Məhkəmə qərarları › İş №2(103)-4120/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4120/2021

17.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4120/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus əmlakın iddiaçıya məxsus sahədən çıxarılması” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2020ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yerləşən 8/1 “A” saylı fərdi yaşayış evinin ona məxsus hissəsinin bir otağından cavabdehin əşyalarının çıxarılması, otağın boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən fərdi yaşayış evi iddiaçı ilə (hazırki iş üzrə tərəf olmayan) X1 bərabər paylar üzrə mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı (hazırki iş üzrə tərəf olmayan) Zülfüqar İbrahimov ilə qeyrirəsmi ailə qurmuş, onların övladları olsa da bir müddət sonra onların arasında mübahisə yaranmış və onlar ayrılmışlar. Qardaşı ilə cavabdehin münasibətləri artıq pozulduğundan iddiaçı cavabdehdən başqa yerə köçməsini və özünə məxsus əşyalarını evdən çıxarmasını tələb etmişmişdir. Cavabdeh evi tərk edib getsə də, özünə məxsus olan 1 ədəd şifoneri, 1 ədəd divanı, 1 ədəd televizoru, yorğan döşək və şəxsi geyim əşyalarını dörd otaqda birinə yığaraq həmin otağın qapısını kilidlə bağlamışdır. Bu səbəbdən də iddiaçı, mülkiyyətində olan evin cavabdeh tərəfindən qapısı bağlı saxlanılan otağından istifadə edə bilmir. Cavabdeh bu hərəkəti ilə iddiaçını mülkiyyət hüququnu məhdudlaşdırır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin hallarını düzgün araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş və nəticədə qeyri obyektiv və əsassız qətnamə qəbul etmişdir. Belə ki, yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi cavabdehin qayınatası X2 məxsus olmuşdur. Cavabdeh həyat yoldaşı Zülfüqar İbrahimov ilə birlikdə həmin torpaq sahəsində ev tikmiş və birgə təsərrüfat aparmaqla, 1994-cü ildən bəri və 3 övladı ilə orada yaşamışdır. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə iddiaçı apellyasiya şikayətinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O bildirdi ki, apellyasiya şikayəti yalan dəlillərə əsaslanır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı, 12.08.2013-cü il tarixli “Çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən fərdi yaşayış evi iddiaçı ilə (hazırki iş üzrə tərəf olmayan) X1 bərabər paylar üzrə mülkiyyətindədir. Apellyasiya şikayətində göstərilir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsi cavabdehin qayınatasına – Ağamalı İbrahimova məxsus olmuş, cavabdeh və keçmiş həyat yoldaşı birgə yaşamaq üçün həmin yaşayış sahəsini inşa etmişlər. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Çünki, işdə olan sənədlərdən görünür ki, mübahisəli yaşayış sahəsi iddiaçı ilə S.Vəlixanovanın bərabər paylar üzrə mülkiyyətindədir. Cavabdeh irəli sürdüyü dəlili təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etmir. Bu baxımdan da cavabdehin dəlili əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh, iddiaçının mülkiyyətində olan sahəni boşaltmamaqla, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmış olur. Odur ki hesab edilməlidir ki, iddiaçı, cavabdehin əşyalarının mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə tələbləri irəli sürməkdə, Rayon Məhkəməsi isə həmin tələbləri təmin etməkdə haqlı olmuşlar. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Avropa İnsan hüquqları Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə də, göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuni, əsaslı və işin hallarına uyğundaur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar