Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4125/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mülkiyyətində olan əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(009)-2243/2019 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mülkiyyətində olan əmlakın qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin üzərinə Cavabdeh1 Bakı şəhəri, Xətai rayonun, Kərimağa Kazımov küçəsi, 150A ünvanında yerləşən mühafizə olunan ərazisində saxlanılan, onun mülkiyyətində olan, Almaniya Federativ Respublikasının istehsalı olmaqla hər birinin qiyməti 10000 (on min) manat olan, «Meno» firmasının istehsalı M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd, cəmi 20000 (iyirmi min) manat dəyərində su nasoslarının ona qaytarılması, eyni zamanda hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödədiyi 410 (dörd yüz on) manat xidmət haqqının və iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2243/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Almaniya Federativ Respublikasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 (iki) ədəd su nasosu Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməsi, Cavabdeh1 MMC-dən hüquqi xidmət xərcinə görə 100 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 130 (yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Almaniya Federativ Respublikasının “Nemo” firmasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 ədəd, cəmi 20 000 manat dəyərində olan su nasoslarının “X10” şirkətinin mülkiyyətində olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməyibdir. “X10” şirkəti də həmçinin mübahisə edilən su nasoslarının onların mülkəyitində olmaları barədə də məhkəməyə sübüt təqdim edə bilmədi. Belə ki, “X10” şirkəti su nasoslarının Almaniya Federativ Respublikasından Respublikamıza gətirilməsi barədə gömrük bəyannaməsini və nasosların sərhəddən keçirilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilmədilər. Beləliklə İddiaçı bizə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmayıbdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Cavabdeh1 MMC-yə münaibətdə yoxlanılması təşkil edir. Digər tərəflər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx xxxxxx 2013-cü il tarixli AÖS seriaylı, 325735 nömrəli qaimə fakturaya əsasən «X10» şirkəti hər birinin qiyməti 10000 (on min) manat olan Almaniya Federativ Respublikasının «Nemo» firmasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 ədəd, cəmi 20000 (iyirmi min) manat dəyərində olan su nasoslarını İddiaçı satılmışdır. xx xxxxxx 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, «X10» şirkəti Almaniya Federativ Respublikasının «Nemo» firmasının istehsalı olan M148/12892062 və 148/1239202 saylı 2 ədəd su nasoslarını İddiaçı təhvil vermişdir. “X10” şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 19-11/12 saylı arayışdan görünür ki, “Saf-İnşaat Servis” şirkəti (VÖEN 290030551) xx xxxxxx 2013- cü il tarixdə AÖS seriyalı 325733 №-li qaimə fakturaya əsasən öz əmlakı olmuş “Nemo” firmasının istehsalı olan M148/12892062-1 nömrəli və M148/12392032-1 nömrəli, hər biri 10000 (on min) manat dəyərində, cəmi 2 (iki) ədəd, 20000 (iyirmi min) manat dəyərində, BEB seriyalı 260261 №-li kassa mədaxil orderi qəbzi ilə Şnekli su nasosların satışının rəsmləşdirməsinə dair 20000 (iyirmi min) manat ödənişin edilməsini rəsmləşdirməklə İddiaçı satılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, BEB seriyalı, 280261 nömrəli kassa mədaxil orderi “X10” şirkəti tərəfindən, ciddi hesabat blanklarının hazırlanması üçün Maliyyə Nazirliyindən seriyalar almış “xxxxxxx” X1 sifariş edilmiş və 2011-ci il 08 fevral tarixdə (seriya BEB № 280251-dən - 280350-dək. cəmi 100 dəst) həmin blanklar “X10” şirkətinə təhvil verilmişdir. AÖS seriyalı, 325735 nömrəli qaimə fakruranın mətbəədə çapı 2007-ci il daxil olmaqla keçmiş dövrü əhatə etdiyi üçün bu barədə məlumat vermək imkanları xaricindədir. Belə ki, 2008-ci ilədək ciddi hesabat blanklarının hazırlanmasını həyata keçirən mətbəələr tərəfindən təqdim olunmuş aylıq statistik hesabatlar qanunvericiliyin tələblərinə uyğun olaraq 2011-ci ildə Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsində arxivləşmə işləri aparılarkən həmin sənədlər Azərbaycan Respublikasının Baş Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgənin qаnunsuz sаhibliyindən öz əmlаkını gеri tələb еdə bilər. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, mübahisəli əmlakların alqı-satqı müqaviləsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya satılması və təhviltəslim aktlarına əsasən iddiaçıya verilməsi işin mübahisəsiz halıdır. Lakin, cavabdeh apellyasiya şikayətində həmin əmlakların ölkənin gömrük rəsmiləşdirməsindən keçirilməməsinə istinad etməsi qeyd olunan müqavilə və təhvil-təslim aktına ziddir. Halbuki cavabdeh həmin müqaviləni və təhviltəslim aktını mübahisələndirməmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh qeyd olunan istinadları ilə müqavilə öhdəliklərinin icrasından yayınır, bu isə iddiaçının mübahisə predmeti olan əşyalar üzərində olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb etsə də, məhkəməyə istinad etdiyi halları sübut edən hər-hansı sübut təqdim etməmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin mülahizələrinə əsaslanır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2243/2019 nömrəli qətnaməsi Cavabdeh1 MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-4125/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4125/2020
16.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver