Məhkəmə qərarları › İş №2(103)-3954/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3954/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3954/2020 22.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın ləğvedicisi olan X1 nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğvprosesində olan iddiaçı Bank iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış, 5224 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 20.004 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 421 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 7.023 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.457 ABŞ dolları, cəmi isə 28.905 ABŞ dolları məbləğində pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan cavabdehdən tutularaq ona (Banka) ödənilməsi; tutmanın ipoteka predmetinə - “X6” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; həmin avtomobilin açıq hərracdan satılması; satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin Banka olan borcunun ödənilməsi; əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 18 faiz dərəcəsi ilə, 36 ay müddətinə 30.250 ABŞ dolları məbləğində kredit verilmişdır. Cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında xx.xx.2015-ci il tarixdə 1615 №-li “İpoteka müqaviləsi” bağlanmışdır. Göstərilənlərə baxmayaraq, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri Banka ödəməkdən yayınmışdır. Nəticədə, onun Banka borcu yaranmışdır ki, əsas kredit borcu 20.004 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 421 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcu 1.457 ABŞ dolları təşkil edir. Bundan başqa, Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini rəhbər tutaraq, ödənişi gecikdirdiyinə görə cavabdehə 7.023 ABŞ dolları cərimə də tətbiq etmişdir. Cavabdehlərə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 20.004 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 421 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.457 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 2.000 ABŞ dolları, cəmi isə 23.882 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsini, tutmanın avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsini, borc ödənildikdən sonra artıq qalan vəsaitin cavabdehə qaytatırlmasnı, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğin cavabdehdən tutulmasını qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, faiz və cərimə borcunun silinməsini, cavabdeh tərəfindən aparılmış 11.070 manat ödənişin isə əsas borcdan silinməsi və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2019-cu ilin may ayında Bankda olmuş və Bankda ona bildirilmişdir ki, faiz borcunun hesablanması dayandırılmış və onun həyata keçirəcəyi ödənişlər yalnız əsas borcun silinməsinə yönələcəkdir. Lakin sonradan cavabdehə məlum olmuşdur ki, onun apardığı ödənişlər hesabına faiz və cərimə borcu silinmiş, hətta ona yenidən faiz və cərimə borcu hesablanmışdır. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmiş və bunun, üzrlü səbəbdən baş verməsi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 5224 №-li “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı Bankdan kreditdən istifadəyə görə illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 30.250 ABŞ dolları məbləğində kredit almışdır. Cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında xx.xx.2015-ci il tarixdə 1615 1 №-li “İpoteka müqaviləsi” bağlanmışdır. Bankın təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışından görünür ki, cavabdehin Banka 20.004 ABŞ dolları məbləğində əsas kredit borcu, 421 ABŞ dolları məbləğində müqavilə müddətinə hesablanmış faiz borcu və 1.457 ABŞ dolları məbləğində müqavilə müddətinin bitdiyi gündən sonrakı vaxta hesablanmış faiz borcu mövcuddur. Ödənişin gecikdirilməsinə görə cavabdehə cərimə tətbiq edilmişdir ki, cərimənin məbləği 7.023 ABŞ dolları təşkil edir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Lakin cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə, bu halı mübahisələndirmir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, müqavilə üzrə faiz və cərimə borcunun hesablanması dayandırıldığına görə onun etdiyi ödənişlər əsas borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır, çünki, cavabdeh faizlərin dayandırılmasını təsdiq edə biləcək Bank və ya Bankın ləğvedicisi tərəfindən verilmiş hər hansı rəsmi sənədi məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində onun tərəfindən həyata keçirilən ödənişlərin faiz və cərimə borcuna yönəldildiyini bildirir. Məhkəmə apellyasiya şikayətində irəli sürülən bu dəlillə əlaqədar qeyd edir ki, Mülki Məcəlləsinin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi, bir neçə öhdəliyin icrasını gecikdirmiş borclunun etdiyi ödənişlər son növbədə əsas öhdəliyin hesabına daxil edilir. Başqa sözlə, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Cavabdeh həmçinin faiz borcunun həqiqətən də şişirdildiyini təsdiq edə biləcək sübutları, ən azından özü tərəfindən aparılmış adi riyazi hesablamanı məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdehin Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş əsas və faiz borcu öhdəliyi var və o, bu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdehin Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş əsas və faiz borcu öhdəliyi vardır. Bunu müəyyən edən Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas borcun əvəzi olaraq 20.004 ABŞ dolları, faiz borcunun əvəzi olaraq isə 421 ABŞ dolları, müqavilə müddətinin bitdiyi gündən sonrakı vaxta hesablanmış faiz borcunun əvəzi olaraq isə 1.457 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Məhkəmə həmçinin bildirir ki, iddiaçı Bank onunla cavabdeh arasında bağlanmış “Krediti müqaviləsinin” şərtlərini əsas götürərək borcun ödənilməsinin gecikdirilməsinə görə cavabdehə 7.023 ABŞ dolları məbləğində cərimə tətbiq etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Rayon Məhkəməsi qanunla ona verilmiş səlahiyyətindən istifadə edərək, Bankın tələb etdiyi cərimə borcunu azaltmış və 2.000 ABŞ dolları müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi gəldiyi bu nəticə ilə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almışdır. Məhkəmə həmçinin bildirir ki, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə də əsaslı və qanunidir. Çünki, Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüquq normalarının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və tutma ipoteka predmeti olan avtomobilə yönəldilməli və əmlak açıq hərracdan satışa çıxarılmalıdır. Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünnə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar