Məhkəmə qərarları › İş №2(103)-4008/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4008/2025

22.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4008/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun vəkili (nümayəndəsi) Vəkil3 və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı borcun ödənilməsi məqsədi ilə 8.174 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 102 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh iddiaçıdan hissə-hissə, yəni xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 1.935 manat, xx.xx.2024-cü il tarixdə 1.819 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat və 3.200 manat, cəmi isə 8.174 manat məbləğində pulu borc almışdır. Həmin məbləğləri alanda cavabdeh iddiaçıya bildirirdi ki, borcu 2-3 aya qaytaracaq. Lakin o, bu günə kimi borcunu qaytarmamışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat

3. Cavabdehin vəkili (nümayəndəsi) iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh iddiaçıdan hissə-hissə cəmi 4.974 manat məbləğində pulu borc almış, lakin qısa müddət ərzində borcunu qaytarmışdır. Cavabdehin iddiaçıya hazırda borcu yoxdur. İddiaçının bildirdiyi 3.200 manat məbləğində borc isə cavabdeh tərəfindən iddiaçıdan ümumiyyətlə alınmamışdır.

4. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh borcdan ona 1.250 manatı qaytarmışdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, borcun ödənilməsi məqsədi ilə 3.724 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun bir hissəsinin iddiasının özünə aid edilməsini, qalan 46 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissəsinin təmin edilməməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı borcu qısa müddət ərzində iddiaçıya qaytarmış və hazırda cavabdehin iddiaçıya borcu yoxdur. İddiaçı özü də etiraf etmişdir ki, cavabdeh borcu qaytarıb. Bu hal tərəflər arasında olmuş “WatsApp” yazışmalarında da öz əksini tapmışdır. Həmin yazışmalardan görünür ki, onların hər ikisinin tanışı olan Ninanı cavabdehə borcu olmuş və Nina bunun əvəzində cavabdehin iddiaçıya olan borcunu ödəmişdir. İddiaçının bildirdiyi 3.200 manat məbləğində borc isə cavabdeh tərəfindən iddiaçıdan ümumiyyətlə alınmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə şikayətdə qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin və onun vəkilinin (nümayəndəsinin) verdiyi izahatın məzmunundan görünür ki, cavabdeh də iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir.

12. Odur ki, göstərilənləri, mübahisənin predmeti bölünməz olmadığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərini nəzərə almış Məhkəmə qətnamənin iddianın bir qisminin təmin edilməməsi haqında hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iddiaçı bildirir ki, cavabdeh ondan hissə-hissə cəmi 8.174 manat məbləğində pulu borc almış, borcundan 1.250 manatı qaytarmışdır. Cavabdeh isə bildirir ki, o, iddiaçıdan hissə-hissə cəmi 4.974 manat məbləğində pulu borc almış, lakin həmin borc iddiaçıya onların ümumi tanışı olan Ninanın vasitəsi ilə qaytarılmışdır.

15. Məhkəmə bildirir ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Bu prosessual hüququ normalarının tələbindən iş üzrə tərəflərin bildirdiklərinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, onun tərəfindən cavabdehə 4.974 manat məbləğində borcun verilməsini sübuta yetirə bilir (apellyasiya baxışının predmeti), cavabdeh isə borcun tam qaytarılmasını bildirsə də, borcdan yalnız 1.250 manatın qaytarılması təsdiq edilir. Cavabdeh borcun tam həcmdə qaytarılmasını təsdiq edən sübutları (məsələn: şahidlərini, o cümlədən adını çəkdiyi Nina adlı şahidi) məhkəmələrə təqdim etməmişdir. Cavabdeh istinad etdiyi “WatsApp” yazışmalarından isə borcun ödənilməsi müəyyən edilmir.

17. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Qeyd edilənlər nəzərə alındıqda işin halı kimi müəyyən edilir ki, cavabdehin iddiaçıya (4.974 - 1.250 =) 3.724 manat məbləğində ödənilməmiş borcu var.

19. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.).

20. Qeyd edilən maddi hüquq normaların tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh 3.724 manat məbləğində borcu iddiaçıya qaytarmalıdır. Rayon Məhkəməsi bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi

21. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

25. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar