Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4285/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İlk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması, dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(003)-2503/2020 saylı qətnaməsindən tərəflərin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əşyaların cavabdehdən alınıb geri qaytarılması, maddi ziyanın əvəzi kimi 6630 manat, mənəvi ziyanın əvəzi kimi 6000 manat pulun cavabdehdən alınıb ona verilməsi və çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanından məhrum olduğuna görə 01 avqust 2019-cu il tarixdən əmlakın ona təhvil verilən vaxtadək olan müddət ərzində hər günə ona vurduğu 150-200 manat miqdarında ziyan hesablanmaqla, maddi ziyanın əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia belə əsaslandırılmışdır ki, 09 iyul 2019-cu il tarixdə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Baki şəhəri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,5 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus 30 kv.m. hissəsini ona icarəyə vermişdir. İcarə müqaviləsinə əsasən o, icarəyə verən Cavabdeh 600 manat icarə haqqı ödəyirdi. İcarə müddəti 01 avqust 2019-cu il tarixdən 01 avqust 2020-ci il tarixədək müəyyən olunmuşdur. Bundan sonra o həmin sahəyə 170 manata reklam qoydurmuş, hər biri 400 manat dəyərində 2 böyük təndir, 300 manat dəyərində balaca təndir qoydurmuş, 50 manata tərəzi almış, 250 manata böyük tüstü bacası, hər biri 200 manata 3 balaca tüstü bacası qoydurmuş, 300 manat dəyərində 2 ədəd ventilyator, 150 manata təndir tava, 200 manata təndir setka, 100 manata təndir farsunkası, 300 manata təndir qazı, 50 manata təndir qapaq, 40 manata təndirdən çörək çıxaran, 150 manata vanna qab-qacağı, 70 manata qaz nasosu, 100 manata işıqlar alıb qoydurmuş, 3000 manata materialları və usta pulu ilə birlikdə qril bişirmək üçün yer tikdirmişdir. Qril aparatından başqa yuxarıda sadaladığı əmlakların dəyəri 6630 manat təşkil edir. 1 avqust 2020-ci il tarixdə icarə müqaviləsinin müddəti bitmiş, lakin cavabdeh həmin icarə müqaviləsinin müddətini artırmaqdan imtina etmişdir. O həmin 30 kv.m. sahəyə qoyduğu və aldığı yuxarıda sadaladığı əmlakları oradan götürmək istədikdə Cavabdeh bundan imtina etmiş və onun əmlaklarını götürməyə qoymamış və gələcəkdə də qaytarmayacağını bildirmişdir. Bundan sonra öyrənmişdir ki, cavabdeh onun 3000 manata tikdirdiyi qril bişirmək üçün aparatı söküb naməlum istiqamətə aparmışdır. Cavabdehin bu hərəkətindən o dərin sarsıntı keçirmiş və xəstələnmişdir. Ona görə də ona 6000 manat miqdarında mənəvi ziyan dəymişdir. Bundan əlavə, cavabdeh onu çörək bişirmək üçün avadanlıqlardan istifadə etmək imkanlarından məhrum etdiyinə görə hər gün 150-200 manat məbləğində gəlirdən məhrum olmuşdur. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən icarə haqqının ödənilmədiyi üçün vurulmuş ziyana görə 7200 manat, icarə obyektini əvvəlki vəziyyətə qaytarmamasına görə vurulmuş ziyanın əvəzi kimi 3148 manat, kommunal ödənişlər etmədiyinə görə vurulmuş maddi ziyanın əvəzi kimi 1657 manat (elektrik enerjisindən istifadə etməyə görə 192 manat, təbii qazdan istifadəyə görə 1465 manat), kanalizasiya xəttinə axıdılan suya görə 432 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, onunla İddiaçı arasında bağlanmış 09 iyul 2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı aylıq 600 manat icarə haqqı ödəməli olduğu halda, müqavilənin qüvvəyə mindiyi 01 avqust 2019cu il tarixdən hal-hazırkı dövrə qədər icarə haqqı ödəməmiş, ödənişlər etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı icarə müqaviləsinin qüvvədə olduğu 1 illik müddət ərzində ödənişlər etmədiyinə görə borcu (12 ay x 600) 7200 manat olmuşdur. Onunla İddiaçı arasında bağlanmış 09 iyul 2019-cu il tarixli icarə müqaviləsinin 9.10-cu bəndinə əsasən icarəyə verilmiş əmlakda hər hansı bir tikili və s. formada dəyişikliklər edilmişdirsə, İddiaçı həmin tikililərin öz vəsaiti hesabına sökülməsini və icarəyə verilməmişdən əvvəlki vəziyyətdə icarəyə verənə qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin o yenə də müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, icarəyə verilən əmlak əvvəlcə ofis olmuşdur. Orada İddiaçı tərəfindən dəyişikliklər aparılmış, təndir, qril aparatı və s. qoyulmuşdur. Müqavilənin vaxtı bitdiyi zaman isə İddiaçı icarəyə verilmiş əmlakı icarədən əvvəlki vəziyyətinə qaytarmamış, beləliklə, müqavilə tələbləri üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Hal-hazırda İddiaçı tərəfindən icarəyə verilmiş əmlak üzərində dəyişikliklər edilməsinə və onun əvvəlki vəziyyətinə qaytarılmamasına görə ona vurulmuş maddi ziyan 3148 manat məbləğindədir. Bundan başqa, İddiaçı icarə müddəti ərzində kommunal ödənişləri də həyata keçirməmiş, elektrik enerjisindən istifadəyə görə 192 manat, təbii qazdan istifadəyə görə 1465 manat, kanalizasiya xəttinə axıdılan suya görə 432 manat borcu qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(003)- 2503/2020 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdeh qril aparatı və iki ədəd böyük təndirin alınaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İlk İddiaçı qətnamənin ilk iddianın təmin olunmayan hissəsində ləğv olunub həmin hissədə iddianın təmin olunmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, icarəyə götürdüyü qeyriyaşayış sahəsində qalan əşyalarının Cavabdeh olması, Cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulması barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq onun iddiasını qismən təmin etmişdir. Qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, formal mülahizələr əsasında qətnamə qəbul etmişdir. Məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi Xalis Talıbov təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək qarşı tərəfin apellyasiya şikayətini qəbul etmədiyini bildirdi, məhkəmədən onun apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Mübariz Əmirəliyev təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək, İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirdi. M.Əmirəliyev izahatında bildirdi ki, icarə müqaviləsinin müddəti başa çatandan sonra İddiaçı daşına bilən hər bir əşyasını aparmışdır. Hal-hazırda orada İddiaçı məxsus yalnız təndir və biri balaca, biri böyük olmaqla iki ədəd tüstü bacası qalmışdır. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(003)-2503/2020 saylı qətnaməsi ilk iddiaçı tərəfindən mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə ilk iddia qismən təmin edilməli, iki ədəd tüstü bacası Cavabdeh alınıb İddiaçı verilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməməlidir. Mülki işin materiallarından görünür ki, İddiaçı 09 iyul 2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55.5 kv.m. olan fərdi yaşayış evinin 30 kv.m. hissəsini 01 avqust 2019-cu il tarixdən 01 avqust 2020-ci il tarixədək icarəyə götürmüş, sonuncu tarixdə müqavilə müddəti bitmiş və yenilənməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinin tələbinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, ilk İddiaçı apellyasiya şikayətinin dəlillərini qismən, yəni iki ədəd tüstü bacasının qarşı tərəfdə olmasına dair hissədə sübut edə bilmişdir. Belə ki, Cavabdeh nümayəndəsi məhkəmədə verdiyi izahatında İddiaçı məxsus təndir və iki ədəd tüstü bacasının onlarda olduğunu, qalan daşına bilən bütün əşyaların İddiaçı tərəfindən aparıldığını bildirmişdir. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh qalması təsdiq olunan qril aparatı, iki ədəd böyük təndir və apellyasiya qaydasında işə baxılarkən Cavabdeh qalması təsdiq olunan iki ədəd tüstü bacasından başqa qalan əşyaların cavabdeh tərəfdə qalmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, “Cavabdeh məhkəmədə və qarşılıqlı iddia ərizəsində şəxsən göstərir ki, mən ora qril aparatı, təndir və s. qoymuşam. Və s. dedikdə, qril aparatı və təndirlərdən başqa xəmir yoğurmaq üçün, çörək bişirmək, qril hazırlamaq üçün zəruri olan adları yuxarıda göstərilən yardımçı əşyalar nəzərdə tutulur, hansı ki, həmin əşyalar olmadan bu işləri görmək mümkün deyil.” Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh həqiqətən qarşılıqlı iddia ərizəsində İddiaçı tərəfindən icarəyə götürülmüş obyektə təndir, qril aparatı və s. qoyulduğunu etiraf etsə də, məhkəmə iclaslarında iştirak edən onun nümayəndəsi icarəverənə məxsus obyektdə İddiaçı məxsus sadəcə qril aparatı və iki ədəd böyük təndirin qalmasını bildirmiş, qalan əşyaların isə Cavabdeh qalmasını etiraf etməmişdir. Bundan əlavə, İddiaçı çörək bişirmək üçün avadanlıqlardan məhrum olduğuna görə hər gün 150-200 manat məbləğində gəlirdən məhrum olması və mənəvi zərərə məruz qalması barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iki ədəd tüstü bacasının Cavabdeh alınıb İddiaçı qaytarılması hissəsi istisna olmaqla, qalan hissələrdə iddianı təmin etməməkdə haqlı olmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı icarə haqqını ödəməməsi, elektrik enerjisi, təbii qaz və kanalizasiya xidmətlərindən istifadəyə görə borclu qalması, icarə obyektini əvvəlki vəziyyətinə qaytarmamaqla ona maddi ziyan vurması barədə birinci instansiya məhkəməsinə əsaslı sübut təqdim etmədiyinə görə məhkəmə düzgün olaraq qarşılıqlı iddianı təmin etməmişdir. İş materiallarından görünür ki, İddiaçı məxsus bir ədəd qril aparatı və iki ədəd böyük təndirin Cavabdeh olmasını birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh nümayəndəsi də etiraf etmiş, buna görə də məhkəmə həmin hissədə ilk iddianı haqlı olaraq təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə ətraflı araşdırma aparmaması, iş üçün əhəmiyyət kəsb edən halları araşdırmaması, maddi hüquq normalarını düzgün tətbiq etməməsi, formal mülahizələr əsasında qətnamə qəbul etməsi barədə Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddiaçıya məxsus iki ədəd tüstü bacasının Cavabdeh alınıb İddiaçı qaytarılması hissəsində iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(003)- 2503/2020 saylı qətnaməsi ilk iddianın təmin olunmayan hissəsində qismən ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh bir ədəd böyük, bir ədəd kiçik tüstü bacası alınaraq İddiaçı verilsin. İlk iddia mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4285/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4285/2021
10.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver