Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4069/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-ci il tarixli, e-2(011)-109/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 23 may 2022-ci il tarixdə Nəsimi rayonu Azadlıq prospektində “Kia Optima” markalı avtomobilin sürücüsü Cavabdeh avtomobili ilə İddiaçı vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli rəydən görünür ki, İddiaçı “sol diz oynağı nahiyəsinin keçirilmiş degenerativ dəyişikliklərlə əlaqədar osteoxondral zədələnməsi” 23 may 2022-ci il tarixdə güman olunan yol-nəqliyyat hadisəsi ilə bilavasitə səbəbli əlaqəsi yoxdur və bu hallar məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına zərər vurulması nəticəsində müalicəsinə, dərman preparatlarına, taksi xidmətlərinə və çəkilmiş digər zəruri xərclərə görə iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1000 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat, əmək qabiliyyətini itirdiyindən iki ay əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyi səbəbindən hər aya görə 1000 manat olmaqla, 2000 manat pul kompensasiyasının, ümumilikdə 8000 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı oğlu DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində “Bazar Store” mağazasının yaxınlığında 23 may 2022-ci il tarixdə “Kia” markalı avtomobilin onu vurması və nəticədə sol ayağından xəsarət alması ilə bağlı şikayət etmişdir. Şikayətində hadisəni törədən sürücünün məsuliyyətə cəlb olunmasını və iddiaçıya dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Lakin iddiaçını vuran Cavabdeh X3 əməkdaşı olduğu üçün nə məsuliyyətə cəlb olunmuş, nə də maddi ziyanın əvəzi ödənilmişdir. İddiaçı fizioterapiyaya gedir, gəzə bilmir. Hadisədən 3 gün sonra travmatologiyada və 6 gün sonra isə Bakı Sağlamlıq Mərkəzində yüngül xəsarət diaqnozu qoyulmuşdur. Bakı Sağlamlıq Mərkəzinin 29 may 2022-ci il tarixdə verdiyi arayışdan görünür ki, iddiaçıya ön çarpaz bağlarında ödem, medial meniskusun arxa buynuzunda ikinci dərəcə degerenasiya, lateral meniskusun arxa buynuzunda ikinci dərəcə degerenasiya, fokal sümük iliyi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iynə-dərmana 315 manata yaxın pul xərcləmişdir. O, hazırda işləyə bilmir, əmək qabiliyyətini itirmişdir. Cavabdeh bir dəfə də iddiaçının səhhəti ilə maraqlanmamış, onu xəstəxanaya aparmamış, müalicə xərclərini ödəməmiş, onu hadisə yerində qoyaraq oradan uzaqlaşmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-ci il tarixli, e-2(011)- 109/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərə görə 103,36 manat, mənəvi zərərə görə 400 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Qətnamə onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspertiza nəticəsində İddiaçı “sol diz oynağı nahiyəsinin keçirilmiş degenerativ dəyişikliklərlə əlaqədar osteoxondral zədələnməsi”nin 23 may 2022-ci il tarixdə güman olunan yol-nəqliyyat hadisəsi ilə bilavasitə səbəbli əlaqəsinin olmaması və bu halların məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadığı qeyd edilsə də, məhkəmə istinad olunan rəylə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin yol hərəkəti qaydalarını pozaraq iddiaçıya avtomobillə dəyməsi işin mübahisəsiz halıdır. İstinad olunan toqquşma nəticəsində iddiaçının həm fiziki, həm mənəvi zərər çəkməsi inkar olunmaz haldır. Belə ki, yavaş sürətlə belə olsa avtomobilin insanla toqquşması onda hər hansı xəsarət yaratmaya bilməz. İş materiallarından da görünür ki, həmin toqquşma nəticəsində iddiaçının ayağında ödəm (şişkinlik) yaranmışdır. Belə olan halda məhkəmə cavabdehə zərər dəyməsi qənaətindədir. Dəymiş maddi ziyanla bağlı iddiaya qiymət verərək məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinə və maddi ziyanın dəyməsini sübut etdiyi istinad edilən sənədlərə qiymət verərək hesab etmişdir ki, onlardan yalnız aşağıdakılar sübut kimi qəbul edilə bilər: 29 iyun 2022-ci il tarixdə iddiaçı “X8” klinikasında ortopediya və travmatologiya şöbəsində ortopedin müayinəsi xidmətinə görə 30 manat məbləğdə ödəniş etməsinə dair 132485 nömrəli qəbz, 32 manat dəyərində qoltuq ağacı almasına dair qəbz, 06 mart 2023-cü il tarixdə Zeytun mağazasından blokuim B12 amp N5, etodin SR 600 MQ N14, voltaren emulgel 10 mq 50 qr, şpris 5 ml set dərmanlarına görə 41,36 manat məbləğdə ödəniş etməsi barədə qəbz. İş materiallarına əlavə edilmiş digər qəbzlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, qəbzlərin bəzilərindən alınmış dərman preparatlarının adı görünmür. Həmin preparatların antidepresant, mədə xorası və keçirdiyi əməliyyatla bağlı nəzərdə tutulduğu müəyyən edilir. İşdə olan materiallardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dərəcəsi müəyyən edilə bilməyən xəsarət yetirilmiş, onda ödəm (şişkinlik) yaranmışdır. İddiaçı əldə etdiyi dərman preparatları ilə bağlı qəbzləri təqdim etsə də, bu dərmanları məhz yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətin müalicəsi üçün olduğuna dəlalət edən həkim müayinəsi və həkim tərəfindən yazılmış reseptlər əsasında alınmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehdən 103,36 manat məbləğdə maddi ziyanın əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı avtomobillə toqquşma nəticəsində qorxmuş, həyəcan və sarsıntı keçirmiş, bu da onun yüksək dərəcəli mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Aldığı xəsarətlərlə keçirdiyi mənəvi iztirablarla yanaşı, hadisədən dərhal sonra cavabdehin hərəkətləri nəticəsində müxtəlif orqanlara müraciət etməsi onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 400 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin əmək qabiliyyətini itirdiyi vaxtdan sonra iki ay əmək fəaliyyəti ilə məşğul olmadığı dövr üçün cəmi 2000 manat pul kompensasiyasının cavabdehdən onun xeyrinə tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının hər hansı sahədə əmək müqaviləsi əsasında işləyibişləməməsi halı aydınlaşdırılmış və heç yerdə işləmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında verdiyi izahatlarda müəyyən edilmişdir ki, o, reklam işi ilə məşğuldur və göstərdiyi xidmətləri əsasən online şəkildə göstərmişdir. İddiaçının gəlirlərini sübut etmək üçün onun bank hesabından çıxarış məhkəməyə təqdim edilmiş və bu çıxarışdan ona gələn vəsaitlərin əsasən Rusiya Federasiyasından olması müəyyən edilmişdir. Məhkəmə iclasında bu hal yenidən araşdırılaraq əmək münasibətlərini təsdiq edəcək hər hansı sübut əldə etmək mümkün olmamışdır. Eyni zamanda da iddiaçının aldığı xəsarət nəticəsində onun əmək qabiliyyətini itirməsi halı da iş üzrə müəyyən edilməmişdir. Odur ki, bu hissədə iddia təmin oluna bilməz. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 103.36 manat, mənəvi zərərə görə 400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 23, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya Şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-ci il tarixli, e-2(011)-109/2023 nömrəli qətnaməsi dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətinin dəlillərinə əsasən, mənəvi ziyanın əvəzi olaraq tələb etdiyimiz 5000 manat puldan cəmi 400 manat təmin edilmişdir. Halbuki, bir ildən çoxdur ki, o, mənəvi iztirablar keçirir. 8 aydan çox iş ekspertizada qalmışdır. Halbuki, ekspertizanın keçirilmə müddəti 1 aydır. Cavabdehin qanunsuz hərəkətinə görə fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, iztirab keçirmiş, sağlamlığı pozulduğu üçün fiziki əzab çəkmişdir. Bunu iş materiallarında olan bütün mötəbər dəlillər sübut edir. Məhkəmə tərəfidən maddi hüquq normaları pozulmuş, tətbiq olunmalı olan maddi hüquq norması tətbiq edilməmiş və əvəzində tətbiq olunmuş maddi hüquq norması səhv təfsir və yalnış tövsif olunmuş və iş üçün mühüm əhəmiyyətə malik olan faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iddiaçı iş materillarına əlavə etdiyi rəsmi ödəniş qəbzlərinə əsasən 382 manata yaxın iynə-dərmana pul xərcləmiş, lakin qeyri-rəsmi olaraq isə bu məbləğ 1000 manatdan artıqdır. Cavabdehin qanunsuz hərəkətinə görə iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmuş, ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, iztirab keçirmiş, sağlamlığım pozulduğu üçün fiziki əzab çəkmişdir. 15 iyul 2022-ci il tarixli tibbi arayışdan görünür ki, o səhhətinə olan problemlərlə bağlı idman hərəkətləri və reablitasiyaya başlamış, 3 ay fiziki işdən azad olmuşdur. Bank çıxarışlarından görünür ki, onun orta aylıq gəliri 1000 manat olmuş, 3 ay işdən azad olunduğuna görə 3000 manat əmək haqqından məhrum olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsinin qərarında da qeyd olunmuş və iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərardan da görünür ki, cavabdehin əməlində cinayət tərkibi müəyyən olunmasa da, inzibati xətanın tərkibi müəyyən olunduğudan İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün materiallar Nəsimi RPİ DYPŞ-nə göndərilmişdir. Yəni cavabdehin təqsiri və iddiaçının sağlamlığından yaranan problemlərin cavabdehin təqsiri ilə səbəbli əlaqəsinin olması tam sübut olunmuşdur. Qeyd edilənlər birinci instansiya məhkəməsinin qətnaməsində sadalansa da, gəldiyi nəticə ilə uyğunluq təşkil etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir; Maddə 459.2. Əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
14. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.”
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin dəyişdirlməsi xahiş edildiyindən, mübahisənin predmeti bölünən olduğu, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş maddi və mənəvi zərərin məbləği dəyişdirilməlidir.
20. Belə ki, iddiaçı maddi zərərin məbləği barədə hissədə iş materiallarına əlavə etdiyi ödəniş qəbzlərinə istinad etmiş, şikayətində 382 manata yaxın iynə-dərmana xərclədiyi pulu bu ödəniş qəbzləri ilə sübut etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddianı qismən rədd edərkən, qəbzlər əsasında alınmış dərmanların iddiaçının məhz yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətin müalicəsi üçün olduğuna dəlalət edən həkim müayinəsi və həkim tərəfindən yazılmış reseptlər əsasında alınmasının məhkəmədə sübuta yetirə bilməməsinə əsaslanmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sözügedən qəbzlərin tarixinin baş vermiş yol nəqliyyat hadisəsindən sonraya, hadisənin iddiaçının sağlamlığına vurduğu zərərin mövcud olduğu müddətə aid olması, həmçinin hadisə nəticəsində iddiaçının sağlamlığının pozulması nəticəsində sonuncunun bədənində başqa kənar fəsadların da törənə biləcəyi ehtimalı məhkəmə kollegiyasında bu qəbzlərin məhz sözügedən hadisə ilə bağlı alınmış dərmanlara sərf edilmiş pul məbləği olması qənaətini formalaşdırır.
22. Bundan başqa, birinci instansiya məhkəməsi iddianın həmin hissəsini rədd edərkən gəldiyi nəticəni bu cür əsaslandırır ki, “... qəbzlərin bəzilərindən alınmış dərman preparatlarının adı görünmür. Həmin preparatların antidepresant, mədə xorası və keçirdiyi əməliyyatla bağlı nəzərdə tutulduğu müəyyən edilir.” Lakin məhkəmə məhz hansı dərmanın preparatının hansı xəstəliyin müalicəsi üçün nəzərdə tutulduğunu əsaslandırmır, bundan başqa cavabdeh tərəfindən də bu xüsusatları təkzib edən hər hansı bir sübut təqdim olunmamışdır.
23. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, bu ödəniş qəbzləri mötəbər sübut kimi qəbul edilməklə, bu qəbzlər əsasında tələb olunan 382 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır.
24. İddiaçı şikayətində eyni zamanda tutulmuş mənəvi zərərin məbləğini mübahisələndirmişdir.
25. Bununla bağlı kollegiya qeyd edir ki, baş vermiş hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin məbləği 400 manat müəyyənləşdirsə də, kollegiya hesab edir ki, hadisə baş verdikdən sonra cavabdeh tərəfindən ona maddi zərərin ödənilməməsi ilə yanaşı sağlamlığı ilə bağlı ümumiyyətlə maraqlanmadığı, müalicənin bir neçə ay davam etməsi nəzərə alınaraq mənəvi zərərin məbləği 500 manat müəyyən olunmalıdır.
26. İddiaçı 1 ildən çoxdur mənəvi iztirablar keçirdiyini bildirsə də, baş vermiş hadisədən artıq 1 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsaslar hazırda mövcud deyildir. Mənəvi zərərin əvəzi qismində 500 manat məbləğdə pulun müəyyən edilməsi hazırkı işin halları baxımından ədalətlidir.
27. İddiaçının orta aylıq gəlirinin 1000 manat olması, 3 ay işdən azad olunduğuna görə 3000 manat əmək haqqından məhrum olması barədə şikayət dəlilləri də iş materialları ilə öz təsdiqini tapmır.
28. İddianın bu hissədə hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 21.2-ci maddəsinin əldən çıxmış fayda ilə bağlı hissəsi təşkil edir və həmin normanın məzmununa əsasən iddtianın bu hissəsinin təmin olunması üçün iddiaçı tərəfindən məhkəməyə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) gəlirlər barədə mötəbər sübutlar (əmək müqaviləsi, xidməti müqavilə, vergi orqanları tərəfindən gəlirlərini əks etdirən arayış və s). olunmalıdır. Lakin məhkəmyə iddiaçı tərəfindən bu xüsusatları təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Digər tərəfdən iddiaçının aldığı xəsarət nəticəsində onun əmək qabiliyyətini tam itirməsi halı da müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin maddi və mənəvi zərərə aid hissədə gəldiyi nəticə düzgün olmamışdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, e-2(011)-109/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, e-2(011)-109/2023 nömrəli qətnaməsi maddi və mənəvi zərərin tutulması hissədə dəyişdirilsin. Maddi zərərin əvəzi olaraq 382 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat olmaqla ümumilikdə 882 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev