Məhkəmə qərarları › İş №2(103)-4060/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4060/2023

13.06.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4060/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli qərardaddan iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı hüquqi nəticələrinin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki işə baxmış Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Müəssisədəki payın alğı-satqısı barədə müqavilənin” etibarsız hesab edilməsini, həmin müqavilənin yaratdığı hüquqi nəticələrin aradan qaldırılması məqsədi ilə Cavabdeh1 ilə cavabdeh Zeynalabdin Mirzəyev arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın alğı-satqı barədə müqavilənin”, Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Nizamnamə kapitalındakı payın alğı-satqısı barədə müqavilənin”, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Cavabdeh1 adına “Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən” verilmiş xx.xx.2013-cü il tarixli və Cavabdeh3 adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışların ləğv edilməsini, "xxxx" Kiçik Müəssisəsinə və Müəssisənin əmlakına İddiaçı mülkiyyət hüququnun bərpa edilməsini qət etmişdir. İş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla apellyasiya şikayətinin, şikayətin prosessual müddətin ötürülməsilə verilməsi əsası ilə geri qaytarılmasını qərara almışdır. Bundan sonra həmin İdarənin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayətin təmin olunmasını, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini, xx.xx.2019-cu il tarixli qətnamədən İdarənin verdiyi apellyasiya şikayətinin qəbul edilərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Apellyasiya şikayətinin mümkünlük məsələsinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatının, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsi ilə müəyyən olunmuş formaya uyğun olmaması əsası ilə qeyri-mümkün hesab edilməsini və şikayətin qaytarılması üçün işin həmin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Mülki iş Rayon Məhkəməsinə daxil olduqdan sonra Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla apellyasiya şikayətinin, yuxarıda qeyd edilən əsasla, İdarəyə qaytarılmasını qərara almışdır. İdarə yuxarıda qeyd edilən qərardadları mübahisələndirməmiş və qətnamədən xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Yeni apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla apellyasiya şikayətinin, şikayətin prosessual müddətin ötürülməsi ilə verilməsi və şikayətin MPM-nin 361.1-ci maddəsilə müəyyən olunmuş məzmuna uyğun olmaması əsası ilə həmin İdarəyə qaytarılmasını qərara almışdır. İdarənin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki İdarənin qətnamədən verdiyi apellyasiya şikayətindən görünür ki, İdarə, məhkəmə qətnaməsinin hansı hissədə mübahisələndirdiyini, qətnamənin düzgün olmayan hesab etdiyini təsdiq edə biləcək əsasları, faktları, halları və ən vacib olan halı, yəni qətnamənin İdarənin hansı hüquq və maraqlarını pozduğunu göstərməmişdir. İdarə qətnamədən verdiyi apellyasiya şikayətində göstərir ki, "xxxx" Kiçik Müəssisəsi hazırda X2 mülkiyyətindədir və qətnamə həmin şəxsin mülkiyyət hüququnu pozur. Bununla bağlı Məhkəmə qeyd edir ki, İdarə, Ülkər Salmanovanın adından çıxış etmək səlahiyyətinə malik deyil. Əgər qətnamə Ülkər Salmanovanın maraqlarına və hüquqlarına toxunursa, onda o, qətnamədən özü apellyasiya şikayəti verə bilər. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayəti 361.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun olmayan qaydada verilmişdir. Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, iş materiallarından görünür ki, qətnamə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə icra olunması üçün xx.xx.2021-ci il tarixdə rəsmən çatdırılmışdır. İşin bu halı həmin İdarə tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla təsdiq edilir. Lakin İdarə qətnamədən apellyasiya şikayətini (ilk dəfə) xx.xx.2022-ci il tarixdə, yəni qətnaməni aldığı vaxtdan 1 ildən çox vaxt keçdikdən sonra vermişdir. MPM-nin tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və ya sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddə 130.3.). Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, İdarə tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti qəbul edilə bilməz, şikayət qaytarılmalıdır. Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı əsaslıdır; həmin qərardaddan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin verdiyi şikayət əsassızdır. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 aprel 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar