin tələblərini pozmuşdur. Kollegiya xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-624-15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, birinci instansiya məhkəməsinin mövqeyi ilə həmin hissədə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 11754,27 ABŞ dolları əsas, ekspert rəyi ilə hesablanmış 6294.51 ABŞ dollarından sonradan ödənilmiş 1114,35 ABŞ dolları çıxılmaqla qalan 5180,16 dollar faiz, 300 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 829.35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18063,78 ABŞ dolları borcu yaranmışdır. Bununla bağlı iddiaçı apellyasiya şikayətində ekspertin faiz borcunu düzgün hesablamadığı, təkrar ekspertiza keçirilməsi üçün birinci instansiya məhkəməsinə vəsatət verildiyini və vəsatətin təmin edilmədiyi hallarına istinad etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının ekspert rəyi ilə razılaşmaması mülahizə xarakteri daşıyır və ekspert rəyinin qeyri-mötəbərliyi hər hansı sübutla təsdiq edilmir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi borcun hesablanması ilə bağlı mötəbər sübut kimi həmin ekspert rəyinə əsaslanmaqda haqlı olmuşdur. Kollegiya iddia tələbinin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzili İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarına əsasən kollegiya hesab edir ki, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzilinə yönəldilməsi, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcun “xxxx” İKB ASC-yə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzili satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyd edilən mənzildən çıxarılmasına dair gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin “X2” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S27-831/19 saylı ekspert rəyinə əsaslanaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzilinin ilkin satış qiymətinin 82.000 manat məbləğində müəyyən etməsinə dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4861/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən sözügedən mənzilin qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 83 saylı binanın 16 saylı mənzilinin bazar dəyəri 77.000 manat, likvid dəyəri isə 70.000 manat məbləğində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən mənzilin likvid dəyəri 70.000 manat müəyyən olunduğundan, kollegiya hesab edir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzilinin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada icra edilməsi hissəsində kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissədə qeyrimüəyyən hesab edilməsi və bu səbəbdən onun rədd edilməsinə dair qənaətini düzgün hesab edir. Kollegiya hesab edir ki, girovda olan mənzilin satışından 1 ay sonra cavabdehlərin ondan istifadə hüquqlarına xitam verilməsi hissəsində də iddia tələbi bu cür tələb hüququn mənzilin gələcək mülkiyyətçisinə məxsus olması səbəbindən əsassız olduğundan birinci instansiya məhkəməsinin həmin hissədə iddia tələbini rədd etməsi əsaslı olmuşdur. Başqa sözlə, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda həmin mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxaraq, həmin mənzili Banka təhvil verilməsini tələb etmək hüququ yoxdur. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzilinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzilinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 2 otaqlı, 39,7 kv.m ümumi, 27 kv.m yaşayış, 12.7 kv.m yardımçı sahədən ibarət 83 nömrəli fərdi yaşayış evinin 16 nömrəli mənzilinin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar