Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-403/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, pul və havalandırma qurğusunun qaytarılması” tələbinə dair iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:icarə müqaviləsi üzrə öhdəliyin pozulması pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İlkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə qarşı icarə haqqının tutulması tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı müqavilənin ləğv edilməsi, pul və havalandırma qurğusunun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələrin’ dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)- 4391/2021 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə görə X1 Azay Xasay oğlunun əvəzinə Cavabdeh MMC-nin direktoru X6 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən obyekt icarəçiyə mağaza təyinatı üzrə istifadə etmək üzrə icarəyə verilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən icarənin müddəti 01 yanvar 2020-ci il tarixdən başlayaraq 12 ay müəyyən edilmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən icarəçi aylıq 20.000 manat məbləğdə icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür
2. 06 saylı, 18 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsasən X1 Azay Xasay oğlunun əvəzinə Cavabdeh MMC-nin direktoru X6 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən obyekt icarəçiyə satış və sərgi salonu təyinatı üzrə istifadə etmək üzrə icarəyə verilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən icarənin müddəti 01 yanvar 2021-ci il tarixdən başlayaraq 11 ay müəyyən edilmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən icarəçi aylıq 20.000 manat məbləğdə icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 134140 manat məbləğdə icarə haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq, icarə haqqını icarəyəverənin bank hesabına köçürməli olmasına baxmayaraq, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayı da daxil olmaqla, aylıq icarə haqqının bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Cavabdeh maddi imkanının olmamasını və sair bəhanələr gətirərək icarə haqqını ödəmək istəmir.
5. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin ləğv olunması, İddiaçı cavabdeh tərəfindən təmirə çəkilmiş 500000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, ünvan 2 ünvanda yerləşən sahədə quraşdırılmış havalandırma qurğusunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, MMC qeyd olunan sahəni icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olmuş, onun tərəfindən tam olaraq yüksək səviyyədə təmir edilmiş və həmin təmirə 500000 manat məbləğdə vəsait xərclənmişdir. 18 fevral 2021-ci il tarixli icarə müqaviləsinin 5.6-cı maddəsində qeyd olunmuşdur ki, icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda “İcarəçi” təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürmür. Göründüyü kimi, bağlanmış müqaviləyə cavabdeh tərəfindən xitam verilmədiyindən sahənin təmiri üçün çəkilmiş 500000 manat məbləğdə xərc cavabdehdən tutularaq MMC-yə ödənilməlidir. 2020-ci ilin mart ayında pandemiya şəraiti ilə əlaqədar olaraq bütün sahibkarlar, eləcə də cavabdeh maliyyə cəhətdən bir sıra sıxıntılar yaşamağa başlamışdır. Mövcud vəziyyətlə əlaqədar olaraq tərəflər arasında müəyyən güzəştlərin həyata keçirilməsi məsələsində şifahi razılığa gəlinmişdir. Lakin, 2021-ci ildə iddiaçı cavabdehin 134140 manat borcun yarandığını və borcun ödənilməli olduğunu bildirmişdir. Bir müddət sonra isə sahənin təhvil verilməli olduğunu bildirmişdir. İcarəyə verən MMC-ni aldadaraq, müqavilə pozulmadığı halda əmlakı digər şəxsə icarəyə vermişdir. Hətta, Cavabdeh MMC-yə məxsus 50000 manat dəyərində havalandırma qurğusu sahədə qalmasına baxmayaraq iddiaçı tərəfindən təhvil verilməsindən imtina edilmişdir. Pandemiya dövründə yaranmış şəraitlə əlaqədar olaraq icarə müqaviləsində göstərilən aylıq icarə ödənişi cavabdeh tərəfindən tam olmasa da, cüzi miqdarda ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən də göründüyü kimi, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi cəmi icarə haqqı 260.000 ödənilməli olduğu halda Cavabdeh MMC tərəfindən müxtəlif vaxtlarda ödənilmiş məbləğlər toplanmaqla cəmi 125860 manat məbləğdə ödəniş edilmişdir. 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin 8.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərin hər hansı biri fors-major hal səbəbindən bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilməzsə, fors major vəziyyət qüvvədə olan müddət ərzində bu hal müqavilənin şərtlərinin pozulması hesab edilmir. Fors-major hal baş verdikdə, tərəflər mümkün dərəcədə vəziyyəti düzlətmək üçün əlindən gələni etməlidir. Fors-major hal 60 (altmış) iş günündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 (on beş) iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Göründüyü kimi, müqavilənin bu bəndinin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Tərəf mümkün dərəcədə vəziyyəti düzəltmək üçün heç bir güzəşt etməmişdir. Halbuki, koronovirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə qəbul edilmiş müvafiq tədbirlər planı ilə sahibkarlıq subyektlərinə güzəştlər və əlavə dəstək tədbirləri nəzərdə tutulmuşdur. Bu güzəştlər dövlət əmlakı və dövlət torpaq fonduna aid sahələrin icarəsi, həmçinin sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqları ilə bağlı idi. Belə ki, dövlət əmlakını, dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən 2020-ci ilin sonunadək icarə haqqı tutulmadığı qeyd edilmişdir. Ancaq nəzərə almaq lazımdır ki, obyektlərini iş adamlarına icarəyə verən sahibkarlar üçün də güzəştlər mövcüd idi. Belə ki, icarəyə verənləri pandemiya dövründə güzəşt etməyə stimullaşdırmaq üçün vergi qanunvericiliyinə dəyişikliklər edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 08 may 2020-ci il tarixli Qanuna əsasən 01 yanvar 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək olan dövr üzrə icarə haqqından tutulan vergilərə güzəşt edilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)- 4391/2021 qətnaməsi ilə (hakim R.N.Qafarova) ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin verdiyi qarşılıqlı iddia ərizəsinin məzmunundan göründüyü kimi, o, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi müqavilə üzrə ödənilməli olan 260000 manat məbləğin cəmi 125860 manatını ödədiyini qəbul edir. Məbləğin qalan hissəsini ödəyə bilmədiklərinə əsas olaraq isə 2020-ci ildən etibarən pandemiya səbəbi ilə fəaliyyət göstərə bilmədiklərini qeyd edir.
9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması fors majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors major hal kimi qiymətləndirmək olmaz. Çünki tərəf müqavilə bağlanarkən tərəfin həmin halı nəzərə ala bilməməsi, tərəfin bu halı aradan qaldıra bilməməsi və nəticələrini istisna edə bilməməsi, xəbərdarlıq müddətinə riayət etməklə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması kimi hallar mövcud deyil.
10. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, icarəçi müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməmişdir. Hətta icarəçi pandemiya şəraitinin davam etdiyi 18 fevral 2021-ci il tarixdə yenidən icarə müqaviləsi bağlamışdır ki, bu hal da icarəçinin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətinin olduğunun etirafi kimi qiymətləndirilməlidir. Əgər icarəçi həqiqətən də fəaliyyət göstərə bilməsəydi onda heç belə bir müqavilə bağlamaq niyyətində olmazdı.
11. Qarşılıqlı iddia tələbinə hüquqi qiymət verən məhkəmə göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının əsaslandığı müqavilədə icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərin dairəsi müəyyən edilmişdir. İcarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlər istisna olmaqla obyektin və ya oradakı hər hansı qurğu və avadanlığın təmirini, eləcə də obyektdə və ya onun istənilən hissəsində hər hansı düzəlişlər, yeniliklər, təmir, bərpa və ya digər dəyişiklikləri icarəçi öz hesabına həyata keçirməyi, sadalanan işləri həyata keçirməzdən öncə icarəyə verənin razılığını almağı öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı icarə obyektinin icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olmasını və təmir işlərinin tam olaraq onun tərəfindən həyata keçirildiyini bildirsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa icarəçi icarə obyektində hansı təmir işlərinin aparıldığı, icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən hansıların icarəçinin özü tərəfindən həyata keçirildiyi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İcarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən başqa digər işlərə münasibətdə isə, həmin işlər müqavilə şərtlərinə görə icarəçinin hesabına həyata keçirilməlidir.
12. Qeyd edilənlərlə yanaşı, məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflər arasında olan 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsi ilə icarəçi icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüş, həmçinin müqaviləyə bu şərtin yalnız həmin müqavilənin qüvvədə olduğu dövrdə aparılan təmir işlərinə aid olduğu barədə də qeyd-şərt daxil edilməmişdir. Tərəflər arasında münasibətlər 2014-cü ildən davam edən münasibət olduğundan və icarəçi qüvvədə olan sonuncu müqavilədə təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürməməyi üzərinə götürdüyündən məhkəmə hesab etmişdir ki, o, ümumiyyətlə belə bir tələbi irəli sürməkdə haqsızdır.
13. Məhkəmə qarşılıqlı iddia üzrə icarə obyektində quraşdırılmış havalandırma qurğusunun qaytarılması tələbini də əsassız hesab etmiş və göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən obyektdə ona məxsus havalandırma qurğusunun mövcudluğunu və quraşdırıldığını təsdiq edə bilməmiş, buna dair lazımı sübutları məhkəməyə təqdim etməmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. lkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)-4391/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyrimümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors major hal kimi qiymətləndirilməlidir. Çünki müqavilə bağlanarkən Azərbaycan Respublikası ərazisində pandemiya ilə əlaqədar ticarət obyektlərinin aylarla bağlı qalacağı bilə bilməzdi. Həmçinin pandemiya şəraiti 2020- ci ilin mart ayından etibarən davam etsə də, tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Lakin sonradan iddiaçı müqavilənin yerinə yetirilməsinə şərait yaratmamış, əmlaklar orada olduğu halda onları obyektdən öz başına olaraq çıxarmışlar. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə cavabdehin gətirdiyi dəlillərə heç bir əhəmiyyət verməyərək, Mülki Məcəllənin normalarını formal olaraq sadalamaqla kifayətlənmiş və qətnaməni əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı tərəflərindən verilmiş əsaslı vəsatətlər formal əsaslarla rədd edilmişdir ki, həmin vəsatətlərin təmin olunması təqdirdə tərəflərindən verilmiş iddianın əsaslı olması öz təsdiqini tapacaqdır. Lakin məhkəmə mülki işin obyektiv araşdırılmasında maraqlı olmamış və nəticədə ilk öncə vəsatətləri, daha sonra isə iddianı rədd etmişdir. Məhkəmə vəsatəti təmin etməməklə obyektə çəkilmiş xərclərin müəyyən edilməsinə və eyni zamanda obyektə quraşdırılmış avadanlıqların orada olmasına baxmayaraq, həmin avadanlıqları geri qaytıarılmamasına dair əsassız qənaətə gəlmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)- 1429/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)- 4391/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamış və hesab etmişdir ki, apellyator apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı heç bir sübut təqdim etməmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
18. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-1429/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1 və 425.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors-major hal kimi qiymətləndirilməlidir. Çünki müqavilə bağlanarkən Azərbaycan Respublikası ərazisində pandemiya ilə əlaqədar ticarət obyektlərinin aylarla bağlı qalacağını bilə bilməzdi. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Lakin sonradan iddiaçı müqavilənin yerinə yetirilməsinə şərait yaratmamış, əmlaklar orada olduğu halda onları obyektdən öz başına olaraq çıxarmışlar.
20. Azəraycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(102)-3484/2022 saylı qərarı ilə İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)- 1429/2022 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın “müqavilənin ləğv edilməsi”nin rədd edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış və qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
21. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmirə çəkilmiş xərcin və havalandırma sisteminin qaytarılmasının rədd olunması hissəsində qanuni və əsaslı olsa da, ilk iddianın təmin olunmuş hissəsində apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normalarını düzgün tətbiq edilməmişdir. İlk olaraq kassasiya şikayətinin qarşılıqlı iddianın pulun tutulması və havalandırma sisteminin qaytarılması hissələri üzrə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, həmin hissədə məhkəmə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı icarə obyektində təmir etdiyini, habelə havalandırma qurğusunu quraşdırdığını sübut edə bilməmişdir.
22. İlk iddia üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən 23 yanvar 2020ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının natamam ödənilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh bunu “Covid-19” Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı dünyada və Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər nəticəsində öhdəliyinin icrasının qeyri-mümkünlüyü ilə izah etmiş və müqavilənin 8.1-ci maddəsi ilə nəzərdə tutulmuş fors-major halının tətbiq edilərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir. koronovirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, ayrı-ayrı vaxtlarda insanların hərəkətinin məhdudlaşdırılması və iqtisadiyyatın bəzi sahələrində fəaliyyətin dayandırılması hamıya bəlli olan hallardır və Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən bu halların sübut olunmasına zərurət yoxdur.
23. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası mülki qanunvericiliyində “forsmajor” anlayışı bilavasitə nəzərdə tutulmasa da, Mülki Məcəllənin 448.4-cü maddəsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətin daşımamasının əsaslarını müəyyən etmişdir. Həmin maddənin birinci cümləsinə görə borclunun öhdəliyin pozulmasına görə məsuliyyətdən azad olunması üçün 1. pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməli, 2. müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirilməlidir. birinci instansiya məhkəməsi 2020-ci ilin mart ayından davam edən pandemiya şəraitini fors-major halı kimi qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi isə bu mövqe ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə işin hallarını tam araşdırmamış və qətnaməni Mülki Prosessual Məcəlləsinin 217.3-ci maddəsinin tələblərinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
24. Kollegiya qeyd etmişdir ki, karantin rejiminin tətbiq edilməsi özözlüyündə (avtomatik olaraq) fors-major halının baş verməsi kimi qiymətləndirilə bilməz. Müqavilə tərəfi öhdəliyini icra etmək üçün bütün ağlabatan cəhdlərdən istifadə etməli, risklərin və itkilərin azaldılması üçün mümkün səylər göstərməlidir. Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin apellyasiya məhkəməsi cavabdeh MMC-nin fəaliyyətinin nədən ibarət olması və Azərbaycan Respublikasında karantin rejiminin tətbiqi zamanı fəaliyyətinin dayandırılıbdayandırılmaması, belə rejiminin tətbiqi nəticəsində onun icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmək imkanında olub-olmamasını araşdırmamış və işin qeyd olunan hallarını Mülki Məcəllənin 448.4-cü maddəsinə uyğun əsaslandırmamışdır.
25. Kollegiya qeyd etmişdir ki, cavabdehin pandemiya dövründə müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməməsini fors-major halının istisna edilməsi üçün apellyasiya məhkəməsinin mövqeyi ilə də razılaşmır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.
d) Hazırki Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
27.Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Vəkil3 qeyd etdi ki, 2020-ci il tarixində bir çox müəssisələr kimi X9” MMC də öz fəaliyyətini dayandırmış və müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilməmişdir. Bununla əlaqədar tərəflər arasında üzləşmə aktı imzalanmışdır. Bu müəssisənin pandemiya dövründə fəaliyyətini dayandıran müəssisələr siyahısına salınmasına dair Nazirlər Kabinetinin qərarları da mövcuddur.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə ilkin iddia üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 34.Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
35. Maddə 445.2.1-445.2.2. Borclunun icranı gecikdirilməsi o zaman baş verir ki, öhdəlik onun icrası üçün müəyyən olunmuş müddətdə icra edilməsin, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini icra etməsin. 36.Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
37. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 384.0.2. Apellyasiya insatnasiya Məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın “müqavilənin ləğv edilməsi”nin rədd edilməsi hissələrində yoxlanılır
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın icarə müqaviləsinin ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia icarə müqviləsinin ləğv edilməsi hissəsində təmin edilməklə icarə müqaviləsi ləğv edilməlidir.
45. Belə ki, cavabdeh tərəfindən 23 yanvar 2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının natamam ödənilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh bunu “Covid- 19” Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı dünyada və Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər nəticəsində öhdəliyinin icrasının qeyri-mümkünlüyü ilə izah etmiş və müqavilənin 8.1-ci maddəsi ilə nəzərdə tutulmuş forsmajor halının tətbiq edilərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir. Koronovirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, ayrı-ayrı vaxtlarda insanların hərəkətinin məhdudlaşdırılması və iqtisadiyyatın bəzi sahələrində fəaliyyətin dayandırılması hamıya bəlli olan hallardır və Ali məhkəmənin də qeyd etdiyi kimi Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən bu halların sübut olunmasına zərurət yoxdur.
46. Azərbaycan Respublikası mülki qanunvericiliyində “fors-major” anlayışı bilavasitə nəzərdə tutulmasa da, Mülki Məcəllənin 448.4-cü maddəsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətin daşımamasının əsaslarını müəyyən etmişdir. Həmin maddənin birinci cümləsinə görə borclunun öhdəliyin pozulmasına görə məsuliyyətdən azad olunması üçün 1. pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməli, 2. müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirilməlidir.
47. Birinci instansiya məhkəməsi 2020-ci ilin mart ayından davam edən pandemiya şəraitini fors-major halı kimi qiymətləndirməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə həmin hissədə işin hallarını tam araşdırmamış və qətnaməni Mülki Prosessual Məcəlləsinin 217.3-ci maddəsinin tələblərinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
48. Kollegiya qeyd edir ki, karantin rejiminin tətbiq edilməsi hazırki işin hallarına münasibətdə fors-major halının baş verməsi kimi qiymətləndirilə bilər. Belə ki, kassasiya instansiyası məhkəmsinin göstərişinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, cavabdehin fəaliyyət sahəsi oyuncaqlarının pərakəndə satışı ilə məşğul olmaqdan ibarət olmuşdur. Bu sahədə həmin dovrdə fəaliyyətinə icazə verilməyən fəaliyyət sahələrinə daxil olmaqla cavabdehin özündən asılı olmayan səbəbdən fəaliyyət göstərə bilməmişdir. Yəni belə rejiminin tətbiqi nəticəsində o icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmək imkanında olmamışdır. Lakin işin bu halı birini instansiya məhkəməsi tərəfindən araşdırılmamaqla buna qiymət verilməmişdir.
49. İşin bu halına Mülki Məcəllənin 448-ci maddəsinin tələbləri baxımından da qiymət verilməsi ilə bağlı kollegiya qeyd edir ki, bu qəbildən olan işlər üzrə borclunun forsmajor hal barədə qarşı tərəfə məlumat verməlidir. Bu onun məsuliyyətdən azad edilməsi üçün həlledici rol oynayır. Hazırki halda isə cavabdehin durumu hamıya bəlli olan “Covid- 19” Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı dünyada və eləcə də Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər nəticəsində onun fəaliyyət sahəsinin həmin dovrdə fəaliyyətinə icazə verilməyən fəaliyyət sahələrinə daxil olması ilə əlaqədar öhdəliyinin icrasının qeyri-mümkünlüyü ilə bağlı olmuşdur.
50. Kollegiya göstərilənlərin davamı olaraq qeyd edir ki, cavabdehin pandemiya dövründə müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməməsini hazırki iş üzrə cavabdehə münasibətdə fors-major halının istisna edilməsi kimi qəbul edilməsi düzgün hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndində fors-major halının 60 iş günündən artıq davam etməsi halında müqaviləyə xitam vermək hüququ hər iki tərəfə aid edilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
51. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya cavabdeh tərəfindən həmin dovrdə fəaliyyət sahəsi işləməsinə icazə verilməyən fəaliyyət sahələrinə daxil olsa da, müqavilə müddəti çərçivəsində hər ay ödənişlər edilmişdir. Lakin ödənişləri təxmini razılaşdırlmış aylıq ödənişlərin yarısı miqdarında etmişdir (ümumilikdə müqavilə müddəti ərizində ödənilməli olan 260000 manat məbləğdən 125860 manatı ödənilmişdir). İşin bu halına məhkəmə belə qiymət verir ki, iddiaçı da bununla razılaşmış və ödənişlərin bu qaydada ödənilməsini qəbul etməklə bunun fors-major halı kimi qiymətləndilməsini qəbul etmiş və müqavilənin xitamını tələb etməmişdir. Belə ki, bunun əksinə bu qaydada razılaşmanı qəbul etmədiyi halda iddiaçı da cavabdehi gözləmədən müqavilənin şərtlərinə uyğun olaraq müqaviləyə xitam verilməsini tələb edə bilərdi. Belə ki, müqavilədə bu halda müqaviləyə xitam vermək hüququ hər iki tərəfə aid edilmişdir. Əksinə, iddiaçı tərəf 2021-ci ildə yenidən eyni şərtlərlə cavabdehlə müqavilə bağlamaqla münasibətlərini davam etdirmişlər. Belə olan halda göstərilənlərə əsasən kollegiya ilkin iddia tələbinin Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməməsi qənaətinə gəlir.
52. Kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.. 53.Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin qeyd edilən hallarına qiymət vermədən lazımi qaydada araşdırma aparmadan, ilkin iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bununlda kollegiya hesab edir ki, birinci instanisya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində, yəni Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi təmin edilməməlidir.
54. Bundan başqa, qarşılıqlı iddianın icarə müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə kollegiya hesab edir ki, hazırki halda bu tələblə müraciət ediməsinin mövcudluğu, işin məhkəmə tərəfindən araşdırılmış halları, tərəflərin qarşılıqlı münasibətləri və bu kimi müqavilə münasibətlərinin tərəflər arasında davam etdirilməsinin qeyri-mümkünlü nəzərə alınmaqla qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməli, tərəflər arasında bağlanmış 18 fevral 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir.
55. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(010)- 4391/2021 saylı qətnaməsi qismən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın icarə müqaviləsinin ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçın ilkin iddia tələbi Cavabdeh MMC-dən 134140 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh MMC-nin qarşılıqlı iddiası icarə müqviləsinin ləğv edilməsi hissəsində təmin edilməklə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.