Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4263/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2527/2020 saylı, 02 noyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Məhəmməd qızı cavabdehlər Cavabdeh1 Alisultanovnaya və Cavabdeh2 qarşı əmlakın dəyərinin pul vəsaiti ilə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Alisultanovnadan və X1 onun xeyrinə, onun əmlakının dəyərinin əvəzi olaraq, 4310 (dörd min üç yüz on) manat məbləğində pul vəsaitinin, həmçinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2527/2020 saylı, 02 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Y.Sadıkova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda göstərdi ki, Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddiaçıya verilməsi qət olunan əşyaların bir hissəsi qaytarılmamışdır, bu səbəbdən iddiaçı həmin əşyaların dəyərinin əvəzi kimi 4310 manat məbləğin ona ödənilməsi məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1178/2014 saylı, 04 iyun 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Məhəmməd qızının cavabdehlər Cavabdeh1 Alisultanovnaya, X3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə, əmlak və mənəvi zərər” tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1178/2014 saylı, 04 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyul 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sabunçu Rayon Məhkəməsinin 2(008)-1178/2014 saylı, 04 iyun 2014cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq müvafiq qaydada icraya yönəldilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2014-cü il qətnaməsi ilə onun xeyrinə tutulması qət edilən əşyaların bir hissəsinin yoxa çıxması ilə əlaqədar əmlakların dəyərinin əvəzinin ödənilməsi ilə bağlıdır. Belə olan halda, müəyyən olunur ki, hazırkı iddia tələbi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıya verilməsi nəzərdə tutulan əşyalarla bağlıdır və qətnamənin icrasını təmin etmək məqsədi ilə verilmişdir, beləliklə bu, məhkəmədə baxılmalı olan məsələ deyil və icra qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə - hazırkı halda mülki mühakimə icraatında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiyasının qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2014-cü il qətnaməsinin icrası ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2527/2020 saylı, 02 noyabr 2020ci il tarixli qətnaməsi ləğv edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. İddiaçıya Sabunçu Rayon Məhkəməsinin 04 iyun 2014-cü il qətnaməsinin icrası ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilməmişdirsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4263/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4263/2021
26.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver