Məhkəmə qərarları › İş №2(103)-4029/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4029/2022

24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4029/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evin kənar şəxslərdən və əşyalardan boşaldılması tələbinə dair mülki iş üzrə qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(005)- 1098/2016 saylı qərardadından Cavabdeh və üçüncü şəxs X1 tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evin kənar şəxslərdən və əşyalardan boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(005)- 1098/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əşyaları və ailə üzvləri birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən 119 saylı evdən çıxarılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətləri təmin olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin ata adının “İsabala” olmasını, məhkəmə qətnaməsində isə “Abbas” kimi qeyd olunmasını bildirmiş və qeyd olunan yalnışlığın aradan qaldırılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(005)- 1098/2016 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2016-ci il tarixli 2(005)-1098/2016 saylı qətnaməsində yol verilmiş yalnışlıq aradan qaldırılmış və qətnamədə cavabdehin ata adının “İsabala” kimi oxunması qərara alınmışdır. Qeyd edilən qərardaddan Cavabdeh və üçüncü şəxs X1 şikayət verərək qərardadın ləğv edilməsini və icra məmurunun ərizəsinin rədd edilməsini xahiş etmişlər. Şikayətlər onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində Cavabdeh ata adı səhvən “Abbas” kimi yazılmış, iddia ərizəsi qüsurlu olduğu halda, məhkəmə onu icraata qəbul edib baxmışdır. Daha sonra icra məmurunun müraciəti əsasında məhkəmə qətnamədə olan yanlışlığı aradan qaldıraraq cavabdehin ata adının “İsabala” kimi oxunmasına qərar vermişdir. Halbuki, Azərbaycan Respublikası MPMin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. İcra məmuru isə işdə iştirak edən şəxs kateqoriyasına aid deyil. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(005)- 1098/2016 saylı qərardadı ilə şikayətlər təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Hazırkı iş üzrə iş materialarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(005)-1098/2016 saylı qətnaməsi cavabdehə göndərilmiş, həmin qətnamədən cavabdeh apellyasiya və kassasiya şikayətləri vermiş, heç bir şikayətdə iddia ərizəsinin düzgün olmayaraq icraata götürülməsini mübahisələndirməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş etibarnamələrdə və cavabdeh tərəfindən verilmiş ərizə və vəsatətlərdə cavabdehin ata adı “İsabala” qeyd edilmişdir. Məhkəmə texniki səhvə yol verərək bu halı nəzərdən qaçırmışdır. Mülki iş materiallarına əlavə olunmuş 15 fevral 2022-ci il tarixli məhkəmə bildirişinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(005)-1098/2016 saylı qətnaməsində yanlışlığın aradan qaldırılması haqqında məsələyə baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh qeydiyyatda olduğu Salyan rayonu Atbulaq kəndinə bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə olan yanlışlığı aradan qaldıraraq cavabdehin ata adının “İsabala” kimi oxunmasını qərara almaqda haqlı olmuşdur. İş materiallarından görünür ki, qeyd olunan yanlışlıq qətnamənin icrası zamanı icra məmuru tərəfindən aşkar olunmuş və həmin yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət olunmuşdur. Mülki prosessual qanunvericilikdə icra məmuru qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqlığın düzəldilməsi üçün məhkəməyə müraciət etmək hüququ olan subyektlər sırasında olmasa da, məhkəmə qətnamədə buraxılmış yanlışlığı aradan qaldırmaqla mahiyyətcə düzgün qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(005)-1098/2016 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh və üçüncü şəxs X1 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Qətnamədə olan yalnışlığın aradan qaldırılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(005)-1098/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar