Məhkəmə qərarları › İş №2(103)-4031/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4031/2022

26.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4031/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Şükürova (İsmayılova) Salatın Vəlixan qızının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə Şükürova (İsmayılova) Salatın Vəlixan qızının Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şükürova (İsmayılova) X1 Telman Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin xüsusi mülkiyyətində olduğunu, ailə üzvləri ilə birlikdə yaşadığı həmin mənzili 2019-cu ilin iyun ayında təmir etdirdiyini, təmiri bitirdikdən sonra divar qonşusu Cavabdeh onlara gələrək evini sökmək istədiyini dediyini, buna etiraz etdiklərini, çünki evlərinin qədim evlər olmaqla divarların “dranka” və “qipsalit” deyilən materiallardan inşa edildiyini, xeyli mübahisədən sonra, evinin bünövrəsi və havalandırması olmadığı üçün etiraz etməsinlər deyə Cavabdeh onlara “dıvarın aşmaması və təmirin dağılmaması, habelə evlərinin geniş olması üçün öz divarını onların divarına bitişik tikmək, amma arxa tərəfdən onun evinə hava gəlməsi üçün nəfəslik qoymaq” təklifini verdiyini, eyni zamanda bitişik olan dam örtüyünə zərər dəyməməsi barədə razılaşdıqlarını, nəfəsliyin olması üçün cavabdehə öz evini onların evinə bitişik tikməsinə icazə verdiklərini, lakin söküntü zamanı Cavabdeh danışıqlarına riayət etmədən onların dam örtüklərinə xeyli zərər vurduğunu, nəfəsliyə görə onun qanunsuz əməllərinə göz yumduqlarını, lakin sonradan onun nəfəsliyin önünü də divarla hördüyünü, bununla bağlı polisə və icra hakimiyyətinə etdikləri şikayətlərin nəticəsi olmadığını bildirmiş, buna görə də ünvan 2 ünvanına daxil olan nəfəsliyin qarşısının hörülməsinin qadağan olunması, mənzilinə dəymiş zərərin bərpa edilməsi və orada hörülmüş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı apellyatorun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, cavabdeh isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil 16.05.1998-ci il tarixdə X2, həmin ünvandakı 2 saylı mənzil Cavabdeh adına 12.06.1998-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş, 5 saylı mənzillə (iddiaçının mənzili) bağlı tərtib olunmuş texniki pasporta əsasən mənzil iki otaq, dəhliz və mətbəxdən ibarət olmaqla iddiaçının, qarşısının hörülməsinin qadağan edilməsini tələb etdiyi nəfəsliyin mövcud olduğu 15,56 kv.m. otağın layihəsində pəncərə və nəfəslik nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəflərə məxsus evlərə baxış keçirərkən 5 saylı mənzildəki uşaq otağının baş tərəfində sağ divarda mübahisəyə səbəb olan ensiz nəfəsliyin olduğunu, onun qarşısında daş hörgünün göründüyünü müəyyən etmiş, yerində müayinə zamanı iddiaçı bildirmişdir ki, “həmin otaqda əvvəllər pəncərə (nəfəslik) olmamış, evdə rekonstruksiyalar aparılarkən bununla bağlı müvafiq icazələr alınmamış, əvvəllər cavabdehə məxsus birotaqlı evlə onların divarları bitişik olmuş, həmin vaxt qonşu ilə ortaq divarı olan otaqda nəfəslik olmamış, cavabdeh evində rekonstruksiya aparanda ona təklif etmişdir ki, həmin otaqda nəfəslik açsın”. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehə məxsus ev hazırda 2 mərtəbəlidir və evlərin dam örtükləri ayrı-ayrı olmaqla faktiki mövcud olan evlərin layihəsi dəyişdirilmiş, iddiaçının evi texniki pasporta görə iki otaq, dəhliz və mətbəxtdən ibarət olduğu halda, faktiki mövcud olan pəncərə (nəfəslik) layihədə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatları əsasında da, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin yaşayış otağında yerləşən nəfəsliyin qarşısının mişar daşından hörüldüyü, həmin mənzilidə tikinti üzrə hər hansı qüsurların olmadığı, mənzilə dair sxemdə mübahisəsi gedən otada cavabdehin mənzilinə doğru hər hansı pəncərənin açıldığının göstərilmədiyi müəyyən olunmuşdur. Beləliklə işin müəyyən olunan hallarından görünür ki, iddiaçıya məxsus evdə yerləşən uşaq otağının baş tərəfində sağ divarda hazırki mübahisəyə səbəb olan ensiz nəfəslik olsa da, bu nəfəslik evin layihəsində nəzərdə tutulmamış və həmin otaqda əvvəllər pəncərə (nəfəslik) olmamış, iddiaçı bu halı iddia ərizəsində də göstərmiş, onun bildirməsinə görə cavabdeh evində rekonstruksiya aparanda ona otaqda nəfəslik açmağı təklif etmiş və o da bu razılıq çərçivəsində nəfəsliyi açmış, lakin iddiaçı tərəfindən nəfəsliyin açılması, həmçinin evdə aparılmış rekonstruksiyalarla bağlı müvafiq icazələr alınmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddianın əsasını, irəli sürülən iddia tələbinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçının tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci və 157.4-cü maddələri nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 180.1-180.3-cü maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşin müəyyən olunan hallarından göründüyü kimi iddiaçı, irəli sürdüyü iddia tələblərinə münasibətdə subyektiv hüquqlarının mövcudluğu baxımından haqlı olmamışdır; çünkü əgər o, evindəki sözügedən nəfəsliyi sonradan qanunsuz açmışdırsa (inşa etmişdirsə), Mülki Məcəllənin 180-ci maddəsində göstərilən maraqlı tərəf sayıla bilməz. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu mənada hər kəs, özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamamənin ləğvi üçün əsas yaratmır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Şükürova (İsmayılova) Salatın Vəlixan qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-32/2022 saylı iş üzrə 25 fevral 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar