Məhkəmə qərarları › İş №2(103)-4058/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4058/2022

07.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4058/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1709/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə pomidor məhsulunun alış-verişinə görə aralarında olan şifahi razılaşmaya əsasən ona ödəməli olduğu 5000 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsinə əsasən kiçik sahibkarlıqla məşğul olur. Belə ki, Bərdə rayonu ərazisində istixana yaradıb tərəvəz məhsulları yetişdirib onların müxtəlif şəxslərə topdan satışını həyata keçirir. 2020-ci ilin mart ayının əvvəllərində Cavabdeh pomidor almaq üçün ona müraciət etmiş, aralarında olan şifahi razılaşmaya əsasən ona 6 ton pomidor vermişdir. Tərəflər arasında razılaşmaya əsasən, cavabdehə pomidorun bir kilosu 3 manata verilməli və 18000 manat ümumi məbləğ üç gün müddətində ona ödənilməli idi. Aralarında başqa bir şərt olmamış, pomidorun aparıb satılmaması halında riskləri cavabdeh öz üzərinə götürmüşdür. 2020-ci ilin mart ayının 14-dək cavabdeh malın dəyərinin bir hissəsini, yəni 13000 manatı ona ödəmiş, qalan 5000 manatı isə bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə aralarında olan razılaşmaya əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməyi təklif etmiş, lakin cavabdeh buna əməl etməmişdir. Məcbur olub oğlunun vasitəsi ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və cavabdeh polisə verdiyi izahatında 5000 manat məbləğində pul borcunun olmasını etiraf etsədə, yenə də məbləği ödəməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1709/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı1 xeyrinə 5000 (beş min) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın, cəmi 5.030 (beş min otuz) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla heç bir sübutla öz təsdiqini tapmır, konkret hüquqi əsası olmayan subyektiv xarakterli dəlillər kimi qəbul edilməlidir. Belə ki, iddiaçı ilə aralarında heç bir rəsmi təsdiqlənmiş müqavilə, hər hansı bir sənəd və sübut olmadan polis bölməsində verilmiş izahata əsaslanaraq onu sübut kimi qiymətləndirərək iddia təmin edilmişdir. Hazırki halda tərəflər arasında əqd yoxdur, bu isə onların hüquq və vəzifələrinin olmaması anlamına gəlir. O, məhkəmə iclas protokolunda qeyd olunan etiraf izahatı ilə bağlı etirazını təqdim etmişdir. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Məhsulun xarab olmasını təsdiq edən foto şəkil və bu barədə tərtib edilmiş akt-məhkəmənin sonrakı iclasları barədə məlumatı olmadığından bu sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə iclaslarında iştirak etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1709/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxsin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ətizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1709/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh razılaşdırılmış məbləğin 13000 manatını ödəsə də, qalan məbləği vəd verməsinə baxmayaraq, ödəməmiş, imkanı olmadığından qalan məbləği ödəyə bilmədiyini və noyabr ayından qalan 5000 manat məbləğində borcunu ödəməyə başlayacağını bildirirək həmin məbləğdə borcunun olmasını polis bölməsində verdiyi izahatda etiraf etmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427, 442, 601, Mülki Prosessual Məcəlləsinin 106.1, 329.2 və 329.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı1 müraciəti əsasında Bakı şəhər Sabunçu rayon Pİ-nin 42-ci Polis Bölməsinə toplanmış materialdan görünür ki, Cavabdeh pomidor satışından qalan 5000 manat məbləğində pul borcunu qaytarmaması barədə müraciətinə polis bölməsində baxılmış və bu barədə aparılan araşdırma zamanı hazırki iş üzrə Cavabdeh yazılı izahat alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, X2 atası Novruzun ona zəng edərək satış üçün pomidor məhsulunun olduğunu, bir kilosunu 3 manata satdığını, özünün isə İddiaçı1 həmin qiymətə pomidorun baha olduğunu, sonuncunun isə ziyan edəcəyi təqdirdə özünün ödəyəcəyini bildirdiyini və bundan sonra 18.000 manat dəyərində 6 ton pomidor götürdüyünü göstərmiş, eyni zamanda, bildirmişdir ki, həmin məhsula görə 13000 manat məbləğində ödəniş etmiş, imkanı olmadığından qalan məbləği ödəyə bilməmişdir, noyabr ayından borcunu ödəməyə başlayacaqdır. Cavabdeh qarşı ərizə mülki xarakterli olduğu üçün ərizəçiyə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir.(İ.vər. 42 - 43) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı1 xeyrinə 5.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 Cavabdehlə arasındakı şifahi razılaşmaya əsasən sonuncuya satış üçün 18000 manat dəyərində 6 ton pomidor verilmiş, işin bu halını cavabdeh məhkəmə iclasında və həmçinin polis bölməsində verdiyi izahatda da təsdiq etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalıdır. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, məhkəmə iddiaçı ilə aralarında heç bir rəsmi təsdiqlənmiş müqavilə, hər hansı bir sənəd və sübut olmadan polis bölməsində verilmiş izahata əsaslanaraq onu sübut kimi qiymətləndirərək iddia təmin edilmişdir, hazırki halda tərəflər arasında əqd yoxdur, bu isə onların hüquq və vəzifələrinin olmaması anlamına gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi bu dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Göründüyü kimi Cavabdeh apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1709/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 5.000 (beş min) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri manat il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar