Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3956/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-19/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında şifahi razılığa əsasən ona məxsus olan, İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksində saxlanılan 8 atm. həcmli kompressor cihazı, 10 ton həcmi olan xüsusi qurğu soyuducu, soyuducu vitrinlər və sökülərək tərəflərindən alınaraq həmin ərazidə quraşdırılmış metal konstruksiya və LED DİSPLAY İNDUSTRY LİANTRONİCS markalı 256x256 mm. ölçüdə olan monitorun cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən, 1/2 hissəsi iddiaçıya, 1/2 hissəsi isə X4 məxsus olan, ümumi sahəsi 4136,6 kv.metr istehsal sahəsi olan, İsmayıllı şəhəri, H.Əliyev pr.7 ünvanında yerləşən əmlak kompleksi ünvan 1iləşdirilmiş 25 may 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən 1090333,34 manata cavabdehlərə satılmışdır. Həmin əmlak kompleksi hazırda “Yaşıl Market” ticarət mərkəzi kimi fəaliyyət göstərir. Həmin əmlakda texniki pasportda olan tikililərdən əlavə iddiaçıya məxsus 8 atmosfer həcmli kompressor cihazı, 10 ton həcmli xüsusi qurğu soyuducu, soyuducu vitrinlər və sökülərək tərəflərindən alınaraq həmin ərazidə quraşdırılmış metal konstruksiya və LED DİSPLAY İNDUSTRY LİANTRONİCS markalı 256x256 mm. ölçüdə olan monitor orada quraşdırılmış vəziyyətdə idi. Alğı-satqı zamanı tərəflər arasındakı şifahi danışığa əsasən, həmin əmlakın dəyəri iddiaçıya ödənildikdən sonra cavabdehlərə qalmalı idi, lakin cavabdehlər alğı-satqı müqaviləsinin bir neçə bəndini pozmaqla yanaşı, şifahi razılaşmanın şərtlərini də pozmuşlar. İddiaçı dəfələrlə iddia ərizəsində göstərilən əmlakın qaytarılmasını tələb etsə də, cavabdehlər həmin əmlakdan istifadə edirlər, onun pulunu iddiaçıya ödəməmişdirlər. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-19/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin müddəalarını rəhbər tutmaqla hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.3., 32.4. maddələri). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Məhkəmə kolleggiyası qeyd edir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə mülki işin subyekt tərkibi təşkil edən iştirakçılar İddiaçı (VÖEN: **********) və cavabdehlər Cavabdeh1 (VÖEN:**********, Cavabdeh2 (VÖEN: ********** ) müvafiq olaraq kofe, çay, kakao və ədviyyatın pərakəndə satışı, ərzaq malları bazarının icarəyə verilməsi, heyvandarlıq sahəsində xidmətlərin göstərilməsi xidmətin göstərilməsi üzrə fəaliyyətlə məşğul olan fərdi sahibkarlardır, iddia ərizəsinin məzmunundan isə aydın olur ki, mübahisə onların sahibkarlıq fəaliyyətinin nəticəsində yaranmışdır. Kollegiya hesab edir ki, mübahisənin kommersiya hüquqi şəxsi və fərdi sahibkar statusu olan şəxslər arasında yaranmaqla və əsasən onların sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterli оlmаsına birinci instansiya məhkəməsi nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə tərəflər sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olduğundan birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385.1.1., 387.2.9-cu maddələri). İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibati iqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-19/2023 ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-19/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3956/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3956/2023
23.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver