Məhkəmə qərarları › İş №2(103)-4011/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4011/2023

30.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4011/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün orta aylıq əmək haqqının və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(004)-1149/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 04 oktyabr 2022 tarixli, K-920 nömrəli əmrin ləğv edilməsi; onun Cavabdeh MMC-də işə bərpa edilməsi; onunla cavabdeh tərəfindən ona işdən çıxarıldığı 04 oktyabr 2022 tarixindən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi; istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi; işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(004)- 1149/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-nin 04 oktyabr 2022-ci il tarixli K-920 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə Cavabdeh MMC-nin ev mebeli topdan satış anbarı 1 struktur bölmə üzrə (əvəzçilik üzrə) sürücü vəzifəsinə bərpa olunması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Lakin, hazırki şikayəti MPM-nin normalarının tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər də aydın şəkildə izah edilməli və hər bir dəlil əsaslandırılmalıdır. Lakin, apellyator tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir, həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsinə uyğun formada göstərilməmişdir. Belə olduğu təqdirdə isə, apellyasiya şikayəti mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir. Belə olan halda, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(004)- 1149/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar