Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4117/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Ərizəçi, X1 03 may 1989-cu il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə ərizə rədd edilmişdir. Ərizəçi, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, nənəsi Şahbəyim Məmmədovanın doğumu ilə bağlı heç bir sənəd olmasa da, onun doğum faktı ərizəçi üçün heç bir hüquqi nəticə doğurmur. O, nənəsinin ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş və bu fakt məhkəmədə şahidlərin ifadəsi, qəbrin mövcud olması barədə fotoşəkillər ilə təsdiqini tapmış, buna görə də digər sübutlara (meyidin ekskumasiyası, DNK analizi və s.) zərurət olmamışdır. Eyni zamanda, nənəsinin ünvan 1 ünvanında yaşaması, onun ərizəçinin atası Bayraməli Məmmədovun anası olması faktı rəsmi sənədlərlə də (arayış, doğum haqqında şəhadətnamə, evin texniki pasportu) təsdiqlənir. Ölüm faktının müəyyən edilməsi ona nənəsindən qalan miras məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi və vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, ərizəçi və vəkilini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, qətnamə ləğv, ərizə isə təmin olunmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, AA 084075 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X6 18.09.1941-ci ildə anadan olmuşdur və anası X2r. A3 ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi 28.08.1967-ci il də doğulmuşdur və atası X4r. AZ-İİ 021013 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 12.06.2019-cu il tarixdə vəfat etmişdir. Ərizəçi nənəsi Şahbəyim Məmmədovanın adına 03.05.1989-cu il tarixdə ölümü haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş və həmin şöbə tərəfindən verilmiş 03.06.2020-ci il tarixli, 592-05/70 nömrəli arayışla Şahbəyim Məmmədova barəsində şöbədə ölüm haqqında akt qeydinin aşkar olunmadığı, 09.06.2020-ci il tarixli, 267-05/76 nömrəli məktubla isə, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığı üçün ölüm haqqında akt qeydinin tərtib edilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Eyni zamanda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən 03.12.2020-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 25.11.2020-ci ilədək daxil edilmiş malumatların öyrənilərkən Ş.Məmmədovanın nikahı və ölümü haqqında akt qeydinin aşkar olunmamışdır və Ş.Məmmədovanın doğumu haqqında sənədlər 1945-ci ildən əvvəlki dövrə aid olduğundan onların əldə olunması üçün Milli Arxiv idarəsinə müraciət edilməsi tövsiyə olunur. Vİ ЖГ 711846 nömrəli SSRİ pasportundan görünür ki, Şahbəyim Məmmədova 1945-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21.10.2020-ci il tarixli, 1/128 saylı məktubunda qeyd olunmuşdur ki, 1915-ci il təvəllüdlü X3 həqiqətən 19.04.1956-cı il tarixdən Əmircan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 16 ünvanında qeydiyyatda olub və qeyd olunan ünvan üzrə aprel 1982-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport onun adına tərtib edilib. Hazırda ərizəçi, nənəsi Şahbəyim Məmmədovanın 03.05.1989-cu il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi tələb edir. Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmənin Plenumunun 12 aprel 2019- cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Həmin Qərarın 9-cu bəndinə görə, MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, şəxsin ölüm faktı məhkəmə tərəfindən o halda müəyyən edilir ki, müvafiq icra hakimiyyəti orqanı bu faktı qeydə almaqdan imtina edir və ərizəçi bu sənədləri başqa qaydada əldə edə bilmir. Birinci instansiya məhkəməsi, ərizəni rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şahbəyim Məmmədovanın hansı tarixdə anadan olması ilə bağlı hər hansı sənəd iş materiallarında yoxdur. Başqa sözlə, 1989-cu il 3 mayda ölməsi faktının müəyyən edilməsi xahiş edilən Ş.Məmədovanın həmin vaxta qədər yaşaması faktı təsdiq edilmir. Bu nöqteyi nəzərdən, yaşaması təsdiq edilməyən şəxsin ölməsi faktının müəyyən edilməsini məhkəmə qanuni hesab etmir. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, Şahbəyim Məmmədovanın yaşaması faktı yuxarıda sadalanan iş materialları ilə mübahisəsiz qaydada təsdiq olunur. Belə ki, ərizəçinin atasına məxsum doğum haqqında şəhadətnamədə Ş.Məmmədovanın onun anası kimi qeyd olunması, ona məxsus SSRİ vətəndaşının pasportu, yaşayış yeri üzrə qeydiyyatı barədə sənədlər və şahid ifadələri bu faktın təsdiqi üçün kifayət edir. Belə olan halda, Şahbəyim Məmmədovanın ölüm faktının müəyyən edilməsi, bununla bağlı məhkəməyə lazımi və mötəbər sübutlar təqdim edildiyi halda mümkündür. Kollegiya, həmçinin, vurğulayır ki, şəxsin ölüm faktının müəyyən edilməsi üçün həkim tərəfindən verilmiş şəhadətnamə olmadığı halda, bu faktın məhkəmə tərəfindən müəyyənləşdirilməsi üçün ən etibarlı hesab ediləcək məlumat yaşadığı müddətdə onun məişət həyatında və dəfnində iştirak etmiş şəxslərin bununla bağlı verdikləri məlumatlar hesab edilməlidir. Birinci instansiya məhkəmsində şahid qismində X10, X8 və X12 ifadələrində, ərizəçi ilə qonşu olduqlarını, onun nənəsini sağ ikən gördüklərini, 1989-cu ilin may ayında vəfat etdiyini və Əmircan qəbiristanlığında dəfn olunduğunu bildirmişlər. Ərizəçi, eyni zamanda, Şahbəyim Məmmədovanın işə əlavə edilən qəbirdaşının fotoşəkillərinə istinad edir, hansı ki, “mərhumə X3 1905-3.V.1989” yazıları əks edilmişdir. Kollegiya, bu sübutu da mötəbər hesab edir, ona görə ki, ölmüş şəxslərin dəfn edilməsi ilə bağlı ölkədə formalaşmış adətlərə görə, həmin şəxslərin qəbirdaşlarının üzərində onların doğulduğu və öldüyü tarix dəqiq şəkildə qeyd olunur. Göstərilənlərə əsasən, Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyə uyğun deyil. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4117/2021 saylı iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin olunsun. X1 03 may 1989-cu il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4117/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4117/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver