Məhkəmə qərarları › İş №2(103)-4041/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4041/2024

24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4041/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə,Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1648/2023 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı X1 “ onunla cavabdehin birgə nikahları dövründə əldə olunmuş və Bakı şəhəri, Sabunçu rayonu, “Vişnyovka – 1” Bağ Sahəsi, 317 “c” ünvanında yerləşən 0,2 ha torpaq sahəsi, “Chevrolet Orlando” markalı, 90 RZ-520 dövlət qeydiyyat nişanlı avtomobil, “Electrolux” markalı 1 ədəd kondisioner, “Supremax” markalı 1 ədəd kondisioner, “Vestel” markalı 1 ədəd televizor və “LG” markalı 1 ədəd soyuducunun üzərində onun və cavabdehin hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, avtomobilin və məişət əşyalarının real bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi, qeyd edilən mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi barədə” iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1648/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində 1/2 hissədə iddiaçı X1 payının müəyyən edilməsi qət edilmişdir. Ağamalıyev (Əhmədova) Zümrüd Valeh qızı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6960/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahları dövründə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 “c” ünvanında yerləşən 0,2 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf edilmiş xərcin 1/2 hissəsinin, yəni 32500 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı X4 verilməsi, dəyəri 400 manat olan “Vestel” markalı televizor və dəyəri 500 manat olan “LG” markalı soyuducunun Cavabdeh alınaraq iddiaçı X4 verilməsi, əşyaların naturada qaytarılması mümkün olmadıqda, onların dəyərinin Cavabdeh alınaraq iddiaçı X4 verilməsi, İddiaçı X2 qalan əşyaların dəyərinin Cavabdeh qalan əşyaların dəyərindən 200 manat çox olduğundan, həmin məbləğ fərdi yaşayış evinin inşasına sərf edilmiş xərcin 1/2 hissəsini təşkil edən məbləğdən, yəni 32500 manat məbləğdən çıxılması və Cavabdeh qəti olaraq 32300 manat məbləğində pulun tutularaq iddiaçı X4 verilməsi, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə Cavabdeh (nümayəndəsi-vəkil) tərəfindən kassasiya şikayəti verilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixində əvvəlki baxış predmeti olmayan hissədə Suraxanı Rayon Məhkəməsinin 2(010)-1648/2023 nömrəli işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2890/2024 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1648/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya (apellyasiya icraatında artıq baxılması və cavabdehin işin baxılması zamanı iştirak etməsi, hüquqlardan suiistifadə edilməsi, prosessual müddətlərin ötürülməsi əsasları ilə)qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1648/2023 nömrəli qərardadı ilə qətnamədən cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1648/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1648/2023 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin tələblərinə istinadən qeyd edilmişdir ki, buraxılmış prosessual müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh ilk dəfə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim olunmuş, bundan 2 gün sonra cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Ərizəçinin (cavabdehin) mövqeyinə görə, bu səbəbdən cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddəti buraxılmamışdır. Göründüyü kimi, cavabdeh hər nə qədər buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş olsa da, şikayətin məzmunundan belə görünür ki, o, müddəti buraxmadığını hesab etdiyindən müddəti buraxmasının üzrlü səbəbləri ilə bağlı heç bir əsaslandırması olmamışdır. Ərizədə bu mövqe belə ifadə edilmişdir ki: "Prosessual müddəti ötürməsək də artıq Bakı Apellyasiya Məhkəməsinin bu qərardadından sonra prosessual müddətin bərpası barədə ərizə vermək zərurəti yaranmışdır”. Məhkəmə isə ərizəçinin bu mövqeyi ilə razılaşmır. İlk növbədə ona görə ki, iş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətini buraxıb- buraxmaması məsələsi hazırkı ərizə əsasında həll edilə bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh hazırda buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməklə müddəti buraxdığını qəbul etmiş hesab olunur və məhkəmədən yalnız müddəti buraxma səbəbinin üzrlü hesab edilməsini xahiş edir (etməlidir). Digər tərəfdən, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddətin buraxılması əsası ilə qeyrimümkün hesab edilməsi və şikayətin geri qaytarılmalı olması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının çıxarıldığı gün cavabdehə məxsus elektron kabinetə yerləşdirilməsinə və qərardaddan l0 gün müddətində kassasiya şikayəti verilməsinin mümkünlüyünə baxmayaraq, cavabdeh tərəfindən bu qərardad mübahisələndirilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin qərardadında istinad olunan əsasla (cavabdeh tərəfindən müddətin buraxılması) geri qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus elektron kabinetə yerləşdirilmişdir.Buna baxmayaraq, cavabdeh tərəfindən həmin qərardaddan da heç bir şikayət verilməmiş, müddətin buraxılması məsələsi mübahisələndirilməmiş, əksinə buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bununla da cavabdeh bu qərardadların hüquqi nəticəsini (qətnamədən şikayət vermə müddətini buraxdığını) qəbul etmiş hesab edilir. Bu baxımdan müddətin əslində buraxılmaması ilə bağlı hazırkı ərizənin dəlilləri heç bir əhəmiyyət kəsb etmir və ərizənin təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Ən azından ona görə ki, ərizədə məhkəmələr tərəfindən cavabdehin vaxtında apellyasiya şikayəti verməməsi barədə nəticəyə gəlməyə əsas olan hal - cavabdehin qətnamədən ən geci xx.xx.2023-cü il tarixdə məlumatlı olmasına (bunun mübahisəsiz olmasına) baxmayaraq, qətnaməni rəsmi qaydada almaq üçün iki aya yaxın müddət gözləməsinin səbəbləri barədə heç bir əsaslandırmaya yer verilməmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qətnamədən buraxılmış apellyasiya şikayəti verilməsi müddəti hazırkı ərizənin dəlilləri əsasında bərpa edilə bilməz. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (“X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Cavabdeh şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1648/2023 nömrəli işi üzrə 14 may 2024-cü il tarixli qərardadının ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin Cavabdeh tərəfindən buraxılmasının üzrlü hesab olunaraq, ona münasibətdə buraxılmış prosessual müddətin bərpa olunmasını, apellyasiya şikayətimizin icraata qəbul edilərək mümkün hesab edilməsini, hazırki şikayətə tərəflərin iştirakı ilə şifahi məhkəmə baxışında baxılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3. 133 və 360 maddələrinə istinadən qeyd edilmişdir ki, prosessual müddəti ötürməsək də artıq Bakı Apellyasiya Məhkəməsinin qərardadından sonra prosessual müddətin bərpası barədə ərizə vermək zərurəti yaranmışdır. Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, cavabdeh 30 yanvar 2024-cü il tarixdə qətnamənin surətini almış və xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkəti prosessual hüquqlardan suiistifadəyə yönəlmişdir. Bildiririk ki, hər hansı sui-istifadədən söhbət belə gedə bilməz. Belə ki, cavabdeh qətnaməni rəsmi qaydada alan kimi dərhal 2 gün sonra apellyasiya şikayəti vermişdir. Bundan əlavə bildiririk ki, qətnaməni 30 yanvar 2024-cü ilədək almadığımız üçün qətnaməni bizə dövlət rüsumu ödənilmədən verilmişdir. Əgər qətnamədən məlumatımız olsaydı qətnamənin təkrar verilməsinə görə cavabdeh dövlət rüsumu ödəməli idi. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.7-ci maddəsinə əsasən, məhkəmə aktının surətinin təkrarən verilməsinə görə 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat ödənilir. Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(010)- 1648/2023 nömrəli qətnaməsinin “QƏT ETDİ” hissəsində qeyd edilmişdir ki, qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sual yaranır. Cavabdeh qətnaməni rəsmi qaydada alıb onunla tanış olmadan necə apellyasiya şikayəti verə bilər axı ?!! İddiaçı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(010)-1648/2023 saylı qətnaməsini rəsmi qaydada aldığı üçün qətnamədən apellyasiya şikayəti vermək imkanına yalnız iddiaçı sahib olmuşdur. Cavabdeh isə qətnamənin onun ziyanına çıxdığından bir də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini aldıqda müəyyən edə bilmişdir. Üstəlik hakim Məmməd Məmmədovun icraatında olan iş üzrə apellyasiya baxışının predmetini Cavabdeh hazırda apellyasiya şikayətində mübahisələndirdiyi hissə təşkil etməmişdir. Hakim Məmməd Məmmədov yalnız İddiaçı mübahisələndirdiyi hissəyə baxdığı üçün peşəkar hüquqi xidmətlə təmsil olunmayan Cavabdeh yenə də baş verənləri anlamamışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini (hakim Məmməd Məmmədov) aldıqdan sonra cavabdeh Əhmədov X8 Məhkəməsinin qətnaməsinin nəticə hissəsi ilə tanış olmuşdur. Tanış olarkən şoka düşmüşdür ki, baba mülkü üzərində qarşı tərəfin pay hüququ müəyyən olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı X3 vəkili və nümayəndəsi Vəkil1 şikayətə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə etiraz təqdim etmiş və etirazda qeyd etmişdir ki, Cavabdeh apelyasiya şikayəti vermək üçün qaquqla nəzərdə tutulan müddəti heç bir üzrlü səbəb olmadan buraxmışdır. Ona görə də ona münasibətdə müddətin bərpa edilməsi barədə ərizə əsassızdır. Suraxanı Rayon Məhkəməsi həmin ərizəni təmin etməmekdə haqlı olmuşdur. Belə ki, hazırki işə Suraxanı Rayon Məhkəməsində baxılması zamanı Cavabdeh məhkəmə hazırlıq və məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Bundan başqa, hazırki iş üzrə məhkəmə iclasının audio və videoyazısı ilə təsdiq olunur ki, məhkəmə iclas katibi elə məhkəmə hazırlıq iclasınının gedişatında Cavabdehla telefon əlaqəsi yaratmış, ona məhkəmə iclasında iştirak etməməsinin səbəbini, həmin məhkəmə iclasına gəlib-gəlməməsini soruşmuş və növbəti məhkəmə hazırlıq iclasının vaxtı barədə ona məlumat vermişdir. Lakin Cavabdeh həmin iclasların heç birində üzrlü səbəb olmadan iştirak etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qətnamə cavabdehin həm qeydiyyatda olduğu ünvan 4 ünvan üzrə, həm də faktiki yaşadığı ünvan 5r.Göründüyü kimi, işə baxan Suraxanı Rayon Məhkəməsi, üzərinə düşən vəzifəni yerinə yetirmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh Fuad Əmədovu lazımi qaydada məlumatlandırmış, habelə iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsini onun həm qeydiyyatda olduğu üzvan üzrə, həm də faktki yaşadığı ünvan üzrə göndərmişdir. Lakin Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verməmişdir.Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini, iddianın rədd edilməsi hissəsində apelyasiya qaydasında yalnız iddiaçı Zümrüd Ağamalıyeva mübahisələndirmişdir. Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 17.08,2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsə də, xx.xx.2023-cü il tarixdə vahid elektron məhkəmə sisteminə müraciət yerləşdirərək, onun adına şəxsi elektron kabinet açılmasını xahiş etmişdir. Cavabdehin həmin müraciəti elə xx.xx.2023-cü il tarixdə təmin edilmişdir. İddiaçı Zümrüd Ağamalıyevanın verdiyi apelyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinin hakimi M.Məmmədovun İcraatına verilmişdir. Həmin iş üzrə ilk məhkəmə iclası xx.xx.2023-cü İİ tarixə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə İclasında Cavabdeh şəxsən iştirak etmişdir. Məhkəmə iclasının audio və videoyazısından görünür ki, məhkəmə iclasına sədrlik edən hakim tərəfindən baxılacaq mülki iş məruzə olunmuş, iddanın əsasları, iddia tələbi, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin məzmunu, həmin qətnamədən verilmiş apelyasiya şikayətinin dəliləri, apellyasiya baxışının hədləri və sair barədə işdə iştirak edən şəxslərə, o cümlədən də Cavabdeh ətraflı məlumat verilmişdir. İddiaçı Zümrüd Ağamalıyeva, onun vəkili və nümayəndəsi, habelə Cavabdeh həmin məhkəmə iclasında izahat vermişlər. Cavabdeh həmin məhkəmə iclasında birinci instansiya məhkəməsinin qətnaməsini almaması, qətnamədən narazı qalması, qətnamədən apelyasiya şikayəti vermək niyyətində olması barədə məhkəməyə hər hansı məumat verməmişdir. Əksinə Cavabdeh iş üzrə ətraflı məlumat vermiş, mübahisələndirilən torpaq sahəsinin onunla iddiaçının birgə nikahı dövründə əldə olunmasını və həmin əmlakın ərarvadın birgə mülkiyyəti olmasını inkar etməmiş, bununla bağlı hər hansı etiraz bildirməmişdir. Cavabdehin etirazı yalnız mübahisə predmeti olan əmlaklara, o cümlədən torpaq sahəsinə qoyulmuş qiymətlər olmuşdur. Yəni cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində tərəflərin hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi barədə məlumatlı olması xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında bir daha öz təsdiqini tapmışdır. Sözügedən məhkəmə iclası tərəflər arasında mövcud olan mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədilə xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında Cavabdeh yenə də şəxsən iştirak etmişdir. Lakin həmin məhkəmə iclasında da cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olması və qətnamədən apelyasiya şikayəti verəcəyi ilə bağlı məhkəməyə hər hansı məlumat verməmişdir. xx.xx.2023cü il tarixdə Bakı Apelyasiya Məhkəməsi, apelyasiya baxışının predmeti olan hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qətnamənin "Qət etdi" hissəsi elə məhkəmə iclasında işdə iştirak edən şəxslərə elan edilmişdir. tərəflərə, o cümlədən Cavabdeh göndərilmişdir. Göründüyü kimi, Cavabdeh Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mövcudluğundan, qətnamənin məzmunundan tam məlumatlı olmuşdur. Lakin Cavabdeh hərəkətsizlik göstərərək mülki prsosessual qanunvericilikdə nəzərdə tutulan müddətdə apelyasiya şikayəti verməmiş, onun tərəfindən apelyasiya şikayəti vermə müddəti üzrlü səbəb olmadan ötürülmüşdür. Bunlardan başqa, hazırkl İş üzrə Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə apelyasiyanı qeyri-mümkün hesab edən Bakı Apelyasiya Məhkəməsi, bu barədə qəbul etdiyi 2(103)-2890/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərir ki, "Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatsız olması inandırıcı vo ağlabatan hesab edilmir. Cavabdeh mübahisədən, məhkəmə icraatında işin olmasından məlumatlı olmuş, SMS bildirişlər göndərilmişdir, cavabdehin ünvanına göndərilmiş qətnamə geri qaytarılmış olsa da, Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, izahat vermiş, ən azından həmin vaxt qətnamədən artıq məlumatlı olmuşdur. Belə olan halda, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh isə məlumatlı olduğu halda, hərəkətsizlik göstərmiş, 30 yanvar 2024-cü il tarixdə qətnamənin surətini almış və xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Ona görə də apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir". Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti verməmiş, bununla da apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığını nümayiş etdirmişdir. Göründüyü kimi, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin müddətin ötürülməsi ilə verilməsi və həmin müddətin buraxılmasının heç bir üzrlü səbəbdən olmadığı, cavabdehin öz hüququndan sui-istifadə etdiyi qanuni qüvvəsini almış apelyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il taritxli qərardadında öz təsdiqi tapmışdır. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən Suraxanı Rayon Mehkemesinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla nəzərədə tutlan müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə həmin məhkəmənin xx.xx.2024-cü il tarixil qərardadının deyişdirilmədən saxlanılmasını, Cavabdeh həmin qərardaddan verdiyi şikayətin İsə rədd edilməsini Məhkəmədən xahiş edir. Apellyasiya baxışının hədləri, tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, işin yenidən baxılması mülki prosessual qanunvericilikdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir və yalnız kassasiya (əlavə kassasiya) icraatı qaydasında baxıldıqdan sonra (zəruri bilinərsə) yenidən apellyasiya icraatı qaydasında işə baxılması mümkündür. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi artıq apellyasiya icraatında dəyişdirilmiş, apellyasiya icraatı zamanı qəbul edilmiş qətnamədən şikayət verilsə də sonradan birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilmiş, apellyasiya instansiyasının şikayətin yolverilməzliyi qərardadından şikayət verilməmişdir. Mülkiprosessual qanunvericilik və onun müvafiq müddəaları (rəsmi şərhlər) apellyasiya icraatının hədlərini müəyyən edir. Bunu təhlil etmək üçün aşağıdakı normativ aktlara və yüksək məhkəmənin tövsiyələrinə diqqət yetirmək kifayətdir. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən: 1. Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. 3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. 4. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125 (V, Vİ), Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 1,3,4,18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1 və 6-ci maddələrinə görə: məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur; məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır; məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir; Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur; Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən (qanunla müəyyən olunmuş qaydada) həyata keçirilir. Qeyd edilən qanunvericilik müddəalarının hüquqi təfsiri (mənası) iyerarxik məhkəmə sistemində məhkəmə icraatının aparılması prosedurunun yalnız icraat zamanı qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin səlahiyyət həddində baxılmasını müəyyən edir. Mübahisəyə (iddia tələbinə) yenidən apellyasiya icraatı qaydasında baxılması prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır, habelə apellyasiya icraatı üzrə nəticə üzərindən yeni araşdırmanın aparılması (səlahiyyətlərdən kənar olaraq) yolverilməzdir və bu səlahiyyətlərə yalnız kassasiya instansiya məhkəməsi malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını qeyd edilən qanunvericilik aktlarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gələrək prosessual hüquq normalara uyğun qəbul edilmiş məhkəmə aktının (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, cavabdeh tərəfindən verilmiş ziddiyyətli şikayətə münasibətdə müddətin ötürülmədiyi əsas gətirilmiş, lakin iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində rəsmi qeydiyyatda olduğu ünvan və “SMS” vasitəsi ilə məlumatlandırılmış, habelə məhkəmə qətnaməsi onun rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir (iş İ cild səh. 18, 24, 34, 46, 100,106, 111, 112, 129- 131). Qeyd edilməlidir ki, məhkəmə prosesi zamanı cavabdehin fərqli ünvanda yaşaması və ya faktiki yaşayış yerinin dəyişməsi barədə məhkəməni məlumatlandırmaması üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360-366, 385, 387; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, təkrar baxılması yolverilməz olan apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş, cavabdeh tərəfindən ötürülən müddətin üzrlülük meyarları baxımından sübutedici dəlilləri belə müzakirəyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1648/2023 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar