Məhkəmə qərarları › İş №2(103)-3984/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3984/2020

22.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3984/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qəbul etdiyi 2(002)-373/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 orderlə onlara verilmiş ünvan 1 mənzil 22 ünvanında yerləşən mənzilindən çıxarılmaqla mənzilin boşaldılması və onların həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid 32 saylı evin 22 saylı mənzili xx xxxxx 1994-cü il tarixli 041135 saylı orderlə növbəlik əsasında mərhum Mahmud Əbdül-Həsənə ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmiş, onların adı ailə üzvü kimi evin orderinə yazılmışlar. Həmin mənzili Laçın rayonundan məcburi köçkünlər olan cavabdehlər zəbt edərək həmin mənzildə yaşayırlar. Mübahisəli mənzil onlara yaşamaq üçün verilsə də, mənzildə yaşaya bilmirlər. Mənzilin əsas icarədarı olan Mahmud Əbdül-Həsən xx.xx.2000-ci il tarixdə ölmüşdür. Mahmud Əbdül-Həsənə sağlığında və hazırda onlar öz mənzillərindən istifadə edə bilmirlər. Cavabdehlərə onlara məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsələr də, cavabdehlər mənzili zəbt edərək məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdehlər onların qanunla qorunan hüquqlarını pozaraq mənzil hüquqlarını məhdudlaşdırırlar. Onlar qanuni əsaslarla verilmiş mənzildən istifadə edə bilmirlər. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-373/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianin təmin edilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öz ailə üzvləri ilə birlikdə ünvan 1 mənzil 22 ünvanında yerləşən mənzilində yaşayır. O, məcburi köçkündür və onun başqa yaşayış yeri yoxdur. O, yaşayış yeri ilə təmin edilməsinə dair aidiyyəti orqanlara dəfələrlə müraciət etmiş, lakin onun müraciətləri cavabsız qalmışdır. Hazırda başqa yaşayış yeri yoxdur. Məhkəmə işə Qaçqınların və Məcburi Köçkünlərin İşər Üzrə Dövlət Komitəsini cəlb etməmişdir. Qətnamə MPM-nin tələblərinin pozulması ilə çıxarılmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında tərəflər və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi bu barədə lazımi qaydada xəbərdar olunsalar da, iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə tərəflərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti Cavabdeh1 tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın həmin cavabdehə qarşı təmin olunmuş hissəsində yoxlanılır. Çünki məhkəmə qətnaməsi digər cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş xx.xx.1994-cü il tarixli 041135 nömrəli orderin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 mənzil 22 ünvanında yerləşən 4 otaqlı mənzil Mahmud Əbdülhəsən oğluna verilmişdir. Onun ailə üzvləri Əliyevə R.Ş., İddiaçı1, Həsənov Ə.M., İddiaçı2M –dır. AZ-İİ seriyalı 049719 nömrəli ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Mahmud Əbdülhəsən oğlu xx xxxxxx 2000-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin fevral ayının 15-də 16 nömrəsi ilə qeyd edilmişdir. AZ-İ seriyalı 248459 nömrəli ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxx 2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin iyun ayının 19-da 634 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayon sektoru tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli A-9880 nömrəli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 mənzil 22 ünvanında müvəqqəti məskunlaşmışdır. Onun ailə üzvü Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malik olduqlarından, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, 32 nömrəli evin, 22 saylı mənzilinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçıların mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal hesab olunur və buna görə də iddiaçıların iddiası əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2 maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə görə “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs özmülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçılar mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malik olduqlarından, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, 32 nömrəli evin 22 saylı mənzilinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçıların mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal hesab olunduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq iddianın Cavabdeh1 qarşı (qətnamənin mübahisələndirildiyi hissə üzrə) təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizələrdən ibarət olub maddi hüquq normaları ilə əsaslandırılmadığı üçün və MPM-nin 385.2-ci maddəsinin tələblərinə əsasən qanuni və əsaslı olan məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas yaratmadığından təmin edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-373/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh1 qarşı təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar