Məhkəmə qərarları › İş №2(103)-414/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-414/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-414/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, 36878.39 manat əsas borc, 1148.12 manat faiz borcu, 6106.87 manat cərimə borcu olmaqla, cəmi 44133.38 manat pulun Cavabdeh2dan İddiaçı ASC-nin xeyrinə tutulması, həmin borcun Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0,1524 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 5 mərtəbəli binada, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 86 nömrəli mənzilə, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Goradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı, 1-ci literində 13.0 kv.m tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində Metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə (evin yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə) və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 444.6 kv.m ümumi, 203.49 kv.m yaşayış, 241.11 kv.m yardımçı, birinci literində 31.2 kv.m tikintialtı sahədən ibarət hovuz, 2-ci literində 11.2 kv.m tikintialtı sahədən ibarət hasar, 3-cü literində darvazadan ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə (evin yerləşdiyi 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə) yönəldilməklə açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakların boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 da öz növbəsində İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinin ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı ASCnin Binəqədi filialı arasında bağlanmış 20.02.2015-ci il tarixli, 039/F-14-02 №-li ipoteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-120/21) ilkin iddia qismən təmin edilərək Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 36.878,39 manat əsas borc, 1.148,12 manat faiz borcu, 600 manat cərimə borcu olmaqla, cəmi 38.626,51 manat kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0,1524 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 5 mərtəbəli binada, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 86 nömrəli mənzilə, Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı, 1-ci literində 13.0 kv.m tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində Metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə (evin yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə) və Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 444.6 kv.m ümumi, 203.49 kv.m yaşayış, 241.11 kv.m yardımçı, birinci literində 31.2 kv.m tikintialtı sahədəin ibarət hovuz, 2-ci literində 11.2 kv.m tikintialtı sahədən ibarət hasar, 3-cü literində darvazadan ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə (evin yerləşdiyi 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə) yönəldilməsi, Cavabdeh2 məxsus mənzilin ilkin satış qiymətinin 72.000,00 manat, Cavabdeh1 məxsus daşınmaz əmlakın ilkin satış qiymətinin 144.000,00 manat, Cavabdeh3 məxsus əmlakın ilkin satış qiymətinin isə 310.000,00 manat müəyyən edilməsi və həmin əmlakların açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetlərinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi qət edilmiş, ilk iddia qalan hissədə, eləcə də Cavabdeh2 “ipoteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İşin halları: İlkin İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 24 fevral 2014-cü il tarixli №039/F-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 7% faiz olmaqla 60 (altmış ) ay müddətinə 200.000 (iki yüz min ) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla aşağıdakı ipoteka qoyanlar arasında ipoteka müqavilələri bağlanmışdır. Bankla Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli № 039/F- 14-02 saylı ipoteka müqaviləsinə əsasən ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0,1524 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 5 mərtəbəli binada, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 86 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 və Cavabdeh3 (ipoteka qoyanlar) arasında bağlanmış 20 fevral 2015-ci il tarixli M 039/F-14-03 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Göradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı, 1-ci lilerində 13.0 kv.m tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 444.6 kv.m ümumi, 203.49 kv.m yaşayış, 241.11 kv.m yardımçı, birinci literində 31.2 kv.m tikintialtı sahədəin ibarət hovuz, 2-ci literində 11.2 kv.m tikintialtı sahədən ibarət hasar, 3-cü literində darvazadan ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, 24 fevral 2014-cü il tarixli №U39/F-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 23 oktyabr 2019-cu il tarixinədək əsas borcdan 163,121.61 manat və faiz borcundan isə 49,501.05 manat ödəniş etmişdir. Onun banka əsas borcundan 36,878.39 manat, faiz borcundan 1,148.12 manat, cərimə borcundan 6,106.87 manat olmaqla, cəmi 44,133.38 manat ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia tələbinin cərimənin 6106,87 manat hesablanması hissəsi ilə razı deyil və iddia ərzəsində də cərimə məbləğinin hesablama qaydası, hansı dövrdən və hansı məbləğdən hesablanması müəyyən olunmur. Hesab edir ki, kredit müqaviləsi əsasında 6106,87 manat cərimə məbləğinin tələb edilməsi həm qanunsuz, həm də əsassızdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla cavabdehlər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən ümumilikdə 522 000 manat (72 000+144 000+310 000) manat məbləğində olan 3 ədəd daşınmaz əmlak yüklü edilmişdir. İddiaçının ümumilikdə 44 133,38 manat borcun 522 000 manat manat məbləğində olan 3 ədəd daşınmaz əmlaka yönəldilməsi və açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya ödənilməsi tələbi qərəzli və qeyri-obyektivdir. Belə ki, 24.02.2014-cü il tarixli 039/F-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 7% olmaqla 60 ay müddətinə 200 000 manat məbləğində kredit verilməsi və kreditiin təyinatının heyvandarlığın inkişafı üçün şərtləndirilməsi işin mübahisəsiz halıdır. Həmin Müqavilənin 2.1-ci bəndinə görə -24 ay güzəşt dövrü verilmiş; -2.4-cü bəndinə görə-ona verilmiş kreditin və ona hesablancaq faizlərin vaxtında qaytarılması (öhdəliyin icrası) X1 ilə bağlanmış 24.02.2014-cü il tarixli 039\F-14-01 saylı sonrakı ipoteka müqaviləsi ilə təmin edilir. Kreditin götürülməsinin səbəbi X1 ilə Cavabdeh1 birgə iş (kommersiya) fəaliyyətindən irəli gəlmişdir. Yəni, onlara məxsus-Ağsu rayonunda yerləşən və Cavabdeh1 mülkiyyətində olan, fərdi yaşayış evi kimi sənədləşdirilsə də, ferma kimi fəaliyyət göstərən sahədə mal-qara alınması və saxlanması üçün kredit götürlməsinə zərurət yaranmışdır. Heyvandarlığın inkişafına görə, o cümlədən güzəştli kreditin verilməsi üçün, ilk növbədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı tələb olunur. Həmin razılığın və kreditin verilməsi üçün əsaslı biznes plan tərtib olunmalı, göstəriləcək fəaliyyətdən isə əldə olunacaq gəlir hesabına kreditin verilməsi hesabatı təsdiq olunmalı və fəaliyyət göstəriləcək yer olmalıdır. Kreditin verilməsi üçün adı çəkilən sənədlər bankda iş qovluğunda saxlanılır. Odur ki, həmin dövrdə X1 dövlət qulluğunda işlədiyindən həmin krediti öz adına götürə bilmədiyi üçün, kredit müqaviləsinin onun adına rəsmləşdirilməsini xahiş etmişdir. Həm də özünün mülkiyyətində olan evin kreditin təminatı olaraq sənədləşdirilməsinə razılıq vermişdir. Çünki, alınacaq kredit şəxsən özünün sahibkarlıq fəaliyyətinə sərf olunacaqdır. Zeynalov Asiflə uzun müddət dost münasibətlərində olduğundan, eləcə də onun tabeçiliyində işlədiyinə görə ona inanıb həmin kredit müqaviləsini adına rəsmiləşdirmişdir. Sonradan, həmin şəxsə təcili pul lazım olduğu üçün ipotekanın obyekti olan evi satmaq qərarına gəlmiş və qeyd olunan ipoteka müqaviləsinin ləğvi üçün, Abşeron rayonu ərazisində yerləşən - oğlu Ziyanın adına olan və eləcə də iş birliyində olduğu Cavabdeh1 adına olan evləri ipoteka ilə yüklü etməyi xahiş etmişdir. Lakin Bank əməkdaşları bildirmişlər ki, əlavə olaraq Bakı şəhərində yerləşən daşınmaz əmlaka dair İpoteka Müqaviləsi imzalanmasa, Zeynalov Asifin adına olan evə dair ipoteka müqaviləsi ləğv edilməyəcək. Odur ki, öz mənzilini də ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. Digər tərəfdən, götürülmüş kredit məbləğinin vaxtlı-vaxtında ödənilməsini və Zeynalov Asifi üzün müddət müsbət və sözünə dürüst şəxs kimi tanıdığına görə heç bir qeyd-şərt qoymadan onun təklifinə razılaşmışdır. Son bir neçə ayda isə onunla əlaqələri itmiş, yəni artıq o, daimi yaşamaq üçün xaricə köçdüyündən, krediti və ona hesablanmış faizləri ödəmədiyi üçün, Bank tərəfindən ona və əmlakları ipoteka ilə yüklü edilmiş yuxarıda adı çəkilən şəxslərə qarşı məhkəmədə iddia qaldırılmışdır. Təqdim olunan sübutlara obyektiv baxılmasını və ədalətli qətnamə çıxarılmasını xahiş edir. Odur ki, kreditin təminatı üçün alternativ öhdəliyin qəbul edilməsini, yəni ümumi borcun ödənilməsi üçün digər ipoteka müqaviləsi üzrə yüklü edilmiş əmlaklar hesabına həyata keçirilməsini və onunla bağlanmış ipoteka müqaviləsinin ləğv edilməklə xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətində qətnamənin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditin təyinatı heyvandarlığın inkişafı üçün şərtləndirilmişdir. Kreditin götürülmə səbəbi kommersiya fəaliyyətindən irəli gəlmişdir. Qüvvədə olan normativ hüquqi aktların tələbinə əsasən heyvandarlığın inkişafına görə, o cümlədən güzəştli kreditin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı tələb olunur. Həmin razılığın və kreditin verilməsi üçün əsaslı biznes planı tərtib olunmalı, göstəriləcək fəaliyyətdən isə əldə olunacaq gəlir hesabına kreditin verilməsi hesabatı təsdiq olunmalı və fəaliyyət göstərəcək yer olmalıdır. Kreditin verilməsi üçün adıçəkilən sənədlər bankda iş qovluğunda saxlanıldığı üçün həmin sənədlər məhkəmə tərəfindən tələb olunub iş materiallarına əlavə edilsə də, məhkəmə həmin sənədləri dəyərləndirməmişdir. A.Zeynalov dövlət qulluqçusu olduğu üçün kredit Cavabdeh2 adına götürülmüşdür. Məhz güzəştli şərtlərlə kredit həmin şəxsə verilmiş və o da mülkiyyətində olan 1 280 000 manat dəyərində evini ipotekaya qoymuşdur. A.Zeynalov onun işlədiyi İdarənin rəisi olmuşdur. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, faiz borcu yüksək hesablanmış və ona məxsus əmlakın dəyəri çox aşağı qiymətə qiymətləndirilmişdir. Faiz borcunun və ona məxsus əmlakın qiymətləndirilməsi və araşdırılmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil 30 mart 2022-ci il tarixdə keçirilmiş sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Ü.Abdullayev də əvvəlki məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin rədd olunmasını xahiş etsə də, 30 mart 2022-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınması üçün hər hansı üzrlü səbəb müəyyən etmədiyindən vəsatəti rədd etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh1 tərəfindən isə faiz borcu və ona məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirilmişdir. Qətnamənin difər hissələri işdə iştirak edən şəxslər tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti isə qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 7 faiz olmaqla, 200 000 manat məbləğində pul ayrılmışdır. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə ipoteka qoyanlar Cavabdeh3, Cavabdeh1 və borcalan Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı sahədən ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə, Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 444.6 kv.m ümumi, 203.49 kv.m yaşayış, 241.11 kv.m yardımçı, birinci literində 31.2 kv.m tikintialtı sahədəin ibarət hovuz, 2-ci literində 11.2 kv.m tikintialtı sahədən ibarət hasar, 3-cü literində darvazadan ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi yerləşdiyi 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə (ipotka predmetinin bazar dəyəri müvafiq olaraq 144 000 və 310 000 manat məbləğində qiymətləndirilməklə) 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadədə olan 0,1524 ha torpaq sahəsində yerləşən 74 nömrəli, 5 mərtəbəli binada, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 86 nömrəli mənzili də kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka qoymuşdur. Lakin Cavabdeh2 müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmış və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehlərdən kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və qənaətini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh2 İddiaçı ASC ilə bağladığı 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və o, öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. Qətnaməni qarşılıqlı iddia ilə bağlı hissədə mübahisələndirən Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlilləri kreditin faktiki olaraq onun tərəfindən deyil, iş yerində rəhbəri olmuş Asif Zeynalov tərəfindən kommersiya məqsədləri üçün götürülməsi, kredit və ipoteka müqavilələrini Asif Zeynalovun xahişinə əsasən imzalaması (bağlaması), digər ipoteka predmetlərinin borcun ödənilməsi üçün kifayət qədər yetərli olması və s. barədədir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır və qeyd edir ki, qüvvədə olan qanunvericiliyə görə göstərilən dəlillər ipoteka müqaviləsinin ləğvi üçün əsas vermir. Bu dəlillərə birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbinin əsasları kimi də istinad olunmuş və məhkəmə haqlı olaraq onları əsassız saymış və qarşılıqlı iddianı rədd etmişdir. Qarşılıqlı iddianın məzmunundan da görünür ki, Cavabdeh2 ipoteka müqaviləsini başqasının mənafeyi üçün bağladığını bildirsə də, müqaviləni könüllü surətdə bağladığını və hər hansı təzyiq, təsir olmadan şəxsən imzaladığını etiraf etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmaması dəlilinə gəldikdə, məhkəmə kollegiyası ipoteka müqaviləsində və məhkəmə baxışı zamanı alınmış qiymətləndirici rəyində qiymətlə bağlı olan ziddiyyətləri nəzərə alaraq və obyektivliyi təmin etmək məqsədilə apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilməsini təmin etmiş və "xxxx" tərəfindən təqdim edilmiş 29 dekabr 2021-ci il tarixli hesabata əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində yerləşən fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 300000 manat olduğu müəyyən edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi 02 mart 2022-ci il tarixli məhkəmə iclasında izahat verərkən Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində yerləşən fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 300000 manat müəyyən olunması barədə "xxxx" MMC tərəfindən təqdim edilmiş 29 dekabr 2021-ci il tarixli hesabatla razı olduqlarını, həmin rəyin onları qane etdiyini və təkrar ekspertiza keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməli və həmin ipoteka predmetinin ilkin satış qiyməti 300 000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin digər dəlillərini, həmçinin Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 144.000,00 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m ümumi, 191.5 kv.m yaşayış, 198.2 kv.m yardımçı, 1-ci literində 13.0 kv.m qeyri-yaşayış sahəsinin tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə ilkin satış (likvid) qiyməti 300000 (üç yüz min) manat müəyyən edilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar