Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4011/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndələri X4 və Nümayəndə1 (vəkil) iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı BOKT "xxxx" QSC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvandakı binanın birinci mərtəbəsində yerləşən, mülkiyyətindəki 105,3 kv.m qeyri-yaşayış sahəsinin icarəsinə dair 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaçıya dəymiş 164325,56 manat zərərin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, BOKT "İnternational” QSC ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, BOKT "İnternational” QSC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 55.352,50 manat məbləğində faktiki zərər və 6000 manat mənəvi zərər olmaqla, ümumilikdə 61.325,50 manat məbləğində pulun BOKT "İnternational” QSC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev, iş №e-2(004)-190/22) hər iki iddia rədd edilmişdir. Tərəflər qətnamədən narazı qalaraq apellyasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsi bağlanmaqla, keçmiş mülkiyyətçi X2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən 105,3 kv.m sahəni BOKT "xxxx" QSC-yə 5 il müddətinə icarəyə vermişdir. 2021-ci ilin iyul ayında Cavabdeh BOKT "xxxx" QSC-yə müraciət edərək, icarə sahəsini aldığını bildirmiş, icarəçidən sahənin boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Bundan sonra, dəfələrlə obyektə müdaxilə edilmiş, reklam yazıları cırılmış, qapının üzərinə müəsissənin bağlanmasına dair yazılar yapışdırılmışdır. Ona görə də, onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Çünki, onlar beş illik müqavilə bağlamaqla həmin obyektə istifadə hüququ əldə etmiş və buna uyğun olaraq kommersiya fəaliyyətini həyata keçirmək üçün təmir işləri görülmüş, reklam işləri aparılmış, işçilər cəlb edilmiş, icarə haqqı verilmək müəyyən müddət ərzində müştəri kontingenti toplamağa çalışmışlar. Onlar həmin biznesin qurulması, inkişaf etdirilməsi üçün təmir xərcinə 18000 manat xərc çəkmişlər, 03 mart 2020-ci il tarixdən başlayaraq ilk altı ayı birdəfəlik (33000 AZN) ödəməklə hər ay 6395.35 manat icarə haqqı ödəmişlər. Bununla da, təkcə bizneslərini qurmaq üçün bu müddət ərzində 102325,6 manat icarə haqqı ödəmişlər. Bundan əlavə, həmin filialın fəaliyyəti üçün işçilər götürməklə əmək haqqı ödəmişlər. Göründüyü kimi, işçilərlə əmək müqavilələri bağlanmış və onlara ümumilikdə 47500 manat məbləğində əmək haqqı ödənilmişdir. Lakin, həmin işçilərin filialda tam işləməsi mümkün olmamış, sonda, işçilərlə əmək müqavilələrinə xitam vermək qərarına gəlmişlər. Eyni zamanda, həmin obyektdə fəaliyyətə başlayarkən təmir işləri həyata keçirmişlər və ümumilikdə 14500 manat xərcləri çıxmışdır. Cavabdeh mübahisəli qeyri-yaşauış sahəsində biznes obyekti olduğunu bilə-bilə həmin obyekti satın almışdır. Obyekti satın aldıqdan sonra isə onlara icarə haqqına dair heç bir təklif verməmişdir. Bəlkə artırmış olduğu icarə haqqını onlara təklif etmiş olsaydı həmin təklifi qəbul edib fəaliyyətlərinə davam edəcəkdirlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin alqısatqısına dair onunla X1 arasında Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli, AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan alğı-satqı müqaviləsi bağlanılan zaman, qeyri-yaşayış sahəsinin üzərində hər-hansı məhdudiyyət və yüklülüyün qeydiyyata alınmadığı göstərilmişdir. Əmlak 1.150.000 manat dəyərində qiymətləndirilərək alqı-satqısına dair müqavilə bağlanmış və çıxarış verilmişdir. İddiaçının iddia ərizəsində istinad olunan nömrəsiz və seriyasız xx.xx.2020-ci il tarixli icarə müqaviləsi, məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə zidd olduğundan, reyestrdə qeyd edilmədiyindən və İnformasiya sisteminə daxil edilmədiyindən etibarsız hesab edilməlidir. Həmin obyektə mülkiyyət hüquqi əldə etdikdən sonra məlum olmuşdur ki, X3 ilə BOKT "İnternational” QSC arasında bağlanmış İcarə müqaviləsi Reyestrdə qeydiyyata alınmamış və informasiya sisteminə daxil edilməmişdir, həmçinin həmin icarə müqaviləsinin surətinin təqdim olunmasını qarşı tərəfdən dəfələrlə istəsələrsə də, BOKT "İnternational” QSC onu təqdim etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bundan sonra, o və etibarnamə üzrə nümayəndəsi X7 iş üzrə iddiaçı BOKT "İnternational” QSC-nin rəhbərliyini daşınmaz əmlakın boşaldılması barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq etmiş və sonuncular da boşaldacaqlarına vəd vermişlər və qısa müddətə möhlət istəmişlər. Qeyd olunan Daşınmaz əmlak “Obyekt” xx.xx.2021-ci il tarixdən artıq onun sahibliyində və istifadəsindədir və bu əsasla da o, hər ay üçün ƏDV daxil olmadan manat olmaqla üçüncü tərəflə (icarəçi X5 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış “İlkin icarə müqaviləsi” və xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq olunmuş İcarə müqaviləsi) ilkin razılaşma bağlamış, eyni zamanda həmin razılaşma üzrə tərəf zəmanət olaraq Mirvari Kazimovaya beh qismində 5000 manat pul vermişdir. Məhz BOKT "İnternational” QSC-nin yuxarıda göstərilən qanunsuz hərəkətləri nəticəsində Cavabdeh həm almış olduğu behi ikiqat məbləğində 5000+5000=10000 manat qaytarmalıdır, həm də 2021-ci ilin iyul - 2022-ci ilin yanvar ayları üçün ƏDV-siz 7500 x 6 =45.000 manat aylıq icarə haqqından məhrum olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı BOKT "İnternational” QSC-nin apellyasiya şikayəti ilkin iddianın, Cavabdeh apellyasiya şikayəti isə qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi orqanın apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndələri H.Kazımov və vəkili Nümayəndə1 isə məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamədən hər iki tərəfin şikayət verdiyini nəzərə alaraq qətnamənin əsaslılığını hər iki tərəfə münasibətdə tam həcmdə yoxladı. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd olunmalı, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddianın maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən 105,3 kv.m qeyri-yaşayış sahəsinin keçmiş mülkiyyətçisi X2 olmuşdur. Alim Babayev xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsini BOKT "İnternational” QSC-yə aylıq icarə haqqı 6395,35 manat razılaşdırılmaqla 5 il müddətinə icarəyə vermişdir. İcarə müqaviləsi notariat qaydasında təsdiq olunsa da, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 mübahisəli qeyriyaşayış sahəsini ******* manata Cavabdeh satmışdır. Qeyri-yaşayış sahəsi üzərində xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamış, cavabdehə mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. İşdən həmçinin görünür ki, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 20 iyul 2021-ci il tarixə kimi boşalıldaraq təhvil verilməsini BOKT "İnternational” QSC-dən tələb etmiş olsa da, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini yalnız 2022-ci ilin fevral ayında tərk etmiş və əşyalarını çıxararaq başqa ünvana yerləşmişdir. Hazırkı işdə həm BOKT "İnternational” QSC-nin, həm də Cavabdeh iddialarına baxılmışdır. BOKT "İnternational” QSC-nin iddiası mübahisəli qeyri-yaşayış sahəsinin icarəsinə dair 03 mart 2020-ci il tarixli icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş ziyana görə 164325,56 manat pulun ödənilməsi barədədir. Cavabdeh qarşılıqlı iddiası isə mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X2 ilə BOKT "İnternational” QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, BOKT "İnternational” QSC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 55.352,50 manat məbləğində faktiki zərərin və 6000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi BOKT "İnternational” QSC-nin iddiasını əsassız sayaraq rədd etmiş və bu zaman göstərmişdir ki, X2 ilə BOKT "xxxx" QSC arasında bağlanmış icarə müqaviləsi notarial qaydada təsdiq edilsə də, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və buna görə də Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini alqı-satqı qaydasında əldə edərkən həmin sahə üzərində hüquqi cəhətdən hər hansı məhdudiyyət və və yüklülüyün qeydə alınması halı olmamış, Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlara əsalanaraq müqavilə bağlamış və mülkiyyət hüququ ələ etmişdir. Belə olan halda, yeni müqavilənin bağlanması cavabdehin vəzifəsi deyil, hüququdur və onun iradəsinə zidd olaraq üzərinə belə vəzifə qoyula bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, QSC-nin Müşahidə Şurasının iclasının 01 dekabr 2021-ci il tarixli 01/21 nömrəli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanında yerləşən BKT-12/5 saylı icazəli İnşaatçılar filialının adı dəyişdirilərək Yevlax filialı, ünvanının isə ünvan 1ax şəhəri, Heydər Əliyev prospekti, bina 24, mənzil 7A, 1-ci giriş qapısı, 1-ci mərtəbəsi ünvanına köçürülməsinə dair qərar qəbul edilmişdir. Bu da artıq yeni müqavilənin bağlanmasının iddiaçı üçün əhəmiyyət kəsb etmədiyini göstərir. Məhkəmə qeyd etmişdir ki, əsas tələb təmin edilmədiyindən ondan doğan törəmə tələb (ziyanın ödənilməsi) də təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 389.3). Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (maddə 148.2). Kollegiya qanunun yuxarıda sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, yeni müqavilənin bağlanması cavabdehin vəzifəsi deyil, hüququdur və onun iradəsinə zidd olaraq üzərinə belə vəzifə qoyula bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən BOKT "İnternational” QSC-nin mübahisəli ünvanı 2022-ci ilin fevral ayınadək artıq tərk etdiyini və həmin ünvanda fəaliyyət göstərən filialın lisenziyasının ləğv olunmaqla artıq fəaliyyət göstərmədiyini də nəzərə alır. İlkin iddianın zərərin ödənilməsi hissəsi ilə bağlı Kollegiyanın mövqeyi ondan ibarətdir ki, Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxtda mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. İş materialları ilə iddiaçıya dəymiş zərərin məhz cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizlikləri nəticəsində vurulması, habelə iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlikləri arasında hər hansı səbəbli əlaqənin olması, bir sözlə iddiaçıya dəymiş zərərə görə bilavasitə cavabdehin təqsirli olması iş materialları ilə təsdiq olunmur. Nəzərə alınmalıdır ki, səbəbli əlaqə dedikdə-hüquqa zidd hərəkətlə baş verən zərərli nəticə arasında bilavasitə əlaqənin olması nəzərdə tutulur. Səbəb ya bilavasitə nəticəni doğurur, ya da onun əmələ gəlməsi üçün real imkan yaradır. Eyni zamanda səbəbli əlaqə düzünə və yanakı formada ola bilər. Təqsir isə hüququ pozan şəxsin özünün hüquqa zidd hərəkətlərinə və onların nəticələrinə olan psixi münasibəti başa düşülür. Hər bir davranış aktı iradə ifadəsi olaraq bilinir. Baxılan iş üzrə icarə müqaviləsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamış, cavabdeh isə onun yüklülüyünün olmasına münasibətdə vicdanlı olmuşdur. Bu səbəbdən onun yeni müqavilə bağlamaması iddiaçıya qarşı qanunsuz və təqsirli hərəkət sayıla və üzərinə zərərin ödənilməsi (həmçinin, işçilərə ödənilmiş əmək haqqının və qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərin ödənilməsi) öhdəliyi qoyula bilməz. Həmçinin iddiaçının əmlakı əldə etməmişdən əvvəl işləmiş işçilərə ödənilmiş əmək haqqını həm də cavabdehin onunla yeni müqavilə bağlamaq niyyətinin olmadığı və məhkəmə prosesinin getdiyi dövrdə işə götürülmüş və ya işləyən işçilərə ödədiyi əmək haqqını cavabdehdən tələb etməsi absurddur. Həmçinin, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İddiaçı 14500 manat qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcləri tələb etsə də, həmin təmir işlərinin nə vaxt, kim tərəfindən aparılması, iddiaçı tərəfindən aparıldığı halda mülkiyyətçinin razılığının olması barədə sübutları da məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə Kollegiya qeyd edir ki, qarşılıqlı iddia tələbi 3 hissədən - icarə müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir. İcarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbə münasibətdə Kollegiya qeyd edir ki, icarə müqaviləsi mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Əqdin qanunvericilikdə müəyən edilmiş şərtləri pozmaqla bağlanması onun etibarsızlığına əbəb ola bilər. Müqavilənin bağlanması zamanı isə hər hansı pozuntuya yol verilməmişdir. Əqdin Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması onun etibarsızlığı üçün əsas ola bilməz. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Bu mənada birinci instansiya məhkəməsi icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qarşılıqlı iddianı maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən əsaslı sayır. Kollegiyanın bununla bağlı mövqeyi ondan ibarətdir ki, mübahisəsiz haldır ki, mübahisəli sahə icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən cavabdehin sahibliyi və istifadəsində olmasına baxmayaraq, iddiaçının qeyri-yaşayış sahəsini boşaltmaması səbəbindən cavabdeh aylıq icarə haqqından məhrum olmuşdur. Yəni, iddiaçının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində Cavabdeh bir mülkiyyətçi kimi zərərə məruz qaldığı müəyyən edilir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqı 6395,35 manat nəzərdə tutulmuşdur. İşdən göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixdən mübahisəli sahənin mülkiyyətçisidir və o, bu barədə dərhal BOKT "xxxx" QSC-yə məlumat vermişdir. Lakin BOKT "xxxx" QSC 2022-ci ilin fevral ayına qədər həmin qeyri-yaşayış sahəsindən istifadə etmiş, faydalanmış, lakin icarə haqqı ödəməmişdir. BOKT "xxxx" QSC mübahisəli sahəni 2022-ci ilin fevral ayında tərk etmişdir. xx.xx.2021-ci ildən 2022-ci ilin fevral ayına qədər olan müddət isə 7 (yeddi) ay təşkil edir. Yəni, iddiaçının mübahisəli obyektdə qaldığı, mülkiyyətçinin razılığı olmadan və icarə haqqı ödənilmədən istifadə etdiyi müddət 7 ay müəyyən edilir. Belə olan halda, 2021-ci ilin iyul - 2022-ci ilin yanvar ayları üçün (6395,35 x 7) = 44767,45 manat zərərin əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh məruz qaldığı real zərər yalnız bu hissədə ola bilər. Cavabdeh sonradan üçüncü şəxslə müqavilə bağlaması, beh alması, yaxud icarə haqqının məbləğini yenidən müəyyən etməsi onun məruz qaldığı zərərin əvəzinin ödənilməsi zamanı əsas və mötəbər sübut kimi qəbul edilə və nəzərə alına bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı ona dəymiş zərərin ödənilməsi tələbi əsaslıdır və iddia həmin hissədə qismən təmin olunmalıdır. Mənəvi zərər tələbinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdehin fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmir. Bu baxımdan məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına isitnad edərək iddianı həmin hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə həmin hissədə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı BOKT "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv olunsun və göstərilən hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia həmin hissədə qismən təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq 44767,45 manat (qırx dörd min yeddi yüz altmış yeddi manat, qırx beş qəpik) pul vəsaiti BOKT "xxxx" QSC-dən alınıb Cavabdeh ödənilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində işdə iştirak edən şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4011/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4011/2022
16.06.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver