Məhkəmə qərarları › İş №2(103)-423/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-423/2023

08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-423/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh oğluna qarşı mülki iş üzrə (Açar sözlər: pul, qızıl-ziynət və cehiz əşyaları tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1385/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan iki övladları doğulmuşdur.

2. Tərəflər nikaha daxil olduqdan bir neçə ay sonra iddiaçının atasına məxsus evə köçüb ayrılana qədər orada yaşamışlar.

3. Uşaqlardan birinin sağlamlıq imkanları məhduddur və buna görə ödənilməli olan aylıq sosial müavinət və ona qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, cəmi 200 manat xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək atası Cavabdeh ödənilmişdir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və onların hər biri uçün cavabdehdən ayda 170 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış 11.000 manat məbləğində əşyaların, himayəsində olan sağlamlıq imkanları məhdud övladı Hüseynov Kamran Məmməd oğluna təyin olunmuş müavinət məbləğindən cavabdehdə qalan 2096 manat pulun alınaraq ona qaytarılması və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2011-ci ildə ailə qurub nikah qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü Mehriban və xx.xx.2014-cü il təvəllüdlü Kamran adlı iki övladları vardır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onunla qalması və onların hər biri uçün cavabdehdən ayda 170 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Buna qədər bütün cehiz və qızıl-ziynət əşyaları cavabdehin mənzilində qalmışdır. Cavabdeh cehiz əşyalarının əksər hissəsini qaytarmış, lakin digər hissəsini qaytarmaqdan imtina edir. Qaytarılmayan əşyalar aşağıdakılardır: 800 manat dəyərində "Toshiba' markalı noutbuk-kompüter, 650 manat dəyərində "LG" (ekranın diaqonalı 107 sm) markalı televizor. Bununla yanaşı, valideynləri tərəfindən ona nikaha daxil olanadək alınmış, habelə qohumları tərəfindən hədiyyə şəklində verilmiş cəmi 9.550 manat dəyərində qızıl-ziynət əşyaları, o cümlədən: 5.000 manat dəyərində 750 əyarlı 1 komplekt qızıl (üzük, qolbaq, sırğa, sep, kulon), 1.000 manat dəyərində 750 əyarlı qızıl üzük, 700 manat dəyərində 585 əyarlı 5 cüt qızıl sırğa, 150 manat dəyərində 585 əyarlı qızıl üzük, 500 manat dəyərində 585 əyarlı 3 ədəd qızıl sep, 350 manat dəyərində 585 əyarlı qızıl kulon, 350 manat dəyərində 750 əyarlı qızıl qolbaq, 1.000 manat dəyərində 1 ədəd onluq qızıl, 1.500 manat dəyərində 750 əyarlı 1 cüt brilyant qaşlı sırğa. Bundan başqa, övladları Kamrana sağlamlıq imkanları məhdud olduğuna görə təyin olunmuş ayda 208 manat məbləğində müavinəti cavabdeh uşağın deyil, öz ehtiyaclarına sərf etmişdir. Belə ki, o, müavinətin alınması üçür “Kapitalbank" tərəfindən onun adına verilmiş plastik kartı faktiki nikah münasibətlərinə son qoyulduğu 2020-ci ilin yanvar ayından ona versə də, həmin pulu ala bilmir. Çünki cavabdehin bankla əldə etdiyi razılığa əsasən, həmin pul onun hansısa kreditinin ödənilməsinə tutulur. Cavabdeh indiyə kimi həmin müavinətdən uşağa cəmi 2 dəfəyə 400 manat pul vermişdir, yəni 1 ildə verilən 2496 manat məbləğində müavinət pulundan 400 manat vermiş, qalan 2.096 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Ona görə də cavabdehdə qalmış əşyalarının və oğlu Kamrana görə aldığı müavinətin məhkəmə qaydasında məcburi qaytarılması üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdeh ona məxsus olan əşyaları könüllü qaytarmaması, habelə himayəsində olan sağlamlıq imkanları məhdud uşaqları Kamrana təyin olunmuş müavinət pulunu alaraq xəstə uşağına verməməsi hüquqlarını pozur, ona ziyan vurur, ona görə də həmin əşyaların, pulun məhkəmə qaydasında məcburi qaytarılması barədə qətnamə çıxarılmalıdır.

7. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, X3 2019-cu ilin dekabr ayında bilərəkdən hiylə işlədərək ailə məişət zəmnində süni mübahisə yaradaraq onu Nərimanov rayonu ərazisində yerləşən evlərindən qovmuşdur. O, evdən qış gödəkçəsi ilə çıxmış, həmin vaxt evdən heç bir əşya, sənəd və xüsusilə də N.Abdulazizovanın iddiasına görə qızıl-ziynət əşyalarını götürməmişdir. İddiaçıya aid olan ziynət əşyaları nikahdan sonra alınıb, onda deyil və həmin ziynət əşyalarının adları, formaları barədə heç bir məlumatı yoxdur. Bir dəfə biz toy mərasiminə gedərkən Nabat Abdulazizova qızıllarının Moskva şəhərində anasının evində qaldığını bildirmişdir. O evdən çıxan zaman özünə aid olan əşyaları belə götürə bilməmişdir. Nikah dövründə ailə üzvlərinə aid bütün sənədlər və qızılziynət əşyaları N. Abdulazizovanın özündə olubdur. Uşaq üçün ayrılan müavinətə gəldikdə, o, uşağın xəstəliyi üçün bankdan kredit götürmüşdür və onun müalicəsi üçün xarici ölkəyə aparmışdır. Daha sonra uşağın müalicəsi üçün götürdüyü kreditə görə borcu bank həmin pensiya kartından tutub. Pensiya kartını 2020-ci ilin yanvar ayında iddiaçıya vermişdir. 2014-cü ildə hər ikisinin razılığı ilə “Toshiba” markalı kompüter köhnəldiyi üçün hissə kimi dəyərləndirilib və 100 manat dəyərində satıb yerinə “Acer” markalı notebook kompüterini 450 manat ödəməklə almışdır. “LG” markalı televizor iddiaçının valideynləri tərəfindən nikaha daxil olduqdan sonra təxminən 550 manata alınmışdır.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 1385/2021 nömrəli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia tələbi qismən təmin edilmiş, 800 manat dəyərində "Toshiba” markalı noutbuk-kompüter, 650 manat dəyərində "LG" (ekranın diaqonalı 107 sm) markalı televizor, 5.000 manat dəyərində 750 əyarlı 1 komplekt qızıl (üzük, qolbaq, sırğa, sep, kulon), 1.000 manat dəyərində 750 əyarlı qızıl üzük, 700 manat dəyərində 585 əyarlı 5 cüt qızıl sırğa, 150 manat dəyərində 585 əyarlı qızıl üzük, 500 manat dəyərində 585 əyarlı 3 ədəd qızıl sep, 350 manat dəyərində 585 əyarlı qızıl kulon, 350 manat dəyərində 750 əyarlı qızıl qolbaq, 1.000 manat dəyərində 1 ədəd onluq qızıl, 1.500 manat dəyərində 750 əyarlı 1 cüt brilyant qaşlı sırğanın, 2.000 (iki min) manat pulun və 29 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X2 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia cehiz və qızıl-zinyət əşyalarının tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlarla - şahid ifadələri, təqdim edilmiş fotoşəkillərlə iddia ərizəsində tələb olunan cehiz əşyaları, qızıl-ziynət əşyalarının iddiaçıya hədiyyə olunduğu və hal-hazırda cavabdehdə olduğu və onun tərəfindən qaytarılmadığı təsdiq edilmişdir. Cavabdeh iddia ərizəsində göstərilən adda və sayda əşyaların mövcud olduğunu, yalnız onda olmadığı bildirsə də, bunu təsdiq edə biləcək heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, uşağın müalicəsi üçün ayrılmış və cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2021-ci illərdə götürülmüş 2400 manat məbləğində vəsaitdən iddiaçının verdiyi izahata görə ödənilmiş 400 manat çıxılmaqla, qalan 2000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan 96 manat məbləğində müavinət pulunun tələbi hissəsində rədd edilməlidir.

11. Məhkəmə öz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf qızılların onun tərəfindən götürülməsini sübut edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş toy şəkillərindən görünür ki, qızıllar iddiaçıda olmuşdur. Evləndikdən sonra iştirak etdikləri toylara aid şəkillərlə iddiaçının ona hədiyyə verilmiş qızıllara sahiblik etməsi sübut olunur. 2019-cu ilin dekabr ayının təxminən 23-ündə evi tərk etmiş, bütün paltarları və şəxsi əşyaları onda qalmış, səhərisi gün gedib əşyalarını götürmək istəmiş, lakin iddiaçı onu evə buraxmamışdır. Belə olan halda necə həmin evdən qızıl götürüb çıxa bilər. Uşağının əlilliyinə görə ödənilmiş müavinəti 2019-cu ilin dekabrın ayının təxminən 23-nə qədər xərcləmişlər. Birgə nikah dövründə xərclənmiş pulların yenidən ondan alınması qanunsuzdur .

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi və verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər toydan sonra 4-5 ay kirayədə yaşamış, daha sonra isə ayrılana qədər iddiaçının atasına məxsus Nərimanov rayonu ərazisində yerləşən evdə yaşamışlar. Qızılziynət əşyaları cavabdehin anasında saxlanılırdı. İddiaçının atası həm Rusiya Federasiyasında, həm Bakı şəhərində yaşayırdı.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırkı işdə iddia qismən təmin olunduğundan və şikayətin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

23. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, uşağın müalicəsi üçün ayrılmış və cavabdeh tərəfindən xx.xx.2020-xx.xx.2021 illərdə götürülmüş 2.400 manat məbləğində vəsaitdən 400 manat çıxılmaqla qalan 2.000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

24. Belə ki, iş materiallarına əlavə edilmiş 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********6 saylı arayışa əsasən tərəflərin övladı Hüseynov Kamran Məmməd oğlunun sağlamlıq imkanları məhdudluğuna görə uşağa ödənilməli olan aylıq sosial müavinət və ona qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü cəmi 200 (150+50) manat xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdehə ödənilmişdir.

25. Cavabdehin uşağı müalicəsi üçün xarici ölkəyə aparması, bunun üçün bankdan kredit götürməsi valideyn olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olmuşdur və həmin kredit borcunun ödənilməsi heç bir halda Dövlətin uşağa qayğı olaraq göstərdiyi maddi yardıma yönəldilə bilməz.

26. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qızıl-ziynət və digər əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə gəldiyi nəticə düzgün deyil.

27. Belə ki, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əşyaların cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etmək yükü iddiaçının üzərinə düşür.

28. Hazırkı işdə iddiaçının tələb etdiyi əşyaların mövcudluğu cavabdehin izahatları ilə təsdiq olunur. Lakin həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olduğu iş materialları ilə təsdiq olunmur.

29. Belə ki, iddiaçının özünün birinci instansiya məhkəməsində və nümayəndəsinin (vəkilinin) apellyasiya baxışı zamanı bildirdiklərinə əsasən, nikah bağlandıqdan sonra tərəflər bir neçə ay kirayə tutduqları evdə yaşamış, daha sonra iddiaçının atasına məxsus Nərimanov rayonunda yerləşən evdə yaşamışlar. Tələb edilən qızıl-ziynət əşyaları isə cavabdehin anasında Yasamal rayonunda yerləşən mənzildə olub.

30. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər iddiaçının atasına məxsus evdə yaşadığı halda, nikahda olduqları 10 ilə yaxın müddət ərzində iddiaçıya məxsus qızılziynət əşyalarının cavabdehin valideynlərinin evində saxlanılması inandırıcı deyil. Qızılziynət əşyaları adətən qadında olur, onun tərəfindən saxlanılır. İddiaçı tərəfin bildirdiklərindən belə çıxır ki, o, həmin əşyalardan istifadə etmək üçün hər dəfə cavabdehlərin valideynlərinin evinə getmiş, istifadə etdikdən sonra həmin əşyaları həmin evə qaytarmışdır.

31. Məhkəkə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qızılziynət əşyaları ilə bağlı iddia tələbini təmin edərkən həmçinin iddiaçının əmilərinin və atasının şahid kimi verdikləri ifadələrinə istinad etmişdir.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmiləri ailədən kənar yaşadıqlarından həmin halı konkret olaraq görmələri və hadisələri birbaşa izləmələri mümkün deyil. Həmçinin, iddiaçın tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən və cavabdehin təqdim etdiyi etirazla bağlı “mülahizələrində” müəyyən edilir ki, iddiaçının atası Rusiya Federasiyasında yaşayır, çünki onun tərəfindən həmin ölkədən mütəmadi olaraq cavabdehə pul göndərilirdi. Məhkəmə iclasında da müəyyən olunmuşdur ki, iddiaçının atası hal-hazırda da Rusiyada yaşayır. Belə olan halda, onun şahid kimi iddiaçıya məxsus qızıl-ziynət əşyalarının cavabdehin anasının evində saxlanılmasını təsdiq etməsi inandırıcı deyil.

33. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ona məxsus “Toshiba” markalı noutbuk və “LG” markalı televizorun cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı da hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

34. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə iddianın əmlak tələbi ilə bağlı hissəsində sübutlara düzgün qiymət verməmiş və səhv nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, əmlakın dəyəri cavabdeh tərəfindən mübahisələndirildiyindən iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı xərc ona aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1385/2021 nömrəli qətnaməsi “qızıl-ziynət və digər əşyalarının Cavabdeh alınaraq iddiaçı X2 verilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul Cavabdeh alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar