Məhkəmə qərarları › İş №2(103)-4009/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4009/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4009/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, x3 və x1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi x2 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7469/2019 saylı mülki iş üzrə qəbul etdiyi 17 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 7454.31 ABŞ dolları, faiz borcu üzrə 1405.14 ABŞ dolları olmaqla, cəmi 8859.45 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “İddiaçı" QSC-nin xeyrinə ödənilməsi, cavabdehin mülkiyyətində olan ** GB *** dövlət qeydiyyat nişanlı, “GEELY MK" markalı minik avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitdən borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(008)- 7469/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank ona borcu barədə heç bir məlumat verməmiş və onu xəbərdar etməmişdir. Lakin məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddətindən 5 il keçdikdən sonra onu məhkəməyə verərək verilmiş kredit borcu qaytarılmasını tələb etmişdir. O, məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsini şifahi qaydada tələb etsə də, məhkəmə onun bu tələbini yerinə yetirməmiş və bundan əlavə həmin tələb barədə ərizə ilə müraciət etməli olduğunu ona izah etməmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi x4 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında 14.11.2013-cü il tarixli 01309 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 10928 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflərarasında 14.11.2013-cü il tarixli 1309 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh məxsus “GEELY MK" markalı ** GB *** dövlət qeydiyyat nişanlı minik avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil - təsliminə dair akta əsasən Cavabdeh borcu üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 7454.31 ABŞ dolları, faiz borcu 1405.14 ABŞ dolları, cəmi borcu isə 8859.45 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, kredit müqaviləsi üzrə 10 ay ödəniş etmiş, avtomobili etibarnamə ilə başqa şəxsə satmışdır. Bank ilə aralarında olan razılaşmaya əsasən, borcu etibarnamə ilə avtomobili satdığı şəxs ödəməli idi. 5 il ərzində ona borcun ödənilməsi barədə xəbərdarlıq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Cavabdeh dəlillərinə dair kollegiya qeyd edir ki, cavabdehin avtomobili etibarnamə ilə başqa şəxsin istifadəsinə verməsinin mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki iş materiallarından da görünür ki, kredit müqaviləsi Cavabdehla bağlanıb və həmin müqavilə üzrə öhdəliklərin başqa bir şəxsə keçməsi barədə tərəflər arasında hər hansı bir razılaşma mövcud deyildir. Bu baxımdan kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə bütün məsuliyyət Cavabdeh üzərindədir. İddiaçı tərəfindən pretenziya qaydasına riayət etməsini təsdiq edən sənədlər isə iş materiallarına əlavə edilmişdir. İddia müddətinin tətbiq edilməsi barədə dəlillərə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Cavabdeh isə cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında şəxsən iştirak etmiş, lakin iddia müddətinin tətbiqi barədə yazılı ərizə verməmişdir. Ona görə də, apellyasiya icraatında həmin ərizə qəbul edilə və iddia müddəti tətbiq edilə bilməz. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin həmin dəlillərə istinad etməsi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7469/2019 saylı mülki iş üzrə qəbul etdiyi 17 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar