Məhkəmə qərarları › İş №2(103)-4090/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4090/2022

13.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4090/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7019/2021 saylı, 07 aprel 2022ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2(004)-7019/2021 saylı qətnaməsi ilə iddai qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Məhkəmənin 07.04.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qeyd edilən qərardaddan cavabdehin vəkili Vəkil tərəfindən elektron qaydada 21.04.2022-ci il tarixdə şikayət verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Mülki iş materiallarından görünür ki, elektron qaydada verilən şikayət yalnız vəkil kimi Vəkil tərəfindən imzalanmışdır. Lakin vəkilin məhkəmə aktlarından şikayət vermək, şikayəti cavabdehin adından imzalamaq və digər bu kimi hüquqlarının olmasına dair etibarnamə şikayətə əlavə edilməmişdir. (Apellyasiya şikayətinə sadəcə vəkilin orderi əlavə edilmişdir). Bundan başqa, “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Vəkil tərəfindən sonradan elektron qaydada verilmiş etibarnamə 13.05.2022-ci il tarixlidir, yəni şikayət verilən tarixdən (21.04.2022-ci il) sonrakı tarixə aiddir. Belə olan halda kollegiya hesab edir ki, qərardaddan verilmiş şikayət yalnız vəkil tərəfindən imzalandığından və vəkilin şikayəti imzalayan anda səlahiyyətini təsdiq edən etibarnaməsi olmadığından qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7019/2021 saylı, 07 aprel 2022ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar