Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4216/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (Mamedova Gyamar) və Cavabdeh6 qarşı “yaşayış sahəsindən cavabdehlərin çıxarılması və iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil2, Cavabdeh5 (Mamedova Gyamar) və onun vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı Şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 1-də yerləşən 18 saylı evdən cavabdehlərin çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində aparılan yenidənqurma işləri ilə əlaqədar, iddiaçı, mülkiyyətində olmuş və Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi, bina № 87-də yerləşən 7 saylı mənzili, binanın söküntüsünü həyata keçirən şirkətə 2015-ci ildə təhvil vermiş və bunun müqabilində ona 50.000 manat məbləğində kompensasiya verilmişdir. Bundan sonra iddiaçı, iddia ərizəsində qeyd edilən evi X8 adlı şəxsdən 25.000 manata satın almışdır. Ev, “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi qeydiyyata alınmamışdır. Bu səbəbdən də evin alğı-satqısı qeyri rəsmi olaraq həyata keçirilmişdir. Evə aid Bakı Şəhər Sovetinin Texniki İnventarizasiya Bürosunun 1961-ci ildə X7 adlı şəxsin adına verdiyi “Texniki pasport” var. Həmin evin əvvəllər kimə məxsus olması barədə iddiaçının məlumatı yoxdur. İddiaçı yalnız Nağı Məmmədovu tanıyır. Nağı hazırda da evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Evi Nağıdan aldıqdan sonra iddiaçı evə köçərək evdə yaşamağa başlamışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinə və Sabunçu Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək evin təmiri və yaşayış şəraitinin yaxşılaşdırılması üçün köməklik istəmişdi. Təkbaşına, köməksiz, yaşlı qadın olduğuna görə ona yardım edilmişdir. İddiaçı, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna gedərək, evin həyətində əlavə otağın tikintisinə icazə verilməsini xahiş etmiş və onun müraciət təmin olunmuşdur. Həmin icazəyə əsasən iddiaçı, özünün topladığı pul vəsaiti və bankadan aldığı kredit hesabına həyətdə əlavə otaq inşa etdirmiş, evi təmir etdirmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddiaçının bacıları, Cavabdeh4 Cavabdeh1 əri, cavabdehlər Nurxan və Aytən İlhamənin və Qurbanın övladları, Cavabdeh6 isə Cavabdeh5 övladıdır. Cavabdeh5 və onun qızı, Cavabdeh6 Rusiya Federasiyasının vətəndaşları olmaqla, orada yaşayırlar. Onlar Rusiyadan Bakıya gələndə onun evində 2-3 ay qonaq qalırdılar, daha sonra isə çıxıb gedirdilər. Cavabdehlər İlahə Rəfiyeva, Cavabdeh4 və onların övladları Nurxan və Aytən isə özlərinə məxsus başqa evdə yaşayırlar. Evin təmiri başa çatdıqdan sonra Cavabdeh5 iddiaçıya demişdir ki, evi sənədləşdirmək lazımdır və iddiaçının savadsız olmasını əsas gətirərək evə aid nə sənəd varsa, o cümlədən kommunal xərclər ilə bağlı sənədlərin ona verilməsini təklif etmişdir. İddiaçı, doğma bacısı olan Qəmər Məmmədovun ona ziyan vurmayacağına inanaraq evə aid mövcud olan bütün sənədləri Cavabdeh5 vermişdir. 2022-ci ili iyun ayında isə iş üzrə cavabdehlər iddiaçıya məxsus evə gələrək, evdə yaşamağa başlamışlar. Həmin vaxt iddiaçıya məlum olmuşdur ki, Cavabdeh5 evin sənədlərin özündə olmasından istifadə edərək, evi Sabunçu Bələdiyyəsinin sədri Həsənovun köməkliyi ilə İlahə Rəfiyevanın adına sənədləşdirməyə hazırlaşır. İddiaçı bunu və cavabdehlərin evdən çıxmaq istəmədiklərini gördükdə bununla bağlı öz etirazını bildirmiş və bu zəmində xx.xx.2022-ci il tarixdə aralarında mübahisə yaranmışdır. Cavabdehlər iddiaçını döyərək, evdən qovmuşlar. İddiaçı cavabdehlər tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin “102 çağrı mərkəzinə” məlumat vermişdir. Buna baxmayaraq iddiaçı cavabdehləri evdən çıxarmağa və mənzilə köçməyə nail ola bilməmişdir. İddiaçı öz vəsaiti hesabına əldə etdiyi evdən məhrum olmuşdur. İddiaçının başqa yaşayış yeri yoxdur. İddiaçıya məxsus bütün əşyalar mübahisəli evdə qalmışdır. Yaşlı və xəstə olan iddiaçı, məcburiyyət qarşısında qalaraq qardaşının arvadına məxsus evdə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdehlər iddiaçının tənha olmasını əsas gətirərək evin onlara verilməsini iddiaçıdan tələb edirlər. İddiaçı evdə yaşadığı dövrdə evin kommunal xərclərini özü ödəmişdir. Evin qaz, elektrik və su sayğacları iddiaçının adına olmuşdur. İddiaçı, axırıncı dəfə, paltarlarını götürmək üçün rəfiqəsinin qızı ilə evə gedərkən həyətinin hasarla bölündüyünü, darvazanın yerinin dəyişdirildiyini, ayrı pilləkən qoyulduğunu, kombinin kəsilərək yerinin dəyişdirildiyini və.s görmüşdür. İddiaçı, göstərilənlərin nəzərə alınmasını və iddiasının təmin edilməsini xahiş edir. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdeh5 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdehlər, o cümlədən o özü, iddiaçını dəyməmiş, evdən qovmamışlar. Mübahisəli ev iddiaçının deyil, onun vəsaiti hesabına yenidən inşa edilərək, evin sahəsi genişləndirilmiş, ev abadlaşdırılmış, təmir olunmuşdur. Ustaların və tikinti materiallarının pulunu da iddiaçı deyil, o özü ödəmişdir. O özü mübahisəli evdə yaşasa da, onun övladı, Cavabdeh6 bir neçə dəfə Bakıya qonaq gələndə evdə qalmışdır. Digər cavabdehlər İlhamə, Aytən və Cavabdeh2lər evdə yaşamış, Cavabdeh4 isə evdə yaşamamışdır. İddiaçı özü 2022-ci ilin iyun ayında İlhaməni, Aytəni və Nuraxanı evə gətirmişdir. Bir müddət sonra isə iddiaçı ilə İlhamənin arasında mübahisə yaranmışdır. İddiaçı evin qıfılını, açarını dəyişərək evdən özü çıxmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir.
4. Digər cavabdehlər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bunu nəzərə almış Rayon Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının mübahisəli evə köçürülməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılmasını, iddianın Cavabdeh5 aid hissəsinin rədd edilməsini qət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni Cavabdeh5 qarşı yönəlmiş iddianın təmin edilməməsi barədə hissəsinin ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. d) apellyasiya baxışının hədləri barədə məlumat
7. İddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 aid hissəsi təmin edilsə də, həmin cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər.
8. İddiaçı isə qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin Cavabdeh5 qarşı yönəlmiş iddianın təmin edilməməsi barədə hissəsini mübahisələndirmişdir.
9. Bunları nəzərə almış Məhkəmə qətnamənin əsaslılığını yalnız iddiaçı tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. e) apellyasiya baxışının predmeti barədə məlumat
10. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi Cavabdeh5 (Gyamar Mamedova) aid hissəsində əsassızdır. Çünki Cavabdeh5 mübahisəli evin onun vəsaiti hesabına inşa edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Onun tərəfindən təqdim olunmuş pul köçürmələrinə dair çıxarışlar isə mübahisəli evin məhz həmin pul vəsaiti hesabına inşa edilməsini təsdiq etmir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə baxışı iclasında dindirilmiş şahidlərin ifadələrinə əsasən müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh5 vəsaiti hesabına yenidən inşa edilmiş, o, evin tikintisini və usta xərclərini öz vəsaiti hesabına ödəmişdir. İddiaçı şahidlərin ifadələrində göstərilən bu halları inkar etsə də, əksini sübut edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, yalnız mülahizə xarakterli izahat verməklə kifayətlənmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli ev Cavabdeh5 yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh5 aid hissədə təmin edilməməlidir.
11. Rayon Məhkəməsinin bu nəticəsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Rayon Məhkəməsinin iddiaçıya aid olan evin Cavabdeh5 tərəfindən inşa edilməsi barədə nəticəsi səhvdir. Belə ki, ev Cavabdeh5 tərəfindən deyil, təxminən 70-80 il bundan əvvəl inşa edilib. Lakin işə baxmış Rayon Məhkəməsi bu halı nəzərə almamışdır. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. İş üzrə iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.
13. İş üzrə Cavabdeh5 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. Cavabdeh5 əlavə olaraq bildirdi ki, mübahisəli evi o, deyil, iddiaçı almış, lakin evin sahəsinin artırılması və evin təmiri onun vəsaiti hesabına həyata keçirilmişdir (bax: xx.xx.2023-cü il tarixli iclasın audio-video yazısına (33:43) və xx.xx.2023-cü il tarixli iclasın audio-video yazısına (7:45)). Evin kommunal xərclərini isə o özü ödəmiş, lakin ödənişləri iddiaçının adından etmişdir.
14. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş işdə iştirak edən digər şəxslər apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və apellyasiya baxışının predmeti olan iddia tələbi təmin edilməlidir.
12. Belə ki, kommunal (təbii qaz, elektrik enerjisi və su) ödənişlərə dair qəbzlərdən görünür ki, mübahisəli fərdi yaşayış evinə dair abonent kodları iddiaçının adınadır.
13. Sabunçu RİH başçısın Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1/526 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Nümayəndəlikdəki “Ev kitablarına” əsasən müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilid. Ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxs X4r.
14. Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş 25 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mübahisəli evin vergi ödəyəcisi kimi iddiaçı qeydiyyata alınmışdır.
15. Bakı Şəhər Sovetinin Texniki İnventarizasiya Bürosunun 1961-ci ildə verdiyi “Evə dair texniki pasportdan” görünr ki, həmin “Texniki pasport” X3 adına verilmişdir.
16. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, həmin evi o, 2015-ci ildə iddiaçıya 25.000 manata satmış, aralarında “Alğısatqı müqaviləsi” rəsmi qaydada bağlanmamış, sadəcə o, iddiaçıdan həmin məbləği alaraq, evi və evə aid “Texniki pasportu” iddiaçıya təhvil vermişdir. Özü evi alanda və evi iddiaçıya satanda ev tam tikilmiş və yaşayış üçün hazır vəziyyətdə olmuşdur. Alğı-satqıda yalnız iddiaçı özü iştirak etmişdir.
17. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 öz ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlər ilə ailəvi dostdur. Onun evi mübahisəli evin qonşuluğunda yerləşir. İddiaçı uzun müddət işləyərək özünə mənzil almış, mənzilin yerləşdiyi ev söküntüyə düşmüş, bununla bağlı iddiaçıya pul şəklində kompensasiya verilmiş, iddiaçı da həmin pulu mübahisəli evi almışdır. Ev çox köhnə olduğundan iddiaçı evi aldıqdan sonra əsaslı təmir etdirmişdir. İddiaçının bacısı olan Cavabdeh1 iddiaçının həmin evində yaşamış və istəyirdi ki, ev onun olsun. İlahə Rəfiyeva onların bacısı olan Cavabdeh5 əvvəl evə gəlmişdir. Cavabdeh5 Moskvada yaşayır və mübahisəli evə 3-4 aydan bir gəlib-gedirdi. Daha sonra bacılar arasında konflikt yaranmışdır. Bacılar dalaşanda Cavabdeh1 evdən çıxaraq onun evinə gəlmiş və demişdir ki, iddiaçı ilə dalaşdığına görə iddiaçı onu evdən qovmuşdur.
18. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 oğlu ilə iş yoldaşı olmuş, onların evlərinə gediş-gəlişli olmuşdur. Bilir ki, Cavabdeh1, Cavabdeh5 və iddiaçı doğma bacıdırlar. O, mübahisəli evin yenidən tikintisinə lazım olan materialları almaq üçün Cavabdeh5 ilə birlikdə getmiş, tikinti materialların pulunu Cavabdeh5 ödəmişdir. Söhbət əsasında Cavabdeh5 ona demişdir ki, evin birinci mərtəbəsi ona, ikinci mərtəbəsi isə iddiaçıya məxsusdur. Ev 2018-ci ildə tikilmişdir.
19. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh1, Cavabdeh5 və iddiaçı onun atasının xalası qızlarıdır. Evi iddiaçı və Cavabdeh5 yenidən tikdirmişlər. O, evin ikinci mərtəbənin hörgüsü üçün evə usta gətirmiş, özü isə evin dam örtüyünü düzəltmişdir və buna görə Qəmər Məmmdovadan 1.000 manat pul almışdır.
20. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçını Cavabdeh5 vasitəsi ilə tanımışdır. O, usta kimi köhnə (mübahisəli) evin birinci mərtəbəsini sökmüş və evin birinci mərtəbəsinin tikinti işini həyata keçirmişdir. O, həmin evin iddiaçıya məxsus olduğunu bilirdi. Ancaq evin təmir xərclərini Cavabdeh5 ödəyirdi. O, Cavabdeh5 eşitmişdir ki, sonuncu özünə məxsus evi satmış və satışdan əldə etdiyi vəsait hesabına bu evi tikdirir.
21. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və iddiaçı onun doğma bacılarıdır. İddiaçı əvvəllər onların qardaşının evində, Cavabdeh5 isə kirayədə yaşamışlar. İddiaçının aldığı ev 2 otaqlı və balaca olmuş, lakin sonradan iddiaçı evi sökülərək iki mərtəbəli ev tikdirmişdir. Cavabdeh5 isə özünün 1 otaqlı evini sataraq, satışdan əldə etdiyi 40.000 manat pulu iddiaçıya məxsus evin tikilməsinə xərcləmişdir. Onlar razılaşmışlar ki, cavabdeh evin birinci mərtəbəsində yaşayacaq, lakin evin inşası başa çatdıqdan sonra, iddiaçı bu razılığı pozmuşdur. İddiaçı, hətta özü tərəfindən evə yaşamaq üçün buraxdığı bacıları Cavabdeh1 döyüb evdən qovmuşdur.
22. Göstərilənlərə əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, mübahisəli ev “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi qeydiyyata alınmamışdır. Evə aid Bakı Şəhər Sovetinin Texniki İnventarizasiya Bürosunun 1961-ci ildə X7 adlı şəxsin adına verdiyi “Texniki pasport” var. Ev özbaşına tikilidir. Buna baxmayaraq, ev, qeyri-rəsmi olaraq bir neçə dəfə satılmışdır. Evi sonuncu dəfə almış X8 2015-ci ildə evi 25.000 manata iddiaçıya satmışdır. Ev alındıqdan sonra evdə tikinti və təmir işləri aparılmışdır. İddiaçı mübahisəli evi aldıqdan sonra 2022-ci ilin ortalarına kimi evdə yaşamış, sonra onunla bacıları olan cavabdehlər arasında mübahisə yarandığından evdən çıxmışdır. İddia tələbinin apellyasiya baxışının predmeti olan hissəsi Cavabdeh5 evdən çıxarılmasından ibarətdir.
23. Bu tələbi irəli sürən iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi o öz vəsaiti hesabına almış, evi aldıqdan sonra evdə aparılmış tikinti və təmir işləri onun vəsaiti hesabına aparılmış, lakin Cavabdeh5 evi zəbt etmiş və evdən çıxmaqdan imtina edir.
24. Bu tələbə etiraz edən Cavabdeh5 evin iddiaçının vəsaiti hesabına əldə olunmasını etiraf etsə də, bildirir ki, evdə aparılmış tikinti və təmir işləri iddiaçının vəsaiti hesabına deyil, onun vəsaiti hesabına aparılmışdır. Buna görə də ona qarşı yönəlmiş tələb təmin edilə bilməz.
25. İşə baxmış Rayon Məhkəməsi iddianın Cavabdeh5 aid hissəsinin təmin edilməməsi barədə nəticəni isə onunla əsaslandırmışdır ki, evdə aparılmış tikinti və təmir işlərinin Cavabdeh5 tərəfindən aparılmasını təsdiq edə biləcək sənədlər olmasa da, lakin məhkəmə baxışı iclasında dindirilmiş şahidlərin ifadələrindən müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh5 vəsaiti hesabına inşa edilmiş və təmir olunmuşdur.
26. Məhkəmə, Rayon Məhkəməsinin bu yanaşması ilə razılaşmır. Çünki şahid qismində Rayon Məhkəməsinə ifadə vermiş şəxslərin mübahisəli evin Cavabdeh5 tərəfindən inşa və təmir edilməsi barədə ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Məhkəmə bildirir ki, bu sübutetmə vasitələri Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinin mənasına görə, qəzet və jurnalların satışı, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilir (maddələr 16.1.8 və 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur.
28. Buna görə də Məhkəmə hesab edir ki, mübahisəli evin iddiaçı tərəfindən alınması Cavabdeh5 tərəfindən etiraf edildiyindən, artıq əldə olunmuş evin sökülərək, yerində yeni evin inşasının və təmirinin Cavabdeh5 vəsaiti hesabına həyata keçirilməsini sübuta yetirmək vəzifəsi məhz elə Cavabdeh5 üzərinə düşür. Lakin o, bu halı təsdiq edə biləcək və ciddi hesabat blanklarına aid olan sənədləri (çek, qəbz və s.) məhkəmələrə təqdim etməmişdir. Cavabdeh5 tərəfindən təqdim olunmuş pul köçürmələrinə dair çıxarışlar da, qeyd edilən halları təsdiq etmir.
29. Göründüyü kimi Rayon Məhkəməsi ciddi hesabat blanklarına aid olan sənədlər ilə təsdiqlənə biləcək halları, şahid ifadələri ilə təsdiq edilmiş hesab etməklə MPM-nin 81-ci maddəsinin tələbini pozmuş, düzgün olmayan nəticəyə gəlmişdir.
30. Digər tərəfdən qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianın Cavabdeh5 aid hissəsini həmçinin ona görə təmin etməmişdir ki, mübahisəli ev Cavabdeh5 yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilə bilməz.
31. Məhkəmə bu yanaşmanı da səhv hesab edir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh5 Rusiya Federasiyanın vətəndaşıdır (bax: iş v. 45-də olan Rusiya Federasiyasının vətəndaşının pasportuna) və onun Azərbaycan Respublikasında olan müvəqqəti yaşayış yeri mübahisəli evə aid ünvan deyil, başqa ünvandır (bax: iş v. 57-də olan etibarnaməyə). Bu baxımdan hesab edilir ki, mübahisəli ev Cavabdeh5 daimi yaşayış yeri sayılmır, həmin ev onun müvəqqəti (qonaq kimi) yaşadığı yer sayılır və onun mübahisəli evdə bu qaydada yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin təsiri altına düşmür. Cavabdeh5 mübahisəli evdə yaşamasının hüquqi əsası yoxdur. h) apellyasiya baxışının nəticəsi
32. Göründüyü kimi, Rayon Məhkəməsi, iddia tələbinin Cavabdeh5 aid hissəsinin təmin etməməklə səhv və işin müəyyən edilmiş hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Müzakirə edilən iddia tələbi əsaslıdır. Həmin tələbin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verilmiş apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşımır.
33. MPM-nin 385-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə səhv və işin hallarına uyğun olmadıqda, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildikdə, qətnamə apellyasiya qaydasında ləğv edilməlidir.
34. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı tərəfindən irəli sürülmüş “yaşayış sahəsindən cavabdehləri çıxarılması və iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi tələbi barədə” iddiasının Cavabdeh5 (Mamedova Gyamar) aid hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, apellyasiya baxışının predmetini təşkil edən iddia tələbi təmin edilsin. Cavabdeh5 (Mamedova Gyamar) Bakı Şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 1-də yerləşən 18 saylı evdən çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.