Məhkəmə qərarları › İş №2(103)-4073/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4073/2025

08.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4073/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(005)-5158/2024 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qərardaddan Maraqlı şəxs vəkil (nümayəndə) Vəkil vasitəsi ilə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və “tələbin dıqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02698 saylı “Barışıq sazişinin” 2.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ərizənin təmin edilməsini qət etmişdir. İş üzrə maraqlı şəxs olan Maraqlı şəxs vəkil (nümayəndə) Vəkil vasitəsi ilə həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizə vermişdir. “Prosessual müddətin bərpa edilməsi haqqında” ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edilsə də, Maraqlı şəxs verilməmiş, o, həmin qətnaməni Rayon Məhkəməsinə müraciət etdikdən sonra xx.xx.2025-ci il tarixdə əldə edə bilmiş və qanunda nəzərdə tutulmuş 1 ay müddətdə qətnamədən apellyasiya şikayəti vermişdir. “Prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməsini, Maraqlı şəxs münasibətdə prosessual müddətin bərpa edilməsini və onun tərəfindən xx.xx.2024cü il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin qəbul edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Maraqlı şəxs “prosessual müddətin bərpa edilməsi haqqında” ərizədə göstərdiyi hallar öz təsdiqini tapdığı üçün ərizə əsaslı hesab edilməlidir. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, “prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin təmin edilməməsini və Maraqlı şəxs qətnamədən verdiyi apellyasiya şikayətinin qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə kağız daşıyıcıda Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə təqdim edilsə də, nəzərə alınmalıdır ki, kağız daşıyıcıda poçt xidməti vasitəsi ilk dəfə göndərilmiş qətnamə Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və o, bu barədə “poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə” imza etmişdir. Buna görə də apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımının başlanması da məhz həmin tarixdən hesablanmalıdır. Ərizəçinin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi xx.xx.2025 tarixli qərardadla şikayətin təmin edilməsini, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsini, Maraqlı şəxs “prosessual müddətin bərpa edilməsi haqqında” ərizəsinin təmin edilməməsini və onun xx.xx.2024-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə Maraqlı şəxs kağız daşıyıcıda poçt xidməti vasitəsi ilk dəfə göndərilmiş qətnamə Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və o, bu barədə “poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə” imza etmişdir. Buna görə də, qəbul edilməlidir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı, qətnamənin kağız daşıyıcıda Maraqlı şəxs ikinci dəfə təqdim edildiyi xx.xx.2025-ci il tarixdən deyil, ilk dəfə təqdim edildiyi xx.xx.2025-ci il tarixdən başlanmış və 1 ayın tamamında bitmişdir. Odur ki, “prosessual müddətin bərpa edilməsi haqqında” ərizədə göstərilənlər prosessual müddətin bərpası üçün əsas ola bilməz. Maraqlı şəxs vəkil (nümayəndə) Vəkil vasitəsi ilə sonuncu qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini və “prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış “Barışıq sazişində” uşağın gecə valideynlərindən hansının yanında qalması dəqiq göstərilməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bu məsələyə diqqət yetirmədən “Sazişin” təsdiq edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də qətnamə əsaslı hesab edilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, qətnamənin Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə təqdim edilməsi barədə “poçt göndərişininverilməsi haqqında xəbərnamədəki” imza Maraqlı şəxs məxsus deyil. O, həmin qəbzi imzalamamış, qətnamə ona verilməmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayət üzrə apellyasiya baxışının yazılı icraat qaydasında, yəni iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə yazılı icraat qaydasında baxan Məhkəmə şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən iş üzrə tərəflər qətnamə onlara rəsmi qaydada verildikdən sonra 1 ay müddətində və bir qayda olaraq “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə apellyasiya şikayəti verə bilərlər (maddələr 10- 1.2., 233.1. və 360.). Qeyd edilən müddət keçdikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.3.). Prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3.). MPM-in 135.2 –ci maddəsinə görə, məhkəmə sənədləri (o cümlədən məhkəmənin iş üzrə qəbul etdiyi aktlar) məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarına əlavə edilmiş “poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” görünür ki, iş üzrə qəbul edilmiş qətnamə Rayon Məhkəməsi tərəfindən kağız daşıyıcıda Maraqlı şəxs ünvanına poçt xidməti vasitəsi ilə göndərilmiş xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs çatdırılmış və o, bu barədə “poçt göndərişininverilməsi haqqında xəbərnamədə” qeyd olunmuş “şəxsən verildi” qrafasına imza etmişdir (bax iş v. 33). Maraqlı şəxs qərardaddan verdiyi şikayətdə həmin qətnamənin poçt xidməti tərəfindən ona verilmədiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutu – poçt xidmətinin bu barədə arayışını məhkəmələrə təqdim etməmişdir. Buna görə də qəbul edilməlidir ki, Maraqlı şəxs müzakirə edilən bu dəlili əsassızdır. Maraqlı şəxs qərardaddan verdiyi şikayətdə həmçinin bildirir ki, “poçt göndərişininverilməsi haqqında xəbərnamədəki” imza ona məxsus deyil. O, həmin qəbzi imzalamamış, qətnamə ona verilməmişdir. Məhkəmə şikayətin bu dəlilini də əsassız sayır. Çünki o, bu dəlilin əsaslı olmasını təsdiq edə biləcək sübutu – xətşünaslıq sahəsində zəruri biliyə malik olan və fərdi qaydada fəaliyyət göstərən mütəxəssisin rəyini məhkəmələrə təqdim etməmişdir. Buna görə də qəbul edilməlidir ki, Maraqlı şəxs müzakirə edilən bu dəlili əsassızdır. Bunlardan başqa Maraqlı şəxs qeyd edir ki, onunla Ərizəçi arasında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2024-cü il tarixli “Barışıq sazişində” uşağın gecə valideynlərdən hansının yanında qalması dəqiq göstərilməmiş, işə baxmış Rayon Məhkəməsi isə bu məsələyə diqqət yetirmədən “Sazişin” təsdiq edilməsi barədə qətnamə qəbul etmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, Maraqlı şəxs bu dəlili də “prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Çünki bu kimi hala görə buraxılmış prosessual müddətin bərpası MPM-də nəzərdə tutulmamışdır. Beləliklə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qərardaddan Maraqlı şəxs verdiyi şikayətin dəlilləri əsassızıdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar