Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4154/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4154/2024 (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2732/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə 2019-cu il tarixində Maraqlı şəxs2 68300 ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir. Lakin Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən Suraxanı Rayon Məhkəməsinə pul vəsaitinin onun xeyrinə ödənilməsi üçün müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə qətnaməsi ilə borclu şəxsin 68300 ABŞ dolları məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icra edilməsi Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin buna baxmayaraq qanuni qüvvəsini almış qətnamə bu günədək icra edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişi bağlanılmış, bu günədək ödənilməmiş 99500 manat məbləğində qalıq borcun əvəzi olaraq Maraqlı şəxs2 qardaşı Maraqlı şəxs1 məxsus xx.xx.2003-cü il tarixli, 167 saylı AR Səbail Bələdiyyəsi tərəfindən verilmiş sərəncama əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən, 1200 kv.metr sahəyə malik torpaq sahəsinin onun adına rəsmiləşdirməyi, həmin torpaq sahəsinə dair etibarnamə verilməsini və özgəninkiləşdirməyə dair razılıq ərizəsinin notarial təsdiq edilməsini öz öhdəsinə götürmüşdür. Eyni zamanda, Maraqlı şəxs1 gələcəkdə qeyd edilən etibarnaməni ləğv etməyəcəyini də öz öhdəsinə götürmüşdür. Maraqlı şəxslər tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunmur, öz üzərlərinə götürdükləri öhdəlik icra edilmir. Belə olan halda, xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə zərurət vardır. Bütün yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2732/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) ərizənin təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1, 139- 1.1, 144.2, 146.1, 146.2, 146.3, 324.1, 324.2, 324.4, 331.1, 337.1-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.1.1, 3.3, 25.1, 33.3, 34.1, 34.2, 34.3, 34.4, 34.5-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 355-23.1, 355-24, 355-25.1, 355-25.2, 355-25.3, 355-26.1, 355-26.1.1, 355-26.1.2, 355-26.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin olunmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə mübahisələndirilən xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişi mülki qanunvericiliyin tələbinə müvafiq olaraq tərəflər arasında bağlanılmışdır. Belə ki, mülki qanunvericlikdə öz əksini tapmış müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər sərbəst şəkildə qanunvericiliyə zidd olmayan məsələnin həlli ilə bağlı razılığa gəlmiş, öz üzərinə öhdəlik götürmüşdürlər. Mediasiya haqqında qanunun 1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Bundan başqa, məhkəmə münahisəli əmlak barəsində Maraqlı şəxs1 sərəncam vermək hüququnun olmamasını qeyd etmiş, əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına toxunmuşdur. Halbuki Maraqlı şəxs1 məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən də göründüyü kimi xx.xx.2003-cü il tarixində 167 №li Səbail Bələdiyyəsinin sərəncamına müvafiq olaraq Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsini alqı-satqı aktı əsasında sözü gedən torpaq sahəsini almışdır. Həmin torpaq sahənin dəyərini də ödəmiş, buna müvafiq ödəniş qəbzi də ona təqdim edilmişdir. Göründüyü kimi mübahisəli əmlak Səbail Bələdiyyəsinə məxsus olmamaqla bələdiyyə tərəfindən qanuni şəkildə vətəndaşa satılmışdır (həmin sənədlər məhkəməyə təqdim edilmişdir). Məhz bu əsasda barışıq sazişi bağlanarkən tərəf olmayan Səbail Bələdiyyəsi mediasiya prosesinə cəlb edilməmişdir. Buna baxmayaraq məhkəmə xx.xx.2023-cü il tarixli, MŞB/xx/xx/00529 saylı barışıq sazişinin şərtlərinin icrasının mümkün olmaması qənaətinə gəlməsi, guya hüquqa zidd bağlanması nəticəsində ərizəmin təmin edilməməsi ərizəçinin qanunla müəyyən edilmiş hüquqlarını kobud surətdə pozur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi və vəkili Vəkil verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında razılaşma olmuşdur. Əgər mübahisəli əmlakın Maraqlı şəxs1 adına rəsmiləşdirilməsi aparılarsa, onun tərəfindən ərizəçi ilə alqı-satqı aparılması şübhə altına düşə bilər. Borclu Maraqlı şəxs2 ərizəçiyə olan borcunu ödəməkdən uzun müddət boyunca boyun qaçırmış, nəhayət hazırda təsdiqlənməsi xahiş olunan sazişi bağlamağa razı olmuşdur. Mübahisəli torpaq sahəsi, əslində, Maraqlı şəxs2 olmuşdur. Sazişin təsdiqlənməsi hazırki halda çox zəruridir, çünki əks halda maraqlı şəxslər torpağı başqa cür təhvil verə bilmirlər. Əgər saziş təsdiqlənərsə, bu halda borcun tələb olunması ilə bağlı qəbul olunan qətnamənin icrasına dair iş üzrə icraata da xitam veriləcək.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
11. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.
12. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
13. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
14. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
15. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir.
18. Maddə 25.1. Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər.
19. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.
20. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
21. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
25. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
26. Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırda ərizəçi tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası mübahisənin mahiyyəti ilə bağlı isə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. Belə ki, kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin yuxarıda adı çəkilən normalarından göründüyü kimi məhkəmə tərəfindən xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini təsdiqlənməsi sazişin bunun üçün müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməməsi və ya könüllü icrasından imtina olunması halında baş verir.
34. Hazırki işin hallarından, o cümlədən verilən izahatların məzmunundan göründüyü kimi ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi mediasiya sessiyasında bağlanılan barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməməsi deyil, üçüncü bir şəxs – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən icra edilməsinin mümkünsüzlüyü olmuşdur. Belə ki, sazişə əsasən ödənilməmiş 99500 manat məbləğində qalıq borcun əvəzi olaraq Maraqlı şəxs2 qardaşı Maraqlı şəxs1 məxsus xx.xx.2003-cü il tarixli, 167 saylı AR Səbail Bələdiyyəsi tərəfindən verilmiş sərəncama əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən, 1200 kv.metr sahəyə malik torpaq sahəsini onun adına rəsmiləşdirməyi, həmin torpaq sahəsinə dair etibarnamə verilməsini və özgəninkiləşdirməyə dair razılıq ərizəsinin notarial təsdiq edilməsini öz öhdəsinə götürmüşdür.
35. Sazişin məzmunundan göründüyü kimi maraqlı şəxs öz öhdəsinə sərəncama əsasən ona verilmiş torpaq sahəsini ərizəçinin adına rəsmiləşdirməyi götürsə də, bu rəsmiləşdirməni ən sonda həyata keçirə biləcək subyekt o deyil, DƏDKR hesab olunur və tərəflər də bununla bağlı məhz sonuncuya müraciət etmişlər. İşin hallarından müəyyən olunur ki, DƏDKR sözügedən torpaq sahəsinin rəsmiləşdirilməsindən imtina etmiş və bunu da müvafiq formada əsaslandırmışdır.
36. Beləliklə, işin hallarından və tərəflərin izahatlarından göründüyü kimi, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 barışıq sazişinin könüllü icrasına razı olmuş, lakin barışıq sazişinin 1-ci bəndində göstərilmiş şərtlər onun icrasını həyata keçirməyə imkan vermədiyindən müvafiq orqan tərəfindən icradan imtina olunmuşdur. Bu da onu deməyə əsas verir ki, hazırki iş üzrə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normasının dispozisiya şərtləri ödənilməmişdir.
37. Bundan əlavə sazişin məzmunundan göründüyü kimi maraqlı şəxs AR Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş Sərəncama əsasən ona verilmiş torpaq sahəsini ərizəçinin adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
38. İşin hallarına əsasən Səbail bələdiyyəsinin sərəncamı və torpaqların alqısatqısına dair akt Maraqlı şəxs1 adına Səbail rayon bələdiyyəsi tərəfindən sənədləşdirilmişdir və Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Lakin qeyd olunduğu kimi bu cür sərəncamın olması yalnız həmin əmlakın dövlət qeydiyyatına alınması üçün əsasdır və nə qədər ki, sözügedən qeydiyyat aparılmayıb, təkcə həmin əsasın mövcudluğu şəxsin mübahisəli əmlakın üzərindəki mülkiyyət hüquqlarının tanınması ilə nəticələnə bilməz. Bu da o deməkdir ki, hazırki iş üzrə Mülki Məcəllənin yuxarıda adı çəkilən 146.2-ci maddəsinin dispozisiyasındakı hal ödənilmədiyindən sazişlə bu cür sərəncamı öz öhdəsinə götürən Maraqlı şəxs1 həmin əmlak barəsində sərəncam vermək hüququ mövcud olmamışdır.
39. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. Mülki Prosessual Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
41. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, mübahisəli əmlak Maraqlı şəxs1 adına hələ rəsmiləşdirilməmiş və AR Səbail Bələdiyyəsi bunu həyata keçirmək üçün sərəncamı və aktı onun adına sənədləşdirmişdir, sözügedən sazişin təsdiqlənməsi adı çəkilən bələdiyyə orqanının da maraqlarına toxunmaqdadır və işin hallarından göründüyü kimi sonuncunun bu barədəki fikrinə dair mediasiya sessiyasında hər hansı icraat aparılmamışdır.
42. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.
43. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
49. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş tərəflərin özünə aid edilməlidir.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2732/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ərizəçinin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova