Məhkəmə qərarları › İş №2(103)-4193/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4193/2023

06.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4193/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmlak tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 121/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İş üzrə qəbul edilmiş məhkəmə aktı

İddiaçı Cavabdeh1 ilə xx.xx.2016-cı ildə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. “Hyundai Accent” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınıb, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 avtomobili alqısatqı müqaviləsi əsasında 6000 manata Cavabdeh2 adına keçirmiş, sonuncu isə xx.xx.2022-ci il tarixdə avtomobili alqı-satqı müqaviləsi əsasında 13150 manata Cavabdeh3 satmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli **-CG-*** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli “Hyundai Accent” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **-CG-*** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli “Hyundai Accent” minik markalı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlak olan “Hyundaı Accent” minik avtomobilinin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X4 ilə ailə münasibətləri tamamilə bitmişdir. Cavabdeh X4 onu zorakı şəkildə yaşadıqları ünvan 1 ünvanından şərböhtan ataraq qovmuş və bununla bağlı aidiyyəti üzrə polis orqanına şikayət edilmiş, lakin cavabdehin böhtanları polis orqanları tərəfindən əsassız hesab edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə görə ** CG *** nömrə nişanlı, 76553 mühərrik nömrəli, NLHCM41AP9Z150940 ban nömrəli, “Hyundaı Accent” minik markalı avtomobil iddiaçının xəbəri olmadan Cavabdeh2 adına keçirilmişdir, sonuncu Cavabdeh1 yaxın qohumudur və birgə nikah dövründə əldə edilmiş həmin avtomobili formal olaraq Cavabdeh2 adına keçirilsə də, bu avtomobili Cavabdeh1 digər cavabdeh və qardaşı X3 etibarnamə vermişdir və həmin avtomobili X6 istifadə edir. Bundan sonra Cavabdeh2 ilə avtomobili Cavabdeh3 satmışdır. Sözügedən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlak olan “Hyundai Accent” minik avtomobilinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması mütləq və zəruridir.

4. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-121/2023 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, 2008-ci il buraxılışlı, “Hyundai Accent” markalı, **-CG-*** (**-OV-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin dəyərinin 13150 manat müəyyən edilməklə, həmin məbləğ üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi, payına uyğun məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

5. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

6. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəməyə borc məbləğinin verilməsinə dair müxtəlif ödəniş qəbzlərini və iddiaçı ilə “WhatsApp” sosial şəbəkə üzərindən olan yazışmalar təqdim edilsə də məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Halbuki bu sübutlarla nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən borc müqabilində digər Cavabdeh2 verdiyi sübuta yetirilir. Cavabdeh1 və Cavabdeh2 arasında uydurma əqd bağlanmamışdır. Həqiqətən də nəqliyyat vasitəsi borc müqabilində satılmışdır. Həmin borc məbləği də iddiaçının valideyinin müalicəsi üçün alınmış pul vəsaitidir. Əslində iddiaçı 11500 manat məbləğini özü xərcləmiş, nəqliyyat vasitəsi satıldığından Respublika ərazisinə gəldikdən sonra xəbər tutan Cavabdeh1 verilmiş etibarnamənin ləğv etdikdən sonra pulunu geri tələb edən X7 İddiaçı mülki qaydada pulunu geri tələb etmiş və Sabunçu Rayon Məhkəməsi də xx.xx.2022-ci iltarixl, 2(008)-3195/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Əslində Cavabdeh1 nəqliyyat vasitəsini 2021-ci ilin fevral ayından avqust ayına kimi məhz Raida Rəhimovanın anasının müalicəsi üçün aldığı borcların qaytarılması üçün satdığını sonuncu gözəl bilir. Cavabdeh2 həmin nəqliyyat vasitəsini öz vəsaiti hesabına yaxşlaşdırdığından sonra 13150 manata satıb. Belə ki, nəqliyyat vasitəsinin 4 təkəri yenisi ilə dəyişib, “naklatkası” dəyişib, mühərrikin iç kəməri, yağı, ön futulkası, benzin nasos hissəsi dəyişdirilib. Bu təqdirdə Cavabdeh1 niyə nəqliyyat vasitəsinə görə almadığı pulu iddiaçıya ödəməlidir. Nəqliyyat vasitəsinin Cavabdeh2 tərəfindən yaxşlaşdırılmasına dair şahidlər var.

c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apelyasiya baxışının hədləri.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

11. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdehlər şikayət vermədiklərindən, qətnamə Cavabdeh1 qarşı iddianın təmin olunan hissəsində yoxlanılır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

13. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

15. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

16. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

17. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

Ailə Məcəlləsi

18. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

19. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

24. İddiaçı həmin avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız olduğunu iki dəlillə əsaslandırmışdır: 1) avtomobilin özgəninkiləşdirilməsi üçün onun razılığı tələb olunduğu halda belə razılığı olmaması; 2) avtomobilin ər-arvad arasında əmlak bölgüsünün predmeti olmaması üçün formal olaraq Cavabdeh2 adına keçirilməsi – alqı-satqı müqaviləsinin görünüş üçün bağlanması.

25. Cavabdeh Möhsun Məcnunov iddiaçının anasının müalicəsi üçün müxtəlif şəxslərdən borc aldığını, həmin borcların qaytarılması üçün tanışı olan digər cavadbeh Cavabdeh2 10.000 manat məbləğində pul aldığını, borcundan biraz qaytarsa da, 6000 manatını qaytarmağa pulu olmadığını və bunun müqabilində sözügedən nəqliyyat vasitəsini ona borc əvəzinə 5000 manat müqvilədə göstərməklə Ceyun Abbasova satmasını bildirərək iddiaya etiraz etmişdir.

26. Cavabdeh2 iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, cavabdeh Məcnunov Möhsun ondan 10.000 manat məbləğində borc pul almışdır. Borcundan 4000 manat qaytarsa da, 6000 manat borclu qalmış və bunun müqabilində Cavabdeh1 nəqliyyat vasitəsini ona satmışdır.

27. Digər Cavabdeh3 isə avtomobilin satışı barədə elanı “Turbo.az” saytında gördüyünü və avqust ayında maşını 13150 manat pul verərək aldığını, əvvəllər Cavabdeh2 ilə tanışlığı olmadığını, maşını şəxsən Cavabdeh2 aldığını bildirmişdir.

28. Birinci instansiya məhkəməsi isə avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılması barədə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin formal olaraq yalnız görünüş yaratmaq məqsədini güddüyünə əsaslanaraq Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi barədə nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

30. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, Cavabdeh2 Cavabdeh1la tanışlığı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 qardaşı ilə yaxın dost olduğunu və bu səbəbdən ona avtomobilin idarə edilməsi üçün etibarnamə verdiyini bildirmişdir.

31. Cavabdeh Möhsun Məcnunov iddiaçının anasının müalicəsi üçün tanışı olan digər cavadbeh Cavabdeh2 10.000 manat məbləğində pul aldığını, sonuncuya olan borcundan 4000 manat qaytarsa da, 6000 manatını qaytarmağa pulu olmadığından nəqliyyat vasitəsini ona satmalı olduğunu bildirsə də, iş materialları ilə bu fakt öz təsdiqini tapmamışdır.

32. Belə ki, Möhsun Məcnunov və Ceyhun Cavabdeh2 aralarında borc münasibətlərinin olması barədə məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər.

33. Kollegiya onların aralarında borc münasibətlərinin olmasına dair etirafedici izahatını isə aralarında tanışlıq münasibətləri olduğundan səmimi qəbul etmir.

34. Belə ki, MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1).

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650).

36. Azərbaycan Respublikasının Ailə Məcəlləsi, həmçinin nəzərdə tutur ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (33.1). Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (33.3). Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (33.4). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir (maddə 36.1).

37. Yuxarıda sadalanan mülki və ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi əqdi bağlamağa razlığı olmayan ər (arvad) onların ümumi əmlakı üzərində bağlanmış sərəncam əqdini o zaman mübahisələndirə bilər ki, əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdi və ya bilməli idi.

38. Bununla yanaşı, avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya olduğundan onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edilir. Həmin qaydalara görə isə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.

39. Baxılan iş üzrə iddiaçı əqdin bağlanmasına yazılı razılıq verməmişdir. İş materialları ilə iddiaçının əqdin bağlanmasına şifahi razılıq verdiyi də müəyyən olunmur.

40. Eyni zamanda iş materiallarından görünür ki, əqd bağlandığı tarixdə iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətləri artıq mübahisəli vəziyyətdə olmuşdur. Belə ki, işdə olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın məzmunundan görünür ki, iddiaçı ilə Cavabdeh1, onun ailə üzvləri arasında ailə münaqişəsi zəminində mübahisə baş vermişdir.

41. Bu mənada Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı ilə Cavabdeh1 arasında münasibətlər artıq gərgin olmuş, avtomobilin alqı-satqısına onun razılığı olmamışdır.

42. Beləliklə, işin sadalanan halları, habelə avtomobilin satıldığı dövrdə iddiaçı ilə Cavabdeh1 arasında mövcud olmuş münasibətlər, avtomobilin sonuncu tərəfindən alqısatqı müqaviləsinə əsasən yaxın tanışının adına özgəninkiləşdirilməsi əslində həmin müqavilənin görünüş üçün bağlandığına dəlalət edir.

43. Ona görə də iddiaçının onun razılığı olmadan bağlanmış, birgə nikah dövründə əldə edilmiş avtomobilin alqı-satqısı barədə müqaviləni mübahisələndirmək hüququ vardır.

44. Mülki Məcəllənin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

45. İşdən müəyyən olunur ki, Cavabdeh3 2022-ci ilin avqust ayında maşını 13150 manata Cavabdeh2 almışdır.

46. Cavabdeh1 avtomobili 2021-ci ilin sentyabr ayında Cavabdeh2 6000 manata satmasının səbəbinin avtomobilin nasaz vəziyyətdə olması ilə əsaslandırmış, Cavabdeh2 isə avtomobili alandan sonra ona əlavə vəsait sərf etdiyi və bu səbəbdən 13150 manata satdığını bildirmişdir.

47. Lakin tərəflərin heç biri qeyd edilən hallara dair hər hansı sübutları məhkəmə təqdim etməmişlər.

48. İşin apellyasiya baxışı zamanı avtomobilin qiymətləndirilməsi aparılmış, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən həmin tarixə avtomobilin bazar dəyəri 13500 manat, likvid dəyəri 12825 manat müəyyən edilmişdir.

49. Kollegiya işin hallarını, ekspert rəyini və tərəflərin izahatlarını belə qənaətə gəlir ki, alqı-satqı müqaviləsində avtomobilin satış qiyməti kimi göstərilən 13150 manat ekspert rəyinə yaxın məbləğdir və real məbləğ kimi qəbul edilməlidir.

50. Beləliklə, Cavabdeh2 avtomobili alandan sonra ona əlavə vəsait sərf etdiyi, yaxşılaşdırmalar apardığı və bu səbəbdən 13150 manata satdığı barədə dəlilləri nə birinci, nə də apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır.

51. Avtomobilin Cavabdeh2 satılması barədə alqı-satqı müqaviləsi etibarsız olduğu üçün həmin müqavilədə göstərilən avtomobilin dəyəri olaraq göstərilən məbləğ alıcı tərəfindən satıcıya verilməsi real olmamışdır, ona görə də avtomobilin real dəyəri Cavabdeh3 satılması barədə alqı-satqı müqaviləsində göstərilən 13150 manat qəbul edilməklə, həmin məbləğ iddiaçının payına uyğun olaraq bölünməlidir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-121/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar