Məhkəmə qərarları › İş №2(103)-4086/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4086/2023

11.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4086/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: evin və torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 127/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 349 saylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən 600 m2 torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 219,10 m2 olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 252 nömrəli reyestr kitabının 23428 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. İddiaçı ünvan 2 ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X4 bağışlamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı evin və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0.06 ha topraq sahəsi və onun üzərində fərdi yaşayış evi mövcuddur. Cavabdehin anasının yaşadığı digər Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 98 saylı evin 72 saylı mənzili 9 mərtəbəli binada olduğuna görə mənzilə qalxıb-düşmə çətin olduğu üçün iddiaçı müvəqqəti olaraq əvvəllər yaşamalarına icazə vermişdir. Həmin torpaq sahəsindən iddiaçı oğluna 0,03 ha torpaq sahəsi bağışlamışdır. Buna baxmayaraq cavabdeh qeyriqanuni olaraq əngəllər törədərək daşınmaz əmlak nümayəndəsinin torpağın faktiki ölçülərinin aparılmasına şərait yaratmamışdır. Bir neçə aydır ki, iddiaçı Cavabdeh və onunla birgə yaşayan digər şəxslərə mülkiyyətindən çıxması və ona təhvil verilməsi barədə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamış, nəticədə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya Qarabağ müharibəsi veteranı olduğuna görə mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyac olduğu üçün Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 349 №-li sərəncamı ilə ayrılmışdır. Ona görə də, ünvan 1 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin boşaldılmasına, həmin torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) cavabdehin və digər şəxslərin çıxarılmasına, həmin torpaq sahəsinin və onun üzərində olan tikililərin boş vəziyyətdə iddaçıya təhvil verilməsinə, dövlət rüsumu olaraq ödənilmiş 100 manatın və vəkil xərcinə görə 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 127/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən çıxarılması, Cavabdeh məhkəmə xərclərinə görə 300 manatın İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi mülkiyyətində olan əmlaka qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb etmək hüququna malik olduğundan iddiaçının cavabdehə qarşı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və tikililərdən çıxarılmasına dair iddia tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin edilməlidir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının digər şəxslərə qarşı iddia tələbi ilə bağlı qeyd edir ki, öz iddia tələbləri üzrə cavabdehlərini müəyyən etmək vəzifəsi iddiaçıya aid olduğundan, iddiaçı qohumluq münasibətlərində olsa da, həmin şəxsləri müəyyən edib onlara qarşı tələb irəli sürmədiyindən, məhkəmənin isə qeyri-müəyyən şəxslərə qarşı məhkəmə aktı qəbul etmək səlahiyyəti olmadığından iddia ərizəsi qalan hissədə təmin edilə bilməz.

9. Məhkəmə cavabdehin iddia tələblərinə qarşı etirazına münasibət bildirərək qeyd etmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş tikililərə sərf olunmuş vəsaiti həmin xərci çəkən şəxsin mülkiyyətçidən tələb etmək hüququ vardır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60cı maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Elsholz Almaniyaya qarşı” iş üzrə 2000-ci il 13 iyul tarixli, “Blucher Çex Respublikasına qarşı” iş üzrə 2005-ci il 11 yanvar tarixli, “Van de Hurk Hollandiya qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsi, iddia tələbinin təmin edilməyən hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamə ilə müəyyən etdiyi hallar və gəldiyi nəticə işin faktiki halları və işdə olan sübutlarla tamamilə ziddiyyət təşkil edir və qəbul edilməsi mümkün deyil. Belə ki, məhkəmə iddiaçıya məxsus torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən cavabdeh şəxs X1 çıxarılması barədə qətnamə qəbul etsə də, amma orada yaşayan digər şəxslərə qarşı münasibətdə iddia tələbini təmin etməməsi nəticəsində gələcəkdə iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına dolayı formada zəmin yaratmışdır. Bir növ məhkəmə iddiaçının mülkiyyət üzərində olan dövlət tərəfindən tanınan və qorunan hüququnu məhdudlaşdırmışdır. Gələcəkdə cavabdehin ailə üzvlərində hər hansı dəyişim (artım) olarsa, o zaman məhkəmə bu halda da öz qətnaməsini icrasının çətişləşməsinə və eləcə də mülkiyyətçinin hüququnu pozulmasına şərait yaratmışdır. İddiaçının mülkiyyətçi olaraq əmlaka sahib olmaq, onun barəsində sərəncam vermək hüquqlarına malik olsa da, ancaq məhkəmənin gəldiyi nəticədə iddiaçının mülkiyyət üzərində sərbəst şəkildə istifadə etmək hüququ məhdudlaşdırılmışdır.

13. Qətnamədən narazı qalan cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şilkayəti onunla əsaslandırılmışdır ki, işin hallarından və qanunvericiliyin mənasından da görünür ki, məhkəmələr birmənalı olaraq tərəflərin təqdim etdiyi sübutlara qətnamələrinin əsaslandırıcı hissəsində hüquqi qiymət verməli, şərh etməli və həmin sübutların qəbul edilib-edilməməsi ilə bağlı izah verməlidir. Onların tərəfindən mübahisəli torpaq sahəsində 1999-cu ildən 2001-ci ilə qədər tikinti və təmir işləri aparılmışdır. 2001-ci ilin senytabr ayından isə onlar bu evə köçüblər. Son bir ilə kimi cavabdehlərlə İddiaçı arasında heç bir narazıçılıq olmamalıdır. Hətta o, evi onun adından çıxardıb cavabdehlərin adına keçirilməsi ilə bağlı cavabdehə xx.xx.2013-cü il tarixli etibarnamə də vermişdir. Həmin etibarnamə əsasında cavabdeh evin sənədləşdirmə işlərini aparmış və 2014-cü ildə həmin evə dair Çıxarış da almışdır. Lakin sonradan səhhətində problemlər olduğu üçün həmin evi öz ailəsinin adına sənədləşdirməyə imkan olmamışdır. Mübahisələndirilən evin cavabdeh tərəfindən tikilməsini şahidlər də təsdiq edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokol Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: Maddə 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; Maddə 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb... Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində, cavabdeh isə qətnaməni iddianın təmin olunan hissədə mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

26. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

27. Hazırda İddiaçı Cavabdeh həmin tikililər (fərdi yaşayış evi, qaraj və s.) və onların yerləşdiyi torpaq sahəsindən çıxarılmasını tələb edir və tələbini belə əsaslandırır ki, cavabdeh həmin ünvanda yaşamaqla onun öz mülkiyyətlərindən maneəsiz istifadə etməsinə mane olur, onu həmin sahəyə buraxmır və bununla da iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh buna heç bir qanuni əsas olmadan iddiaçıya məxsus mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsində hazırda onun razılığı olmadan yaşayaraq istifadə edir və bu hal iddiaçının qanunla müəyyən edilmiş mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnir.

29. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından həmçinin görünür ki, mübahisə olduğundan iddiaçı özünə məxsus torpaq sahəsinin 0,03 ha hissəsini oğluna bağışladıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsinin bölgüsü ilə bağlı sxemin tərtib edilməsi mümkün olmamışdır.

30. Bu səbəbdən iddiaçı hazırkı iddianı qaldıraraq cavabdehin həmin əmlakı boşaltmasını tələb etməkdə haqlı olmuşdur.

31. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra onunla cavabdeh arasında həmin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın mövcudluğu barədə sübutlar da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəmənin iclasında tərəflər öz izahatlarında və şahid qismində dindirilmiş şəxslər öz ifadələrində qeyd olunan fərdi yaşayış evinin tikintisinə X2 tərəfindən vəsait xərcləndiyini bildirmişlər. Yəni cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tikintisində də iştirak etməmişdir.

33. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, iddiaçı iddia ərizəsində digər şəxslərin də ünvan 2 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) çıxarılmasını xahiş etsə də, həmin tələb qeyrimüəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki, MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin - cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 127/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar