Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4235/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1, Üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və Biləcəri qəsəbə Bələdiyyəsi) qarşı “torpaq sahəsinin boşaldılaraq istifadə və sahibliyinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-27/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və Biləcəri qəsəbə Bələdiyyəsi) qarşı “torpaq sahəsinin boşaldılaraq istifadə və sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X2 27 avqust 2007-ci il tarixli 1372 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehlərin çıxılması, torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq aparılmış tikililərin (ev, hasar və s.) cavabdehlərin vəsaitləri hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ildə Binəqədi Rayon X4, X8 ərazisində fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə torpaq sahəsinin ayrılması üçün ərizə ilə müraciət etmişdir. X2 27 avqust 2007-ci il tarixli 1372 saylı qərarı ilə bələdiyyə ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ərazisinin cizgisi ona təqdim edilərək, naturada, ölçülərək alğısatqı yolu ilə mülkiyyətinə verilmişdir. O, mütəmadi olaraq həmin torpaq sahəsinə baş çəkmişdir. Lakin müalicəsi ilə əlaqədar uzun müddət həmin ərazi ilə maraqlana bilməmişdir. 2010-cu ildə həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün gedərkən cavabdehlər tərəfindən də həmin ərazidə tikinti işlərinin aparılmasının şahidi olmuşdur. Həmin şəxslərə X8 tərəfindən ona verilmiş, torpaq sahəsinin ona məxsus olmasını göstərən sənədləri təqdim etdiyində onlar da ona X3 torpaq sahəsinin onlara məxsus olması barədə sənədləri göstərmişlər. Yaranmış mübahisəni həll etmək məqsədi ilə tikintini dayandırmış, 10.03.2010-cu il tarixində X4 müraciət etmiş, şikayətinə cavab olaraq həmin torpaq sahəsinin Binəqədi qəsəbə ərazisi hüdudlarına daxil olduğu bildirilmişdir. Bundan sonra o, dəfələrlə həmin mübahisənin bələdiyyələr tərəfindən aydınlaşdırılması üçün X4 müraciət etmiş, müraciətinə cavab olaraq bildirmişlər ki, həmin torpaq sahəsinə dair X7 verilmiş 1350 saylı, 16.12.2004-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı X5 müraciət olunacaqdır. Lakin, bu günə kimi həmin problem öz həllini tapmamışdır. Həmin torpaq sahəsində qanunsuz tikili tikilmiş, cavabdehlər də öz ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-27/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm olan faktiki hallar aydmlaşdınlmamış,iş materiallarına əlavə edilmiş sübutlar düzgün olmayan şəkildə səhv qiymətləndirilmiş, nəticədə ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəməyə bildirir ki ki, yerli bələdiyyələrin inzibati ərazilərinin elektron qaydada sərhədlərin müəyyən olunmuş xəritəsi hec bir bələdiyyə orqanlarına təsdiq olunub verilməməsi buna əsas verir ki, mübahisəli sərhəd zolağı ümumi razılıqla müəyyənləşdirilir. Ona təqdim olunmuş ekiz-cizgidə aydın olaraq ona məxsus sahə göstərilmişdir. O, 1-ci qrup Qarabağ müharibəsi əlili olduğundan vaxtaşırı müalicə qəbul edir belə ki, öz sağlamlığı ilə bağlı müalicəyə getdiyi zaman onun mülkiyyətinə verilmiş torpaq sahəsi tərəfindən daş hasara alınsada yuxarıda adları keçən vətəndaşlar tərəfindən zəbt olunmuşdur. Qeyd olunan qətnamə ilə Azərbaycan Respublikası konustutiyasmın 29-cu maddəsinin 3-cü bəndində və Mülki məcələnin 152 maddəsində göstərilən qanunla qorunan hüquqlarım pozulmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu X2 1372 saylı, 27.08.2007-ci il tarixli Sərəncamının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi Qəsəbə ərazisindən 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alğı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 1350 saylı, 16 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində çizgi əsasında 600,0 kv.m torpaq sahəsi fərdi evi tikmək üçün alğı-satqı yolu ilə Bakı şəhər sakini X1 qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2020-ci il tarixli, 10/888 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən, qərardadın 1-ci sualı üzrə X2 27 avqust 2007-ci il tarixli 1372 saylı sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, X2 27 avqust 2007-ci il tarixli 1372 saylı sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin sərhədlərinin haradan keçməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə göstərilmişdir ki, X3 16 dekabr 2004-cü il tarixli 1350 nömrəli qərarı ilə X7 ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, X3 16 dekabr 2004-cü il tarixli 1350 nömrəli qərarı ilə X7 ayrılmış 600 kv.m torpaq sahəsinin sərhədlərinin haradan keçməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə göstərilmişdir ki, X2 27 avqust 2007-ci il tarixli 1372 saylı sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində və X3 16 dekabr 2004-cü il tarixli 1350 nömrəli qərarı ilə X7 ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, həmin sərəncamlarla ayrılmış torpaq sahələrini müəyyən etmək mümkün olmadığından, X2 27 avqust 2007-ci il tarixli 1372 saylı sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin faktiki koordinatları ilə X3 16 dekabr 2004-cü il tarixli 1350 nömrəli qərarı ilə X7 ayrılmış 600 kv.m torpaq sahəsinin faktiki koordinatlarının üst-üstə düşüb-düşməməsini də müəyyən etmək mümkün olmamışdır. Qərardadın 4-cü sualı üzrə göstərilmişdir ki, X2 27 avqust 2007-ci il tarixli 1372 saylı sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, X2 27 avqust 2007-ci il tarixli 1372 saylı sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinə kənar müdaxilə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın 5-ci sualı üzrə göstərilmişdir ki, X2 27 avqust 2007-ci il tarixli 1372 saylı sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində və X3 16 dekabr 2004-cü il tarixli 1350 nömrəli qərarı ilə X7 ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, həmin sərəncamlarla ayrılmış torpaq sahələrini müəyyən etmək mümkün olmamışdır. Lakin tərəflərin göstərdikləri və baxış zamanı ölçülən mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, sənaye təyinatlı neft torpaqlarına aid edilir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia tələbi hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyündən təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli qanunvericilik aktlarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, İddiaçı sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi ona Bakı şəhəri Binəqədi rayonu X2 27 avqust 2007-ci il tarixli, 1372 saylı sərəncamı əsasında 600 m2 torpaq sahəsi ayrılmasını sübuta yetirsə də, mübahisəli torpaq sahəsinin məhz ona ayrılmış həmin 600 m2 torpaq sahəsi olduğunu təsdiq edən sübutları (torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməsi) təqdim edə bilmədiyindən onun cavabdehdən sahibliyin qaytarılmasını tələb etmək hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Eyni Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunverciliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı qərarında (7-ci bənd) məhkəmələrə izah edilmişdir ki, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alğı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Qanunvericilik aktlarının sadalanmış tələblərindən də göründüyü kimi torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bundan başqa kollegiya qeyd edir ki, Bakı şəhəri X2 1372 saylı 27.08.2007-ci il tarixli sərancamı öz qüvvəsini itirmişdir. Belə ki, Azərbaycan Respublikasının 901-MQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Saziş 01 sentyabr 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, sənaye təyinatlı neft torpaqlarına aid edilir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu X2 1372 saylı, 27.08.2007-ci il tarixli Sərəncamı əsasında 600 m2 torpaq sahəsi İddiaçı istifadəsinə qanuni əsaslar olmadan verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təstiq edən hüquqmüəyyənedici sənədi olmadığından, onun müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-27/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4235/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4235/2021
27.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver