Məhkəmə qərarları › İş №2(103)-408/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-408/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-408/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 24.11.2017-ci il tarixli, 2(011)937/2017 nömrəli qətnaməsi ilə İddiaçı ASC cavabdehlər Cavabdeh1 İbadulla oğluna, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit, ipoteka və zaminlik müqavilələri üzrə öhdəliklərin icrası və s” tələbinə dair iddiası qismən təmin edilərək iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2013-cü il 118957-1-9782 saylı baş kredit razılaşması, 03.04.2014-cü il tarixli 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və 03.04.2014-cü il tarixli 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh4 03.04.2014-cti il tarixli 118957-1-9782/2 saylı və 03.04.2014-cü il tarixli 118957-1-9782/3 saylı kommersiya krediti müqavilələri üzrə müştərək qaydada əsas borca görə 281635,73 ABŞ dolları, faiz borcuna görə 38256,04 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla cəmi 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili ilkin satış qiyməti 204 000 manat, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 145 400 manat, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin evin 4cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 162 500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat İddiaçı ASC-nin hesabına, 50 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Q,Hüseynov, İ.K.Xəlilov, X.A.Cəmilova) 22.05.2018-ci il tarixli, 2(103)-5472/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə- iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Quliyev, Ə.Rüstəmov, Ə.Əliyev) 22.11.2018-ci il tarixli, 2(102)-7757/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya MəhkəməsininMülki Kollegiyasının 22.05.2018-ci il tarixli, 2(103)-5472/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) 18.09.2019-cu il tarixli, 2(103)-9941/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.11.2017-ci il tarixli, 2(011)-937/2017 nömrəli qətnaməsinin qismən mübahisələndirilən hissəsində ləğv edilmiş, İddiaçı ASC-nin iddia tələbi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi hissəsində təmin olunmaması qət edilmişdir. İddiaçı ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 9941/2019 saylı, 18.09.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)-861/2020 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9941/2019 nömrəli iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)-861/2020 saylı qərarında vurğulanmışdır ki:”Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. Məhz bu əsaslardan çıxış edən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli qərarına istinad edən apellyasiya instansiyası məhkəməsi bağlanmış ipoteka müqavilələrində zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığının alınmadığından ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməli olması nəticəsinə gəlmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətləri razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına həm əşya təminat hüququnun və öhdəliklərin icrasının təmin edilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından, həm də apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən ipoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda, ipoteka qoyan borclu olduqda, əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Qanunvericiliyin tələbindən aydın olur ki, qanunvericilik ipoteka qoyanın əsas öhdəliyə münasibətdə cavabdeh olub-olmamasını əsas götürərək borclu-ipoteka qoyan və üçünxü şəxs (digər cavabdehlər) ipoteka qoyan olmaqla fərqləndirməklə, onlarla kreditor arasında olan ipoteka münasibətlərini fərqli şəkildə tənzimləyir. Belə ki, əsas öhdəliklə ipoteka müqaviləsi arasındakı uyğunsuzluq ipoteka qoyan borclu olduqda, kreditorun xeyrinə ipoteka qoyan üçüncü şəxs olduqda isə onun xeyrinə təfsir edilir. Deməli, hər hansı uyğunsuzluq halında üçüncü şəxslər üçün hüquqlara malik olmaqla, həmin nəticələr üçün məsuliyyət daşımamaqla, yalnız əlavə öhdəlik-ipoteka müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlik üzrə cavabdehdirlər. Lakin borclu ipoteka qoyan həm əsas öhdəlik, həm də əlavə öhdəlik üzrə cavabdeh olduğundan, həmin öhdəliklərin hər hansı şərtləri arasında uyğunsuzluq halında, həmin şərtin ipoteka müqaviləsində nəzərdə tutulmadığı və ya başqa formada nəzərdə tutulduğu üçün borclunun məsuliyyətindən azad edilməsi yolverilməzdir. İşin materiallarından görünür ki, iddiaçı Bankla bağlanmış 1.500.000 ABŞ dolları həddində kredit razılaşmasının təmin edilməsi üçün 3 ədəd əmlaka dair ipoteka müqaviləsi bağlanmışdır, həmin əmlaklardan biri borclunun, qalan iki əmlak isə üçüncü şəxslərin (digər cavabdehlərin) mülkiyyətindədir.Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İddiaçı ASC-nin iddia tələbi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmaması nəticəsinə gələrkən apellyasiya şikayəti vermiş cavabdehlərin şikayətinin dəlillərinə diqqət yetirməmişdir. Belə ki, şikayət müəllifləri ipoteka predmetlərinin boşaldılması tələbinin mülkiyyətçiyə məxsusluğunu, iddiaçı bankın isə hərracın nəticələri məlum olmadığı halda buna subyektiv hüququnun olmamasını, mənzili boşaltmalı şəxslərinin dəqiq dairəsinin müəyyən edilməməsini, ipoteka predmetlərinin qiymətləndirilməsinə dair iş materiallarında olan rəylərin şəmin əmlakların real bazar qiymətini öüzəndə əks etdirməməsini, sözügedən əmlakların bazar dəyərinin qeyri-obyektiv təyin edilməsini, bir sözlə məhkəmənin tutma yönəldilərkən ipoteka predmetdərinin ilkin satış qiymətinin qeyd edilən rəylər əsasında deyil, tam, hərtərəfli, müfəssəl, obyektiv və alternativ rəylər əsasında müəyyən edilməli olmasını mübahisələndirmişlər. Beləliklə də, apellyasiya şikayətinin müəllifləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək hazırki iş üzrə şikayətdə istinad olunan dəlillər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmələri onlara münasibətdə iddianın rədd edilməsini deyil, obyektiv və qanuni qətnamə qəbul edilməsini özündə ehtiva etmişdir. Belə ki, şikayətin dəlillərindən tam aydın olur ki, şikayət müəllifləri onlara qarşı olan iddia tələblərinə düzgün hüquqi qiymət verilməməsini, tutmanın onların əmlaklarına yönəldilərkən şikayətdə istinad edilən qanunvericilik normalarının tələblərinə riayət olunmamasını mübahisələndirmiş, ipoteka müqavilələrin qanuniliyini, yəni, onlarda zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığının alınmamasını mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi isə apellyatorların belə bir tələbi olmadığı halda birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv etməklə iddianın onlara münasibətdə təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir.” Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzilin boşadılmasını tələb etmək hüququ həmin əmlakların mülkiyyətçisinə məxsusdur. Hazırkı halda iddiaçı subyektiv hüquqa malik deyildir. Daha sonra cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsindən də narazıdır. Həmin evlər 14.11.2013-cü il tarixli Baş kredit müqaviləsinin təminatı olaraq yüklü edilib. Bundan sonra Bankla Cavabdeh1 arasında 03.04.2014-cü il tarixli 118957-1-9782/2, 03.04.2014- cü il tarixli 118957-1-9782/3 saylı kredit müqavilələri bağlanıb. Lakin ipoteka qoyanlarla sonrakı ipoteka müqaviləsi bağlanmamış, ipoteka hüququ reyestrdə qeydə alınmamışdır. Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə hazırki apellyasiya şikayətində və ona əlavədə istinad olunan dəlillər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı ASC-nin nümayəndəsi X4 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmiş. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)-861/2020 saylı qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşin materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit razılaşmasına əsasən, Bank kredit alana ******* ABŞ dolları və ya manata olan ekvivalenti məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsinə əsasən, Bank borcalana 48 ay müddətinə illik 16% dərəcəsi ilə 215000 ABŞ dolları; 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsinə əsasən 36 ay müddətinə illik 16% dərəcəsi ilə 210000 ABŞ dolları kredit vermiş, borcalan kreditləri və hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasına təminat olaraq 15.11.2013-cü il tarixli, 118958-7-6075 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün 14.11.2013-cü il tarixdə bağlanmış ipoteka müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus mənzillər bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 25.06.2015-ci il tarixli razılaşmaya əsasən, kredit alanın Banka 25.06.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 306135 ABŞ dolları müəyyən edilmiş, hazırkı razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 34 ay müddəti ərzində istifadə etməyi və 03.04.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 16% ödəməyi öhdəsinə götürmüş, bu razılaşmanın tərkib hissəsi sayılan əlavə (ödəniş qrafiki) imzalandığı tarixdən, 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı və 03.04.2014cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqavilələri üzrə imzalanmış 1 saylı əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə əlavə 1 yeni əlavə ilə əvəz olunmuş, 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı və 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı komersiya krediti müqavilələrinin 2.1 və 2.2ci bəndləri qüvvədən düşmüş hesabedilmiş, 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı və 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı əlavə kommersiya krediti müqavilələrinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır. 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı və 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqavilələri və onlara dəyişiklik və əlavələr edilməsi barədə 25.06.2015-ci il tarixli, 01 saylı razılaşma ipoteka qoyan Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmamışdır. “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Mülki Məcəllənin 307.4-cü maddəsinə müvafiq olaraq, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Qanunvericiliyin tələbinə əsasən ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Lakin Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində göstərilən hallara qiymət verilməsini xahiş edilməmişdirlər və göstərilənlər apellyasiya şikayətinin dəlillərinə daxil deyil olmamışdır. Bununla belə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən ipoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda, ipoteka qoyan borclu olduqda, əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Qanunvericiliyin tələbindən aydın olur ki, qanunvericilik ipoteka qoyanın əsas öhdəliyə münasibətdə cavabdeh olub-olmamasını əsas götürərək borclu-ipoteka qoyan və üçünxü şəxs (digər cavabdehlər) ipoteka qoyan olmaqla fərqləndirməklə, onlarla kreditor arasında olan ipoteka münasibətlərini fərqli şəkildə tənzimləyir. Belə ki, əsas öhdəliklə ipoteka müqaviləsi arasındakı uyğunsuzluq ipoteka qoyan borclu olduqda, kreditorun xeyrinə ipoteka qoyan üçüncü şəxs olduqda isə onun xeyrinə təfsir edilir. Deməli, hər hansı uyğunsuzluq halında üçüncü şəxslər üçün hüquqlara malik olmaqla, həmin nəticələr üçün məsuliyyət daşımamaqla, yalnız əlavə öhdəlik-ipoteka müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlik üzrə cavabdehdirlər. Lakin borclu ipoteka qoyan həm əsas öhdəlik, həm də əlavə öhdəlik üzrə cavabdeh olduğundan, həmin öhdəliklərin hər hansı şərtləri arasında uyğunsuzluq halında, həmin şərtin ipoteka müqaviləsində nəzərdə tutulmadığı və ya başqa formada nəzərdə tutulduğu üçün borclunun məsuliyyətindən azad edilməsi yolverilməzdir. İşin materiallarından görünür ki, iddiaçı Bankla bağlanmış 1.500.000 ABŞ dolları həddində kredit razılaşmasının təmin edilməsi üçün 3 ədəd əmlaka dair ipoteka müqaviləsi bağlanmışdır, həmin əmlaklardan biri borclunun, qalan iki əmlak isə üçüncü şəxslərin (digər cavabdehlərin) mülkiyyətindədir. Bundan əlavə qeyd edilməlidir ki, apellyasiya şikayətində ipoteka predmetlərinin qiymətləndirilməsinə dair iş materiallarında olan rəylərin həmin əmlakların real bazar qiymətini öüzəndə əks etdirməməsini, sözügedən əmlakların bazar dəyərinin qeyriobyektiv təyin edilməsini, bir sözlə məhkəmənin tutma yönəldilərkən ipoteka predmetdərinin ilkin satış qiymətinin qeyd edilən rəylər əsasında deyil, tam, hərtərəfli, müfəssəl, obyektiv və alternativ rəylər əsasında müəyyən edilməli olmasını mübahisələndirmişlər. Bununla bağlı Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 238 saylı reyestr kitabının 22083 saylı vərəqində qeydiyyata alınmış Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi 14.11.2013-cü il tarixli 118957-1-9782 saylı baş kredit razılaşması üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 120 ay müddətinə İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 10.11.2017-ci il tarixli 335 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 145 400 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 10.11.2017-ci il tarixli 335 saylı hesab-fakturasından müəyyən olunur ki, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərin dəyəri cəmi 200 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 10.11.2017-ci il tarixli 335/2 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzilinin bazar qiyməti 204 000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 10.11.2017-ci il tarixli 335 saylı hesab-fakturasından müəyyən olunur ki, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərin dəyəri cəmi 200 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 10.11.2017-ci il tarixli 335/1 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 4-cü mərtəbəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 162 500 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 10.11.2017-ci il tarixli 335 saylı hesab-fakturasından müəyyən olunur ki, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərin dəyəri cəmi 200 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli, 2(103)-5086/2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı 02 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş X1 06 may 2021-ci il tarixli, 360 saylı Ekspertiza Rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin hazırki bazar qiyməti ilə təqribi dəyəri 134559,00 (116.3 kv.m x 1157.0) manat, təqribi likvid qiyməti isə 125140,00 (134559,00-7%) manat məbləğində müəyyən edilir. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin hazırki bazar qiyməti ilə təqribi dəyəri 150410,00 (130.0 kv.m x 1157.0) manat, təqribi likvid qiyməti isə 139881,00 (15041000-7%) manat məbləğində müəyyən edilir. Beləliklə, tutma yönəldilərkən ipoteka predmetdərinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması ilə bağlı dəlillər təsdiqini tapmamışdır. Belə ki, "İpoteka Haqqında" Qanunun tələblərinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 38-ci maddəsində göstərilir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. İpoteka müqaviləsinin 6.1.1-ci bəndindən müəyyən olunur ki, ipoteka ilə təmin edilən öhdəlik(lər) kredit alan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. İpoteka müqaviləsinin 8.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə bankın ipoteka ilə təmin ediilən bütün tələbləri tam ödənilən müddətədək qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-cu maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respubikasının Qanununun 33 maddəsinə əsasən bordu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3.-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli 2(011)-937/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar