Məhkəmə qərarları › İş №2(103)-410/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-410/2024

02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-410/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının və cehiz əmlakların qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2023-cü il tarixli qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (atası) X2 və özü cavabdeh olmaqla yanaşı digər Cavabdeh1 nümayəndəsi (atası) Cavabdeh2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Firmasının istehsalı olan “Marsel” yataq və qonaq dəstlərinə aid, dəyəri 828 manat olan taxt çarpayı, dəyəri 200 manat olan matras, dəyəri 1.368 manat olan şifoner, dəyəri 378 manat olan 2 ədəd tumba, dəyəri 594 manat olan 1 ədəd güzgülü qarderob, dəyəri 1.206 manat olan 1 ədəd divan, dəyəri 864 manat olan 2 ədəd kreslo, dəyəri 60 manat olan tumba və stoyka, dəyəri 468 manat olan 1 ədəd televizor altlığı, dəyəri 864 manat olan 2 ədəd servant, dəyəri 300 manat olan 1 ədəd stol, dəyəri 600 manat olan 6 ədəd qonaq otağı üçün stul, dəyəri 500 manat olan 1 ədəd ipək xalça, dəyəri 960 manat olan “Samsung” markalı paltaryuyan maşın, dəyəri 1.400 manat olan “Samsung” markalı soyuducu, dəyəri 420 manat olan soba, dəyəri 200 manat olan qaz plitəsi, dəyəri 230 manat olan aspirator, dəyəri 1.100 manat olan “Samsung” markalı 109 diaqonallı televizor, dəyəri 180 manat olan “Samsung” markalı tozsoran, dəyəri 90 manat olan şirəçəkən maşın, dəyəri 120 manat olan ətçəkən maşın, dəyəri 30 manat olan mikser, dəyəri 80 manat olan ütü, dəyəri 860 manat olan mətbəx mebeli, dəyəri 180 manat olan 1 ədəd mətbəx stolu, dəyəri 200 manat olan 4 ədəd mətbəx stulu, dəyəri 400 manat olan qonaq otağı üçün pərdə, dəyəri 400 manat olan yataq otağı üçün pərdə, dəyəri 30 manat olan mətbəx üçün pərdə, dəyəri 550 manat olan qonaq otağı üçün çilçıraq, dəyəri 450 manat olan yataq otağı üçün çilçıraq, dəyəri 50 manat olan mətbəx üçün çilçıraq, dəyəri 70 manat olan 2 ədəd gecə lampası, dəyəri 50 manat olan 1 ədəd yorğan, dəyəri 200 manat olan 1 ədəd döşək taxt, dəyəri 20 manat olan 2 ədəd yastıq, dəyəri 400 manat olan 1 ədəd tac yataq örtüyü, dəyəri 50 manat olan göy rəngdə odeyal dəsti, dəyəri 300 manat olan 5 ədəd pastel dəsti, dəyəri 75 manat olan 5 ədəd qətfə, dəyəri 48 manat olan 6 ədəd dəsmal, dəyəri 450 manat olan 12 nəfərlik mavi rəngdə servis dəsti, dəyəri 100 manat olan yaşıl şüşə servis dəsti, dəyəri 50 manat olan karacadan qara-qızılı meyvə qabı, dəyəri 120 manat olan qəhvə naboru, dəyəri 450 manat olan altı qızılı güldan, vaza konfet qabı dəsti, dəyəri 120 manat olan çemodan içində mətbəx dəstləri, dəyəri 50 manat olan çəngəl və qaşıq dəstləri, dəyəri 100 manat olan 4 ədəd süfrə, dəyəri 70 manat olan 6 ədədli -2 nabor fincan dəsti, dəyəri 40 manat olan qəhvəyi rəngdə şirniyyat boşqab dəsti, dəyəri 150 manat olan göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis, dəyəri 50 manat olan zərli işləməli 6 ədəd bakal, dəyəri 25 manat olan sadə 6 ədədli bakal dəsti, dəyəri 20 manat olan qrafin və 6 ədəd stəkan dəsti, dəyəri 20 manat olan göy rəngli şirniyyat dəsti, dəyəri 10 manat olan podnos, dəyəri 30 manat olan mətbəx üçün çəngəl və qaşıq dəsti, dəyəri 25 manat olan asılqanlı mətbəx ləvazimatlar dəsti, dəyəri 90 manat olan çaydan və çaynik, dəyəri 60 manat olan 4 ədəd çərəz naboru, dəyəri 20 manat olan tünd qırmızı (bordo) rəngdə 4-lü nabor, dəyəri 50 manat olan 3-lü çərəz qabı, dəyəri 150 manat olan qazan dəsti, dəyəri 50 manat olan tavalar, dəyəri 30 manat olan əlavə qazanlar, dəyəri 50 manat olan 12 ədəd büllur stəkanlar və nəlbəkilər, dəyəri 50 manat olan mürəbbə qabı və razetkalar, dəyəri 50 manat olan stolüstü saat, dəyəri 150 manat olan hamam aksesuarları, dəyəri 20 manat olan ayağaltı (dorojka), dəyəri 3.000 manat olan qızıl brilyant komplekt qolbaq, üzük, sırğa, sep, ümumi dəyəri 1.500 manat olan geyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt geyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, 1 cüt sapojki, çantalar, epilyator, fen), ümumilikdə isə 24.523 manat dəyərində əşyaların naturada, qətnamə icra olunan zaman naturada qaytarılması mümkün olmayan əşyaların isə dəyəri, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 150 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra onlar ünvan 1 ünvanda yaşayıb birgə təsərrüfat aparmışlar. Lakin iddiaçı keçmiş əri ilə yaşadıqları dövr ərzində cavabdeh tərəfındən xoşagəlməz rəftara məruz qalmış və münasibətləri pozulduğuna görə işdən çıxaraq valideynlərinin evinə müvəqqəti qonaq getmək qərarına gəlmişdir. Lakin cavabdeh ona qarşı daha da aqressiv münasibət bəsləmişdir. Daha sonra iddiaçı, Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının yuxarıda qeyd edilən mənzilə cehiz qismində apardığı (iddia ərizəsində göstərilən) əşyaları həmin mənzildə qalmaqdadır. İddiaçı dəfələrlə cavabdehlərdən, yəni əri Cavabdeh1, qayınatası Cavabdeh2 və qayınanası Cavabdeh3 ona məxsus cehiz və qızıl-zinət əşyalarının qaytarılmasını xahiş etsə də, cavabdehlər həmin əşyaları ona qaytarmaqdan yayınmışlar. Həmin əşyalardan bir neçəsi iddiaçı tərəfindən alınmış, mətbəx mebeli iddiaçı tərəfindən yığılmışdır. Cavabdeh tərəf iddiaçıya bir dəst komplekt almışdır. İddiaçı hesab edir ki, həmin əşyalar cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. b) cavabdeh tərəfin iddiaya münasibəti barədə məlumat

3. Cavabdeh (eyni zamanda Cavabdeh1 nümayəndəsi (atası)) Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Onun və arvadı Cavabdeh3 evləri ayrı ünvanda yerləşir, ayrı yaşayırlar, onların mübahisəli cehiz əşyalarına heç bir aidiyyatləri yoxdur. Cehiz əşyalarının alınması barədə qəbz, maliyyə arayışları və qaimələrdən görünür ki, əşyaların qiymətində kəskin fərqlər vardır, bir-birlərinə uyğun gəlmir. Buradan görünür ki, həmin sənədlər saxtadır, bəlkə də sonradan alınmışdır. İddiaçının atası Tapdıq Aslanova etibar və inamı olduğuna görə əksər sənədləşmə işləri bekar olduğu üçün ona həvalə olunmuşdur. Hal-hazırkı vəziyyət onu göstərir ki, boşanmaq üçün maddi maraq xətrinə əvvəlcədən hazırlıq işləri görülmüşdür. Belə ki, iddia ərizəsində taxt çarpayı 828 manat, matras 200 manat, şifoner 1368 manat, 2 ədəd tumba 378 manat, 1 ədəd güzgülü qarderob 594 manat, divan 1.206 manat, 2 ədəd kreslo 864 manat, tumba stoyka 60 manat, 1 ədəd televizor altlığı 468 manat, 2 ədəd servant 864 manat olmaqla, cəmi 6.830 manat göstərilmişdir. Lakin maliyyə arayışında bunların cəmi 4.700 manat göstərilmişdir. Fərq iddia ərizəsində (6830-4700=) 2.130 manat artıq göstərilmişdir. Usta ekspertin qeydlərində bu məbləğ (4700-300=) 4.400 manat göstərilmişdir. Yəni 300 manat əskik göstərilmişdir. Maliyyə arayışında “Samsung” markalı soyuducu, paltaryuyan, televizor, sobanın qiymətləri cəmi 2.930 manat, qaimə fakturalarda 2.820 manat göstərilmişdir. Maliyyə arayışı ilə qaimə faktura arasında 110 manat fərq var. Maliyyə arayışında qiymət çox göstərilmişdir. İddia ərizəsində soyuducu 1.400 manat, televizor 1.100 manat, paltaryuyan 960 manat, soba 420 manat, bunların cəmi 3.880 manat göstərilmişdir. Maliyyə arayışı ilə iddia ərizəsi arasında (3.880-2.930=) 950 manat fərq, qaimə faktura ilə iddia ərizəsi arasında (3.880-2.820=) 1.060 manat fərq vardır. Ticarət şəbəkələrindən mal alanda birinci növbədə hər bir vətəndaşa alıcıya qəbz təqdim olunur. Bu da ilkin növbədə əsas sənəd mağaza sənədi sayılır. Mətbəx mebelinin onun oğlu tərəfindən alınıb yığılması, oraya soyuducu, paltaryuyan, soba, aspirator, duxovka qoyulması barədə videoçəkiliş və fotolar əlavə olunmuşdur. Arvadı Cavabdeh3 1 gün müddətinə götürülmüş bir ədəd qolbağı 370 manat, brilyant komplekt qaşlı 2 ədəd sırğa, 1 ədəd qolbağı, 1 ədəd boyunbağı (sep), 1 ədəd kulon ümumi komplektin qiyməti 4.850 manat, 1 ədəd brilyant üzük 2.280 manat, gündəlik qızıl əşyaları 200 manat olmaqla, cəmi 7.700 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması üçün 1-ci iddiaçıya, sonra atasına, anasına, qardaşına, nənəsinə bir neçə dəfə müraciət olunub telefon əlaqəsi yaradılmışdır. İddiaçının nənəsi xx.xx.2023-cü il tarixdə telefonla zəng edib bildirmişdir ki, iddiaçının götürdüyü qızıl-zinət əşyalarını gətirib verəcəklər, onların nə əşyaları varsa gəlib götürsünlər və hər şey razılıqla həll edilsin. Onları gözləsələr də, lakin qızıl-zinət əşyalarını gətirməmişlər və bu məsələ razılıqla alınmamışdır. Nikah zamanı iddiaçıya 1.825 manat dəyərində brilyant üzük, 450 manat dəyərində sırğa, 500 manat dəyərində pal-paltar və digər əşyalar ərdən boşanmış olsa da iddiaçıya alınmışdır. Arvadı Cavabdeh3 tərəfindən məhkəməyə təqdim olunmuş fotoların qızıl-zinət əşyalarına heç bir aidiyyəti yoxdur. Hal-hazırda iddiaçıya alınmış 1.825 manat dəyərində brilyant üzük, 450 manat dəyərində sırğa, 500 manat dəyərində pal-paltar və digər əşyalar iddiaçı tərəfindən evdən aparılmışdır. İcra məmuru tərəfindən cehiz əşyaları barədə tərtib olunmuş aktda qeyd aparılmışdır ki, 3.000 manat dəyərində qızıl əşyaları heç vaxt evdə olmayıb və evə gətirilməyib. İddiaçı evə həftənin 3-4 gününü işdən sonra gəlib getmişdir. Ona görə də qızıl əşyalarının evdə olması qeyri-mümkün idi. İddiaçının Cavabdeh1 2.000 manat dəyərində brilyant üzük, 2.500 manat dəyərində qızıl saat almaları tamamilə yalandır. Cavabdeh1 2.000 manat dəyərində deyil, ucuz qiymətə bir üzük alınmış, saat alınmamışdır. Evlilik dövründə iddiaçının anası İradə Aslanova ayrı-ayrı vaxtlarda müəyyən adlarla 5.000 və 1.200 manat borc kimi qaytarmaq şərti ilə almış və bugünə kimi qaytarmamışdır. Göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

4. İş üzrə digər Cavabdeh3 birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya dair yazılı münasibət bildirməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddia ərizəsində qeyd edilən mənzildə yerləşən və iddiaçıya məxsus olan – "xxxx" Şirkətinin “Marsel” yataq və qonaq dəsti, taxt çarpayı, matras, şifoner, 2 ədəd tumba, 1ədəd güzgülü qarderob, divan 1 ədəd, kreslo 2 ədəd, tumba və stoyka, 1 ədəd televizor altlığı, 2 ədəd servant, 1 ədəd stol, 6 ədəd stul qonaq otağı üçün, 1 ədəd xalça ipək, 1 ədəd paltaryuyan “Samsung”, 1 ədəd soyuducu “Samsung”, 1 ədəd soba, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd televizor “Samsung” (109 diaqonal), tozsoran “Samsung” 1 ədəd, 1 ədəd şirəçəkən, 1 ədəd ətçəkən, 1 ədəd mikser, 1 ədəd ütü, 1ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulları, qonaq otağı üçün pərdə, yataq otağı üçün pərdə, mətbəx üçün pərdə, lüstr qonaq otağı üçün, lüstr yataq otağı üçün, mətbəx üçün lüstr, noçnik 2 ədəd, yorğan 1 ədəd, döşək taxt üçün 1 ədəd, yastıq 2 ədəd, tac yataq örtüyü 1 ədəd, odeyal dəsti göy rəngdə, pastel dəsti 5 ədəd, qətfə 5 ədəd, dəsmal 6 ədəd, mavi rəngdə servis dəsti 12 nəfərlik, yaşıl şüşə servis dəsti, karacadan qara-qızılı meyvə qabı, qəhvə naboru, altı qızılı güldan, vaza konfet qabı dəsti, çemodan içində mətbəx dəstləri, çəngəl və qaşıq dəstləri, süfrələr (stol örtüyü) 4 ədəd, fincan dəsti 6 ədədli -2 nabor, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis, bokallar zərli işləməli 6 ədəd, sadə 6 ədədli bakal dəsti, qrafin və 6 ədəd stəkan dəsti, göy rəngli şirniyyat dəsti, podnos, mətbəx üçün çəngəl-qaşıq dəsti, asılqanlı mətbəx ləvazimatlar dəsti, çaydan və çaynik, çərəz naboru 4 ədəd, bordo rəngli 4-lü nabor, çərəz qabı 3-lü, qazan naboru, tavalar, əlavə qazanlar, büllur stəkanlar və nəlbəkilər 12 ədəd, mürəbbə qabı və razetkalar, stolüstü saat, hamam aksesuarları, dorojkalar, geyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt qeyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, çəkmə 1 cüt, çantalar, epilyator, fen) adda olan əmlakların cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılmasını, iddiaçıya məxsus 1 ədəd komplekt (qolbaq, sırğa, sep və üzük) çəkisi 16 qram, ağ qızıl, 585 əyarlı və brilyant qaşlarla bəzədilmiş qızıl-zinət əşyalarının cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılmasını, qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 2.200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan cehiz əmlaklarının və qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan ona məxsus olan əmlaklar və qızılzinət əşyaları cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. İddiaçıya evləndikləri ərəfədə qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın (qaytarılması qət edilmiş əşyaların) cavabdehlərdə qalması iş üzrə sübutlarla təsdiq olunur. Buna görə də həmin əşyalar ilə bağlı iddia tələbi əsaslı hesab edilərək, təmin edilməlidir. Digər (qaytarılması qət edilməmiş əşyaların) isə cavabdehlərdə qalması təsdiq edilmədiyindən həmin əşyalara aid tələb əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

7. İş üzrə cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd soba, 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd qaz plitəsi və 1 ədəd aspirator, 1 ədəd qonaq otağı üçün çilçıraq, eyni zamanda qızıl-zinət əşyalarının qaytarılması, aşkar edilməzsə 2.200 manat dəyərində pul vəsaitinin verilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, soyuducu, soba, paltaryuyan və televizor xx.xx.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən alınmış olsa da, həmin halları təsdiq edən ödəniş qəbzləri məhkəməyə təqdim edilsə də, Rayon Məhkəməsi qeyd edilən əşyaları iddiaçı tərəfindən cehiz əşyası kimi qəbul etmişdir. Qaz plitəsi, aspirator, qonaq otağı üçün çilçıraq, divan və kreslo, stol və stul dəsti (6 ədəd) və bir çox xırda para əşyalar Cavabdeh1 tərəfindən nikahadək alınmışdır. Həmin əşyaların pulu Cavabdeh1 tərəfindən verilmiş, iddiaçının atası guya ucuz satılan yerləri bildiyi və həmçinin bekar olduğu üçün ona verilmiş, o isə həmin əşyaları öz adından almışdır. Həmin vaxt Cavabdeh1 da onların yanında olmuşdur. Həmin evdə təxminən 15 il yaşayış olmuş, bəzi əşyalar bu müddət ərzində də alınmışdır. İddiaçı onlar tərəfindən alınmayan əşyaları da öz əşyaları kimi göstərərək tələb etmişdir. Eyni zamanda, iddiaçının anasına Cavabdeh1 tərəfindən 5.000 və 1.200 manat olmaqla, ümumilikdə 6.200 manat məbləğində borc verilmişdir. Həmin borcu iddiaçı tərəf qaytarmamışdır. Cavabdeh1 qazancı birgə xərcləndiyi halda, iddiaçının qazancı özü tərəfindən yığılır, hətta iddiaçı işə gedərkən xərclədiyi pulları belə Cavabdeh1 alırdı. Bununla belə iddiaçı evin xərclərində hər hansı şəkildə iştirak etmir, eyni zamanda evdə təsərrüfat aparmağı və yemək bişirməyi belə yox idi. İddiaçının əşyaların alınmasına dair Rayon Məhkəməsinə təqdim etdiyi sənədlər həqiqəti əks etdirmir. Belə ki, zəmanət talonunun xx.xx.2021-ci il tarixə aid olması, həmin tarixdən 1 həftə sonrakı tarixə isə ödəniş qəbzlərinin verilməsi göstərir ki, sübutlar saxtalaşdırılıb. Əşyaların dəyəri ödənilmədən zəmanət talonunun alınması inandırıcı deyil. Əşyaların qiymətləri ilə real qiymətlər arasında kəskin fərqlər olmuşdur. İddiaçı qızıl-zinət əşyalarını getməmişdən əvvəl özü ilə aparmışdır. Rayon Məhkəməsinə təqdim edilmiş videoçəkilişdən də görünür ki, iddiaçı evi tərk etməmişdən əvvəl əşyalarını yığmış, planlı şəkildə evi tərk etmişdir. Həmin diskdən eyni zamanda görünür ki, iddiaçı əşyalarını hazırlayarkən boşanmaq niyyəti olmuş, “boşanıram” sözündən istifadə etmiş, aydın şəkildə Cavabdeh1 boşanacağı üçün əşyaları yığdığını bildirmişdir. Geyim əşyalarını yığan insanın qızıllarını aparmaması inandırıcı deyil. İddiaçı apardığı nişan qızıllarını, eyni zamanda Cavabdeh3 məxsus olan qızılları ikinci dəfə tələb edərək varlanmaq niyyətindədir. İddiaçıya toya görə hədiyyə şəklində alınan qızıllar 1.825 manat dəyərində olan brilyant üzükdən, 450 manat dəyərində olan sırğadan ibarət olmuşdur ki, həmin əşyalar da evdən çıxarkən iddiaçı tərəfindən götürülmüşdür. Bununla belə bir gün müddətinə müvəqqəti tədbirə getmək üçün (bəzənmək məqsədilə) taxdığı Cavabdeh3 aid olan komplekt dəst, üzük və qolbağı öz əşyası kimi qələmə verərək tələb edir. Hətta baxmayaraq ki, həmin qızıllar da iddiaçı tərəfindən aparılmışdır. Qətnamədə qeyd edilən qızıllar isə Cavabdeh3 məxsus qızıllardır. Həmin qızılların qiyməti 7.700 manat təşkil edir. Həmin qızılların qaytarılması üçün iddiaçının özünə, atasına, nənəsinə müraciət olunmuşdur. Bu barədə mesajlar da mövcuddur. Həmin sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Qeyd edilən hala dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunsa da, məhkəmə iddianı geri qaytarmış, sonradan Suraxanı Rayon Məhkəməsinə yenidən həmin iddia ilə müraciət edilsə də, ərazi aidiyyəti məsələsinə görə iddia təkrarən geri qaytarılmışdır. Bununla belə, sənədlərdəki çatışmazlığı aradan qaldırıb təkrarən məhkəməyə müraciət ediləcəkdir. Əşyaların iddiaçıya məxsus olmasını, evdən gedərkən qızılları evdə qoymasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı qeyd edilən hallara dair mötəbər sübutlar təqdim etməməsinə, eyni zamanda iddiaçının evdən getməmişdən əvvəl əşyalarını yğmasına dair sübutlar cavabdehlər tərəfindən təqdim edilməsinə baxmayaraq, Rayon Məhkəməsi tərəfindən işə obyektiv baxılmamış, nəticədə iddia qismən təmin edilmiş, əsassız şəkildə iddiaçıya üstünlük verilmişdir. Rayon Məhkəməsi əşyaların, o cümlədən qızıl-zinət əşyalarının cavabdehlərin evində qalması barədə nəticəyə gəlsə də və bunun iş materialları ilə təsdiq edildiyini qeyd etsə də, hansı sübutla təsdiq edildiyini qeyd etməmişdir. Belə ki, həmin hal olmadığından ona dair sübut da yoxdur. Cavabdeh tərəfin təqdim etdiyi sübutlara baxılmamış, iddiaçının varlanmaq xətrinə olan əsassız, uydurma, sübutsuz iddiası əsas götürülərək təmin edilmişdir. Boşanmış bir uşaqlı qadına ikinci dəfə topa qızıl alına bilməz. İddiaçıya cavabdehlər tərəfindən komplekt dəst alınmayıb, yalnız üzük və sırğa alınmışdır, onları da özü ilə aparmışdır. İddiaçının evində baş vermiş nişan, daha dəqiq deyilsə üzük taxma anının fotoları məhkəməyə təqdim edilmişdir. Lakin Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Rayon Məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, aydınlaşdırmamış, nəticədə özünə aid olan, eyni zamanda Cavabdeh3 aid olan qızılları iddiaçının aparmağına baxmayaraq, həmin qızılların dəyəri kimi 3.000 manat pulun da ödənilməsi cavabdehlərin üzərinə qoyulmuşdur. Rayon Məhkəməsi cavabdehlərin təqdim etdiyi ödəniş qəbzlərinə, videogörüntülərə heç bir əhəmiyyət verməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 heç bir əsas olmadan cavabdeh kimi işə cəlb edilmişdir. e) iddiaçının apellyasiya şikayətinə etirazı barədə məlumat

9. İddiaçının apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin əsas dəlilini cavabdehlərin təqdim etdikləri məişət texnikasına aid kassa qəbzləri təşkil edir. Cavabdeh tərəf apellyasiya şikayətində bildirir ki, kassa qəbzlərindəki əşyaları şəxsən özü almışdır. Digər əşyalarla bağlı heç bir dəlil və sübut göstərməmişdir. Lakin şikayət əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixdə “Sahara Elektornics” tərəfindən iddiaçının atasının adına verilmiş 145149 №-li qaimə fakturada qeyd olunduğu kimi, iddiaçının atası tərəfindən 50 manat beh verilmişdir və məhsullar ünvana çatdırıldıqdan sonra 2.870 manat məbləğ ödəniləcəkdir. Şirkət tərəfindən xx.xx.2021-ci il tarixdə mallar iddiaçının gəlin köçdüyü (və yuxarıda qeyd edilən) mənzilə təhvil verilmişdir və ƏDV-nin geri qaytarılması üçün ümumi məbləğ qeyd olunmuş 2.930 manat dəyərində qəbz təqdim olunmuşdur. 1 ay sonra ƏDV-ni geri ala bilmədikləri üçün iddiaçı, Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətindən iddiaçıya şifahi və yazılı AVİS qeydiyyatı xx.xx.2021-ci il tarixli, **********786501 nömrəli müraciətinə cavab verərək bildirmişlər ki, qaimədə ümumi məhsulun adı “Sahara” qeyd olunduğu üçün ƏDV qaytarılmamışdır, buna görə də şirkətə yenidən müraciət olunaraq məhsulların adının ayrılıqda qeyd olunmaqla yenidən qəbz alınmalıdır. İddiaçının atası təkrarərn “Sahara Elektronics”-ə müraciət edərək, xx.xx.2021-ci il tarixində hər məhsul üçün ayrılıqda yenidən qəbz aldıqdan sonra iddiaçı ƏDV-ni geri almışdır. Cavabdeh tərəfin təqdim etdiyi qəbzlər isə birgə yaşadıqları 100 saylı mənzildə qalmışdır. Cavabdeh tərəf həmin qəbzləri götürərək aldatmaq məqsədilə məhkəməyə təqdim etmişdir. Eyni məhsulun eyni kodla, eyni məbləğdə 3 ay fərqlə yenidən alınması mümkün deyil. Cavabdeh tərəf iddiaçının təqdim etdiyi kimi malların alınması haqqında arayışı, zəmanət talonunu və qaimələri təqdim etməmişdir. Cavabdeh tərəfin əsas məqsədi məhkəmə prosesini uzatmaqdır. Nikahdan qabaq evdə heç bir əşya olmayıb, ev tamamilə boş olub, mətbəx mebeli də iddiaçı tərəfindən sifariş verilərək hazırlanmışdır. Hətta evdə istilik sistemi də quraşdırılmamışdır, indi də yoxdur. Cavabdeh1 işləməmiş və gəliri olmamışdır. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

9. Apellyasiya baxışı iclaslarında iştirak edən özü cavabdeh olmaqla yanaşı digər Cavabdeh1 nümayəndəsi (atası) olan Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin, habelə iddiaya etirazın məzmununa uyğun izahat verdi.

10. İddiaçının nümayəndəsi (atası) Tafdıx Aslanov apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, apellyasiya şikayətinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi.

11. İş üzrə digər Cavabdeh3 işə apellyasiya qaydasında baxılmanın iclaslarının vaxtı və yeri haqqında lazımi qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

12. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) apellyasiyanın hədləri barədə məlumat

13. Məhkəmə hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdehlər isə qətnaməni qismən, yəni 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd soba, 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd qaz plitəsi və 1 ədəd aspirator, 1 ədəd qonaq otağı üçün çilçıraq, eyni zamanda qızıl-zinət əşyalarının qaytarılması, aşkar edilməzsə 2.200 manat dəyərində pul vəsaitinin verilməsi hissəsində mübahisələndirmişdir.

14. Bunu və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Çünki MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməlidir.

16. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən bəlli olur ki, iddiaçı və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı cavabdeh tərəfə məxsus yaşadıqları yaşayış sahəsinə gəlin köçmüşdür. Bir müddət sonra iddiaçı ilə Cavabdeh1 münasibətləri pozulmuşdur. İddiaçı cavabdehlərin mənzilini tərk etmişdir. İddiaçı bildirir ki, ona aid əşyalar cavabdehlərdə qalmışdır.

17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışından” müəyyən olunur ki, həqiqətən də xx.xx.2021-ci il tarixində fiziki şəxs X6 "xxxx" mağazasından 2.930 manat dəyərində “Samsung” markalı soyuducu, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı televizor və “Sob” adlı məhsul almışdır. Alınan məişət texnikası məhsulları şirkət tərəfindən müştərinin bildirdiyi ünvana aparılmış və quraşdırılmışdır. Alınan mallara zəmanət verilmişdir.

18. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışından” müəyyən olunur ki, həqiqətən də xx.xx.2021-ci il tarixində fiziki şəxs X4 şirkətə məxsus olan və Bakı şəhəri, Babək prospektində yerləşən “Perla Mebel” Mağazasından 4.700 manat dəyərində “Marsel” adlı yataq dəsti, “Marsel” adlı qonaq dəsti, döşək plusline, divan kreslo “Zen”, jurnal masa sektor, pufik adlı məhsul almışdır. Məhsul şirkət tərəfindən müştərinin bildirdiyi ünvana aparılmış və quraşdırılmışdır. Alınan mallara zəmanət verilmişdir.

19. Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 130/A-da yerləşən və cavabdehlərə məxsus 100 saylı mənzildə 3.000 manat dəyərində qızıl briliant komplekt, üzük, sırğa, sep aşkar olunmamış, iddia ərizəsində sadalanan digər əşyalar isə aşkar olunmuş və üzərinə həbs qoyulmuşdur.

20. İddiaçının təqdim etdiyi fotoşəkillər və videogörüntü ilə ona nişan mərasimində bir ədəd komplekt hədiyyə edildiyi təsdiq edilir.

21. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı işdən sonra valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır.

22. İddiaçıya evləndikləri ərəfədə qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın cavabdehlərdə qalması iş üzrə sübutlarla təsdiq olunur

23. Cavabdeh tərəf iddiaçıya başqa qızıl-zinət əşyaları alındığını, lakin iddiaçının iddia etdiyi komplektin Cavabdeh3 məxsus olduğunu, iddiaçının müvəqqəti istifadəsinə verildiyini bildirsə də, bu halları, həmçinin iddiaçının həmin qızıl-zinət əşyalarını aparmasını sübuta yetirə bilməmişdir.

24. Cavabdeh tərəf iddia ərizəsində göstərilən bəzi əmlakların onlar tərəfindən alınmasını qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Əksinə iddiaçı tərəf bəzi əmlakların onlar tərəfindən alınması ilə bağlı arayışlar və qaimə faktura təqdim etmişdir.

25. Cavabdeh tərəf bildirir ki, soyuducu, soba, paltaryuyan və televizor xx.xx.2021ci il tarixdə Cavabdeh1 tərəfindən alınmış olsa da, həmin halları təsdiq edən ödəniş qəbzləri məhkəməyə təqdim edilsə də, Rayon Məhkəməsi qeyd edilən əşyaları iddiaçı tərəfindən cehiz əşyası kimi qəbul etmişdir.

26. Apellyasiya şikayətinin bu dəlilinə etiraz edən iddiaçı isə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə “Sahara Elektornics” tərəfindən iddiaçının atası X3 adına verilmiş 145149 №-li qaimə fakturada qeyd olunduğu kimi, iddiaçının atası tərəfindən 50 manat beh verilmişdir və məhsullar ünvana çatdırıldıqdan sonra 2.870 manat məbləğ ödəniləcəkdir. Şirkət tərəfindən xx.xx.2021-ci il tarixdə mallar yuxarıda qeyd edilən mənzilə təhvil verilmişdir və ƏDV-nin geri qaytarılması üçün ümumi məbləğ qeyd olunmuş 2.930 manat dəyərində qəbz təqdim olunmuşdur. 1 ay sonra ƏDV-ni geri ala bilmədikləri üçün iddiaçı Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətindən iddiaçıya şifahi və yazılı AVİS qeydiyyatı xx.xx.2021-ci il tarixli, **********786501 nömrəli müraciətinə cavab verərək bildirmişlər ki, qaimədə ümumi məhsulun adı “Sahara” qeyd olunduğu üçün ƏDV qaytarılmamışdır, buna görə də şirkətə yenidən müraciət olunaraq məhsulların adının ayrılıqda qeyd olunmaqla yenidən qəbz alınmalıdır. İddiaçının atası təkrar “Sahara Elektronics”-ə müraciət edərək, xx.xx.2021-ci il tarixində hər məhsul üçün ayrılıqda yenidən qəbz aldıqdan sonra iddiaçı ƏDV-ni geri almışdır. Cavabdeh tərəfin təqdim etdiyi qəbzlər isə birgə yaşadıqları 100 saylı mənzildə qalmışdır.

27. İddiaçının qeyd etdiyi bu faktlar apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə, o cümlədən Dövlət Vergi Xidmətinə edilmiş onlayn müraciət və həmin müraciətə verilmiş xx.xx.2021-ci il tarixli, **********708300 nömrəli cavab məktubu ilə öz təsdiqini tapmışdır.

28. Məhkəmə həmçinin bir əşyanın eyni qiymətə ayrı-ayrı tarixlərdə iki dəfə alınmasını ağlabata hesab etmir. Həmçinin nəzərə alınmaldır ki, tərəflər arasında əşyaların 2 ədəd deyil, 1 ədəd olması ilə bağlı fikir ayrılığı yoxdur. Odur ki, apellyasiya şikayəti əsassız, ona qarşı dəlillər isə əsaslı hesab edilir.

29. Eyni zamanda, iddiaçının anasına Cavabdeh1 tərəfindən 5.000 və 1.200 manat olmaqla, ümumilikdə 6.200 manat məbləğində borc verilməsi dəlili məhkəmə baxışının predmetini təşkil etmir və hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Çünki cavabdehlər bu məbləğ ilə bağlı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etməmiş və bu kimi tələb birinci instansiya məhkəməsinin baxışı predmeti olmamışdır.

30. Apellyasiya şikayətində qeyd edilir ki, iddiaçı qızıl-zinət əşyalarını getməmişdən əvvəl özü ilə aparmışdır. Məhkəməyə təqdim edilmiş videoçəkilişdən də görünür ki, iddiaçı evi tərk etməmişdən əvvəl əşyalarını yığmış, planlı şəkildə evi tərk etmişdir. Həmin diskdən eyni zamanda görünür ki, iddiaçı əşyalarını hazırlayarkən boşanmaq niyyəti olmuş, “boşanıram” sözündən istifadə etmiş, aydın şəkildə Cavabdeh1 boşanacağı üçün əşyaları yığdığını bildirmişdir. Geyim əşyalarını yığan insanın qızıllarını aparmaması inandırıcı deyil. İddiaçı apardığı nişan qızıllarını, eyni zamanda Cavabdeh3 məxsus olan qızılları ikinci dəfə tələb edərək varlanmaq niyyətindədir.

31. Bununla bağlı Məhkəmə qeyd edir ki, təqdim edilmiş videoçəkilişdən iddiaçı tərəfindən mübahisəli qızıl-zinət əşyalarının götürərək evi tərk etməsi təsdiq edilmir. Videoçəkilişin aparıldığı tarixi dəqiq müəyyən etmək mümkün deyil. Qətnamə ehtimal əsasında qəbul edilə bilməz, iş üzrə mövcud olan faktlar mötəbər, ziddiyyətsiz və fakta aid olan sübutlar əsasında müəyyən edilmiş hesab edilə bilər.

32. İddiaçının, ona məxsus olan cehiz əmlaklarının və qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olmasını nəzərə almış Rayon Məhkəməsi həmin əmlakların və qızıl-zinət əşyalarının cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılmalı olmasını düzgün müəyyən etsə də, lakin apellyasiya baxışının predmetini təşkil edən hissədə iddia tələbində əşyaların qaytarılmasının mümkün olmayacağı halda, onların dəyərinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi də tələb edilmiş, Rayon Məhkəməsi tərəfindən isə tələbin bu hissəsinə qiymət verilməmiş və əşyaların dəyəri ilə bağlı araşdırma aparılmamışdır.

33. Məhkəmə bildirir ki, MPM-in 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir.

34. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsindən isə görünür ki, iddianı qismən təmin etmiş Rayon Məhkəməsi cavabdehlərdən alınaraq iddiaçıya verilməli olan və apellyasiya baxışının predmetini təşkil edən əmlakların dəyərini qətnamədə göstərməmiş, bununla da MPM-in 222.1-ci maddəsinin imperativ tələbinə əməl etməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, qətnamə apellyasiya baxışının predmeti olan hissədə qızıl-zinət əşyalarına aid hissə istisna olmaqla, qalan hissədə düzgün deyil.

35. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə həmin düzgün olmayan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

36. İddianın qeyd edilən hissəsində yeni qətnamə qəbul edilməsi barədə nəticəyə gələn Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) (maddə 34.1.). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur (maddə 34.2.).

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır (maddə 225.3.).

38. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı öz tələbinin əsaslılığını sübuta yetirmiş, cavabdeh tərəf isə iddiaya etirazının dəlillərini təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

40. Məhkəmə apellyasiya baxışının predmetini təşkil edən hissədə əmlakların qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.

41. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/8954 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların az istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6.090 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Qərardadda qeyd edilən zərgərlik məmulatları tədqiqata təqdim edilmədiyindən həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır.

42. Rəyin tədqiqat hissəsində görünür ki, 1 ədəd “Samsung” markalı “RT43K6000S8” modelli gümüşü rəngli inverter soyuducunun dəyəri 1.200 manat, 1 ədəd “Samsung” markalı “WW90TA047AX/LP” modelli 9 kq həcmli gümüşü rəngli paltaryuyan maşının dəyəri 800 manat, 1 ədəd “Lotus” markalı qara rəngli sobanın (duxovka) dəyəri 350 manat, 1 ədəd “Samsung” markalı “UE43TU8000U” modelli qara rəngli televizorun dəyəri 850 manat, 1 ədəd göy yəngli divan və 2 ədəd kreslonun dəyəri 1.600 manat, 1 ədəd qəhvəyi rəngli masa və 6 ədəd oturacağın dəyəri 550 manat, 1 ədəd “Aristocrat” markalı 4 göz (3+1) qaz sobasının dəyəri 160 manat, 1 ədəd “Öztürklər” markalı 460 kub metr/h olan qara rəngli aspiratorun dəyəri 180 manat, qonaq otağı üçün 6 şamdanlı şabalıdı rəngli çilçırağın dəyəri 400 manat qiymətləndirilmişdir.

43. Məhkəmə, rəyi iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, aşağıdakı əşyalar cavabdehlərdən alınaraq iddiaçıya verilməli, onların naturada verilməsi mümkün olmadığı halda onların dəyəri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir: 1 ədəd “Samsung” markalı “RT43K6000S8” modelli gümüşü rəngli inverter soyuducu, 1 ədəd “Samsung” markalı “WW90TA047AX/LP” modelli 9 kq həcmli gümüşü rəngli paltaryuyan maşın, 1 ədəd “Lotus” markalı qara rəngli soba (duxovka), 1 ədəd “Samsung” markalı “UE43TU8000U” modelli qara rəngli televizor, 1 ədəd göy yəngli divan və 2 ədəd kreslo, 1 ədəd qəhvəyi rəngli masa və 6 ədəd oturacaq, 1 ədəd “Aristocrat” markalı 4 göz (3+1) qaz sobası, 1 ədəd “Öztürklər” markalı 460 kub metr/h qara rəngli aspirator, 1 ədəd qonaq otağı üçün 6 şamdanlı şabalıdı rəngli çilçıraq.

44. Həmin əşyaların dəyəri iddia ərizəsində göstərildiyi kimi deyil, daha aşağı, yəni ekspert rəyində göstərilən qiymətlərlə müəyyən edildiyindən iddia həmin hissədə qismən təmin edilmiş sayılmalıdır.

45. Qızıl-zinət əşyaları hissəsində isə həmin əşyaların qiymətinin ekspert rəyi ilə müəyyən edilməsi mümkün olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə həmçinin hesab edir ki, qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilməsinə baxmayaraq, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün apellyasiya şikayəti təmin edilməməlidir. i) apellyasiya baxışının nəticəsi

47. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə düzgün olmadığı üçün qismən ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

48. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehlərə aid edilməli, bu məqsədlə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

49. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-in 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Samsung” markalı paltaryuyan maşın, 1 ədəd soba, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd qonaq otağı üçün çilçırağın cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılması hissəsində ləğv edilsin və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. Dəyəri 1.200 manat olan 1 ədəd “Samsung” markalı “RT43K6000S8” modelli gümüşü rəngli inverter soyuducu, dəyəri 800 manat olan 1 ədəd “Samsung” markalı “WW90TA047AX/LP” modelli 9 kq həcmli gümüşü rəngli paltaryuyan maşın, dəyəri 350 manat olan 1 ədəd “Lotus” markalı qara rəngli soba (duxovka), dəyəri 850 manat olan 1 ədəd “Samsung” markalı “UE43TU8000U” modelli qara rəngli televizor, ümumi dəyəri dəyəri 1.600 manat olan 1 ədəd göy rəngli divan və 2 ədəd kreslo, dəyəri 550 manat olan 1 ədəd qəhvəyi rəngli masa və 6 ədəd oturacaq, dəyəri 160 manat olan 1 ədəd “Aristocrat” markalı 4 göz (3+1) qaz sobası, dəyəri 180 manat olan 1 ədəd “Öztürklər” markalı 460 kub metr/h qara rəngli aspirator, dəyəri 400 manat olan qonaq otağı üçün 6 şamdanlı şabalıdı rəngli çilçıraq, həmin əşyaların naturada qaytarılması mümkün olmadı halda isə onların dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı verilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni qızıl-zinət əşyalarına aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin ödənilməsi məqsədi ilə 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar