Məhkəmə qərarları › İş №2(103)-4055/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4055/2022

30.06.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4055/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-342/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2021-ci il tarixinə mövcud olan 8195 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə isə 2422 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004,AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə məhkəmə iclasında ərizə təqdim edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2021-ci il tarixinə mövcud olan 9355 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə isə 2094 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004,AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasının yerləşdiyi 1104.5 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli, 51 nömrəli və ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 667.2 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. Müqavilələr ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2021-ci il tarixinə mövcud olan 8195 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə isə 2422 manat məbləğində icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2021-ci il tarixli, **********60 və **********61 nömrəli xəbərdarlıq məktubları ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 342/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 9355 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2094 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə müqavilə şərtləri və tərəflər arasında münasibətlər məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh müqavilənin pozulması barədə iddiaçıya göndərilmiş məktubu məhkəməyə bildirsə də, məhkəmə bu ərizənin nəticəsini araşdırmamışdır. Belə ki, tərəflər arasında pandemiya şəraiti ilə əlaqədar icarəyə götürülmüş ərazinin istifadəsiz qaldığını nəzərə alaraq icarə müqaviləsinin müvəqqəti ləğv olunması barədə razılıq əldə olunmuşdur. Bu səbəbdən cavabdeh ərizə ilə iddiaçıya müraciət etmiş və cavabdeh müqaviləni ləğv etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı məktubun iddiaçıya göndərilməsi təsdiq olunmuş, lakin məktubun cavablandırılması barədə iddiaçı tərəfindən sorğuya cavab verilməmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, öz tələbini sübut etmək üçün təhrif etdiyi kserosurət müqaviləsinə, öhdəlik yaratmayan və hazırki mübahisəyə aidiyyatı olmayan saxta yolla düzəldilmiş ksero-surət maliyyə arayışına əsaslanmışdır. Məhkəmə isə iddiaçının istinadlarını və təqdim etdiyi sənədləri iddianın təsdiqi üçün sübut hesab etdiyinə görə AR MPM-nin 77.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə işin gedişində təqdim olunmuş, işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar sübutları qəbul edib nəzərə almalı olduğu halda, həmin normanın tələblərini pozmuş, cavabdeh tərəfindən təqdim olunmuş müqavilənin pandemiya şəraiti ilə əlaqədar pozulıması barədə göndərmiş olduğu məktubu nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2020-ci tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə cəmi 700 manat ödənilməmiş borc qalmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, prosessual pozuntuya yol verərək, iddiaçının təqdim etdiyi sənədlərin surətlərini işə əlavə etməklə və onları sadalamaqla kifayətlənmişdir. Etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, pandemiya şəraiti zamanı o, Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək koronavirus infeksiyasının yayılmaması üçün karantin rejimi ilə əlaqədar iş yerlərinin (obyektlərin) bağlanması səbəbindən icarəyə götürülmüş ərazidən istifadə edə bilmədiyi üçün xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsinin pozulmasını xahiş etmişdir. İddiaçı şifahi olaraq cavabdehə müqavilənin pozulduğunu bildirsə də, cavabdehin müraciətinə yazılı cavab verməmişdir. Məhkəməyə təqdim olunmuş vəkil sorğusundan görünür ki, iddiaçı sorğunu imza ataraq qəbul etsə də, rəsmi cavablandırmamışdır. Vəkil sorğusunda müqavilənin pozulması barədə cavabdehin ərizəsinin icrası və nəticəsi barədə məlumat verilməsi göstərilmişdir. İddiaçı hazırki iddia tələblərini irəli sürməklə əsassız varlanmaya cəhd etmişdir ki, məhkəmə iddiaçının bu qanunusuz addımının qarşısını almalıdır. Belə ki, işin aşağı instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından da göründüyü kimi iddiaçı cavabdehdən tələb etdiyi əmlakın əmələ gəldiyi öhdəlik yarada biləcək hər hansı bir mötəbər (yəni həqiqiliyi şübhə yaratmayan) əqdi məhkəməyə təqdim edə bilməmişdir. Bu hal isə onu təsdiq edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələblərinə haqq qazandıran və əsas verən qanuni əsas və ya müqavilə əsası yoxdur. Ona görə də cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 51 nömrəli müqavilənin surətinin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi ünvan 1 ünvandakı qeyriyaşayış binasının yerləşdiyi 1104.5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 3.1- ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 6960 manat, aylıq icarə haqqı 580 manat müəyyən edilmişdir. Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 52 nömrəli müqavilənin surətinin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 667.2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 4020 manat, aylıq icarə haqqı 335 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktublarının surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 51 nömrəli və xx.xx.2020-ci il tarixli 51 nömrəli müqavilələr üzrə borcunun yaranması və yaranmış borcun 7 gün ərzində ödənilməsi təmin edilmədikdə bağlanmış müqavilələrin ləğv edilməsi, həmçinin dövlət büdcəsinə mövcud olan borcun ödənilməsi tələbinə dair qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə alınmış Cavabdeh məxsus şəxsi hesab vərəqəsinin surətindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixə xx.xx.2020-ci il tarixli 51 nömrəli müqavilə üzrə 9354,84 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə alınmış Cavabdeh məxsus şəxsi hesab vərəqəsinin surətindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixə xx.xx.2020-ci il tarixli 52 nömrəli müqavilə üzrə 2093,5 manat borcu yaranmışdır. İş materiallarında olan AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan məktubda qeyd edilmişdir ki, Cavabdeh icarəsində olan torpaq sahəsindən pandemiya ilə bağlı istifadə etmədiyini nəzərə alaraq, həmin sahəyə dair bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə uyğun olaraq, icarəsində olan torpaq sahəsi özəlləşdirildikdən sonra həmin sahə üzərində icarə hüquqlarına xitam veriləcəkdir. Bağlanılmış icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2021-ci il tarixinə yaranmış 4714,84 manat məbləğində icarə haqqı borcunun ödənilməsinin təmin edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Həmin Məcəllənin 715.1-ci maddəsinə əsasən, icarəyə verilmiş torpağın dəyişməsi və ya pisləşməsi nəticəsində kompensasiya barəsində icarəyə verənin iddiaları, habelə bu Məcəllənin 714-cü maddəsinə uyğun xərclərin əvəzinin ödənilməsi və ya qurğunun götürülməsi barədə icarəçinin iddiaları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə daxildir. Tərəflər arasında xx.xx.2020-ci il tarixli 51 və 52 saylı icarə müqavilələrinin bağlanması, həmin müqavilələr bağlanarkən qanunvericiliyin əqdlərin bağlanmasına dair bütün tələblərinə (forması, məzmunu, subyekt tərkibi və iradə ifadəsinin sağlamlığı) riayət olunması işin mübahisəsiz halıdır. Ona görə də, hər iki müqavilə etibarlı əqd olmaqla, tərəflər üçün hüquq və vəzifələr yaratmışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh torpaq sahələrinin icarəsinə görə icarə haqqını ödəmək vəzifəsi daşımışdır. Lakin cavabdeh bu öhdəliyini icra etməmiş və nəticədə 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2021-ci il tarixinə mövcud olan 8195 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə isə 2422 manat məbləğində borcu yaranmışdır. Hazırda cavabdeh müqavilənin bağlanmasını mübahisələndirməsə də, Covid-19 pandemiyası ilə bağlı qoyulmuş məhdudiyyətlərə görə həmin torpaq sahələrində yerləşən müəssisəsinin fəaliyyət göstərmədiyini, bu səbəbdən də iddiaçıya müraciət edərək icarə müqaviləsinin müvəqqəti olaraq ləğv edilməsini və iddiaçının nümayəndəsinin onunla şifahi şəkildə razılaşaraq müqavilənin ləğv edildiyini bildir və bu əsasla iddiaya etiraz edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və qeyd edir ki, əvvəla həmin icarə müqavilələri Covid-19 pandemiyasının artıq geniş yayıldığı və bununla bağlı məhdudiyyətlərin tətbiq edildiyi bir vaxtda, yəni xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Bu isə onu deməyə əsas verir ki, həmin müqavilələr bağlanan zaman Cavabdeh bu məhdudiyyətlərdən xəbərdar olmuş, buna baxmayaraq öz iradəsini sərbəst şəkildə ifadə edərək həmin müqavilələri imzalamışdır. Bundan başqa, qeyd edilən müqavilələr yazılı şəkildə imzalanmışdır. Cavabdeh isə həmin müqavilənin ləğv edilməsinə dair iddiaçı təşkilatın nümayəndəsi ilə şifahi şəkildə razılıq əldə edildiyini bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin müqavilə ilə eyni formada həyata keçirilməsi müəyən edilsə də, tərəflər arasında icarə müqaviləsinin ləğvinə dair yazılı razılaşmanın mövcudluğu müəyyən edilmir. Cavabdehin müqavilənin ləğvinə dair idiaçıya yazılı müraciət etməsi isə özüözlüyündə həmin müqavilənin ləğv edilməsi anlamına gəlmir. Əksinə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan məktubda yalnız torpaq sahəsi onun tərəfindən özəlləşdirildikdən sonra müqavilənin ləğv edilə biləcəyi qeyd edilmiş, bununla da onun müqavilənin ləğvinə dair təklifindən faktiki olaraq imtina edilmişdir. Lakin cavabdeh bu cavabı aldıqdan sonra müqavilənin ləğvini məhkəmə qaydasında mübahisələndirməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərinin icrasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır Həmin Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qarşısında xx.xx.2020-ci il tarixli, 51 və 52 nömrəli icarə müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 9355 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2094 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliyi icra etmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, onun iddiaçıya olan borcunu ödəmək öhdəliyi yaranmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsaslı deyildir. Kollegiya həmçinin qeyd edir ki, qətnamə qəbul edildikdən sonra cavabdeh tərəfindən icarə müqavilələri üzrə iddiaçıya edilmiş ödənişlər mübahisələndirilən qətnamənin dəyişdirilməsi üçün əsas verməsə də, həmin ödənişlər hazırkı qətnamənin icrası zamanı nəzərə alınmaqla borc məbləğinin müvafiq surətdə azaldılması üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 342/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar